“Qadına təkcə 8 martda ətir almaq, xoş sözlər demək azdır”

 

“Mən  əleyhinəyəm ki, həmin gün kişi qab yuyur, yemək bişirir, qadın işlərini görür

 

Müsahibimiz Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidir

 

- Hadi müəllim, bir siyasətçi, bir millət vəkili, bir ziyalı kimi, dövlətlərin və insanların qadın problemlərinə münasibəti sizcə, yığcam desək, necədir?

- Bu sualın mənə verilməsini məntiqi qəbul edirəm. Çünki 45 illik peşəkar siyasi fəaliyyətimin bütün mərhələlərində, 20 ilə yaxın müddət isə Milli Məclisbu problemlərlə məşğul oluram. Ailə, qadın, uşaq problemləri - əlbəttə hər zaman bütün ictimai-siyasi formasiyalarda aktualdır. Cəmiyyət nə qədər mövcuddursa, bu problemlər də mövcud olacaq. Tarixə nəzər salsaq, görərik ki, bütün dövrlərdə qadınların cəmiyyətdə buya digər formada üstünlüyü olub, indi də bəzi xalqlar var ki, anaya görə övladın kimliyini təsdiq edirlər. Biz əgər dünya dövlətlərinin konstitusiyalarına, hüquqi-normativ sənədlərinə və hətta şəriət qanunlarına diqqət yetirsək, görərik ki, ölkələrdə, dinlərdə, İslamda qadına olan hörmət və münasibət necədir. Beləliklə, nə qədər cəmiyyət var, cəmiyyətin böyük hissəsi olan qadınlara münasibət daim aktual olacaq. Sosial siyasətin prioritetlərindən biri qadındır. Nəyə görə qadın mövzusu önəmlidir? Əgər biz ailədən danışırıqsa, ailənin bünövrəsi əlbəttə qadındır. Diqqət yetirəndə görürük ki, ana laylası, dili, bəlağəti ilə tərbiyə eləyir. Yəni bu gün övladlar atanı təqlid eləyirsə, ananın laylası ilə böyüyürlər. Qız alanda deyirdilər: “Anasına bax qızını al, arşınına bax bezini al”, “Anası gəzən ağacı, qızı budaq-budaq gəzər”. Bunlar əlbətki, qədimdən gələn söhbətlərdir. Amma çox təəssüflər ki, bizdə doqmatik ailə institutu zaman-zaman özünün bəzi müsbət dəyərlərini hissə-hissə itirir. Yəni ailənin bütövlüyü, nikahın uzun müddətliliyi tədricən aşınır. 

- Keçmiş sovetlər dönəmində qeyd olunan 8 Martla indiki zamanda qeyd olunan 8 Martın fərqi nədir?

- Bu tarixin inqilabi kökləri var, bayramı Klara Setkinlə bağlayırlar. Sanki elə cəmiyyətin də belə bir bayrama, günə ehtiyacı var imiş. Elə bil cəmiyyət bu bayramı istəyirmiş. Sovetlər dönəmində də bu bayram qadınlara olan məhəbbətin, münasibətin ifadəsi idi. Mən təəssüf edirəm ki, Sovet dönəmindəki 8 Mart təntənəsi hazırda yoxdur, indi yaşanmır. O vaxt yaxşı yadımızdadır, müəllimlərə çiçək verilməsi, sinif oğlanlarının qızlara hədiyyə alması...İndiola bilər ki, məzmunca bu münasibətlər mövcuddur. Amma əvvəllər 8 Mart bizim adət-ənənənin bir elementi olmuşdu. Mən görürdüm ki, 8 Mart qadına, anaya hörməti, məhəbbəti ifadə etməyin bir səbəbi idi. Hərdən görürsən ki, adam səbəb tapmır, elə-belə gəlib deyəsən ki, “səni sevirəm, çox gözəl xanımımsan, uşaqlarımı yaxşı saxlayırsan”. Elə bil ki, bu bir bəhanədir. Məncə, 8 Mart bayramı qadına olan münasibətin emosional və rəngarəng ifadə formasıdır. Mən minnətdaram ulu öndərimiz Heydər Əliyevə ki, təqvimdə il ərzində mövcud olan bayramlara yenidən baxanda, bu bayramı Azərbaycan xalqı üçün gözəl bayramlardan biri kimi saxladı. Bəzi bayramlar 1 may, 7 noyabr silindi. Amma 8 Mart bayramı qaldı.

- Kişilərin bayramı məsələsinə, onların qadınlara münasibəti, qayğısı ənənələrinə necə baxırsınız?

- SSRİ dövründə kommunist tərbiyəsi idi, onun tərkib hissəsi hərbi vətənpərvərlik tərbiyəsiydi. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dövlət quruculuğu modelinin başlıca devizlərindən biri elə milli-mənəvi dəyərlərə hörmətdir. Kişilər bayramını düşünürəm ki, Koroğlu, Babəklə bağlı bir günə bağlamalıyıq. Kişilik günü, mərdlik günü, qəhrəmanlıq günü qeyd olunmalıdır. İndi qadına münasibət dəyişib, həm də pis mənada dəyişib. Məsələn, mən baxıram, küçədə oğlanlar qızları itələyir, onlarla kobud rəftar edirlər. Uşaqlıqda məktəbdə qızın saçını dartmaq, qıza ilişməyin bir yolu kimi hesab olunardı. Daha qızlara qarşı indiki bəzi vəhşi münasibətlər yox idi. Şəhərdə görürəm ki, qızlarımız cins şalvarları elə geyinirlər ki, o ismət elementləri itir. Qızların siqaret çəkməyi, içki içməyi və bəzi narahat hərəkətlərini görəndə, mən birtəhər oluram. Qadın yüksək, ali məxluqdur, o daim ağır olmalıdır. İslamda şəriət qanunları var, məsələn, biz deyirik ki, gənclər nikaha girəndə sağlamlıq haqqında arayış alsınlar, amma bunu bəziləri qəbul eləmirlər. Şəriət qanunlarında təkcə bu yox, qızla oğlanın ağzından qoxu gəlir ya gəlmir, hətta bunu da bilməli imişlər. Təsəvvür edin ki, bu dərəcədə detallaşdırılıb. Sağlamlıq haqqında arayışın istənilməsində, qızların nikah yaşının 18-ə qaldırılmasında məqsədimiz məhz qızları qorumaqdır. Biz Ailə Məcəlləsinə tez-tez müraciət edirikbu müraciətdə yenə də qadının mənafeyi öndədir. “Məişət zorakılığı haqqında”, “Sosial haqqında” qanunları da qadınları düşünərək qəbul elədik. Bu yaxınlarda “Dağınıq skleroz xəstəliyi haqqında” qanunu qəbul etdik. Bu xəstəlik daha çox qızlarda olur. Beləliklə, biz qadınların, qızların fiziki və mənəvi müdafiəsilə bağlı qanunvericilikdə də önəmli addımlar atırıq. Qadına gərək hər gün qayğı göstərəsən, təkcə 8 Martda ona ətir almaq, xoş sözlər demək azdır. Mən əleyhinəyəm ki, həmin gün kişi qab yuyur, yemək bişirir, qadın işlərini görür. Bunları qəbul eləmirəm, gülünc məsələdir. Bütövlükdə qadına mənəvi qayğı, diqqət, “mənim balalarımın anası, anamın gəlini, mənim məhəbbətim” kimi xoş sözlər demək önəmli və vacibdir.

- Müstəqillik əldə etdikdən bu yana, xüsusilə də, son illər Avropaya inteqrasiya yolunu tutmuşuq. Ancaq o məkanda fərqli, hətta ailə məsələsi ilə bağlı bizim qəbul etmədiyimiz məqamlar var.

- Bir həqiqəti vurgulamaq istəyirəm. Bu gün modern Azərbaycan dövlətində Prezident İlham Əliyevin bütün məsələlərlə yanaşı başlıca tələbi milli-mənəvi dəyərlərə hörmət, onlara əməl etmək, nə qədər çətin olsa da, bu yüksək insani atributları qorumaqdır. Əlbəttə, Avropa dəyərləri bizim dəyərlərdən xeyli fərqlidir, kişinin, qadının cəmiyyətdəki yeri, evdə qadın-kişi bərəbərliyinin ifrat modelləri və s. Bu cür tendensiyalar bəzi hallarda xaricdə oxuyan övladlarımızda müşayiət olunur. Sevinirəm ki, əksər hallarda xaricdə təhsil alan qızlarımız milli-mənəvi dəyərlərimizi qoruyub saxlayıblar. Bu baxımdan biz ailəyə qayıtmalıyıq, ailəylə işləməliyik. Bütün söhbət ailədə getməlidir, ailə milli-mənəvi dəyərlərimizi möhkəm qorumalıdır. Bu məsələlər ailədə formalaşmalıdır, düzdür, cəmiyyətin də tərbiyədə rolu danılmazdır. Çox təəssüf ki, telekanallarda gedən bayağı verilişlər, mentalitetimizdən uzaq telefilmlər, eybəcər şoular milli-mənəvi dəyərlərimizə olduqca ciddi və dağıdıcı təsir göstərir. Amma nə edəsən ki, bu artıq reallıqdır, dünyaya inteqrasiyanın, azad cəmiyyət sisteminin bizim üçün xoşa gəlməyən atributlarıdır.

- Hadi müəllim, yəqin rast gəlmisiniz, bizdə bir “reallıq” da var ki, bəzi analar öz oğul övladlarını bəzən qız kimi tərbiyə edirlər.

- Gəlin əyri oturaq, düz danışaq. Heç körpələrimizin, övladlarımızın necə böyüdüyü ilə maraqlanmışıqmı? Ana evdə qızını gəlin kimi, oğlunu kişi kimi böyütmək barədə düşünübmü? Məncə oğlana deyilməlidir ki, “öz şəxsiyyətini qorumalısan, mənliyini müdafiə etməyi bacarmalısan, səni təhqir edənin get cavabını ver!”, qıza isə demək lazımdır ki, “ismətli ol, başını aşağı sal, mənəviyyatlı dolan. Evdə böyük-kiçik yeri bil, əsl azərbaycanlı qızı, övladı kimi özünü apar!”. Nə gizlədək, bizdə təhsildə də müəllimlərlə bağlı problemlər var. Təhsil ocaqlarında dərs deyənlərin 90 faizi qadındır. Evdə də uşaqlarla əsasən analar məşğul olur. Belə olan təqdirdə oğlan uşaqlarının kişi kimi formalaşmasından söhbət gedə bilərmi? Tərbiyədə ailənin birinci, cəmiyyətin isə ikinci olduğunu dünya təcrübəsi artıq təsdiq etmişdir. Məlum həqiqətdir ki, ailədə də ana, nənə, xala, bibi, böyük bacı faktorları mövcuddur. Onların gələcək nəslin necə yetişməsində yerirolu danılmazdır. Xatirimdədir, nənəm mənim yerişimə həmişə irad tutardı, deyərdi: “Başını dik tut, sinəni irəli ver, şux yeri!”. Müdrik qadın öyrədərdi ki, "varını, imkanını, gücünü səndən zəif, imkansız olanların gözünə soxma!”. Novruz bayramında evdə xörək qoxusu çıxanda, hay-küylü tədbir olanda qonşulara mütləq pay göndərərdi. Təzə paltar geyəndə kasıb uşağın yanında öyünməməyi tövsiyyə edərdi. Dəhşətə gəlirəm ki, bəzi ailələrdə kişi evdə oturur, qadın gecə-gündüz işləyir, çörəkpulu qazanır. Belə şey olar? Məncə kişi evlənibsə, qadını, ailəni yedizdirməli, geyindirməli, problemlərini həll etməlidir. İstisna etmirəm ki, ailə büdcəsinin formalaşmasında qadının iştirakı mövcud olsun. Amma bu, ancaq iştirak kimi olmalıdır. Diqqət yetirsək, dərindən təhlil aparsaq, görərik ki, pis yola düşən, hətta həbs olunan kişilərin əksəriyyətinin günahlarından biri də qadınlarla bağlıdır. Bir də görürsən qadın deyir: “Qonşunun arvadı bahalı şuba geyir, dəyərli sırğaları var. Mənimçün də al!”. Kişigedir əlləşir, vuruşur, özünü oda-suya vurur, özünə və ailəsinə ciddi problemlər yaradır, daim zəlalət və əziyyət içərisində yaşayır. Məgər sırğayla ölçülür qadının məziyyəti, keyfiyyəti? İnanın ki, boşanmalar da çox hallarda bu səbəbdən olur. Qadın var ailəni ucaldır, kişini ucaldır, qadın var ailəni dağıdır, kişini müflis edir. Sən əgər cəmiyyətdə ərini hörmətli etmirsənsə, onda sən necə hörmətli ola bilərsən?

- Kişilərin formalaşmasında siz tez-tez qadın faktoruna da toxunursunuz.

- YaponiyadaAmerikada əmək qabiliyyətli qadınların 30-35 faizi işləmir, evdə uşaqları ilə həyat yoldaşının qayğıları, ev təsərrüfatı ilə məşğul olur. Onlarda diqqət yetirsək, imkanlı ailələrdə daha çox uşaq olur. Qadın üçün ən uca vəzifə uca kişinin xanımı olmaqdır, evinin, ailəsinin qayğılarıdır düşünürəm. Mən qadınların vəzifə tutmağının əleyhinə deyiləm. Vəzifəli qadınlar da olmalıdır. Bu gün onlar üçün ölkəmizdə geniş şərait yaradılmışdır. Onlarla vəzifəli, yüzlərlə sahibkar qadınlar var. Tansu Çillər, Hillari Klinton müasir dövrümüzün qadın liderləridi. Mən Mehriban xanım Əliyevanı xüsusilə vurğulamaq istəyirəm. Mehriban xanım elə bir etalondur ki, Azərbaycana həm gözəllik, geyim mədəniyyəti, davranış təcəssümü, həyat yoldaşına qayğı, analıq, nənəlik, həm də ictimai fəaliyyət nümunəsidir. Nə qədər insani keyfiyyətlər bu xanımda cəm olub, birləşib. Görürsünüzmü, heç biri bir-birinə mane olmur. Mehriban xanım fenomeni Azərbaycan, Şərq, mən deyərdim ki, dünya qadınlarına örnək olmalıdır. Bu incə xanımın həyatı elə bilməyin ki, daim rahat olub, əziyyətsiz ötüşüb. Heydər Əliyevi vəzifədən uzaqlaşdırıblar, İlham Əliyev işsiz qalıb, ailə “opalda olub. Həmin dövrlərdə Mehriban xanım onlar üçün inam yeri, müsbət enerji mənbəyi olub. Onları ruhdan düşməyə qoymayıb. Ailə ocağını isti saxlayıb, dözümlü olub, bu günkü ucalığa qədər yüksəlib. Bax budur qadının ailədə, cəmiyyətdə roluyeri. Kişinin cəmiyyətdəki rolu qadından çox asılıdır. Əgər bir kişinin pencəyi qırışlı, şalvarı ütüsüz, köynəyi çirkli, üzü tüklüdürsə, qalstuku əyri sallanırsa, bunun günahı bir səbəbdən özündədirsə, iki-üç səbəbi onun xanımındadır. 

-Sizcə, qızların ərköyünlüyü, ifrat sərbəst olması boşanmalara səbəb olmur ki?

- Bugünümüzdə boşanmaların bir səbəbi də ifrat ərköyünlük, dözümsüzlükdür, söz götürmürlər, çətinliyə dözmürlər. Ailələrdə 1, 2 uşağın olması da buna rəvac verir. Təəssüf ki, imkanlıların qızları universitetə bahalı maşınlarda, mühafizəçi ilə gəlirlər. O sevgilisinə də bəzən elə sürücüsü kimi baxır və baxacaq da. Deyəcək: “Sən niyə gecikdin, bura gəl, hesabat ver, harada idin? Bu nədi mənə almısan? “Dolce Gabbanafirmasından almalıydın!”. Onu buyuracaq, bunu buyuracaq, bezdirəcək. Gərək ailədə tərbiyə düzgün qurula, yoxsa oğlan ya qız özündən razı olur, heç kimi bəyənmir ailə münasibətlərində bu səbəbdən münaqişələr yaranır. Ağıllı qız qənaətcil olur, ərini sevir, onu qiymətli edir. Bəzi qızlar isə bunun əksini edirlər. Maaş gətirən ərinə xoş söz əvəzinə deyir: “Utanmırsan, bu puldur gətirirsən evə!”. Hər şeyin başında tərbiyə durur. Qızların cəmiyyətdə rolu, yeri layiqincə çox əhəmiyyətli dəyərləndirilməlidir. Bütün siyasətçilər, QHT-lər, jurnalistlər bu haqda danışmalıdırlar. Bizdə ailə qadın məsələlərilə məşğul olan komitə var. Çox hörmətli birinci xanım Mehriban Əliyeva bu komitəyə, bu problemlərə daha çox diqqət yetirir.

- Qadın gözəlliyini Siz necə qiymətləndirirsiniz?

- İdeal gözəl qadın yoxdur, birinin ayağı, digərinin gözü, birinin burnu, başqasının duruşu gözəl ola bilər. O qədər gözəl olmayıb, şirin, sevilən qızlar var ki... Qadında gözəllik tapmaq lazımdır. Xasiyyət, ailəcanlılıq önəmlidir. Vizual gözəlliyə aldanmaq olmaz. İnsan öz həyatını özü idarə etməlidir. Mən elə oğlan qızlar tanıyıram ki, sevgilisiylə hər anını xoş keçirmək əvəzinə heç yerdən problemlər yaradır, özünün ömür-gün yoldaşının güzəranını zəhərləyir. Həyatın hər anından zövq almaq lazımdır, yaşamaq lazımdır. Azərbaycanlılarhəyat yoldaşıdeyirlər, “sevgilimsözündən çoxmənim yarımdeyirlər. Görün sözün məna yükü qədər böyükdür. Bizdə qədimdə, elə indi ayıb bilirlər, demirlərarvadım”, deyirləruşaqlarımın anası”. Ailədə hakimiyyət bölgüsü nisbi şeydir, əgər qadın ağıllı söz deyirsə, niyə ona qulaq asmayaq? Evdəki qadın sağlam müxalifətdir. Sənə ciddi, dəyərli irad tutan ən doğma yaxın adamın olmalıdır. Bu da əlbəttə - həyat yoldaşıdır. Mən sonda bütün qadınlarımızı ürəkdən təbrik edirəm. Onlar bizim yaraşığımızdır, arxamızdır, gücümüzdür, əhval-ruhiyyəmizdir. Bir sözlə, cəmiyyətin təməli olan ailənin bünövrəsidirlər, xanımıdırlar qadınlarımız. Gəlin onları çoxlu-çoxlu sevək, sevək!

 

 

Alim

 

Olaylar.- 2012.- 7 mart.- S.4.