Azərbaycan diasporu və türk dünyası

 

 Müstəqillik illərində ciddi inkişaf yolu keçən Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələrdən biri də digər xalqların diaspor təşkilatları ilə əlaqələr qurmaq, birgə əməkdaşlıq nəticəsində fəaliyyət göstərdiyi ölkələrdə öz mövqelərini möhkəmləndirmək idi. Bu sırada Azərbaycan diasporunun türkdilli respublikaların diaspor təşkilatları ilə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edirdi. Xüsusilə, Azərbaycan diasporu türk diasporu ilə əlaqələrə üstünlük verir, qarşlıqlı faydalı əməkdaşlıq inkişaf etdirilirdi.

 

Həmin dövrdə Azərbaycan diasporuna ən ciddi dəstək də məhz türk diasporundan gəlirdi. Diaspora həyatı ilə bağlı bir sıra mühüm əhəmiyyətli tədbirlərin qardaş ölkədə keçirilməsi faktı bunu təsdiqləmiş olur. Yaxın tarixə nəzər salsaq görərik ki, ilk dəfə olaraq dünya azərbaycanlılarının birliyinə yönələn və ətrafında dünyanın bir çox bölgəsində yaşayan soydaşlarımızı toplayan tədbirlər məhz Türkiyədə keçirilib. 1989-cu ildə Türk Dünyası Ümumdünya Azərbaycanlıları Konqresi, 1990-cı ildə isə Türk Dünyası Araşdırmalar Vəqfinin təşəbbüsü ilə Türkiyənin Kayseri şəhərində birinci Millətlərarası Böyük Azərbaycan Konqresi keçirildi. 1990-cı il, noyabrın 3-dən 6-dək olan müddətdə isə Türkiyənin İstanbul şəhərində Azərbaycan Mədəniyyət Mərkəzlərinin birinci qurultayının keçirilməsi isə həmrəylik hərəkatının güclənməsinə mühüm təkan verdi.

Azərbaycan diasporunun türk diasporu, eləcə də türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələrinin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin zamanında daha qabarıq şəkildə özünü büruzə verdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider xarici siyasət sahəsində dünya dövlətləri ilə əməkdaşlıq sırasında türkdilli respublikalara xüsusi önəm verirdi. Heydər Əliyevin Azərbaycanın dünyaya inteqrasiyasının strateji istiqamətlərini müəyyənləşdirərkən ölkəmizin türk dünyası, türkdilli ölkələrlə münasibətinə xüsusi yer ayrılmışdı. Bu baxımdan Azərbaycan-Türkiyə əlaqələrinin keyfiyyətcə yeni məcrada qurulması prioritet önəm kəsb edirdi. Çünki öncəki hakimiyyət dövründə Türkiyə ilə münasibətlərdə siyasi eyforiya və şüarçılığın üstünlük təşkil etməsi real tərəfdaşlıq üçün zəmin yaratmamışdı. Bir çox hallarda bu münasibətlərin hər iki ölkədəki populist siyasətçilərin bəyanatları ilə idarə edilməsi normal dövlətlərarası münasibətlərə zərər vururdu.

1994-cü ilin fevralında Heydər Əliyev Türkiyə Cümhuriyyətinə səfəri zamanı bu ölkənin Böyük Millət Məclisində etdiyi tarixi çıxış ilə iki ölkənin strateji tərəfdaşlığının ən mükəmməl formulunu səsləndirdi: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Sonralar dillər əzbəri olan bu sözlər ölkələrimizin qardaşlıq münasibətlərinin kredosuna çevrildi: “Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıb. Əsrlər boyu tarixin mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışıblar. Lakin buna müvəffəq olmayıblar. Bizim xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə bir-birinə qovuşublar. Bundan sonra da heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməyəcək”

Qeyd etmək lazımdır ki, Heydər Əliyevin bəyan etdiyi hər bir fikir və tezisin arxasında mütləq real əməl, praktik nəticə dayanırdı. “Bir millət, iki dövlət” bəyanatı da gəlişi gözəl olaraq irəli sürülməmişdi. Heydər Əliyevin bu müdrik kəlamı Azərbaycan və Türkiyənin güclü, qüdrətli dövlətlər olmasını və bu gücün səfərbər edilərək ortaq mənafe və ümumi, “bir millət” fəlsəfəsi üzərində köklənən hədəflərə yönəlməsini ehtiva edir. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə Türkiyə ilə münasibətlər gerçək tərəfdaşlıq, qarşılıqlı fayda və səmimi anlaşma üzərində təşəkkül tapdı. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi 10 ildə dəfələrlə Türkiyədə səfərdə olmuş, qardaş ölkənin dövlət və hökumət rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. Bu intensiv təmaslar, daimi məsləhətləşmələr fonunda iki ölkənin xarici siyasəti, beynəlxalq müstəvidəki addımları daha əlaqəli və bir-birini tamamlayan oldu. Bu siyasət sayəsində Azərbaycan müstəqil dövlət quruculuğunda üzləşdiyi çətinliklərdə hər zaman Türkiyəni yanında gördü, eyni zamanda, atdığı addımlarda, həyata keçirdiyi iqtisadi layihələrdə daima Türkiyəni göz önündə tutdu.

Azərbaycanın Türkiyə ilə əlaqələrinin inkişaf etdirilməsi, Azərbaycan və türk diasporu arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırılması Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, cənab prezident İlham Əliyevin də zamanında əsas prioritet təşkil etdi. Ümummilli lider, mərhum prezident Heydər Əliyevin “Bir millət, iki dövlət” tarixi kəlamını əsas götürən cənab prezident İlham Əliyev “Bir millətin iki diasporu olmaz” söyləməklə Azərbaycan və türk diasporası arasında faydalı əməkdaşlıq mühitini bir qədər də inkişaf etdirmiş oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq toplantısının Bakıda keçirilməsi, Azərbaycanın türk dünyasının birlik və bərabərliyi istiqamətində öncül yerlərdən birini tutması deyilənləri təsdiqləyir.

Müasir dövrdə Türkiyədə də Azərbaycan dostluğunun fəaliyyətində xeyli canlanma yaranmaqdadır. Türkiyədə Azərbaycan parkının salınması, Azərbaycan evlərinin və təşkilatlarının sayının artması, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün İzmir şəhərində qoyulması, Türkiyənin çeşidli televiziya kanallarında Azərbaycana həsr olunan proqramların sayının çoxalması və s. hadisələr və proseslər belə bir nəticəyə gəlməyə imkan verir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyədən keçməsi, dövlətlərarası münasibətlərin inkişaf etməsi, Azərbaycan diasporunun mövqeyinin qardaş ölkədə güclənməsinə şərait yaradır.

Ümummilli liderin hakimiyyəti illərində təkcə Türkiyə deyil, eləcə də digər türkdilli respublikalarla Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf etdirildi, yüksək səviyyəli dövlətlərarası münasibətlər quruldu. Heydər Əliyevin ayrı-ayrı türkdilli respublikalara səfəri zamanı həmin ölkələrdəki soydaşlarımızla görüşməsi bu respublikalardakı Azərbaycan diasporunun inkişaf etməsinə, orada yaşayan azərbaycanlıların mövqelərinin möhkəmlənməsinə şərait yaradırdı. Türkdilli respublikalarda yaşayan azərbaycanlılara diqqət və qayğının artmasının nəticəsində Qazaxıstanda “Birlik”, “Xəzər”, “Vətən” kimi cəmiyyət və birliklər yaradıldı. Bir müddət sonra təsis edilən “Turan” Mədəniyyət Mərkəzi isə əsasən ictimai və mədəni fəaliyyətlə məşğul olurdu.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra dünyanın əksər ölkələri kimi Özbəkistana da miqrasiya edən azərbaycanlılar olub. Bu gün Azərbaycan diasporu Özbəkistanın ictimai-siyasi həyatında fəal iştirak edir, vətənlə intensiv əlaqə saxlayır, mədəni-kütləvi tədbirlər həyata keçirir. 2002-ci ilin noyabrında bu ölkədə təsis edilən “Azərbaycanlıların Milli Mədəni Assosiasiyası” sözügedən tədbirlərin keçirilməsində yaxından iştirak edir. Bu ölkədəki ən böyük diaspor təşkilatlarımızdan biri də Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasıdır. Təşkilat Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görür.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 10-12 mart.- S.15.