Azərbaycanlıların
Gürcüstanda özlərini sərbəst
hiss etməsi soydaşlarımızın mənəvi
haqqıdır
İsmayıl Ağayev: “Çox təəssüflər
olsun ki, bu sahədə böyük
sıxıntılarımız var”
“Gürcüstandakı Azərbaycan
icmaları, birliklər Quram Marxulinin müdafiəsi məsələsində
mütəşəkkillik nümayiş etdirməlidirlər”
Gürcüstanda öz ata-baba
torpaqlarında məskunlaşmış azərbaycanlılar
zaman-zaman bu ölkənin müvafiq qurumları tərəfindən
təzyiqlərlə üzləşir, bir çox hallarda
soydaşlarımızın haqq və hüquqları kobud
şəkildə pozulur. İstər torpaq bölgüsü
zamanı Gürcüstandakı azərbaycanlıların bu
prosesdən kənarda qalması, istər tarixi yer
adlarının sürətlə gürcüləşdirilməsi
bütün bunların əyani sübutudur.
Gürcüstanda
yaşayan azərbaycanlılara göstərilən təzyiqlər
azmış kimi bu ölkədə Azərbaycanın haqq
işini müdafiə edən, ölkəmizin
apardığı haqlı mübarizədə ona dəstək
verən ayrı-ayrı gürcü alim və professorlara
qarşı da zaman-zaman təzyiqlər göstərilir. Bir
müddət əvvəl Suxumi Universitetinin professoru Quram
Marxulinin Azərbaycanın haqlı mövqeyini müdafiə
etdiyinə görə işdən azad edilməsi buna misal
göstərilə bilər. Beynəlxalq Diaspora Mərkəzinin
sədri İsmayıl Ağayev deyir ki, Gürcüstanda Azərbaycanın
haqq işini müdafiə edən insanlara qarşı təzyiqlərin
arxasında bu ölkə rəhbərliyində təmsil
olunan erməni məmurlar dayanır. İsmayıl Ağayev
Gürcüstan hakimiyyətinə qonşuluq münasibətlərinə
sadiq qalaraq Azərbaycana qarşı səmimi münasibət
bəsləməsini, ermənipərəst qüvvələrin
təsiri altına düşməməsini tövsiyyə
edib.
-İsmayıl müəllim, son vaxtlar
Azərbaycanla Gürcüstan arasında münasibətlərə
zərbə vurmağa çalışan qüvvələr
xeyli fəallaşıb. Maraqlısı odur ki, həmin
qüvvələr hətta Gürcüstanın rəsmi dairələrinə
belə təsir etmək gücündədirlər. Siz bu kimi
hadisələri necə dəyərləndirirsiniz?
-Qeyd etdiyiniz
məsələlər bir həqiqətdir. Son vaxtlar Azərbaycan
və Gürcüstan arasında münasibətlərə zərbə
vurmaq istəyən qüvvələr xeyli fəallaşıb.
Təəssüf doğuran hal ondan ibarətdir ki, həmin
qüvvələr hətta Gürcüstanın rəsmi
qurumlarında belə özlərinə mövqe tuta biliblər
və Gürcüstanın dövlət strukturlarına müəyyən
mənada təsir göstərə bilirlər. Keçən
ayın sonlarında Gürcüstanın Suxumi Universitetinin
professoru Quram Marxuli ilə bağlı baş vermiş hadisə
bunu bir daha sübuta yetirir. Məlum olduğu kimi Suxumi Universitetinin
professoru Quram Marxuli Beynəlxalq Qafqazşünaslıq Tədqiqat
Mərkəzinin prezidenti kimi fevral ayında “Qafqazda
separatçılıq və konfiliktlər” mövzusunda
konfrans təşkil edib. Konfransda Quram Marxuli ermənilərin
rusların əli ilə Azərbaycan torpaqlarını
işğal etməsi, Xocalıda ermənilər tərəfindən
soyqırım aktının həyata keçirilməsi, Azərbaycan
ərazilərinin erməni işğalı altında
saxlanması ilə bağlı fikirlər səsləndirib.
Professor ədalətli mövqe ortaya qoyaraq birmənalı
şəkildə Azərbaycanın haqq işini dəstəklədiyini
vurğulayıb. Quram Marxulinin belə bir konfrans təşkil
etməsi və həmin konfransda Azərbaycanın
maraqlarına cavab verən fikirlər səsləndirməsi
Gürcüstandakı bəzi ermənipərəst qüvvələri
ciddi narahat edib. Xüsusilə, Gürcüstan prezidenti Mixail
Saakaşvilinin müşaviri, erməni Van Bayburt Quram Marxulinin
belə bir mövqeyindən hiddətlənərək Suxumi
Universitetinin professoru Quram Marxulinin işdən azad edilməsinə
nail olub. Quram Marxulinin işdən azad edilməsində həmin
universitetin erməni prorektoru da xüsusi fəallıq
nümayiş etdirib. Gürcüstan prezidentinin müşaviri
Van Bayburtun göstərişi ilə işdən azad olunan
Quram Marxuli eyni zamanda ev dustağı edilib.
-Beynəlxalq Diaspora Mərkəzi olaraq
Quram Marxuli ilə əlaqə saxlaya bilmisinizmi?
-Biz bu barədə
məlumat əldə etdikdən dərhal sonra Quram Marxuli ilə
əlaqə saxlamağa cəhd göstərdik. Ancaq bir
neçə gün idi ki, onun telefonu bağlıydı. Nəhayət
ki, Beynəlxalq Diaspora Mərkəzi olaraq Quram Marxuli ilə əlaqə
saxlamağa nail olduq. O, öz ərizəsi ilə işdən
çıxdığını bildirsə də, əslində
Quram Marxuli erməni Van Bayburtun təzyiqi ilə işdən
azad olunub. Açığı Quram Marxuli
Gürcüstandakı erməni diasporundan çox qorxur.
Professor bundan ciddi narahatçılıq keçirir.
-Bu məsələ ilə bağlı
hansı addımların atılması məqsədəuyğundur?
-Artıq məsələ
ilə bağlı Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix İnstitutu tərəfindən
Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət
edilib. Həmin müraciəti başda Tarix İnstitutunun
direktoru, millət vəkili Yaqub Mahmudov olmaqla 40-a yaxın alim
və professor imzalayıb. Həmin müraciətdə Quram
Marxulinin Van Bayburtun təzyiqi altında işdən azad edilməsi
pislənilir və bunun qəbuledilməz olduğu
vurğulanır. Quram Marxulinin Xocalı
soyqırımının ildönümü ərəfəsində
işdən azad edilməsi Azərbaycan tarixçilərinin
haqlı narazılığına səbəb olub. Biz də
Beynəlxalq Diaspora Mərkəzi olaraq başda Yaqub Mahmudov
olmaqla Azərbaycan tarixçilərinin müraciətini dəstəkləyir,
Gürcüstanda yaşayan soydaşlarımız, bu ölkədə
fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri
və birliklərini, eləcə də Gürcüstandakı
Azərbaycan səfirliyini bu məsələyə müdaxilə
etməyə çağırırıq. Qeyd etdiyim
bütün qurumlar, ən əsası isə
Gürcüstandakı Azərbaycan icmaları Quram Marxulinin
müdafiəsinə qalxmalıdırlar. Həmçinin
Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq
Qrupunun Azərbaycandan olan millət vəkilləri bu məsələdə
fəallıq nümayiş etdirməli, Quram Marxulinin
müdafiəsi istiqamətində zəruri addımlar
atmalıdırlar. Çünki Quram Marxuli məhz Azərbaycanın
haqq işini müdafiə etdiyi, ölkəmizin haqq səsini
qaldırdığı üçün işdən azad
olunub. Biz də diaspora təmsilçiləri, millət vəkilləri,
səfirlik olaraq dəyərli gürcü
ziyalısını müdafiə etməliyik. Bu bizim bir
lobbiçilik işimizdir. Çünki Quram Marxuli
Gürcüstanda Azərbaycanın sözünü deyən,
ölkəmizin haqq işini müdafiə edən dəyərli
bir insandır. Xüsusilə, Gürcüstandakı Azərbaycan
icmaları, birliklər, diaspor nümayəndələri Quram
Marxulinin müdafiəsi məsələsində mütəşəkkillik
nümayiş etdirməlidirlər. Gürcüstandakı
diaspor nümayəndələrimiz bu ölkənin prezidenti
Mixail Saakaşvili, parlament sədri, o cümlədən təhsil
nazirinə müraciət göndərməlidirlər ki, Quram
Marxuli öz işinə bərpa olunsun. Hesab edirəm ki, bu məsələ
ictimailəşməlidir. Əgər biz bu gün diaspora təmsilçiləri,
millət vəkilləri və səfirlik olaraq Quram Marxulinin
müdafiəsinə qalxmasaq bu bizim ümumi işimizin
ziyanına olacaq və Quram Marxuli kimi ayrı-ayrı ölkələrdə
Azərbaycanın haqq işi uğrunda fəaliyyət göstərən
insanlar bizi müdafiə etməyəcək, haqq səsimizə
qoşulmayacaqlar. Bu bir ciddi savaşdır və bu savaşda
hamı öz sözünü deməlidir.
-Beynəlxalq Diaspora Mərkəzi
sözügedən məsələ ilə əlaqədar
Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət
etməyi düşünürmü?
-Biz Beynəlxalq
Diaspora Mərkəzi olaraq Gürcüstan prezidenti Mixail
Saakaşviliyə ayrıca bir müraciət
ünvanlayacağıq. Həmin müraciətdə Azərbaycanın
həmişə Gürcüstanın yanında olduğu, bu
ölkəyə dəstək verdiyi xüsusi qeyd olunacaq. Həmçinin
Gürcüstan dövlətinin də Azərbaycana
qarşı səmimi olması istəniləcək. Biz istəyirik
ki, Gürcüstan prezidenti də Azərbaycana qarşı səmimi
olsun. Biz gürcüləri nə qədər xoşlayır,
onları seviriksə, onların da borcudur ki, həm Azərbaycan
dövləti, həm də Gürcüstanda yaşayan azərbaycanlılara
hörmətlə yanaşsınlar. Gürcüstanın
çətin anlarında ümummilli lider Heydər Əliyevin
bu ölkəyə göstərdiyi yardım, Azərbaycan
dövlətinin bu ölkəyə olan isti münasibətinin
qarşılığında təəssüf ki, biz
Gürcüstandan kifayət qədər müsbət enerji ala
bilmirik. Gürcüstanda erməni əsilli çoxlu sayda vəzifə
sahibləri var ki, onlar da zaman-zaman bu ölkədə Azərbaycan
əleyhinə iş aparırlar. Suxumi Universitetinin professoru
Quram Marxulinin ermənilərin təsiri ilə işdən
azad edilməsi də bunun bariz nümunəsidir.
-Ancaq reallıq ondan ibarətdir ki,
Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə
sıxışdırılır, onların haqq və
hüquqları qorunmur. Sizcə, bu problemə qarşı
hansı zəruri addımlar atılmalıdır?
-Gürcüstandakı
azərbaycanlılar orada diaspora şəklində
yaşamırlar. Soydaşlarımızın Gürcüstanda
yaşadığı həmin ərazilər azərbaycanlıların
dədə-baba torpaqlarıdır. Həmin torpaqlarda
zamanında azərbaycanlılar yaşayıb Ona görə də
azərbaycanlılar öz ata-baba torpaqlarında çətin
bir vəziyyətdə, başı aşağı,
gözü qıpıq halda yaşamamalıdırlar. Azərbaycanlıların
Gürcüstanda özlərini sərbəst hiss etməsi
soydaşlarımızın mənəvi haqqıdır.
Çox təssüflər olsun ki, bu sahədə
böyük sıxıntılarımız var.
Gürcüstanda torpaqların bölüşdürülməsi,
əkin sahələrinin azərbaycanlılara verilməsində
çox ciddi problemlər mövcuddur. Bu məsələ ilə
bağlı da Beynəlxalq Diaspora Mərkəzi olaraq
Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət
etməyi nəzərdə tuturuq.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 15 mart.- S.15.