Uşaqlarda internet klub marağı
və... nəticələr
Ələsgər Məmmədli:
“Azyaşlılar internet kluba gedə bilməz deyə bir
qadağa yoxdur”
Havasız və yarım qaranlıq zirzəmilər
azyaşlıların səhhətinə ciddi ziyan vurur
Müasir uşaqların əyləncə
ilə bağlı düşüncələri 5-10 il əvvəlkilərdən çox fərqlənir.
Bu əyləncə isə çox zaman
onların orqanizminə böyük zərər vurur.
Artıq yavaş-yavaş velosiped, xizək sürmək,
voleybol, futbol, "ortadaqaldı", "gizlənpaç"
və s. kimi oyunlar aradan çıxmağa başlayıb.
İndi
uşaqları uşaq meydançalarında nadir hallarda top
qovan görürük. Evdən futbol oynamaq
adı ilə çıxan uşaqların əksəriyyəti
internet klublara gedir. Özlərini virtual
oyunlarda tapan bu uşaqlar öz vərdişlərindən əl
çəkmək istəmir. Nəinki məktəb
yaşlı uşaqlar, hətta 4-5 yaşlılar da yolunu
kompüter zallarından salır. Onlar
virtual oyunları heç də özlərindən yaşca
böyüklərdən pis oynamır. Hətta
bəzi məqamlarda onlardan daha üstün “bacarıq”
nümayiş etdirirlər. Onların
böyük maraq və həvəs göstərdikləri bu
oyunlar onlar üçün ciddi və təhlükəli xəstəliklərin
mənbəyi hesab oluna bilər. Ümumiyyətlə,
son günlər azyaşlı uşaqlar arasında evdən
qaçma hallarının artması uşaqların internetdən
şüursuz şəkildə istifadə etdiklərini
gündəmə gətirdi. Zərərli
oyunlar oynamaqla yanaşı, onlar internet klublardan yeni
tanışlar da qazanırlar. Bu
tanışların isə necə təhlükəli
olduqları barədə heç bir təsəvvürləri
olmur. Belə olan halda, heç bir nəzarətin
olmadığı həmin internet klubların uşaqlar
üçün nə qədər təhlükəli
olduğunu anlamaq çətin deyil.
Niyə internet klub?
Bu
gün internet klublar uşaqların yeni görüş məkanı
olub. Əvvəllər
uşaqlar məktəbdən gələndən sonra ya ən
azı bir az dincələr, sonra dərslərini
hazırlayar, vaxt qalarsa, küçəyə
çıxıb bayaq sadalağımız oyunları
oynayardı. Amma bu günün
uşaqlarının dərsdən sonrakı ilk işi evə
getmədən, yol üstündə qarşılarına
çıxan ilk internet klubda hansısa bir əcaib oyunu
oynamaqdır. Bu oyunların zərərlərindən
daha sonra, öncəliklə uşaqların internet klublara niyə
bu qədər maraq göstərmələri haqda danışaq.
Çünki bəzən evdə
kompütür və internetə çıxış
imkanı olduğu halda uşaqlar internet klublara üz tutur.
Tanış uşaqlarda bir neçə dəfə
bu halı müşahidə etmişəm. Onların niyə internet klubu üstün
tutmaları ilə maraqlananda “İnternet klubda oynamaq daha maraqlıdır.
Orada istədiyim qədər oynayıram, heç kim heç nə demir. Orada
uşaqlar çox olur, ona görə oyun maraqlı
keçir. Həm də istədiyim sayta
girə bilirəm”- deyə cavab verdilər. Əslində uşaqların bu marağı nə qədər
tənqid olunsa da, bu sözlərdə müəyyən qədər
həqiqət var. Çünki bu klublarda hər hansı bir nəzarət
mexanizmi olmur. Heç kim onlara bir və
ya iki saat məhdudiyyəti qoymur, ona görə də orada
özlərini daha sərbəst hiss edirlər.
Təhlükələr
Qeyd edək ki,
uşaqların özlərini sərbəst hiss etdikləri bu
məkanlar onların sağlamlığı üçün
ciddi bir təhlükə mənbəyidir. Öncəliklə uzun müddət kompüter
qarşısında eyni vəziyyətdə oturmaq onların
formalaşmaqda olan bədən quruluşlarında müəyyən
deformasiyaların yaranmasına səbəb olur. Son zamanlar uşaqlar arasında skalyoz, gözdə zəifləmə,
psixoloji problemlərin artmasının bir səbəbi də həmin
oyun məkanlarıdır. Çünki
onların çoxu binaların zirzəmilərində yerləşir.
Nəmişlik, üfunət yuvası olan zirzəmilər
kiçik bir kosmetik təmirdən sonra internet kluba
çevrilir. Qaranlıq, rütubətli,
havasız yer uşaqlarımızı özünə çəkir.
Təbii ki, rütubətli, havasız yerdə
davamlı olaraq bir neçə saat qalmaq uşaqlara mənfi təsir
edir. Ətrafımızdakı uşaqların hərəkətlərini
mütəmadi izləsək görərik ki, onların
çoxunun az qala hər gün başı
ağrıyır, əsəbi olur, yaşıdları ilə
dava edir, söyüş söyür, valideynini eşitmir. Sadaladığımız bütün xüsusiyyətləri
uşaqlara yarımqaranlıq, rütubətli zirzəmilər
qazandırıb. Havasız yerdə
uşaqların əylənməsinə ödəniş
müqabilində şərait yaradan işbazlar bununla
uşaqlarımıza həm mənəvi, həm də
sağlıq cəhətdən böyük zərər vurur.
Uzun müddət rütubət və havasızlıq
uşaqlarda sinir, bronxial astma, ürək
çatışmazlığı və s. kimi xəstəliklər
yaradır.
Qanuni məsuliyyət
Bəs
görəsən, internet klublarda uşaqların gəlişini
məhdudlaşdıracaq bir qanun varmı? Media eksperti Ələsgər
Məmmədli qanunvericilikdə uşaqların internet kluba
daxil olması ilə bağlı hansısa məhdudiyyətin
olmadığını deyir. “İnternet
klublar sadəcə əyləncə məkanı kimi, həm
də bilgi mərkəzi kimi qəbul olunmalıdır. Bu baxımdan bilgi almanın yaşı yoxdur.
Sadəcə bu internet klublarda uşaqlar qumar oynamasın və
ya onların həyatı, inkişafı üçün təhlükəli
ola biləcək proqramlardan istifadə etməsinlər.
Çünki uşaqlar yaş etibari ilə təkbaşına
gələcəkləri ilə bağlı qərar verəcək
səviyyədə olmurlar. Valideynin nəzarətindən
uzaq olduqları bu məkanlarda onların fəaliyyətinə
ən azından ümumi şəkildə inzibatçı nəzarət
etməlidir. Ümumiyyətlə isə,
kiminsə boş vaxtında internet kluba getməsini önləmək
mümkün deyil. Necə ki, bir insanın kinokluba getmək
imkanı varsa, eyni zamanda internet kluba da gedib istədiyi saytlara
daxil ola bilər. Yetər ki,
internet klubda zərərli, əxlaqa uyğun olmayan,
asılılıq yaradan proqramlarından istifadə
olunmasın”. O həmçinin əlavə etdi ki, qanunda
məhdudlaşdırıcı maddə olmadığından
həmin klublar aşkarlanarkən də onlara hansı cəzanın
veriləcəyi məlum deyil. “ Azyaşlılar
internet kluba gedə bilməz deyə bir qadağa yoxdur. Ona görə də inzibatı xətanı müəyyən
etmək də mümkün deyil. Bütünlüklə
internet kluba da məhdudiyyət qoyula bilməz. Sadəcə proqram təminatı ilə
bağlı məhdudiyyət gətirilə bilər. Bütünlüklə internet kafedəki
bütün kompüterlərə filtirlərin qoyulması
internet azadlığına qoyulan məhdudiyyətdir”.
Valideynlər də xəbərdardır
Uşaqların
internet klublara üz tutmalarının bir səbəbi də
valideynlərdir. Çünki çox zaman valideynlər internet,
kompüter oyunlarının təhlükəsini hiss edir və
buna görə də uşaqlarını bu təhlükədən
uzaq tutmağa çalışarkən səhvlərə yol
verirlər. Onlar elə hesab edirlər ki,
evə kompüter almasalar, uşaqlarını bu təhlükələrdən
qoruya biləcəklər. Lakin bu istək
gözlənilən nəticəni vermir. Çünki
bu gün hər küçədə ən azı 2-3 internet
kluba rast gəlmək olar. Həmin klublarda
evdə kompüter, internet məhdudiyyəti olan uşaqlar
üçün “qucaq açır”. Bundan
başqa bəzən valideynlər məsuliyyəti üzərlərindən
atmaq üçün “mən günün çoxunu işdə
oluram, ona görə də övladımın internet kluba getməsinə
nəzarət edə bilmirəm” deyirlər. Lakin bütün bunlar valideyni məsuliyyətdən
azad etmir. Ə.Məmmədli də bu
işdə əsas nəzarətçinin məhz valideynlər
olduğunu bildirdi. “Bu işdə əsas məsuliyyət
valideynlərin üzərinə düşür. Onlar diqqətli olmalı, övladlarının nəzarətsiz
bir formada hansısa internet klubda ona zərər vura biləcək
saytlara daxil olmasını önləməlidir. Çünki əgər valideyn əngəl olmazsa,
digərlərinin nəzarəti daha çətindir. Ola bilər ki, sadəcə uşaqların istifadə
edə biləcəyi internet klublar açılsın, lakin bu
da iqtisadi baxımdan gəlirli olmaya bilər. Bunun üçün də internet klublarda uşaqlar
üçün hazırlanmış, zərərli proqramlara
daxil olunması mümkün olmayan kompüterlər yerləşdirilə
bilər. Buna uyğun nəzarətçilər
olar. Bu zaman da valideynlər də daha rahat
olar. Məktəblərin
yaxınlığında uşaqların təhlükəsizliyi
üçün hazırlanmış internet klubların
yaradılmasında Təhsil Nazirliyi və digər qurumlar da
kömək edə bilərlər”.
Məktəblər
Qeyd edək
ki, valideynlər qədər məktəblər də bu
işdə cavabdehdirlər. Əgər şagird məktəbə
gəlmir və ya dərsdən qaçırsa bu barədə
valideynə xəbər verilməlidir. Lakin
bəzən məktəblər bu işdə məsuliyyətsizlik
edir və bu barədə üzərlərinə düşən
vəzifəni yerinə yetirmirlər. Bu
günlərdə Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin Bakı şəhər Baş Polis İdarəsi
ilə birgə paytaxtın bütün ərazilərində
yerləşən internet klub və internet kafelərdə
keçirdiyi reydlər məhz bu işə məsuliyyətsiz
yanaşan məktəblərin cəzalandırılmasına
xidmət edir. Amma bu şagirdlərin dərs
vaxtı internet kluba getməsinin qarşısını alsa
da, nəzərə almaq lazımdır ki, onlar dərsdən
sonra da vaxtlarının böyük bir hissəsini məhz bu
klublarda keçirirlər. Ona görə də
məsələ kökündən həll olunmalıdır.
Ekspertin də dediyi kimi məktəblərin
yaxınlığında şagirdlər üçün təhlükəli
ola biləcək proqramların
olmadığı internet klubların fəaliyyət göstərməsi
daha münasib olardı.
Gülxar Şərif
Olaylar.- 2012.- 13 mart.- S.11.