Birləşmiş Ştatlarda Azərbaycan cəmiyyətləri və təşkilatlarının sayı getdikcə artır

 

Emin Həsənov: “Azərbaycan-Amerika Cəmiyyəti olaraq əsas məqsədimiz odur ki, Birləşmiş Ştatlarda Azərbaycanı tanıda bilək”

 

“Azərbaycanın haqq səsinin Birləşmiş Ştatlara çatdırılması üçün ölkəmizin tanıdılması çox vacibdir”

 

Dünyanın bir sıra ölkələrində olduğu kimi Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan icma və birlikləri ölkəmizin həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin tarixən Azərbaycan ərazilərində törətdikləri soyqırımların Amerika ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif tədbirlər keçirir, ölkəmizin haqq işinin müdafiəsi istiqamətində fəaliyyət göstərirlər.

Okeanın o tayında fəaliyyət göstərən Azərbaycan-Amerika Cəmiyyəti də əsas fəaliyyətini məhz qeyd edilən istiqamətlərdə qurub. Azərbaycan-Amerika Cəmiyyətinin icma ilə əlaqələr üzrə direktoru Emin Həsənov təmsil etdiyi cəmiyyətin fəaliyyəti, Birləşmiş Ştatlardakı Azərbaycan diasporunun durumu barədə danışıb. “OLAYLAR”-a verdiyi müsahibədə Emin Həsənov deyib ki, Birləşmiş Ştatlarda Azərbaycan icma və birliklərinin sayı ildən-ilə artır ki, bu da ölkəmizin haqq işi uğrunda aparılan mübarizəni daha effektli və təsirli edir. Cəmiyyət rəsmisi bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının əhəmiyyətindən də danışıb.

-Emin müəllim, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsini necə qiymətləndirirsiniz?

-Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi mühüm əhəmiyyətli bir hadisə idi. Bu qurultay müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən Azərbaycan təşkilatları, eləcə də təşkilat nümayəndələri arasında şəbəkələrin yaradılması baxımından vacibdir. Biz müxtəlif ölkələrdə yaşayan və təhsil alan gənclər olaraq ən azı bir-birimizi tanımalı və çalışmalıyıq ki, fəaliyyətimizi daha qlobal miqyasda həyata keçirək. Bu gün dünyanın müxtəlif ölkələrində aktiv fəaliyyət göstərən azərbaycanlı gənclər var. Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayı həmin gənclərlə əlaqələrin qurulması baxımından da əhəmiyyətli hadisədir. Qurultay öz növbəsində fəaliyyətimizin daha koordinasiyalı formada həyata keçirilməsinə imkan yaradacaq.

-Xaricdəki azərbaycanlı gənclər diaspora həyatı, eləcə də lobbiçilik fəaliyyətində aktiv rol oynaya bilirlərmi?

-Lobbiçilik fəaliyyəti də xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Bir qayda olaraq lobbiçilik fəaliyyəti Birləşmiş Ştatlarda və yaxud digər bir ölkədə yaşayan və həmin ölkənin vətəndaşı olan azərbaycanlı şəxslərin üzərinə düşür. Çünki bu insanlar həmin ölkələrin vətəndaşıdırlar və o ölkələrin istər qanunverici orqanı, istərsə də digər strukturlarına seçilən şəxslər bir növ həmin insanlar qarşısında öhdəlik daşıyırlar. Bu baxımdan ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların həmin şəxslərə öz sözünü deməsi və onlardan nəsə tələb etməsi çox vacibdir.

-Təmsil etdiyiniz Azərbaycan-Amerika Cəmiyyəti Birləşmiş Ştatlarda əsas etibarilə hansı sahələrdə fəaliyyət göstərir və qarşıya qoyduğu hədəf və məqsədlər nədən ibarətdir?

-Azərbaycan-Amerika Cəmiyyətinin əsas məqsədi, qarşıya qoyduğu vəzifələr iki istiqamətə yönəlib. Birincisi, Birləşmiş Ştatlar ictimaiyyəti arasında Azərbaycanın tanıdılması, ikincisi isə Azərbaycan əsilli Birləşmiş Ştatlar vətəndaşları arasında lobbiçilik fəaliyyətinin genişləndirilməsidir. Ona görə də Azərbaycan-Amerika Cəmiyyəti əsas etibarilə bu iki istiqamətdə fəaliyyət göstərir.

-Birləşmiş Ştatlarda Azərbaycan diasporunun vəziyyətini, diasporamızın bu ölkədəki fəaliyyətini necə qiymətləndirirsiniz?

-Birləşmiş Ştatlarda Azərbaycan diasporunun vəziyyəti yüksək səviyyədədir. Bu ölkədə Azərbaycan cəmiyyətləri və təşkilatlarının sayı ildən-ilə artır. Azərbaycan-Amerika Cəmiyyəti Birləşmiş Ştatlarda fəaliyyət göstərən ən qədim təşkilatlardan biridir. Azərbaycan-Amerika Cəmiyyəti 1950-ci illərdə Azərbaycanı tərk etmiş insanların övladları, eləcə də ikinci dünya müharibəsi zamanı Birləşmiş Ştatlara miqrasiya etmiş insanlar tərəfindən yaradılıb. Azərbaycan-Amerika Cəmiyyəti bir növ respublikamız müstəqillik əldə etmədən əvvəl fəaliyyətə başlayıb. Hər il bizim Birləşmiş Ştatlardakı icmamız genişlənir, böyüyür. Çünki hər il Birləşmiş Ştatlara təhsil almaq, bu ölkədə yaşamaq üçün insanlar gəlir ki, onlar da bizim cəmiyyətlərə üzv qəbul olunurlar. Azərbaycan-Amerika Cəmiyyəti olaraq əsas məqsədimiz odur ki, Birləşmiş Ştatlarda Azərbaycanı tanıda bilək. Birləşmiş Ştatlarda əsas problemlərdən biri odur ki, bəzi dairələrdə, bir sıra yerlərdə Azərbaycanı kifayət qədər tanımırlar. Azərbaycanın haqq səsinin Birləşmiş Ştatlara çatdırılması üçün ölkəmizin tanıdılması çox vacibdir. Daha vacib məsələ isə ondan ibarətdir ki, Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan cəmiyyət və təşkilatları arasında koordinasiya qurulsun. Bu çox önəmli bir məsələdir.

-Azərbaycan-Amerika Cəmiyyəti ölkəmizin üzləşdiyi çətinliklər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu ölkənin rəsmi dairələri və ictimaiyyətinə çatdırılması istiqamətində hansı tədbirlər həyata keçirir.

-Azərbaycan-Amerika Cəmiyyəti olaraq istər Xocalı soyqırımı, istər 31 mart-Azərbaycanlıların soyqırım günü ərəfəsində bir sıra tədbirlər həyata keçiririk. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti barədə mütəmadi olaraq Birləşmiş Ştatlarda konfranslar, dəyirmi masa və simpoziumlar keçirilir. Birləşmiş Ştatlar böyük və nəhəng bir ölkədir. Birləşmiş Ştatlarda 50 ştat olduğuna görə, keçirdiyimiz tədbirlər geniş bir coğrafiyanı əhatə etməlidir.

-Konkert olaraq Azərbaycan-Amerika Cəmiyyəti qeyd edilən istiqamətlərdə hansı tədbirlər həyata keçirib?

-Azərbaycan-Amerika Cəmiyyəti olaraq Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Birləşmiş Millətlər Təşkilatının binası qarşısında etiraz aksiyası keçirdik. Həmçinin Azərbaycan həqiqətlərinə bələd olan və uzun müddət birinci Qarabağ müharibəsində jurnalist olaraq fəaliyyət göstərən Tomos Qolsun iştirakı ilə tədbir keçirdik. Onu da qeyd edim ki, Tomos Qols “Azərbaycan gündəliyi” adlı kitabın müəllifidir. Ona görə də biz Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemini məhz amerikalının dili ilə Birləşmiş Ştatlar ictimaiyyətinə çatdırmağı daha məqsədəuyğun saydıq.

-Dünya Azərbaycanlılarının üçüncü qurultayında prezident İlham Əliyev çıxışı zamanı diaspor təşkilatlarına bir sıra tapşırıq və tövsiyyələr verdi. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə əməl edilməsi, eləcə də qurultayın qəbul etdiyi qərarların icrası istiqamətində Azərbaycan-Amerika Cəmiyyəti olaraq ötən müddət ərzində hansı tədbirlər həyata keçirmisiniz?

-Əvvəla onu qeyd edim ki, Dünya Azərbaycanlılarının üçüncü qurultayı bizim üçün bir platforma xarakteri daşıyır. Hər bir qurultayda diaspora təşkilatları üçün yeni vəzifələr, hədəflər müəyyən edilir, qarşıdakı illər üçün tapşırıq və tövsiyyələr verilir. Dünya Azərbaycanlıların üçüncü qurultayı da bu baxımdan əlamətdar oldu. Qurultayda qarşıdakı illərdə atılması vacib olan addımlar müəyyənləşdirildi, yeni hədəflər və məqsədlər seçildi. Həmçinin qurultayda cənab prezident İlham Əliyev çıxış edərək diaspor təşkilatlarına öz tapşırıq və tövsiyyələrini verdi. Dünya Azərbaycanlılarının üçüncü qurultayından sonra Azərbaycan-Amerika Cəmiyyəti olaraq qurultayda prezident İlham Əliyevin diaspora təşkilatlarına ünvanladığı tapşırıq və tövsiyyələrə, eləcə də qurultayın qəbul etdiyi qərarlara uyğun olaraq müvafiq addımlar atır, tədbirlər həyata keçiririk.

-Azərbaycan-Amerika Cəmiyyətinin Birləşmiş Ştatlarda fəaliyyət göstərən digər ölkələrin diaspor təşkilatları, eləcə də lobbi qrupları ilə əlaqələri, onlarla əməkdaşlığı hansı səviyyədədir?

Azərbaycan-Amerika Cəmiyyəti, ümumilikdə isə Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan icması Amerikadakı türk cəmiyyətləri ilə çox yaxın münasibətlərə malikdir. Ümummilli lider, mərhum prezident Heydər Əliyevin də qeyd etdiyi kimi biz Azərbaycan və Türkiyə olaraq bir millət, iki dövlətik. Biz də Azərbaycan-Amerika Cəmiyyəti, Azərbaycan icması olaraq Birləşmiş Ştatlarda bu prinsipi həyata keçiririk. Biz bir millət, iki dövlətiksə deməli bizim problemlərimiz və istəklərimiz də eynidir. Birləşmiş Ştatlarda fəaliyyət göstərən türk icması ilə yanaşı yəhudi icması ilə də xüsusi yaxınlığımız var. Xüsusilə, bir vaxtlar Azərbaycandan Birləşmiş Ştatlara getmiş dağ yəhudiləri və Bakı əsilli aşginazi yəhudiləri ilə çox yaxınıq. Həmçinin Azərbaycana yaxın, dost olan ölkələrin, Pakistan, ərəb ölkələrinin icmaları ilə yaxınlıq yaradırıq. Azərbaycan icması olaraq Birləşmiş Ştatlarda keçirdiyimiz tədbirlərdə türk, yəhudi, Pakistan, ərəb ölkələrinin icma nümayəndələri yaxından iştirak edirlər.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2012.- 16 mart.- S.10.