Novruzun köhnəlmiş elementləri üzərində düşüncələr

 

Xalq öz yaratdıqlarını təftiş edərək dəyişdirə və inkişaf etdirə bilər

 

Hər bir xalq bəşəriyyətin dəyərlər sisteminə verdiyi töhvələrinə görə böyükdür. Azərbaycan xalqının təkcə bir Novruz bayramı bütün dünyanı onun barəsində xoş duyğularla düşünməyə məcbur edə bilər. Bu bayram büsbütün müsbət nüanslarla doludur. Lakin müasir dövrdə Novruz bayramının əlamətləri xalqımızın həyat və davranışında özünü tam əks etdirə bilirmi? Təəssüflə qeyd etməliyik ki, Novruzun müsbət ayin və adətləri ilə yanaşı onun primitiv tərəfləri də yaşamaqda və Novruz son yüzillikdə öz yerində saymaqdadır. Bu bayramın müsbət tərəfləri barədə çox yazmışıq. Novruz bayramı insanlara öz tarixini, folklorunu xatırladırsa, sevinc, şənlik, sülh, əmin-amanlıq aşılayırsa, təbiətə və insanlığa qarşı müsbət duyğular oyadırsa, haqlı olaraq ümumbəşəri dəyərlər sistemində ön mövqe tutmağa layiqdir. Lakin bu bayramın ayin və mərasimlərini cilalanması barəsində çox az düşünürük. Əvvəllər Novruz bayramı köhnəlik qalığı hesab edilir və barəsində danışmağa qeyri-rəsmi yasaq hökm sürürdü. Sonra, yəni müstəqillik qazandıqdan sonra isə onu milli-mənəvi dəyərlər zəncirində mühüm həlqə hesab edərək barəsində tənqidi yanaşmalara qeyri-rəsmi qadağa hiss olunmaqdadır. Halbuki Novruz “yeni, təzə gün” deməkdir. Nədən Novruzun özü də köhnəliklərdən təmizlənməsin və təzələnməsin? Bundan ötrü Novruz bayramını azacıq təftiş etmək yetər. Təbii ki, bir çox əsatir, bayram və rəvayətlər, ayinlər özünün tarixiliyi, primitivliyi, sadəliyi ilə daha gözəldir. Amma zaman hər şeyi dəyişdiyi kimi, kompüter əsrinin tələblərini, müasir insanın intellekt səviyyəsini və inkişafın qanunauyğun dinamikasını da nəzərə almalıyıq. Əks halda bu minvalla davam edərsə, milli adət və ənənələr cilalanmaz və daha uzaq gələcəyə dolğun formada çatdırıla bilməz. Tarixən Novruz bayramı daha çox özünün zəngin ayinləri, oyun və məzhəkələri ilə maraqlı olmuş, xalqın yaddaşında xoş izlər buraxmışdır. Amma sovet dövründə bu bayramın qeyri-rəsmi qadağan edilməsi onun bu incə məqamlarını unutdurmuş, insanlar onu öz düşüncələrinə uyğun olaraq necə gəldi və xəlvətcə qeyd etmişlər. Bu xəlvətilik bayramın kütləvi xalq oyunlarına, ümumxalq gəzintilərinə, geniş rəngarəngliyinə xələl gətirmiş, məhdudiyyət yaratmışdır. Nəticədə insanlar Novruzu daha çox zəngin bayram süfrəsi açmaqla, çərşənbə və bayram axşamı ən ləziz xörəklər bişirməklə qeyd etmişlər. AzTV isə bayram axşamı “O olmasın, bu olsun” filmini nümayiş etdirməklə öz çətin işini bitmiş hesab edirdi. Çünki o filmdə millilik vardı. İstər Sovetlər, istərsə də müstəqillik dövründə Novruz inkişafa və cilalanmaya doğru deyil, öz xarakterini bir qədər dəyişməyə başlamışdır. Elə indi də bir çoxları üçün bayramın gəlişi heç də ruh yüksəkliyi doğurmur. Təzə paltar almaqlıq da əsasən bayrama saxlanıldığı üçün ailə başçılarına bu bayram çox ağır gəlir. Qondarma “8 Mart” bayramı münasibətilə ailənin, xüsusən də əmək kollektivinin bütün qadın üzvlərinə nəsə bir hədiyyə almağın çətinliyini təzəcə adlaya bilmiş ailə başçısı sonra da Novruz alış-verişi ilə qarşılaşdıqda nəinki sevinə bilmir, dilxor tərzdə təpəsini qaşıyır və “Mart gəldi- dərd gəldi, mart çıxdı – dərd çıxdı!” deyə düşünür. Novruzun ümumxalq şadyanalığından, çal-çağırdan, kütləvilikdən uzaq düşməklik bayramı təbii olaraq yalnız süfrə səviyyəsinə endirə bilərdi. Məsələyə yalnız qarın və geyim prizmasından baxmaqlıq isə xalqa böyük duyğular yaşada bilməz. İndinin özündə də vəziyyət o həddə çatmışdır ki, bayram ərəfəsində bazarlar “od tutub yanır” və insanlar bu cür bayram bazarlığı ilə müsbət hisslər yaşaya bilmir. Bayram bazarlığından qayıdan çox az adamın üzündə bayram sevinci görmək olar. Novruz ərəfəsində Azərbaycan bazarlarında dünya iqtisadiyyatına və bazar sisteminə əsla uyğun gəlməyən proseslər yaşanır. Məsələn, bütün dünyada bolluq olan yerdə qiymətlər aşağı salınır, qıtlıq məqamında isə qiymətlər qalxır. Bizdə isə bayramlarda qoz ləpəsi, çərəzlər, toyuq, balıq, meyvələr hər yanda satılsa da, piştaxtalar aşıb-daşsa da, qiymətləri aşağı düşmək əvəzinə qalxır və hamının əsəblərini qaşıyır. Hər rayonun özünəməxsus fərqli cəhətləri var. Məsələn, Lənkəranda nişanlı qızların evinə bayram xonçası aparılır. Bu xonçaya hökmən çərşənbə süfrəsinin şah yeməyi sayılan balıq qoyulmalıdır. Bu il də çərşənbə bayram münasibətilə yerli bazarda və Bakı-Astara magistral yolunun kənarında balıq alverçiləri sanki parada çıxmışdılar. Amma bu bolluq onların satdığı balıqların qiymətinə əsla təsir etmədi. Həm də bu zaman daha çox ziyad (kütüm) balığının qiyməti və şərafəti qalxır. Çünki çərşənbə xonçasına digər balıqlar qoyulmur. Hətta İran İslam Respublikasından küllü miqdarda balıq gətirilsə də, yerli balığın ortabab həcmdə olanının qiyməti 20-25 manatdan aşağı düşmədi. Əgər İrandan “lehmə və ya peyin dadı” verən bu balıqlar gətirilməzdisə, martın 12-ə kimi yerli balığın qiyməti 50 manatdan aşağı düşməzdi. Halbuki dostluq, səmimiyyət, mehribançılıq, insaf-mürüvvət - humanizm bayramı olan Novruz belə vəziyyəti qəti qadağan edir. Qardaş Türkiyədə Novruz bayramı ələvilərin bayramı kimi tanındığına görə orada ona rəsmən böyük diqqət göstərilmir, hətta ələvilərin böyük əksəriyyət təşkil etdiyi bölgələrdə meydanlarda novruz tonqallarının qalanması da yasaqlanır. Amma Türkiyədə Qurban bayramı rəsmən çox geniş şəkildə keçirilir. Bu ərəfədə isə mal-heyvan satışı nə qədər artsa da, alverçilər qurbanlıq qoyunu və ya inəyi çox ucuz satmağa və bu yolla əlavə savab qazanmağa çalışırlar. Belə alış-verişlər zamanı satan ucuz satmaqla savab qazanmağa çalışdığı kimi, alıcılar da daha baha qiymətə mal almağa çalışırlar ki, onların qurbanı daha dəyərli olsun.. Nəticədə hətta satıcı ilə alıcı arasında qəribə mübahisələr yaranır; satan baha satmaq istəmir, alan isə ucuz almaq istəmir. Bir müddət höcətləşdikdən sonra tərəflər çox çətinliklə ümumi-ortaq məxrəcə gəlir və əl tutub üç dəfə dartışaraq, qiymət müəyyən edirlər. Bizdə isə... Bizdə Novruzla bağlı bu kimi digər əksliklər və ziddiyətlər də kifayət qədər çoxdur. Məsələn Novruz bayramında tarixən bacadan torba salınar və bu guya ki, bu ailədən köçmüş mərhumlara aid edilərək, onları razı salmaqdan ötrü bayram sovqatı ilə doldurulardı. Amma əslində bu torbanın bacadan heç də ruhlar tərəfindən salladılmadığını hamı çox yaxşı bilərdi. Təəssüf ki, minilliklər ərzində təfəkkür və dünyagörüşü zənginləşsə də kimsə bunun dəyişdirilməsi barədə düşünməmişdir. Çünki bayram sovqatının verilməsi bir şeydir, onun istənilərək alınması bir ayrı şey. Bəlkə də bu kimi hallar insanların gələcəkdə rüşvətxor olmasına yollar açır. Xristian dünyasında Şaxta Babanın sovqat paylaması ilə bizim Kosanın, Keçəlin atılıb-düşməklə, mahnı oxumaq, rəqs etməklə nəsə qazanması Bremen musiqiçilərini xatırlatsa da, əslində daha çox qaraçı əməlləridir. Halbuki onun daha sivil formaya salınması, məsələn, evə bayramlaşmağa gələnlərin müştərək hədiyyə paylaşması kimi, 7 qapıya sovqat göndərilməsi kimi dəyişdirilə bilər. Amma təəssüf ki, dəyişiklik bacalı evlərin dəbdən düşməsilə baş verdi və bu zaman qapıya papaq atılması kimi daha pis bir forma aldı. Papağın namus-qeyrət simvolu sayıldığı bir məkanda onun nəsə almaq naminə qapılara atılmasında milli-mənəvi dəyərlərə bağlı heç bir nüans tapılmaz. Amma müasir zamana nəzər saldıqda sərvət, vəzifə, dünya malı naminə öz ləyaqətini – papağını ayaqlar altına atan insanlara çox rast gəlirik. Onlar bəlkə də uşaqlığında və yeniyetmə çağlarında qapılara başının papağını atanlardır. İnsanların özünü saxlayıb yalnız bayram ərəfəsində təzə paltar alması adəti də dəyişiklik tələb edir. Bu işi bütün ilboyu görmək mümkündür və münasibdir. Amma Novruz bayramı xaraktercə yeni günü, təzəliyi, dirçəlişi ifadə etdiyi üçün əvvəldən alınmış təzə geyimləri onun magik məntiqinə əsasən çərşənbə və bayramın günü geyinmək yaxşı olardı. Təzə geyim əhvala da yenilik gətirmək gücünə malikdir. Amma hökm deyil ki, bu təzə paltarı hökmən bayram ərəfəsində alıb özünü əlavə xərcə salasan. Novruz süfrəsindəki yeddilik prinsiplərinə riayət edilməsi və müəyyən zənginlik yaxşıdır və xalqın yaşam səviyyəsinin göstəricisidir. Lakin süfrə zənginliyi qədər də ayinlərin zənginliyi qayğısına qalmaq daha yaxşı olardı. Rəsmi bayram günlərində idarə və müəssisələrin ön hissəsində dövlət bayrağının asılması və ya toy edən ailələrin qapılarının bəzədilməsi kimi Novruz günlərində də eyvan və həyət qapılarından al-əlvan rəngli parçaların asılması, bayramsayağı bəzədilməsi müsbət enerji yayıcı xassəyə malik olar və xoş əhval-ruhiyyə saçardı. Təəssüf ki, son vaxtlar Novruz şənlikləri rayonlarda və elə paytaxt Bakıda da yalnız bir müəyyən məkanda təşkil edilən çal-çağır və qurulmuş şadyanalıq yalnız rəsmi şəxslərin qarşısında nümayiş naminə təşkil olunur. Bunun belə olmasında qəbahət tapılmaz. Rəsmi şəxslərin ümumxalq bayramlarında xalqla birlikdə olması çox yaxşıdır. Lakin bu təntənə, bu şənlik, çal-çağır rəsmi şəxslər keçib gedən kimi bitməməli, həmin günün sonunda atəşfəşanlığa qədər davam etməli, bayram tətili müddətincə isə müğənnilərin, xüsusən də incəsənət və ədəbiyyat xadimlərinin xalqın qarşısında nümunəvi çıxışları, bir növ hesabatı kimi səciyyələnməlidir. Bütün ilboyu bu xalqdan bəhrələnən sənət xadimlərinin bir gün pulsuz konsert verməsinin həm də bir halallaşma prinsipləri olardı. Eləcə də məşhur idmançıların, ötən ilin qaliblərinin nümunəvi çıxışları, görüşləri təşkil oluna və adət halına keçirilə bilər. Bayram münasibətilə yerlərdə keçirilən iməcliklər daha çox idarə və müəssisələrə aid olur. Digər ərazilərin təmizlənməsi, abadlaşdırılması, rənglənməsi, ağardılması təkcə Abadlıq İdarələrinin öhtəsində qalmamalıdır. Çünki bir idarənin qısa vaxt ərzində böyük işləri uğurla bacaracağı inandırıcı deyil. Bayram günlərində bələdiyyə və yerli icra nümayəndələrinin “Ən yaxşı darvaza”, “Ən səliqəli həyət-baca” və “Bizim küçə” müsabiqələrinin keçirilməsi, qaliblərə “Uğur nişanı” və pul mükafatlarının verilməsi kimi yeniliklər Novruzun özünün də təzələşməsinə vasitə sayılardı. Novruzun od çərşənbəsi zamanı qalanmalı olan tonqallar indi səhvən sonuncu – torpaq çərşənbəsi zamanı qalanır. Bayram günü keçirilən ümümşəhər şənliyi zamanı isə bir iri tonqal yandırılır. Bir tonqal əslində heç də bayram tədbirinin ifadə etmir. Səhv etmirəmsə Dədə Qorqud yalnız düşmən hücumu zamanı, eli ayağa qaldırmaqdan və digər obaları da köməyə çağırmaqdan ötrü və dağ başında bir tonqal qalandığını demişdi. Novruz bayramı münasibətilə isə məhz yeddi tonqal qalanmalıdır Əslində 2-ci olan Od çərşənbəsinə aid tonqalların şəxsi həyətlərdə qalanması və üzərindən tullanarkən nədənsə insanlarımızın “Ağırlığım-uğurluğum bu tonqalın üstünə!” deməsi də absurddur. Bəlkə də “ağırlığı” başa düşmək olar. Amma “uğurun” tonqalda yandırılması arzuları heç cür başa düşülən deyil. Ümumiyyətlə isə, atəşpərəstlikdə od müqəddəs hesab olunduğu üçün onun üzərinə insanın öz ağırlığını tökməsi doğru alınmır. Xristian-qərb ölkələrində günahkarın odda yandırılması onlara xas hərəkət kimi təəccüblü görünmür. Şərqdə isə heç zaman odda yandırma cəzası verilməmişdir. Bu, həyatın əsas ünsürlərindən biri olan oda verilən yüksək qiymətin göstəricisidir. Bəs elə isə, Novruz bayramının çərşənbə tonqalına insanın öz ağırlığını tökməsi hansı məntiqə əsaslanır? 

Novruz tarixən özünün müxtəlif idman yarışları ilə də əlamətdar olmuşdur. Nədən ən populyar idman növləri üzrə, məsələn, beynəlxalq Novruz futbol turnirləri keçirilməsin? Belə bir möhtəşəm bayram ingilislərə və ya fransızlara məxsus olardısa, onlar bu bayramı daha da zənginləşdirib, bütün dünyanın keçirdə biləcəyi səviyyəyə qaldırardılar. Bizim onu YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına saldırmağımız və BMT-nin 21 martı Beynəlxalq Novruz günü elan etməsi mühüm irəliləyişdir. Lakin növbəti hədəf bu bayramın bütün dünya tərəfindən keçirtməsinə nail olmaqdan ibarət olmalıdır. Buna görə isə bu bayram daha da cilalanmalı və zənginləşdirilməlidir.

 

 

Hafiz Mirzə

www.hafizmirza.com

 

Olaylar.- 2012.- 13 mart.- S.10.