Dəyişib
inkişaf edən Salyan
Rayonda Dövlət Proqramları uğurla icra olunur
Son illər ərzində
ölkədə həyata keçirilən uğurlu
islahatlar, iqtisadi sahədə
əldə edilən nailiyyətlər, qəbul edilən
Dövlət Proqramlarının icrası istiqamətində
görülən işlər paytaxtla
yanaşı regionların da
simasını müsbət mənada dəyişir, əyalətlərdə yaşayan
əhalinin sosial rifah
halının yaxşılaşmasına öz
təsirini göstərir. Bu gün respublikanın əksər regionları
kimi Salyan rayonu da öz
inkişaf dövrünü
yaşayır.
Tikinti meydanına çevrilən Salyan
Dövlət
başçısının müvafiq fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrası istiqamətində ötən
müddət ərzində Salyan rayonunda kifayət qədər işlər görülüb. Salyanda olduğum bir neçə saat ərzində
yerli rəsmi qurumlardan
heç bir bələdçim
olmadan apardığım müşahidələr
və gəldiyim qənaət belə deməyə əsas verir. Sonuncu dəfə 2010-cu ilin parlament seçkiləri zamanı
müşahidəçi qismində olduğum
Salyanın iki il əvvəlki
vəziyyətindən əsər-əlamət belə
qalmadığının apardığım müşahidələr
zamanı əyani şahidi oldum. Əgər iki il əvvəl Salyan inkişaf, quruculuq-abadlıq işləri, yeni-yeni infrastruktur layihələrinin həyata keçirilməsi
baxımından digər rayonlardan geri qalırdısa, indi əksinə
olaraq Salyan qeyd edilən istiqamətlərdə digər
rayonları geridə qoyub. İstər rayonda həyata keçirilən
quruculuq-abadlıq işləri, istər əhalinin kommunal
problemlərinin həllinə yönəlik tədbirlər, istərsə də yeni fabrik və
zavodların fəaliyyətə başlaması ilə rayonda
yeni iş yerlərinin açılması yerli əhalinin
sosial rifah halının yaxşılaşmasına əsaslı
dərəcədə təsir göstərib. Xüsusilə,
prezident İlham Əliyevin sərəncamı ilə Tahir Kərimovun
Salyan rayon İcra Hakimiyyətinin başçısı təyin
edilməsindən sonra qeyd edilən istiqamətlərdə
işlər bir qədər də sürətlənib.
İcra hakimiyyəti kimi fəaliyyətə
başladığı gündən rayonun sürətli
inkişafı, infrastrukturun yenilənməsi, əhalinin sosial
rifah halının yüksəldilməsi istiqamətində gərgin
əmək sərf edən Tahir Kərimov görülən
işlərlə kifayətlənməyərək dövlət
başçısı və salyanlıların ona olan
etimadını daha yüksək səviyyədə
doğrultmağa çalışır. Hazırda Salyan digər
infrastruktur, quruculuq-abadlıq işlərinin həyata
keçirildiyi rayonlar kimi tikinti meydanını
xatırladır. Xüsusilə, 2011-ci ildə rayonda
tikinti-quruculuq və abadlıq işləri geniş vüsət
alıb. Şəhərin giriş hissəsindən
başlayaraq Ələt-Astara yolunun şəhər ərazisindən
keçən hissəsində, Dövlət Bayrağı
meydanında, Y.Qasımov, X.R.Ulutürk, T.Xəlilbəyli, Heydər
Əliyev və Nizami küçələrində geniş
miqyaslı quruculuq-abadlıq işləri aparılıb. Eni 8
metr, hündürlüyü 11 metr olan “Salyan şəhəri”
göstəricisi milli memarlıq üslubunda tikilib, ətrafı
abadlaşdırılıb, yaşıllıqlar
salınıb. Şəhərə giriş istiqamətində
2034 metr uzunluqda istinad divarı tikilıb və 3254 kvadrat metr
“Gülbaxt” ağ lay daşı ilə üzlənıb.
Şəhərin bütün bina və küçələrində
işıqlandırma sistemi əsaslı surətdə yenidən
qurulub. Bu günə qədər şəhər ərazisində
630 müasir işıqlanma dirəyi quraşdırılıb,
şəhərin kommunal binaları, ticarət şəbəkələri
və digər sosial obyektlərin fasadlarının gecə
işıqlandırılması təmin edilib. Şəhərin
gecə həyatına xüsusi gözəllik verən
işıqlandırma sistemi Salyana qonaq gələn xarici
ölkə vətəndaşları tərəfindən də
heyrətlə qarşılanır.
Tarixi abidələr
diqqət mərkəzində
Salyanda yeni
inzibati və yaşayış binalarının da tikintisi
uğurla davam etdirilir. Belə ki, ötən il Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün 16 mənzilli yaşayış binası, 8
saylı Ərazi Dövlət Nəzarəti idarəsinin
inzibati binası, Abadkənd və Parça Xələc kəndlərində
yeni poçt şöbəsi, şəhər əhalisinə
mədəni xidmət etmək məqsədilə Heydər Əliyev
Fondunun təşəbbüsü ilə 4 ədəd
“Xeyir-Şər” obyekti tikilib istifadəyə verilib. Həmçinin
yararsız vəziyyətə düşmüş XIX əsrin
tarixi abidəsi olan Cümə məscidində təmir-bərpa
işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə
Uşaqların Texniki Yaradıcılıq Mərkəzi və
Uşaq Kitabxanası üçün yeni binanın tikintisi
başa çatıb. Şəhərin Ə.Qasımzadə
küçəsində yerləşən “Kür” mehmanxanasında,
Y.Qasımov küçəsində yerləşən
“Muğan” şadlıq evində və Salyan Olimpiya İdman
Kompleksinin stadionunda yenidənqurma işləri aparılaraq
müasir tələblərə cavab verən vəziyyətə
gətirilib. Prezident İlham Əliyevin “Astara, Masallı və
Salyan rayonlarının sosial-iqtisadi inkişafının
sürətləndirilməsi ilə bağlı tədbirlər
haqqında” sərəncamına əsasən dövlət
büdcəsində nəzərdə tutulmuş prezidentin
ehtiyat fondundan Salyan rayon İcra hakimiyyətinə 2 milyon
manat, həmçinin Nazirlər Kabinetinin sərəncamı
ilə Salyan rayon İcra Hakimiyyətinin inzibati
binasının tikintisi üçün 2 milyon manat vəsait
ayrılıb və binanın tikintisinə başlanıb. Azərbaycan
Müəllimlər İnstitutunun Salyan filialının
inzibati binası və yataqxana binasının əsaslı təmiri
üçün 500 min manat, şəhər ərazisində
evlərin dam örtüyünün dəyişdirilməsi
üçün isə 500 min manat vəsait ayrılıb və
həmin işlər başa çatdırılıb.
Ümumilikdə ayrılmış vəsait hesabına 17
kommunal hündür mərtəbəli binaların dam
örtükləri dəyişdirilib.
Kür
daşqınlarının qurbanlarının problemləri həllini tapır
Ötən
ilin yay aylarında Kür çayında baş verən
daşqın zamanı Kürətrafı rayonlardan olan digər
rayonlar kimi Salyan rayonunda da müəyyən problemlər
yaranmış və daşqınlar yerli əhalinin mənzillərinə,
eləcə də təsərrüfatına ciddi ziyan
vurmuşdu. Bunu nəzərə alan Rayon İcra Hakimiyyəti
müvafiq dövlət qurumlarının dəstəyi ilə
ötən müddət ərzində Kür
daşqınlarından zərər görmüş sakinlərə
köməklik göstərib, onlar üçün yeni mənzillər
inşa edib. Belə ki, Fövqaladə Hallar Nazirliyinin xətti
ilə Kür çayının daşqını zamanı
ziyan çəkmiş ailələr üçün şəhər
ərazisində 42, Qaraçala qəsəbəsində,
Çuxanlı, Kərimbəyli və Qarabağlı kəndlərində
isə 15 evin tikintisi başa çatdırılıb.
Əhalinin
işlə təmin olunması istiqamətində də
Salyanda müvafiq tədbirlər həyata keçirilir.
Ümumilikdə, bu istiqamətdə həyata keçirilən
tədbirlərin nəticəsində son səkkiz ildə
Salyanda 16844 iş yeri açılıb. O cümlədən
2011-ci ildə 3050 iş yerləri yaradılıb ki, bunun da
523–ü daimi, qalanları isə mövsümü iş yerləridir.
Rayonda yeni iş yerlərinin yaradılması, eləcə də
işaxtaran və işsiz vətəndaşların,
xüsusilə gənclərin, sosial müdafiəyə daha
çox ehtiyacı olan insanların məşğulluğunun
gücləndirilməsi işi rayon İcra hakimiyyəti tərəfindən
daim nəzarətdə saxlanılır. Bunun nəticəsi
olaraq rayonda hər il yeni emal müəssisələri, xidmət
sahələri yaradılır və fəaliyyət göstərir.
Rayonda fəaliyyət göstərən idarə, müəssisə,
təşkilat və özəl strukturların rəhbərləri
ilə müntəzəm olaraq əlaqə saxlanılır,
boş iş yerləri barədə məlumatlar toplanır, vətəndaşlara
təklif olunur.
Sahibkarlar üçün münbit
şəraitin yaradıldığı rayon
Ölkə
başçısının sahibkarlara yerlərdə
lazımı şəraitin yaradılması, iş
adamlarına qarşı olan qanunsuz müdaxilələrin
aradan qaldırılması ilə bağlı
tapşırıq və tövsiyyələrinə müvafiq
olaraq Salyanda yerli sahibkarlar üçün normal iş
mühiti yaradılıb. Məhz bunun nəticəsidir ki,
Salyanda iş adamları və sahibkarların vəsaiti
hesabına yeni-yeni emal müəssələri
yaradılır, iş yerləri açılır. Hazırda
da İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək
Milli Fondunun kreditləri və sahibkarların vəsaiti
hesabına yeni istehsal və emal sənayesi sahələrinin
yaradılması istiqamətində işlər
aparılır. Ötən müddət ərzində isə
rayonun Qaraçala qəsəbəsi ərazisində fəaliyyət
göstərən «Hacı-Camalxan» kəndli fermer təsərrüfatı
tərəfindən 10 min tonluq taxıl anbarının
tikintisi başa çatdırılıb. «Ələddin
Fermer» MMC tərəfindən meyvə, tərəvəz məhsullarının
saxlanması üçün 6000 ton tutumu olan soyuducu anbar
kompleksi və illik istehsal gücü 580 ton olan meyvə qurutma
müəssisəsinin, “NNEM Kəndli-Fermer təsərrüfatı”
tərəfindən Kürsəngi kəndi ərazisində
istehsal gücü 100 min dekalitr olan şərab zavodunun
tikintisi davam etdirilir. Salyan şəhəri ərazisində 2
sahibkar tərəfindən 2 iri ticarət mərkəzinin
tikintisi aparılır. Ümumilikdə rayonda sahibkarlara və
iş adamlarına son illər ərzində 5 milyon 992 min manat
kredit verilib. Əgər 2010-cu ildə Salyanda ümumi məhsul
buraxılışında qeyri-dövlət sektorunun xüsusi
çəkisi 94,8 faiz təşkil edirdisə, 2011-ci ildə
bu göstərici 95,8 faizə çatıb.
Rayon
İcra Hakimiyyəti Salyandakı ictimai–siyasi vəziyyəti
daim diqqət mərkəzində saxlayır. Rayonda fəaliyyət
göstərən siyasi partiyalar, Qeyri-Hökumət Təşkilatlarının
və dini qurumların öz işlərini Azərbaycan
qanunlarına müvafiq surətdə qurmalarına İcra
hakimiyyəti tərəfindən ciddi nəzarət edilir və
əməli köməkliklər göstərilir. Rayonda 19
siyasi partiya, 28 QHT fəaliyyət göstərir. Salyan rayon
icra hakimiyyəti yerli sakinlərlə mütəmadi olaraq
açıq görüşlər keçirməklə də
digər rayonlardan fərqlənir. Maraqlı məqam ondan ibarətdir
ki, həmin görüşlərdə birbaşa rayon icra
hakimiyyətinin başçısı Tahir Kərimov
iştirak edərək yerli sakinlərlə yaxından təmasda
olur, onların problemləri ilə maraqlanır və sakinlərin
təklif, istəklərini dinləyir. Belə
görüşlərdən biri də ötən həftə
reallaşıb. Rayon sakinləri ilə Salyanın mərkəzi
meydanlarından birində açıq hava şəraitində
bir araya gələn icra başçısı Tahir Kərimov
salyanlıların problemləri ilə maraqlanıb, onların
təklif və istəklərini dinləyib. Qısa müddətdə
həlli vacib olan problemlərin həlli ilə bağlı həmin
anda müvafiq tapşırıq və tövsiyyə verən
Salyan rayon İcra Hakimiyyətinin başçısı
görüşdə qaldırılan digər problemlərin həlli
istiqamətində də tezliklə lazımi tədbirlərin
həyata keçiriləcəyi və zəruri
addımların atılacağına söz verib.
Süleyman İsmayılbəyli
Bakı-Salyan-Bakı
Olaylar.- 2012.- 15 mart.- S.13.