Dünyanı qoruyan qadınlar...

 

«O zaman susun ki, o zaman körpə gülüşü danışır. O zaman danışın ki, o zaman körpə gözləri sizə səssizcə dünyanı anladır».

 

Taqorun bir zamanlar oxuduğum əsərlərindəki cümlələrdən, bəlkə də ən çox bunları xoşlamışdım. Səbəbini nə iləsə əlaqələndirmədən, sadəcə və sadəcə iki cümlə ilə bütöv bir həyatı necə yaşamağı öyrətdiyinə görə. Dünyanın gələcəyi körpələrin gülüşündə gizlənir, dünyamızın bu günü o gülüşün davamından asılıdır. İnsanın ən böyük xoşbəxtliyinin anlarda gizləndiyini deyirlər. Körpələrin gülüşü insanın xoşbəxt olduğu o anlardır, əvvəlini və sonrasını düşünmədən, sadəcə və sadəcə xoşbəxt olmaq istədiyi anlar. Kimisi üçün o an sevdiklərinin xoşbəxtliyi, kimisi üçün illərlə arzuladıqlarına qovuşmaq, kimisi üçünsə xatırlanmağın özüdür. Amma insanı körpə gülüşü qədər xoşbəxt edə biləcək ikinci bir qüvvə hələ yaranmayıb. Bunu körpə gülüşü ilə xoşbəxt olanlar da bilir, Tanrının bu xoşbəxtliyinə layiq görüləcəyi günün arzusu ilə yaşayanlar da. Körpə gülüşünün yaşatdığı xoşbəxtlik bir anlıq xoşbəxtlik deyil, xatırlandığı hər an insanı xoşbəxt edə bilər. Körpələr bəlkə də gülüşlərinin analara yaşatdığı xoşbəxtliyi anlamır, bəlkə də anladıqlarına görə analarını xoşbəxt edə bilmək üçün bu gülüşü analardan əsirgəmirlər. Tanrının öz bəndəsinə töhfələrindən biri də bəlkə elə budur - körpə gülüşündə gizlənən xoşbəxtlik. O xoşbəxtliyə çatan qadınlar üçün dünya bir anda cənnətə çevrilir, cənnət isə anaların ayaqları altındadır. Analar cənnəti övladları üçün yaradır, mələk simaları, isti nəfəsləri, alınlarının qırışında gizlənən cəfaları, əllərinin təmasında saxlanan məhəbbətləri ilə. Analar bu dünyanı balaları üçün cənnətə çevirməyə çalışır, onun xoşbəxtliyində xoşbəxtliyi dada bilmək üçün. Analar körpələri ilə başlayır həyata, körpələr anaları ilə başladıqları kimi. Nəfəsi ilə qorumağa çalışır övladını dünyanın bütün pisliklərindən, xoşbəxtliyin daha bir qapısı açılır üzünə. Yaşamağı yaşatmaqda görür analar, gələcəyini keçmişində. Dünyanın bütün qovğalarından körpəsini qorumaq üçün sipər edə biləcəyi təkcə canı var, Tanrının ona verdiyi bu canı balasından əsirgəməyəcək qədər cəfası ilə sərf edir övladına. Əvəzində sadəcə və sadəcə bircə təbəssümə möhtacdır, övladının gözlərinin dərinliyində görə biləcəyi təbəssümə. Gözlərdə gilələnən yaşdır anaların ən böyük dözümsüzlüyü. Bu yaşın bir daha övladının süd işıqlı yanağına kölgə salmaması üçün hər şeyə hazırdır analar, təki körpələr ağlamasın. Körpələrin gözü ilə dünyanın ağlayacağından qorxur analar. «Təki körpələr ağlamasın» - deyib dünyanı qoruyur analar.                                                        

 

***

 

Anaların səbrində gizlənir dünyanın sabahı. Övladlar bu səbrin gələcək istifadəçiləridir, dünyanı onlar üçün qoruyur analar. Ömrünün sonuna kimi öz missiyasından heç bir şey əskiltmədən sevə – sevə cəfa çəkir ağ saçlarında dünya boyda məhəbbəti yaşadan analar. Analıq təkcə övlad məhəbbəti deyil, həm də dünya məhəbbətidir. Dünya bu məhəbbətin qarşılığını verməlidir, ya bu gün, ya sabah. Sabah bu gündən fərqli olacaq, dünən bu gündən fərqləndiyi kimi. Nə qədər ki fərq böyüməyib, dünya öz varlığına görə borclu olduğu anaları qiymətləndirməlidir. Sabah gec ola bilər, elə dünyanın özü üçün.

 

***

 

Hər kəlməsində qadınlara olan sayğısını, sevgisini ifadə edən dünya ilin 365 gününün bir gününü qadınların bayramına ayırıb. Hər kəs qadınlara olan hörmətini, məhəbbətini, qadınlara verdiyi dəyəri ifadə etmək üçün bir günü gözləyir. Bu bir gündə təbriklər ardı - ardına gəlir, qadınları baş tacına çevirirlər, şəninə təriflər yağdırırlar. Sonra… Sonra hər şey öz axarına düşür, qadınlar bir günün sevincini hələ bir neçə gün yaşaya - yaşaya adi həyatlarına qayıdırlar. Təsəlliləri budur, bayramın yenidən təkrar olunacağını düşünüb ilin qalan 364 gününü gözləməklə keçirməyə də razıdırlar. Onlar üçün hədiyyənin böyüyü - kiçiyi yoxdur. Onlar üçün diqqətin varlığı əsasdır, qadın olduqlarını, xanım olduqlarını onlara bircə kəlmə xoş sözlə anladacaq həyat yoldaşlarının, övladlarının bircə sözünü dünyanın ən qiymətli hədiyyəsi kimi qəbul edə bilərlər. Hamı bayramı fərqli, həm də eyni cür qarşılayıb yola salır, növbəti bayramı gözləməyin həyəcanı ilə.

 

***

 

Bu bayramı vətən üçün şəhid olmuş övladının məzarı başında keçirən analar da var. Onları bəlkə bu bayramda təbrik edənlər çox olacaq, amma heç bir təbrik övladının dilindən çıxan bircə kəlməni əvəz edə bilməyəcək. Şəhid anası olmaq qürurunu, şərəfini yaşayan bu analar üçün bayramlar əvvəlki təmtəraqını itirib. Amma təkcə özü üçün, bir ailə üçün, bir nəsil üçün yox, bütöv bir vətən və millət üçün övlad yetişdirməyin qüruru bir ömrü bəzəməyə yetər. Şəhid övladları bu bayramda anaların yuxusuna girəcək, elə sağlığında olduğu kimi analarını öpüb təbrik edəcəklər. Analar bu yuxudan oyanmaq istəməyəcək, bu yuxular çin çıxmayacaq, amma analar yuxuda belə övladlarının təmasından təsəlli tapacaqlar. O anaların yalnız bir təsəllisi var - təki Vətən yaşasın!

 

***

 

Bu bayramı övladlarının yolunu gözləməklə keçirməyə məcbur qalan analar da var. O analar dünyaya gətirdikləri, gecəni səhərə qədər keşiyini çəkdikləri, hər gülüşü ilə sevinib, hər sözü ilə xoşbəxt olduqları övladları tərəfindən unudulmağın acısını yaşayırlar. Amma yenə şikayətlənmirlər, onları analıq hissi tərk etməyib, balalarının nə qədər övladlıq hissi olmasa da. O analar yolunu gözlədikləri övladlarının səsini eşidib üzünü görməsələr də, onun varlığı ilə təsəlli tapanlardır. Ömürlərinin qalan hissəsini də gözləməklə keçirməyə razıdırlar, təki canlarının bir parçası olan övladların telinə belə xələl gəlməsin. O analar bu bayram gününü də gözləməklə keçirəcəklər, ürəklərində bir ümid qığılcımı parlayacaq, qapını döyən küləyin səsində övladlarının ayaq səslərini axtaracaqlar. Əsl bayram övladların gəlişi ilə gələcək, o günü analar ilin 365 gününü də bayram etməyə hazır olacaqlar.

 

***

 

Bayramı yalnızca adət xətrinə qeyd edib bir sonrakı gündə həyatın nə gətirəcəyini gözləyən qadınlar da var. Kimisi bir günlük xanımlıq taxtına çıxacaq, kimisi bu xəyalın gerçəkləşməsini də bir sonrakı ilə saxlayacaq. Amma qadınlıqlarından, xanımlıqlarından geri qalmayacaqlar. Xatırlanmamalarını kiminsə üzünə vurub onun kişilik şəninə əskiklik gətirməyəcəklər. Qadınlıq təmkini göstərərək onsuz da həyatları belə keçmirmi?

Hamısı qadındır, hamısı hər şeyin ən yaxşısına layiqdir. Amma Azərbaycan qadınının bu bayram günündə layiq olduğu ən böyük hədiyyə vətən torpaqlarının işğaldan azad edilməsidir. Bizə ən böyük hədiyyəni verin - qələbə müjdəsini! Biz o zaman xoşbəxt olacağıq, Azərbaycan kimi!

 

 

Elnarə

 

Olaylar.- 2012.- 8-9 mart.- S.8.