Azərbaycan
diasporunun fəaliyyəti Niderlandda
erməniləri ciddi şəkildə narahat edir
Fərhad
Kələntərli: “Apardığımız təbliğat
istiqamətində erməniləri üstələyirik”
Niderland Azərbaycan Gənclər Cəmiyyətinin
sədri Fərhad Kələntərlinin “OLAYLAR”-a müsahibəsi
-Fərhad
müəllim, Niderland Azərbaycan Gənclər
Cəmiyyəti olaraq nə zamandan fəaliyyət göstərirsiniz və
əsas fəaliyyət istiqamətləriniz nədən ibarətdir?
-Niderlanddakı
Azərbaycan Gənclər Cəmiyyəti bir
ildən artıqdır ki, fəaliyyət
göstərir. Cəmiyyətimiz Haaqa
şəhərində yerləşir. Bizim əsas məqsədimiz
ondan ibarətdir ki, Niderlandda yaşayan və
təhsil alan Azərbaycan gəncləri bu ölkənin ictimai-siyasi,
eləcə də iqtisadi həyatına inteqrasiya etsinlər. Əsasən sosial və mədəni layihələr həyata
keçirməklə buna nail
olmaq istəyirik. Bu
məqsədlə Niderlanddakı Azərbaycan gəncləri üçün hər ay
bir layihə həyata keçiririk.
Misal olaraq qeyd edə bilərəm ki,
keçən ilin dekabrında cəmiyyət
olaraq Niderlanddakı azərbaycanlı gənclərlə
birlikdə Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni ili qeyd
etdik. Tədbir zamanı Azərbaycan mətbəxindən
nümunələr nümayiş etdirildi, milli rəqslərimizdən
parçalar ifa olundu. Son illərə qədər bu kimi tədbirlər Niderlandda
o qədər də çox
keçirilmirdi və oradakı azərbaycanlı
gənclərin belə bir tədbirlərə
cəlb edilməsi üçün ciddi addımlara ehtiyac
vardı. Yanvar ayında isə 20 Yanvar faciəsinin 22-ci ildönümünü
qeyd etdik. Orada yaşayan və təhsil alan
azərbaycanlı gənclərin iştirakı ilə
keçirilən tədbirdə 20 Yanvar
faciəsinin baş vermə səbəbi,
rus qoşunlarının 1990-cı ilin yanvarında Bakıda törətdikləri
vəhşiliklərdən danışıldı. Həmin tədbirdə
təkcə azərbaycanlı gənclər deyil, eləcə də bu
ölkədəki dostlarımız, Azərbaycana xoş münasibəti olan
insanlar iştirak edirdi. Tədbir iştirakçılarına
20 Yanvar günü rus qoşunları tərəfindən azərbaycanlıların
qətlə yetirildiyi barədə məlumat
verildi, həmin hadisələrin canlı
şahidləri öz fikirlərini
bölüşdülər. Tədbirdən sonra isə mərkəzi küçələrdə
ətrafdan keçən insanlara 20 Yanvar hadisəsi ilə bağlı
broşürlər və qərənfillər paylandı.
Xüsusilə, insanların daha çox olduğu, kitabxana və parlament
binası qarşısında bu
aksiyanı həyata keçirdik ki, bu daha
effektli olsun. Bundan başqa Haaqa şəhərindəki Xocalı abidəsi
önündə azərbaycanlı gənclər toplanaraq faciənin ildönümünü
qeyd etdik.
-Cəmiyyətinizin
qarşıdakı planları nədən ibarətdir?
-Qarşıdan
Novruz bayramı gəlir və biz Niderlandda yaşayan azərbaycanlı gənclər olaraq Novruz bayramını
qeyd edəcəyik. Azərbaycanda 2012-ci ilin “İdman ili” olduğu üçün aprel
ayında Niderlandda idman
sahəsində tədbir təşkil edəcəyik. Eyni zamanda 28 may-Respublika Gününü
təntənəli şəkildə qeyd
edəcəyik. Həmin tədbirdə Azərbaycan
Xalq Cümhuriyyətinin yaranma
tarixindən danışılacaq. 26 iyun-Silahlı Qüvvələr
Günü ilə bağlı da Niderland Azərbaycan Gənclər
Cəmiyyəti tədbir keçirəcək. Ümumiyyətlə,
cəmiyyət olaraq bizim
layihələrimiz sosial və tarixi sahələri əhatə edir. Onu da qeyd edim
ki, yalnız qanlı günlərimiz barədə
tədbirlər keçirmək dğru deyil. İl ərzində
yalnız bu istiqamətdə tədbirlər
keçirsək bu maraqsız olar. Ona görə də sosial və
digər yönümlü layihələr
həyata keçirməklə Niderlandda
ölkəmizin malik olduğu
adət-ənənələr, mədəniyyətimiz barədə
təsəvvür yaradır, bu ölkənin
gəncləri ilə dostluq münasibətlərini
inkişaf etdiririk.
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun
da qeyd etdiyi
kimi xarici ölkələrdə
yaşayan və təhsil alan
azərbaycanlı gənclər gərək ilk
növbədə dostluq əlaqələri
yaratsınlar, sonradan isə tədricən
irəli gedərək yaşadıqları ölkələrin
ictimai-siyasi həyatına inteqrasiya
etsinlər.
-Niderland Azərbaycan Gənclər Cəmiyyətinin
Benilüks Azərbaycanlıları Konqresi ilə əlaqələri hansı səviyədədir?
BAK-la birgə tədbirlər və layihələr
həyata keçirirsinizmi?
-Benilüks Azərbaycanlıları Konqresi əsasən Belçikanın
paytaxtı Brüsseldə yerləşir. Konqres
Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin Benilüks
ölkələrinə çatdırılması istiqamətində
kifayət qədər işlər görür.
Biz də
Niderland Azərbaycan Gənclər Cəmiyyəti
olaraq Benilüks Azərbaycanlıları
Konqresi ilə yaxından əməkdaşlıq
edirik. İstər 20 Yanvar,
istər Xocalı soyqırımının ildönümlərində
biz cəmiyyət olaraq
Benilüks Azərbaycanlıları Konqresi ilə bilrikdə tədbirlər təşkil
edirik. Konqres də bizim cəmiyyətin keçirdiyi
tədbirlərə dəstək verir.
-Ümumilikdə,
Niderlandda Azərbaycan diasporunun
vəziyyətini necə dəyərləndirirsiniz? Bu ölkədə Azərbaycan, yoxsa erməni diasporu güclüdür?
-Niderlandda 20 minə yaxın erməni
yaşayır. Statistik məlumatlarda isə
bu ölkədə 10 min
azərbaycanlının yaşadığı qeyd
olunur. Ancaq həqiqət
ondan ibarətdir ki,
ermənilərin çoxu Niderlanda
azərbaycanlı adı ilə gedir. Biz Niderland Azərbaycan Gənclər
Cəmiyyəti olaraq bu
ölkəyə azərbaycanlı adı ilə gedən ermənilərin
ifşa olunması, onların kimliyinin üzə çıxarılması
istiqamətində çalışırıq. Həmin
insanların əslində azərbaycanlı deyil,
erməni olduğunu Niderland
hökumətinin diqqətinə çatdırmaq istəyirik.
Düzdür, Niderlandda
azərbaycanlıların sayı az olsa da, fəaliyyətimiz
ermənilərdən daha çoxdur.
Hesab edirəm ki, doğru addımlarımız və məqsədyönlü
fəaliyyətimizlə biz erməniləri
üstələyəcəyik. Artıq buna
nail olmaq üzrəyik.
Misal üçün
qeyd edim ki, Azərbaycan diasporu olaraq Haaqada Xocalı abidəsinin
qoyulmasına nail olmuşuq.
Ancaq ermənilərin qondarma
soyqırımı ilə bağlı Haaqada
heç bir abidə yoxdur. Ermənilərin bu
istəyinə hökumət haqlı olaraq
icazə vermir. Niderlandda
fəaliyyət göstərən Azərbaycan diasporu
imza toplayaraq hökumətə
göndərdi ki, Haaqada
qondarma soyqırım abidəsinin
qoyulmasına icazə verilməsin. Hökumət də bizim müraciəti nəzərə aldı.
Yəni, biz öz fəaliyyətimizlə
bunun qarşısını
almışıq. Təbii ki, bu da erməniləri ciddi narahat edir.
Sosial şəbəkələrdə
apardığımız təbliğat istiqamətində də
biz erməniləri üstələyirik.
-Bəs,
Niderland Azərbaycan Gənclər Cəmiyyəti
olaraq hansısa problemlərlə qarşılaşırsınızmı?
-Başlıca
problemlərimiz maliyyə ilə bağlıdır. Ona görə də keçirdiyimiz
əksəriyyət tədbirlərin maliyyəsini özümüz qarşılayırıq.
Hansısa bayram tədbiri keçirəndə
cəmiyyətdə təmsil olunan gənclər
müəyyən miqdarda pul
toplayaraq bunu həyata
keçiririk. Ermənilərin isə
sponsorları var. Onlara
istənilən miqdarda vəsait
ayrılır. Həmçinin Azərbaycan haqqında Niderland dilində kitablar çap etdirmək istəyirik ki,
buna da maliyyə vəsaiti
lazımdır. Bir neçə dəfə
bununla bağlı təşəbbüslər
irəli sürmüşəm. Hesab edirəm ki, bu
kimi problemlər bizim
işimizə mane olur.
Əgər Niderland dilində Azərbaycan
haqqında kitablar çap
edilsə, bu ölkəmizin təbliği
baxımından əhəmiyyətli olar.
İlk növbədə Azərbaycan tarixi barədə kitablar
tərcümə edilib Niderland
ictimaiyyətinə çatdırılmalıdır ki, bu ölkədə
Azərbaycan tarixi, onun
tarixi əraziləri, ata-baba
torpaqlarımızın ermənilər tərəfindən işğala məruz qalması barədə geniş və ətraflı məlumat olsun.
-Əksər
Avropa ölkələrində olduğu kimi Niderlandda da xristian təssübkeşliyi özünü
büruzə verir?
-Etiraf etmək lazımdır ki,
niderlandlıların ermənilərə simpatiyası var. Bu da
xristian təssübkeşliyindən irəli
gəlir. Bir müddət əvvəl Niderlandda
fəaliyyət göstərən xristian
təmayüllü partiya nümayəndəsi
Ermənistana səfər etmiş və səfərin
nəticəsi olaraq öz
vep-saytında erməniləri tərifləyən məqalələr
yazmışdı. Biz də cəmiyyət
olaraq ona məktub
yazaraq ermənilərin Azərbaycan ərazilərini
işğal etdiklərini, Xocalıda
soyqırım həyata keçirdiklərini onun
diqqətinə çatdırdıq. Cəmiyyət olaraq ünvanladığımız müraciətlərə
müsbət reaksiya verilmədiyi halda onunla telefon
əlaqəsi yaratdıq və bizimlə də
görüşməyi təklif etdik. Mart ayının sonlarında cəmiyyət
üzvlərimizin onunla görüşü
nəzərdə tutulub. Həmin
görüşdə ermənilərin Azərbaycan ərazilərini
işğal etdiklərini, Xocalı
soyqırımını onun diqqətinə
çatdıracağıq. Həmin görüş
zamanı kitablar, Xocalı soyqırımına dair materiallar təqdim olunacaq.
Ümumiyyətlə, Niderland Azərbaycan
Gənclər Cəmiyyəti olaraq
çalışırıq ki, bu təssübkeşliyi aradan
qaldıraq. Niderlandlıları başa salmağa çalışırıq ki, müsəlman dünyasında ilk demokratik respublika Azərbaycanda qurulub.
Avropada qadınlara seçib-seçilmək
hüququ verilmədiyi halda,
Azərbaycan Xalq Cümhuriyyətinin
zamanında qadınlara belə bir hüquq verilmişdi və
qadınlar parlamentdə təmsil olunurdular.
Onları başa salmağa
çalışırıq ki, müsəlman
dünyası ilə əlaqələri inkişaf
etdirmək istəyirlərsə, ilk
növbədə Azərbaycanla əməkdaşlığa
önəm verməlidirlər.
-31
mart-Azərbaycanlıların Soyqırım Günü
ilə bağlı Niderland Azərbaycan Gənclər
Cəmiyyəti hansı tədbirlər keçirməyi nəzərdə
tutub?
-Biz cəmiyyət olaraq istəyirdik
ki, 31 mart-Azərbaycanlıların
Soyqırım Günü ilə
bağlı Niderlandda böyük
bir konfrans təşkil
edək. Həmin konfransda iştirak
etmək üçün Azərbaycandan da tanınmış tarixçiləri Niderlanda dəvət etmək istəyirdik. Lakin müəyyən maliyyə problemlərimiz
olduğuna görə, bu
konfransı keçirə bilmirik. Ancaq məhdud çərçivədə olsa da, cəmiyyət olaraq 31 mart-Azərbaycanlıların Soyqırım
Günü ilə bağlı təbdir
keçirəcəyik.
Azərbaycan Respublikası Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 16 mart.- S.15.