Diasporumuz inkişaf yolunda

 

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor nümayəndələrimiz belə qənaətdədir

 

Son illər Azərbaycan diasporunun inkişaf etdirilməsi, diasporamızın dünya ölkələrində söz sahibinə çevrilməsi, eləcə də lobbi fəaliyyəti istiqamətində müvafiq dövlət strukturları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun güclənməsinə imkan yaradır.

Bu gün Azərbaycan diasporunun əldə etdiyi nailiyyətlər ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor rəhbərləri, eləcə də bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev deyir ki, Azərbaycan diasporunun inkişafına 5 ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayı də öz müsbət təsirini göstərir:. “Bu baxımdan keçən ilin yayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının üçüncü qurultayı da mühüm əhəmiyyət daşıyırdı. Dünya Azərbaycanlılarının üçüncü qurultayından sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspora quruculuğunda yeni proqramların həyata keçirilməsi ilə bağlı bir sıra mühüm addımlar atılıb. O, cümlədən həm ayrı-ayrı qeyri-hökumət təşkilatları ilə işlərin aparılması, həm Beynəlxalq Diaspora Mərkəzi ilə birgə tədbirlərin keçirilməsi, həm də ölkədən kənarda fəaliyyət göstərən diaspor təşkilatlarının birgə mübarizəsinin təşkil edilməsi istiqamətində işlər görülüb”. İsmayıl Ağayev deyib ki, bütün bunları qarşımıza qoyduğumuz lobbiçilik fəaliyyətinin həyata keçirilməsi istiqamətində atılan təqdirəlayiq addımlar kimi qiymətləndirmək olar: “Diaspora sahəsində həyata keçirilən layihələr onu deməyə əsas verir ki, Dünya Azərbaycanlılarının üçüncü qurultayından sonra konsulluq, səfirlik və diaspor təşkilatlarının birgə mübarizəsinin strukturu formalaşıb. Bu dövrü diaspora fəaliyyətində yeni bir eranın başlanğıcı kimi dəyərləndirmək olar” BDM sədrinin sözlərinə görə, son dövrlərdə Türkiyə Azərbaycan diaspor təşkilatlarının birgə mübarizəsi daha effekli və təkmilləşdirilmiş formada özünü göstərir.

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi deyir ki, Azərbaycan diasporu əksər Avropa ölkələrində olduğu kimi Danimarkada da inkişaf edir, yeni-yeni nailiyyətlərə imza atır: “Diaspora olaraq ölkəmizi layiqincə təmsil edirik. Çalışırıq ki, fəaliyyətimizlə ölkəmizə, millətimizə fayda verək”. Səfər Sadiqinin sözlərinə görə, Azərbaycan diasporu təmsil etdiyi ölkədə erməni diasporunu da öz fəaliyyəti ilə üstələyir, Danimarkada ermənilərin Azərbaycan əleyhinə təxribatlarının qarşısını alır: “Danimarkadakı erməni diasporuna imkan yaratmırıq ki, Azərbaycan əleyhinə antitəbliğat aparsınlar, yalan, uydurma məlumatları ilə avropalıları aldatsınlar” .

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımlı da deyir ki, konqresin fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycan diasporası güclüdür. Onun sözlərinə görə, əsasən Niderland Krallığında və Belçikada Azərbaycan diasporunun gücü, aktiv fəaliyyəti özünü qabarıq şəkildə göstərir: “Həmin ölkələrdə erməni diasporası zəifdir. Benilüks ölkələrində erməni diasporunun göstərmək istədiyi həmlələrin qarşısı Azərbaycan diasporası tərəfindən qətiyyətlə dəf olunur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 17-19 mart.- S.14.