Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı mühüm əhəmiyyətli hadisə kimi qiymətləndirilir 

 

Qurultay həm Azərbaycan diasporu, həm də xaricdəki azərbaycanlı gənclər üçün yeni imkanlar açır

 

Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı ayrı-ayrı gənclər təşkilatları, dövlət rəsmiləri, diaspor təmsilçiləri tərəfindən müsbət qiymətləndirilib. Bu qurultayın Azərbaycan diasporunun həyatında yeni bir mərhələ kimi dəyərləndirənlər xüsusilə gənclərin diaspora işinə cəlb edilməsini alqışlayıblar. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, bu gün gənclərin təşkilatlanmasına ciddi bir ehtiyac var

 

Azərbaycanın sürətli inkişafının dünyadakı Azərbaycan diasporunun həyatına da sirayət etdiyini qeyd edən Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan diasporunun əsas hissəsini gənclər təşkil etdiyi üçün onların təşkilatlanmasına böyük ehtiyac var: “Dünya Azərbaycanlı Gənclərin Birliyinin yaradılması, gənclərin fəaliyyətinin vahid mərkəzdən koordinasiya edilməsi barədə fikir çoxdan formalaşmışdı. Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi mühüm əhəmiyyət daşıyan bir hadisədir və bu diasporanın daha da inkişaf etməsinə öz töhfəsini verəcək.

Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, gənclərin vahid qurum şəklində fəaliyyət göstərməsi və bu qurumun müxtəlif təşəbbüslər, layihələr həyata keçirməsi gələcəkdə Azərbaycan diasporunun güclənməsinə, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasına, əsasən də Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif ölkələrdə məlumatların çatdırılmasına imkan verəcək: “Fakt odur ki, bu gün Azərbaycan diasporunun apardığı iş Azərbaycanın tanıdılması ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin dünya birliyinə çatdırılmasından ibarətdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycan diasporu bu məsələlərdə çox fəal olmalıdır. Vahid qüvvə kimi çıxış etməli, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya birliyini məlumatlandırmalıdır”, Elnur Aslanov onu da bildirib ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi Azərbaycan diasporunun gücləndirilməsi, azərbaycanlı gənclərin diaspor fəaliyyətinə cəlb olunması istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür: "Tədbir xaricdə yaşayan azərbaycanlı gənclər üçün yeni perspektivlər açır. Azərbaycanın sosial iqtisadi çəkisi artdıqca müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələri də daha fəal fəaliyyət göstərə bilirlər”.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumun baş katibi Elşad İsgəndərov Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu qurultay gənclərin daha da təşkilatlanması, onlar arasında əlaqələrin inkişaf etdirilməsi, gənclərin diaspora həyatında aktiv rol oynamasına təkan verəcək. Elşad İsgəndərov xarici ölkələrdə yaşayan və təhsil alan gənclərin Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin yaşadıqları ölkələrin cəmiyyətinə, eləcə də dünya ictimaiyyətinə çatdırılmasında bir qədər də aktiv olmasını arzulayıb. Baş katib əmin olduğunu bildirib ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı bu işə öz müsbət töhfəsini verəcək.

Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsini Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Əsası ümummilli lider, mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin hazırda cənab prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən Gənclər Təşkilatları Milli Şurasının sədri son illər ərzində Azərbaycanda gənclərə yönəlik bir sıra fərman və sərəncamların imzalandığını, dövlət proqramlarının qəbul edildiyini vurğulayıb. Fuad Muradov gənclərin də məhz bu diqqət və qayğını nəzərə alaraq beynəlxalq və regional əhəmiyyətli tədbirlərdə ölkəmizi layiqincə təmsil etdiyini, Azərbaycan bayrağını yüksəklərə qaldırdığını qeyd edib: “Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı həm Azərbaycan diasporu, həm də xaricdə təhsil alan azərbaycanlı gənclər üçün mühüm əhəmiyyətə malik bir hadisədir. Bu qurultay xaricdəki Azərbaycan gənclərinin diaspora həyatında aktiv rol oynamasına imkan yaradacaq”. Gənclər Təşkilatları Milli Şurasının sədri əmin olduğunu bildirib ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı Azərbaycan üçün uğurlu olacaq, istər diasporamız, istərsə də gənclərimiz üçün yeni-yeni imkanlar yaradacaq, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verəcək: “Məlum olduğu kimi Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı çıxış və məruzələrdən sonra öz işini panel iclaslarla davam etdirdi. Qurultayın birinci panel iclası “Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi” mövzusuna həsr olundu. Maraqlı çıxışlar səsləndi, gənclərimiz müxtəlif təkliflərlə çıxış etdilər. Qurultayın ikinci panel iclasında “Azərbaycan lobbi quruculuğu, müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında” mövzusu müzakirə edildi. Bu müzakirə də olduqca əhəmiyyətli idi. Həm Azərbaycan diasporu, həm də bu işə dəstək verən gənclərin lobbiçiliklə bağlı fakir və təkliflərini öyrənmək, onları gələcək fəaliyyətdə nəzərə almaq önəmli idi. Nəhayət, Dünya Azərbaycanlı Gənclərin təsis qurultayının üçüncü panel iclasında “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” məsələləri ətrafında fikri mübadiləsi aparıldı. Hər üç panel iclas maraqlı çıxışlar və təkliflərlə yadda qaldı. Panel iclaslardan sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi qəbul edildi. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlıların məruz qaldığı terror və soyqırım aktları barədə beynəlxalq təbliğat kampaniyalarının təşkili istiqamətində birgə tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilir. Həmçinin İslam Konfransı Təşkilatının Gənclər Forumu tərəfindən həyata keçirilən “Xocalıya ədalət-Qarabağa azadlıq” beynəlxalq kampaniyasında gənclərin daha fəal iştirakının təmin edilməsi qətnamədə öz əksini tapır. Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırım kimi tanınması məqsədilə beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq gənclər təşkilatları, xarici ölkələrin icra və qanunverici orqanları, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları ilə mütəmadi şəkildə iş aparılması qətnamədə xüsusi qeyd olunur. Qurultayda həmçinin iştirakçılar adından beynəlxalq gənclər təşkilatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət ünvanlanıb”.

Qeyd edək ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi təşəbbüsü 2010-cu ildə irəli sürülüb. Həmin ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin birinci konqresi keçirilib. Konqres iştirakçıları tezliklə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış ediblər və həmin təşəbbüs müvafiq qurumlar tərəfindən müsbət qiymətləndirilərək Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi məqsədəuyğun hesab edilib.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 13 mart.- S.15.