Mən elə tarix yazıram ki,....”
Alman
Jurnalistlər birliyi Berlin şöbəsinin sədr
müavini Nuridə Atəşinin müsahibəsi.
- Nuridə xanım, sizin çox geniş
diaspora fəaliyyətiniz var idi, Avropa Azərbaycanlıları
Konqresinin vitse prezidenti idiniz, Almaniyada Yeni Körpü adlı
alman azərbaycan dilində jurnal buraxırdınız. Niyə
birdən birə diaspora fəaliyyətinə son verdiniz ?
- Mən
diaspora fəaliyyətinə 1995-ci ildə Berlində
başladım. O zaman ki, nə Berlində səfirlik var idi, nə
komitə var idi. Gördüyüm işləri
sadalamaq fikrində deyiləm amma bilirəm ki, onların
hamısı tarixdə qalacaqdır. Lakin
sonra səfirlik, komitə fəaliyyətə başladı.
Bilirsiniz mənim Almaniyada 16 illik təcrübəm var. Mənim
fikirlərim, təkliflərim və haqlı iradlarım
doğru qəbul edilmədiyindən sadəcə mövqeyimi
deyil, yerimi dəyişdim.Təcrübələr və
görülən işlər göstərir ki, mən
bütün haqlı iradlarımda, məsləhət və
tövsiyələrimdə haqlı olmuşam.
- Sizcə
xaricdə Azərbaycanın tarixini araşdırmaq daha vacibdir
yoxsa diaspora fəaliyyəti. Axı Azərbaycanda yetərli qədər
görkəmli tarixçilər var. Sizə ehtiyac olduğuna əminmisiniz ?
- Mən belə
fikirləşirəm ki, bu gün xaricdə Azərbaycanın
tarixini araşdırmaq daha vacibdir və tariximizin problemləri
daha çoxdur. Beynəlxalq ədəbiyyət,
mədəniyyət və mətbuat aləmində tanınan
və dəyər verilən bir şəxs olaraq mənim məsuliyyətim
daha çoxdur. Əlbəttə ki, Azərbaycanda
çox dəyərli tarixçilərimiz vardır. Lakin bir həqiqət vardır ki, yaşlı nəslin
tarixçiləri xarici dilləri bilmirlər, kompüterdən
istifadə edə, dünya elminin ən son yeniliklərini
operativ izləyə və tədqiq edə bilmirlər. Gənc nəsil də çox zaman tarixə meyl
göstərmirlər. Artıq Azərbaycan
qapalı bir ölkə deyildir. Elmin
inkişafını saxlamaq, gizlətmək, təhrif etmək
mümkün deyildir. Beynəlxalq tədqiqat
qrupları bütün ölkələrdə fəaliyyət
göstərir və əsl tarixi üzə
çıxarırlar. Bu anlamda doğru
yolda olduğumu və öz tədqiqatlarımla Azərbaycan
tarixinə yalnız başucalığı gətirəcəyimə
əminəm.
- 15
ilki Qafqaz amazonlarının tədqiqatı hazırda nə
yerdədir. Bu işin öhdəsindən gələcəyinə
əminmisiniz ?
- Əlbəttə.
Mən əmin olmadığım bir işə heç zaman
girişmirəm. İlk yolu açmaq çox çətindir, gələcək
amazonşünasların bu qədər çətinliklərlə
üzləşməyəcəyinə mən əminəm.
Məhəmməd Əsəd bəy tədqiqatlarımda
olduğu kimi. İndi Əsəd bəyi tədqiq
edən bütün tədqiqatçılar mənim “Yüz
ilin sirrləri” adlı kitabıma müraciət edir.
Çünki Əsəd bəyin arxiv sənədlərini, əlyazmalarını,
məktublarını hətta son əlyazma romanı olan
“Sevgidən anlamayan kişi” romanından bir parça
dünyada ilk dəfə olaraq bu kitabda toplanmışdır və
bunu heç kəs də inkar etmir. Hazırda mən 15 illik tədqiqatlarımın
nəticəsi olaraq “Qafqaz amazonları- Miflər
arxasındakı gerçək tarix” adlı Azərbaycan-rus,
alman, ingilis dillərində ilk kitabımı buraxdım. Kitab
beynəlxalq elm aləmində çox ciddi
qarşılandı və gözlədiyim müsbət nəticəni
verdi. Bu mövzuda elmi
işim artıq müdafiəyə hazırdır.
Bu
qafqazşünaslıqda ilk elmi iş və monoqrafiya
olacaqdır. Qafqaz amazonlarının tarixi
haqqında teatr əsəri, film olması sərgi və beynəlxalq
konfransın keçirilməsi haqqında çoxlu beynəlxalq
təkliflər alıram. Dünyanın
böyük nəşriyyatları bu barədə kitab
yazmağım üçün mənə təkliflər
göndərirlər. Mən elə bir tarix yazıram ki,
onu yazmağa indiyə qədər heç kim
cəsarət etməyib. Bu Qafqaz
amazonlarının əsl tarixidir.
- Yeri gəlmişkən rus prodüsseri
Tatyana Borş Azərbaycanda amazonlar haqqında filmi çəkdi.
Hamı gözləyirdi ki, siz onu məhkəməyə verəcək,
hüquqi orqanlara şikayət edəcəksiniz. Susmağınızın səbəbi nədir?
- Doğrusu mənim
düz 15 ildən artıq bu mövzuda heç bir dəstək,
nə maddi nə mənəvi yardım almadan tədqiqat
aparmağıma baxmayaraq belə bir dəstək mənə
etimad edilmədi və qıyılmadı. Moskvadan
durub mənim tədqiqatımın izi ilə Bakıya gələn
xəbərsiz, heç bir öz tədqiqatları olmayan xam
bir prodüser xanım dövlət səviyyəsində
bütün maddi və mənəvi dəstəklərə
birdən-birə nail olması çox təəccüblüdür.
Film
çox savadsız bir film olduğu üçün mən
onu ciddiyə almıram və boşuna zaman, enerji xərcləməyi
artıq çoxdan buraxmışam. Qafqaz amazonları
haqqında film çəkmək üçün mənə
Almaniyanın, Avropanın ən məşhur televiziyaları və
rejissorları müraciət edirlər. Xanım
Tatyana Borşun çəkdiyi “Amazonki” filmi isə Avropa səviyyəsində
bir film deyil və mən daha ciddi və daha əzmlə öz
araşdırmalarımı davam etdirirəm. Nəticələri və uğurları hamı
görəcək.
- Azərbaycanın Avropada hazırkı
imici sizi qane edirmi? Almaniya mətbuatında
Eurovisionla əlaqədar tez-tez mənfi yazılar gedir. Sizcə buna səbəb nədir və bunları necə
aradan qaldırmaq olar?
-Təbii ki,
qane etmir. Doğrudan da Eurovisionla əlaqədar Azərbaycan
son zamanlar çox iç qaraldıcı
yazılarla alman mətbuatında tez-tez yer alır və bu məni
çox narahat edir. Bütün bunların səbəbkarı
muzdlu lobbiçilərin gülünc lobbi siyasətlərinin
nəticələridir. Alman siyasətində
üzdən-gözdən salınan, kənarlaşdırılan
insanların gəlib, birdən-birə Azərbaycana nədən
belə aşiq olmaları əlbəttə ki
ağı-qaradan yaxşı ayırmağı bacaran alman
ictimaiyyətinin gözündən yayına bilməz. Onlar gözəl anlayırlar ki, bu insanların
öz şəxsi maraqları vardır. Bir
də ən gülüncü orasıdır ki, onlar ölkənin
mədəniyyətini, tarixini, mentalitetini, əsl problemlərini
bilmədən savadsız və gülünc təbliğatlar
aparırlar. Mən hələ 3-4 il
bundan qabaq Azərbaycan mətbuatında ölkəmi və
dövlətimi bu barədə sayıq olmağa səsləmişdim
və bunların alman mətbuatında üzə
çıxacağını və ölkənin imicinə
düzəlməsi mümkün olmayan zərərlərin vuralacağını
xəbərdarlıq etmişdim.
Təəssüf
ki, biz çox zaman konstruktiv işləməyi bacarmır,
ölkənin, dövlətin mənafeyini qorumaqdan daha
çox ədavətə, şəxsi intriqalara
qapılırıq ki, ən sonda da zərər çəkən
ölkə, dövlət və xalq olur.
- Siz Almaniya P.E.N mərkəzinin
üzvü, Almaniya Jurnalistlər Birliyi Berlin şöbəsində
komitənin sədr müavinisiniz. Bu onu göstərir ki, sizi Almaniya ədəbiyyat və
mətbuat dairələrində tanıyırlar və sizə
etimad edirlər. Siz ölkənin mədəniyyətinə,
xaricdə layiqli tanınmasına necə
çalışacaqsınız?
- Bilirsiniz mən
heç bir çətinliyə, problemlərə baxmayaraq
öz işimlə məşğulam. Xoşagəlməz
intriqalar məni hərdən məyus etsə daha inadcıl,
daha savaşkar, daha mübariz edir. Onun
üçün mənə mane olmaq istəyən adamlara hər
zaman minnətdar oluram. Ağıllı, obyektiv
insanlar bunu Almaniyada da Azərbaycanda da görür, dərk
edir və mənə daha çox dəstək verir və məni
daha da ucaldırlar. Bir də mən bilirəm ki, muzdlu
lobbiçilər, müvəqqəti diplomatlar və ya
intriqant məmurlar xalqın tarixində qonaqdırlar, mən
isə ev sahibi. Mənim
gördüyüm işlər, yazdığım kitablar tarixə
və gələcəyə xidmətdir və gələcək
nəsillər məni daha çox anlayacaqlar.
Məhsəti
Gəncəvini zamanında əxlaqsız “Azərbaycan
qadını”adlandırırdılar və hətta onu
dünyalar qədər sevdiyi doğma Gəncə şəhərindən
qovmuşdular. Bu gün kim bunu dilinə gətirir. Məhsəti
ədəbiyyat tariximizdə bir dahi deyilmi?
- Doğrudanmı dövlətimiz
bütün bu xidmətlərin əvəzində sizə
heç bir dəstək vermir?
- Bilirsinizmi,
1,3 məmur hətta 10 məmur da dövlət
demək deyil. Mən yaşadığım bir
neçə ədalətsizliyə, haqsızlığa
görə nə dövlətimə, nə də xalqıma
heç vaxt arxa çevirmərəm. Əlbəttə,
mənim çoxlu millət vəkili dostlarım var bir
çox yüksək rütbəli dövlət rəsmilərindən,
aparıcı mətbuat təmsilçilərindən və ədalətli
ziyalılardan hər zaman dəyərli məsləhətlər
və dəstək alıram. Ən
böyük dəstəyi isə Azərbaycan Milli Elmlər
Akademiyasından alıram. Baxmayaraq ki mən
dəfələrlə akademiyanı tənqid etmişəm,
Prezident M.Kərimova mətbuat vasitəsi ilə müraciətlər
etmişəm. O isə bunun əvəzində məni
dövlət səviyyəsində keçirilən Beynəlxalq
Konfransa dəvət olunmama mane olmadı. (Diaspora
üzrə Dövlət Komitəsi və Səfirlik isə isə
bunu etdi), məni akademiyada doktorant qəbul etdilər. 80 nəfərdən ibarət ölkənin
tanınmış alimləri, arxeoloqları, tarixçiləri
Prizidiumun iclasında mənim qəbul olunmağıma səs
verdilər. Bunlar böyük etimaddır və
mən akademik Mahmud Kərimovun böyüklüyü, alicənablığı,
elmə, istedada və görülən işlərə
verdiyi qiymətin qarşısında sadəcə baş əyirəm.
Lakin mən
Qafqaz amazonları sərgisi və beynəlxalq konfrans təşkil
edilməsi haqqında rəsmi müraciətlər etmişəm. Amazonlara aid edilən 500
eksponatın yerini müəyyən etmişəm ki, bunlar
muzeylərin depolarında, zirzəmilərində və yaxud
da arxeoloqların kolleksiyalarında yığılıb
qalıb və indiyənəcən heç bir sərgidə
nümayiş etdirilməyib. Bütün
bunlara Azərbaycanın mədəniyyəti, tarixi
baxımından və beynəlxalq dəyərini anlamaq
baxımından qiymət verə bilənlər, başa
düşə bilənlər çox təəssüf ki, hələ
çox azdır.
Əli Novruzəliyev
Olaylar.- 2012.- 15 mart.- S.10.