Bakıda
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib
Qurultayda bir sıra mühüm qərarlar
qəbul edilib
Martın 12-də Bakıda Dünya Azərbaycanlı
Gənclər Birliyinin təsis qurultayı keçirilib. Əvvəlcə
dövlət himni səslənib, diaspora həyatı, Azərbaycanda
dövlət gənclər siyasəti, bu sahədə əldə
edilən nailiyyətlərdən bəhs edən film
nümayiş olunub.
Dünya Azərbaycanlı Gənclər
Birliyinin təsis qurultayını giriş sözü ilə
açan Gənclər Təşkilatları Milli
Şurasının sədri, millət vəkili Fuad Muradov qurultayın
keçirilməsi zərurətindən danışıb.
Bildirib ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis
qurultayının keçirilməsi üçün uzun bur
yol keçilib. Millət vəkili qeyd edib ki, 2010-cu ilin noyabr
ayında Almaniyanın Frankfurt şəhərində Diasporla
İş üzrə Dövlət Komitəsi, eləcə də
Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı
ilə Dünya Azərbaycanlı Gənclərin birinci konqresi
keçirilib. Həmin konqresdə Dünya Azərbaycanlı Gənclər
Birliyinin təsis qurultayının keçirilməsi təşəbbüsü
irəli sürülüb və bu təşəbbüs
konqres iştirakçıları tərəfindən yüksək
qiymətləndirilib. Nəticə etibarilə Dünya Azərbaycanlı
Gənclər Birliyinin təsis qurultayının baş
tutduğunu deyən Gənclər Təşkilatları Milli
Şurasının sədri onu da qeyd edib ki, gənclər
sözügedən birliyin yaradılması istiqamətində
öz təkliflərini irəli sürüb və birliyin fəaliyyət
istiqamətləri müəyyənləşdirilib. Fuad
Muradov Dünya Azərbaycanlıları Gənclər Birliyinin
təsis qurultayında iştirak etmək üçün Azərbaycan
da daxil olmaqla dünyanın 34 ölkəsindən 356 nümayəndənin
seçildiyini vurğulayıb. Bildirib ki, qurultayda iştirak
etmək üçün isə 354 nümayəndə
qeydiyyatdan keçib: “Həmçinin dünyanın 17 ölkəsindən
icma və birliklərin rəhbərlərindən ibarət 28
nəfər qonaq qismində qurultayın işinə
qatılıb. Həmçinin qurultaya 192 nəfər dəvət
edilib”. Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli
Həsənov prezident İlham Əliyevin Dünya Azərbaycanlı
Gənclər Birliyinin təsis qurultayının
iştirakçılarına ünvanladığı təbrik
məktubunu diqqətə çatdırıb.
Prezident
İlham Əliyevin qurultay iştirakçılarına
ünvanladığı təbrik məktubunda qeyd olunur ki, Azərbaycanın
gələcəyi gənclərimizin təhsilindən, yeniliyi
tətbiq etmək bacarığından, vətənpərvərliyindən
və milli-mənəvi dəyərlərə sədaqətindən
asılıdır. Odur ki, gənclərin hərtərəfli
inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə
layiqli yer tutması üçün əlverişli şəraitin
yaradılması dövlət siyasətinin başlıca
istiqamətlərindədir. Dövlət
başçısının təbrik məktubunda o da qeyd
olunub ki, Azərbaycanda gənclərlə bağlı son illərdə
mühüm qanunlar, xüsusi dövlət proqramları qəbul
olunub və hazırda uğurla icra edilir. "Müstəqil
dövlət kimi 20 illik yol keçmiş Azərbaycan
Respublikası qısa dövr ərzində milli dövlətçiliyini
möhkəmləndirib, iqtisadi qüdrətini və siyasi
nüfuzunu artırıb, dünya birliyinin layiqli üzvünə
çevrilib. Yeni ideyalar və quruculuq həvəsi ilə
seçilən Azərbaycan gəncliyi qazanılan
bütün uğurlara öz töhfəsini verib, ölkəmizin
ictimai-siyasi, sosial-mədəni inkişafında fəal rol
oynayıb", Prezident təbrik məktubunda bildirib ki, gənclərimizin
təhsilə, elmə və müasir informasiya kommunikasiya
texnologiyalarına artan marağı, vətənpərvərliyi
və yüksələn ictimai fəallığı gələcəyə
daha böyük ümidlərlə baxmağa əsas verir:
"Sevindirici haldır ki, harada yaşamasından və ictimai
statusundan asılı olmayaraq, hər bir azərbaycanlı gənc
öz doğma vətəni ilə qürur duyur, milli
maraqların qorunması naminə səyini əsirgəmir.
Düşünürəm ki, Azərbaycan gəncliyi,
Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin
mütəşəkkilliyinin artırılması, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, diasporun möhkəmləndirilməsi
və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin
fəaliyyətini daha yaxşı əlaqələndirməyə
imkan verəcək. İnanıram ki, bu mötəbər məclisin
keçirildiyi gün Azərbaycan gənclər hərəkatının
tarixinə əlamətdar hadisə kimi daxil olacaqdır”. Daha
sonra Rusiya Dövlət Dumasının sədrinin Dünya Azərbaycanlı
Gənclər Birliyinin təsis qurultayının
iştirakçılarına ünvanladığı təbrik
məktubu iştirakçıların diqqətinə
çatdırılıb. Dövlət Dumasının sədri
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis
qurultayını mühüm əhəmiyyətə malik
hadisə kimi qiymətləndirərək gənclərin Azərbaycan
və Rusiya əlaqələrinin inkişaf etdirilməsinə
önəmli töhfə verəcəklərinə əminliyini
ifadə edib. Təbrik məktublarının oxunmasından
sonra məruzə və çıxışlar dinlənilib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov Dünya Azərbaycanlı
Gənclər Birliyinin təsis qurultayını əhəmiyyətli
hadisə kimi qiymətləndirib. Qurultayın keçirilməsi
təşəbbüsündən danışan Prezident
Adminisitrasiyasının rəsmisi 2010-cu il, noyabr ayında
Almaniyanın Frankfurt şəhərində keçirilən
Dünya Azərbaycanlı Gənclərin birinci konqresində
belə bir qurultayın keçirilməsi təşəbbüsünün
irəli sürüldüyünü vurğulayıb. Azərbaycan
dövlətinin gənc nəslə, gənclərə
göstərdiyi diqqət və qayğıdan danışan Əli
Həsənov bu siyasətin təməlinin ümummilli lider, mərhum
president Heydər Əliyev tərəfindən qoyulduğunu
diqqətə çatdırıb. Azərbaycanda müstəqilliyin
ilk illərində gənclərə heç bir diqqət və
qayğının göstərilmədiyi deyən Əli Həsənov
qeyd edib ki, həmin illərdə nə dövlət gənclərin
problemləri ilə məşğul olurdu, nə də gənclər
dövlətə xidmət edirdi: “Lakin 1993-cü ildə
xalqın təkidli tələbi ilə Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra Azərbaycanda həyata
keçirdiyi əsas işlərdən biri gənclər siyasətini
formalaşdırılması oldu. 1994-cü ilin əvvəlində
məhz onun fərmanı ilə Azərbaycanda Gənclər,
İdman və Turizm Nazirliyi yaradıldı. Bu nazirliyin qarşısına
gəncliyi səfərbər etmək, toplamaq, vahid istiqamət
üzrə formalaşdırmaq, idarə etmək, onların bu
günü və gələcəyi ilə bağlı
dövlət siyasətinin əsas istiqamətlərini
hazırlamaq və həyata keçirmək vəzifəsi
qoyuldu. 1994-cü ildən başlayaraq indiki işlərin təməli
qoyuldu. O zaman dünyadakı azərbaycanlı gənclər
haqqında danışmaq mümkün deyildi. Həmin vaxtlar
biz ancaq ölkə daxilində vətəndaşlarımıza
- gənclərimizə dövlətçilik ideologiyası
formalaşdırmağa çalışırdıq. Bu
gün nəinki Azərbaycanda, hətta dünyada dövlətçiliyimizin
maraqları uğrunda aparılan işlərin
ağırlığına öz çiyinlərini verən
gənclik formalaşıb. İntelekti, milli vətənpərvərlik
hissləri, bacarıqları ilə dövləti layiqincə
təmsil etmək bacarığında olan gənclik
formalaşıb. Eyni zamanda dünya ölkələrində
dövlətimizi təmsil edən gənclər ordusu
yaranıb. Bu gün biz Dünya Azərbaycanlı Gənclər
Birliyinin təsis qurultayını keçiririk. Burada cəmlənən
azərbaycanlı gəncləri bir müddət sonra
Rusiyanın, Ukraynanın parlamentlərində, nüfuzlu
ictimai qurumlarında görsək, heç də heyrətlənmərik.
Biz buna doğru gedirik. Bunu sözün həqiqi mənasında
alqışlamağa dəyər. Gənclərimizin
dünyanın bütün ölkələrində milli
maraqlarımıza xidmət edən addımları Azərbaycan
dövləti, xalqı və prezidentinin diqqətindən kənarda
qalmır. Biz bunların hamısını izləyirik və
qürur hissi keçiririk. Zaman gələcək, bu tipli fəaliyyətlə
Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Baltikyanı ölkələrin
parlamentlərindən səsiniz gələcək. Bu gün
artıq Azərbaycanda, nəinki tək Azərbaycanda, onun xaricində
də layiqli gənclər ordusu yetişib. Dünya Azərbaycanlı
Gənclər Birliyinin ilk nümunəsi mövcud idi və
bunun təməlini Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin təşəbbüsü ilə
çıxış edən Leyla
Əliyeva qoyub”. Prezident Administrasiyasının şöbə
müdiri qeyd edib ki, Azərbaycan dövləti gənclərin
bütün qayğıları ilə məşğul
olmağa hazırdır və bu məqsədlə bir
neçə dövlət proqramı həyata keçirilir.
“Bütün bu həyata keçirilən tədbirlər, qəbul
edilən dövlət proqramları, gənclərə
göstərilən diqqət və qayğının nəticəsidir
ki, Azərbaycan gəncliyi həm ölkənin daxili, həm də
qlobal dünyada sözün həqiqi mənasında ciddi bir
amilə çevrilə bilib. Şöbə müdiri buna
nümunə olaraq Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Xocalıya ədalət”
kampaniyası çərçivəsində əldə edilən
nailiyyətləri göstərib. Bildirib ki, son zamanlar
Xocalıya ədalət kampaniyası çərçivəsində
dünyanın 70-dən çox ölkəsində
genişmiqyaslı aksiyalar həyata keçirilib: “Artıq XXI
əsrdə Azərbaycan dövlətinin əsas
ağırlıqlarına öz çiyinlərini verən
bir gənclik formalaşıb. Azərbaycan dövlətinin
bütün qayğılarını öz çiyinləri
üzərində yaşatmağa layiq gənclik inkişaf
edir. İntellekti, milli vətənpərvərlik hissləri,
bacarıqları, fəallıqları ilə Azərbaycan
dövlətini, millətini layiqincə təmsil etmək
qabiliyyətində olan gənclər formalaşıb”, Əli
Həsənov çıxışı zamanı gənclərə
bir sıra tövsiyyələr də verib və onları daha
da fəal olmağa çağırıb: “Biz Azərbaycan gəncliyindən
çox şey umuruq. Sizin qayğınızı çəkməyə
də hazırıq. Təkcə xarici dil bilmək, intellektli
olmaq Azərbaycan dövlətini təmsil etmək
üçün yetərli deyil. Həm də fəallıq
olmalıdır. Haqlı olduğumuz yerdə hücum etməliyik,
qoy hansısa ölkədə gənclərimizdən ikisini
üçünü saxlasınlar, lap bir sutka saxlasınlar,
bunlar qətiyyən gənclərimizin iradəsini
sındırmamalıdır, onların fəallığını
aşağı salmamalıdır”. Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli
Həsənov gənclərə xarici ölkələrdə
Azərbaycanın problemlərinə diqqəti cəlb etmək
metodologiyası haqda da məsləhətlərini verib: “Xarici
ölkələrdə Azərbaycanla bağlı
çıxış edərkən elə bir metodologiya
seçin ki, insanlar zalı tərk etməsin. Elə
mövzular seçin və məsələlərə elə
yanaşın ki, Azərbaycan problemlərini, Xocalı faciəsini,
erməni vəhşiliyini onların diqqətinə
çatdıra biləsiniz. Yoxsa heç bir xarici auditoriyaya
saatlarla Xocalı faciəsi haqqında danışa bilməyəcəksiniz”.
Əli Həsənov qurultay iştirakçılarına onu
da bildirib ki, Azərbaycanda yaşayan gənclərlə xarici
ölkələrdəki azərbaycanlı gənclər
bir-biri ilə əlaqəli işləməlidir: “Bəzən
Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov bura nümayəndə heyətləri
göndərir. Belə də olmalıdır. Hər biz azərbaycanlı
bacardığı işi görməlidir. Bu nümayəndə
heyətlərinin Azərbaycandakı problemləri buradakı
gənclərin üzərinə düşməlidir. Buradan
gedən heyətləri isə xaricdəki gənclərimiz
qarşılamalı və zəruri köməyi göstərməlidir.
Bu anlamda yaradılacaq qurum Azərbaycanda aparılan siyasətin
davamı olacaq. Bilin ki, Azərbaycan prezidenti İlham Əliyev
başda olmaqla, onun bütün komandası siz gənclərə
arxalanır, güvənir və sizin inkişafınızla
bağlı əlimizdən gələni etməyə
hazırıq”. PA rəsmisinin sözlərinə görə,
əgər gənclər fəal olmasa, dünyada ciddi amilə
çevrilə bilməyəcəklər: “Azərbaycan gəncliyindən
çox şey gözləyirik. Biz arxayın olmalıyıq
ki, sabah üçün bizdən daha güclü, daha təşəbbüskar
gəncliyimiz var. O zaman dövlətin idarəçiliyini
arxayınçılıqla onların öhdəsinə
buraxıb, rahatlıqla ahıllıq dövrümüzü
yaşayacağıq”. Qurultayın sonunda qətnamə qəbul
edilib, beynəlxalq gənclər təşkilatlarına
müraciət ünvanlanıb, DAGB-nin rəhbər
strukturları seçilib.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 13 mart.- S.8.