Diaspora sahəsində daha bir uğurlu addım

 

Dünya azərbaycanlı gəncləri Bakıya toplaşır

 

Keçən ilin yayında Bakıda prezident İlham Əliyevin iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının üçüncü qurultayından sonra Azərbaycan diasporu daha aktiv mütəşəkkil bir mərhələyə qədəm qoyub. Qurultayda dövlət başçısının proqram xarakterli çıxışından sonra bu sahə ilə bilavasitə məşğul olan Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları özləri üçün yeni fəaliyyət istiqamətləri müəyyən edib, mübarizə əzmini artırıblar. Qurultaydan sonra diaspor təşkilatlarımız Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması işində öz aktivliklərini bir qədər intensivləşdiriblər.

 

Azərbaycan həqiqətləri, zəngin mədəni irsimizin təbliği istiqamətində ayrı-ayrı ölkələrdə təhsil alan azərbaycanlı gənclərin potensialından da istifadə edən diaspor təşkilatlarımız onlara hərtərəfli dəstəyi də əsirgəmirlər. Öz növbəsində Azərbaycan dövləti də xarici ölkələrdə təhsil alan, həmin ölkələrdə diaspora fəaliyyətinə bu və ya digər dərəcədə dəstək göstərən gənclərə hərtərəfli qayğı göstərir, onlara yönəlik diqqəti artırır.

Bu mənada yaxın günlərdə Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayını mühüm əhəmiyyətə malik hadisə kimi dəyərləndirmək olar. Artıq rəsmi mənbələrin də yaydığı məlumata görə, martın 12-də Bakı şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçiriləcək.

Gülüstan Sarayında baş tutacaq  Qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonağın iştirakı planlaşdırılıb. Qurultay çərçivəsində 3 panel üzrə müzakirələr keçiriləcək. Birinci paneldə “Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi” mövzusu ətrafında olacaq. Bu istiqamətdə məruzələr ediləcək, müzakirələr aparılacaq. İkinci panelin mövzusu “Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında” olacaq. “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” üçüncü paneldə isə qarşıdakı illərdə xaricdə ölkəmizi layiqincə təmsil edən azərbaycanlı gənclərin məqsəd və vəzifələri müəyyənləşdiriləcək. Panellər üzrə müzakirələr tamamlandıqdan sonra Qurultay sənədlərinin müzakirəsinə başlanacaq. Bundan başqa Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının Qətnaməsi, təşkilatın 2012-2015-ci illər üçün Fəaliyyət Proqramı və digər sənədlər qəbul olunacaq. Həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin rəhbər orqanları seçiləcək.

 

***

 

Onu qeyd etmək yerinə düşər ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu il noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılmışdır. 2011-ci il, iyulun 5-də Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində isə Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi təşəbbüsü təqdir edilmiş və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi öz əksini tapmışdır. Bu mənada Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayını Dünya Azərbaycanlılarının üçüncü qurultayının qəbul etdiyi qərarların icrası istiqamətində atılmış məqsədyönlü addım kimi də qiymətləndirmək olar.

Dünya Azərbaycanlı Gənclər Birliyinin Bakıda təsis qurultayının keçirilməsi bu sahə ilə məşğul olan təşkilatlar, ayrı-ayrı qurumlar tərəfindən də müsbət qarşılanıb. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsini Azərbaycan dövlətinin gənc nəslə göstərdiyi diqqət və qayğının təcəzzümü kimi qiymətləndirib. İsmayıl Ağayev bildirib ki, Azərbaycan dövləti və onun prezidenti cənab İlham Əliyev daim gənclərə diqqət və qayğı ilə yanaşıb, onların ictimai-siyasi proseslərdə iştirakı üçün müvafiq addımlar atıb: “Xarici ölkələrdə təhsil alan, həmin ölkələrdə Azərbaycanı layiqincə təmsil edən gənclərimiz də bu mənada diqqətdən kənarda qalmır. Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı bu mənada yüksək qiymətləndirilməlidir. Hesab edirəm ki, bu qurultay dünyada ölkəmizi layiqincə təmsil edən azərbaycanlı gənclərin diaspora işinə bağlılığının artırılması, onların diaspora təşkilatları ilə sıx əlaqələrinin qurulmasına da müsbət təsir göstərəcək. Eyni zamanda, qurultay dünyada azərbaycanlı gənclərin qarşısında yeni vəzifələr qoymuş olacaq”. İsmayıl Ağayev qeyd edib ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı həm də keçən ilin yayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının üçüncü qurultayının qəbul etdiyi qərarların icrası istiqamətində atılmış addımlardandır: “Məlum olduğu kimi 2011-ci il, iyulun 5-də Bakı şəhərində cənab prezident İlham Əliyevin iştirakı ilə Dünya Azərbaycanlılarının üçüncü qurultayı keçirildi. Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi təşəbbüsü müsbət dəyərləndirildi və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edildi”. Beynəlxalq Diaspora Mərkəzinin sədri hesab edir ki, bu qurultay həm də onu sübut edir ki, Dünya Azərbaycanlılarının üçüncü qurultayında prezident İlham Əliyevin proqram xarakterli çıxışın, diaspora təşkilatlarına ünvanladığı tapşırıq və tövsiyyələrə müvafiq olaraq bu sahə ilə məşğul olan dövlət qurumları, ayrı-ayrı diaspor təşkilatları lazımı addımlar atır, dövlət başçısının tapşırıq və tövsiyyələrinə əməl edirlər”.

 

***

 

“Birlik” jurnalının baş redaktoru İlqar İlkin isə deyib ki, xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin qorunub saxlanılması, onların ölkəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi gənclərlə bağlı dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Son illərdə diaspor quruculuğunda və Azərbaycan lobbisinin yaradılmasında gənclərin fəal iştirakı daha ciddi nailiyyətlər qazanmağa imkan yaradır. Bu mühüm amili nəzərə almaq və onun real həyatda öz təsdiqini tapmasına stimul yaratmaq məqsədilə bu müddət ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin təbliği işinə xaricdəki azərbaycanlı gənclər öz töhfələrini verirlər”. İlqar İlkin deyib ki, son illərdə xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması işi də geniş vüsət alıb: “Gənc soydaşlarımızın dövlətin yaxın dəstəyi və yardımı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, vətənimizin problemləri barədə dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılmasına çalışırlar. Ötən müddət ərzində xaricdəki gənc soydaşlarımız tərəfindən həyata keçirilən tədbirləri buna əyani sübut kimi göstərmək olar. İstər Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, istər Norveç Azərbaycanlı Gənclərinin Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətlərini müsbət qiymətləndirmək olar. Bu sırada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası xüsusi qeyd edilməlidir. Məhz bu fəaliyyət nəticəsində dünyanın əksər ölkələrinə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə doğru-düzgün məlumat verilib”. İlqar İlkin bildirib ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı dünyanın müxtəlif ölkələrində təhsil alan və yaşayan gənc azərbaycanlıların diaspora fəaliyyətində aktivliyini bir qədər də artıracaq. Gənclərimizin diaspora fəaliyyətində aktivliyinin artması isə Azərbaycan diasporunun daha da güclənməsi, qarşıya qoyulan hədəf və məqsədlərin reallaşdırılmasına kömək edəcək. Hesab edirəm ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı ölkəmiz üçün mühüm məsələlərin müzakirəsi və lazımı qərarların qəbulu ilə yadda qalacaq”.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 8-9 mart.- S.15.