Azərbaycan
diasporu güclənir
Sinan Oğan:
“Azərbaycan və Türkiyə, eləcə də iki ölkənin diaspora təşkilatları
arasında əlaqələr
yaxşı səviyyədədir”
“Biz münasibətlərimizi daha
yüksək səviyyəyə qaldıra bilərik”
Türkiyə
Strateji Araşdırmalar Mərkəzinin
başqanı, Türkiyə Azərbaycan Dərnəklərinin
rəhbəri, bu ölkənin Böyük Millət Məclisinin Milliyətçi
Hərəkat Partiyasından olan üzvü Sinan
Oğanın “OLAYLAR”-a müsahibəsi
-Sinan bəy, bu gün Azərbaycan
diasporunun vəziyyətini necə qiymətləndirirsiniz?
-Azərbaycan
diasporu güclənir. Artıq Azərbaycan diasporu koordinasiya
edilmiş şəkildə fəaliyyət göstərir. Bu
gün Azərbaycan diasporu ölkə hüdudlarından kənardakı
dərnək və birliklərin ayrıca fəaliyyəti ilə
deyil, dövlətlə xaricdəki diasporanın bərabər
fəaliyyəti ilə hərəkət edir. Bu günlərdə
Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər
Birliyinin təsis qurultayı Azərbaycan diaspora həyatında
çox önəmli bir addım idi. Bu addım bizi daha da irəliyə
aparacaq. Mərhum prezident Heydər Əliyevin çox önəmli
bir sözü vardı. Heydər Əliyevin məşhur “Bir
millət, iki dövlət” fikrinin davamı olaraq
hazırkı dövlət başçısı, cənab
İlham Əliyev isə “Bir millətin iki diasporası olmaz”
deyib.
-Yeri gəlmişkən Dünya Azərbaycanlı
Gənclər Birliyinin təsis qurultayını necə qiymətləndirirsiniz?
-Dünya
Azərbaycanlı Gənclər Birliyinin təsis
qurultayında Azərbaycan diasporu bir araya gəlmişdi. Bir
müddət sonra Dünya Azərbaycanlı Gənclər
Birliyinin toplantısını Dünya Türk Gəncləri
diasporasını bir araya gətirə bilsək daha uğurlu
olar. Dünya Azərbaycanlı Gənclər Birliyinin
qurultayı birinci mərhələdir. Növbəti
addımlarımız isə ikinci və
üçüncü mərhələ ola bilər. Bu zaman isə
əsl güc ortaya çıxacaq. Mən inanıram ki,
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis
qurultayından sonra ikinci və üçüncü mərhələlərdə
dünya türk gəncliyi bir araya gələcək. Dünya
türk gəncliyi bir araya gəldikdə isə bizim
qarşıya qoyduğumuz məqsəd və vəzifələr
daha güclü şəkildə həyata keçəcək.
-Türkiyə Azərbaycan Dərnəkləri
olaraq qeyd etdiyiniz ikinci və üçüncü mərhələlərin
reallaşması üçün hansısa təşəbbüslə
çıxış edə bilərsinizmi?
-Əlbəttə
ki, belə bir təşəbbüslə
çıxış etmək mümkündür. Bunu birlikdə
həyata keçirə bilərik. Birinci mərhələ azərbaycanlı
gənclərin bir araya gəlməsi oldu. İkinci mərhələ
isə cənab prezidentimizin bizə göstərdiyi yol olacaq.
Cənab prezident İlham Əliyevin “Bir millətin iki
diasporası” olmaz fikri tək bir türk diasporası adı
altında birləşməyi nəzərdə tutur. Əgər
Birləşmiş Ştatlarda Azərbaycan gənclərinin
sayı 10 min nəfərdirsə, türk diasporunun sayı 100
min nəfərdir. 10 min nəfər çoxdur, yoxsa 100 min nəfər?
Əlbəttə ki, 100 min nəfər daha
güclüdür. Deməli, fəaliyyətimiz zamanı 100
min nəfərin gücünü, qüdrətini nəzərə
almalıyıq. Əgər İstanbulun Taksim meydanında on
minlərlə insan Xocalı soyqırımının 20-ci
ildönümü ilə bağlı yürüş
keçirdisə, bu təbii ki, gənclərin sayəsində,
koordinasiyası altında oldu. Eyni şəkildə həmin gənclərin
iştirakı ilə bir müddət sonra nədən
Vaşinqtonda, Parisdə yürüş keçirməyək.
Bunların hamısı mümkündür.
-Türkiyə Strateji
Araşdırmalar Mərkəzi zaman-zaman Azərbaycanın
problemləri, Dağlıq Qarabağ münaqişəsi barədə
müxtəlif tədbirlər təşkil edir. Yaxın
zamanlarda TÜRKSAM buna bənzər tədbirlər təşkil
etməyi düşünürmü? Xüsusilə, 31 mart Azərbaycanlıların
Soyqırım Günü ilə bağlı hansısa tədbir
keçiriləcəkmi?
-31 mart Azərbaycanlıların
Soyqırım Günü ilə bağlı biz hər il tədbirlər
keçiririk. Bu ildə soyqırım tarixi ilə
bağlı tədbirlər keçirməyi nəzərdə
tuturuq. Bununla bağlı müəyyən planlarımız
var.
-Hazırda Azərbaycan və türk
diasporlarının birlik, bərabərliyi, birgə fəaliyyəti
sizi qane edirmi?
-Hesab edirəm
ki, Azərbaycan və Türkiyə, eləcə də iki
ölkənin diaspora təşkilatları arasında əlaqələr
yaxşı səviyyədədir. Ancaq bu əməkdaşlıq,
münasibətlər daha da yaxşı ola bilir. Biz münasibətlərimizi
daha yüksək səviyyəyə qaldıra bilərik. Bunun
üçün də təbii ki,
çalışmalıyıq.
-Sinan bəy, Fransada qondarma “erməni
soyqırımı”nı nəzərdə tutan yeni qanun layihəsinin
yenidən gündəmə gəlməsi gözlənilirmi və
Türkiyə yenidən belə bir təhlükə ilə qarşılaşa
bilərmi?
-Əlbəttə
ki, bunu hansısa formada həyata keçirməyə
çalışacaqlar. Ancaq Fransa Konistitusiya
Şurasının qərarı önəmli idi. Konistitusiya
Şurası fransız siyasətçilərinə bir
hüquq, əxlaq dərsi verdi. Hesab edirəm ki,
ağılları başlarına gəlib. Ancaq buna o qədər
də inanmaq da doğru olmazdı. Dünyanın bir sıra
ölkələrində olduğu kimi Fransada da ermənilər
zaman-zaman fransızlar tərəfindən istifadə olunur. Təssüflər
olsun ki, ermənilər də hər zaman fransızların
istifadəçiləri olublar. Ona görə də Nikola
Sarkozi prezident seçilmədiyi təqdirdə Holand, Holand
seçilmədiyi halda isə bir başqası ermənilərdən
istifadə etməyə başlayacaq. Fransızlar öz siyasi
məqsədləri üçün hər zaman ermənilərdən
istifadə ediblər və bundan sonra da istifadə edəcəklər.
Bunu fransızlar özləri də etiraf edirlər.
Zamanında fransızlar ermənilərdən türkləri
arxadan vurmaq, ona üsyan qaldırmaq üçün istifadə
etdilər. 1915-16-cı illərdə baş verənlər
bunu təsdiqləyir. Bu gün də Türkiyənin Avropa
Birliyinə üzvlüyü məsələsində Parislə
Ankara arasında olan sərin münasibətlər səbəbindən
ermənilər fransızlar tərəfindən istifadə
olunur.
Azərbaycan Respublikası Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 17-19 mart.- S.14.