Terrorçuluqla mübarizə prioritetdir

 

Milli Təhlükəsizlik Orqanları – 93

 

 “Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan õalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayış qorunmalıdır, təhlükəsizliyi təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin õüsusi funksiyası var, õüsusi rolu varMilli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bu il mart ayının 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü tamam olur. Ölkəmizdə sabitliyin, təhlükəsizliyin etibarlı təminatında bu strukturun özünəməxsus önəmli rolu var. Dövlətin milli təhlükəsizliyi siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət və digər sahələr üzrə təmin olunur.

Hazırda dövlətlərin milli təhlükəsizlik strategiyasının əsas prioritetlərindən birini terrorçuluqla mübarizə təşkil edir. Eyni zamanda, terrorizmlə mübarizə milli, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasının da başlıca şərtlərindəndir.

Azərbaycanın mühüm və həssas coğrafi-strateji məkanda yerləşməsi, mövcud hərbi-siyasi vəziyyət, eləcə də ölkəmizdə transmilli enerji layihələrinin həyata keçirilməsi ciddi və kompleks təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir. Məhz buna görə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı, xüsusilə terrorçuluğa qarşı barışmaz mövqe tutmuş və bu gün də beynəlxalq antiterror koalisiyasının ən fəal üzvlərindən olaraq etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan Respublikası terrorçuluqla mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayaraq bu qorxulu təhlükənin bütün forma və təzahürlərinə qarşı birmənalı mövqedən çıxış edir, bu istiqamətdə siyasəti qətidir. 

Terrorçuluqla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-cü maddəsində qeyd olunur: “Terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədi ilə insanların kütləvi surətdə qırılmasına, onlara bədən xəsarəti yetirilməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına və ya onların əmlakının məhv edilməsinə və ya başqa ağır nəticələrə səbəb olan əməllər törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönəldilmiş hədə başa düşülməlidir”.

 

***

 

Terrorçuluq hərəkətləri zahirən müxtəlif formalarda ifadə olunsa da, diqqətlə təhlil etdikdə onların hamısının iki ümumi əlamətə malik olduğunu görmək olar. Terrorçuluq hərəkətlərinin dövlət hakimiyyətini sarsıtmağa yönəlmiş olması birinci əlamət, bu hərəkətlərin terrorçular tərəfindən mütəşəkkil formada və qəddarcasına zorakılıq tətbiq etməsinin təsiri altında əhalidə qorxu və köməksizlik hissi yaratması isə ikinci əlamət kimi göstərilə bilər.

Bu gün müxtəlif örtüklər altında fəaliyyət göstərən terrorçu və ekstremist təşkilatlar bir-biri ilə sıx qarşılıqlı əlaqə saxlayırlar. Siyasi və dini ekstremizm, təcavüzkar separatçılıq, qloballaşma əleyhinə hərəkat, sağ və sol radikalizm və s. eyni bir terror zəncirinin həlqələri olub, terrorçuluq fəaliyyətinin müxtəlif sahələrində bir-birini tamamlayırlar. Terrorçuluq təcavüzkar separatçılıq, mütəşəkkil cinayətkarlıq, narkotik vasitə, silah və insan ticarəti ilə sıx bağlıdır. Münaqişə bölgələri, o cümlədən qəsb edilmiş və nəzarətdən kənar ərazilər terrorçu və cinayətkar qruplaşmaların güclənməsi üçün münbit şərait yaradır.

Azərbaycan terrorçuluqdan ən çox əziyyət çəkmiş ölkələrdəndir. Belə ki, müxtəlif beynəlxalq terror təşkilatlarının üzvlərinin sığınacaq tapdıqları Azərbaycanın işğal olunmuş əraziləri silah və narkotik vasitələrin tranziti, çirkli pulların yuyulması üçün istifadə edilir. Bu faktlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında da əksini tapmışdır.

Hazırda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü klassik müharibələrdən bir çox aspektlərə görə fərqlənir. Bunlardan biri də Ermənistanın müharibənin yazılmış və yazılmamış qanunlarından kənara çıxaraq öz təcavüzkar əməllərini dövlət səviyyəsində həyata keçirilən terrorla dəstəkləməsidir. Erməni terrorçu qruplardan «Daşnaksütyun», «ASALA», «MAQ», «Erməni birliyi», «Erməni Azadlıq Cəbhəsi» və başqa terror təşkilatlarını qeyd etmək olar. Bu gün Ermənistanda hakim partiya olanDaşnaksütyun” partiyası hələ 1892-ci ildə Tiflisdə keçirdiyi ilk qurultayında təkcə türklərə deyil, sərsəm “erməni iddiası”na dəstək verməyən hər bir kəsə qarşı terroru təqdir edən siyasi şüar qəbul etmişdi:Türkü hər yerdə öldür, sənin sözündən dönənləri, erməni xainlərini qətlə yetir, intiqam al!”. Sonrakı dövrlərdə erməni terrorunun qanlı səhifələrini yazmış çoxsaylı erməni təxribatçı qrupları daşnakların bu nəzəriyyəsindən “bəhrələnmişdi”.

 

***

 

Erməni şovinizmindən qidalanan bu qanlı fəaliyyət əslində heç vaxt ara verməyib. Qarabağ münaqişəsi başlayandan sonra cəbhə bölgəsindən xeyli uzaqda 30-dan çox qanlı aksiyalarda yüzlərlə soydaşımızın həyatına son qoyan erməni terror şəbəkəsinin bu gün dinc dayandığını da düşünmək sadəlövhlük olardı. Təkcə 1989-1994-cü illərdə erməni terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər ölmüş, 1808 nəfər yaralanmışdır. Panermənizmin tərənnümü, türklərə və onlarla dostluq münasibətlərində olan digər millətlərə qarşı düşmənçilik toxumu ilə yoğrulmuş erməni təşkilatları bu gün də aktiv fəaliyyətdədir.

Milli təhlükəsizliyimiz üçün real təhdidlərdən olan dini ekstremizmin də bu və ya digər formada terrorçuluq fəaliyyəti üçün əlverişli sosial mühitin yaradılmasına təkan verə biləcək amil kimi qiymətləndirilir. Son vaxtlar bu qəbildən olan radikal qrupların öz fəaliyyətlərinin coğrafi dairəsini genişləndirmələri, sıralarına yeni üzvlərin, xüsusən gəncləri cəlb etmək cəhdləri mövcud olmuşdur.

Azərbaycanda din pərdəsindən istifadə ilə fəaliyyət göstərməyə cəhd edən bəzi radikal-ekstremist qrupların, ayrı-ayrı cinayətkar ünsürlərin cəmiyyətdə fəsadlar törətmək, ictimaiyyətdə çaşqınlıq yaratmaq və təfriqə salmaqla dinlə dövlət arasındakı münasibətlərə xələl gətirmək niyyətləri bəllidir. Bu məkrli planların gerçəkləşdirilməsi üçün radikal dini-ekstremistlər tərəfindən gəncliyimizin hədəf seçilməsi də təsadüfi deyil. Çox təəssüf ki, dünyanın bəzi yerlərində bu məkrli qüvvələr İslam dinini “terrorçuluğa zəmin yaradan” din kimi qələmə verməyə çalışırlar. Lakin mütərəqqi ictimaiyyət İslam dininin terrorla əlaqələndirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan etmiş, terrorçunun dininin və millətinin olmadığını vurğulamışdır. Təbii ki, belə qruplaşmalar xarici qüvvələr tərəfindən idarə olunur, maliyyələşirlər. Bu yolu seçən bir qisim cavanlar da var ki, onlar terroru özünə ifadə forması kimi qəbul edirlər. Yəni bəziləri cəmiyyətdə seçilmək, diqqəti cəlb etmək üçün bir ifadə forması olaraq terrora meyllənirlər.

2001-ci ildən dünya terrorçuluğa qarşı qlobal mübarizəyə səfərbər olmuşdur. İndi Azərbaycan da bir çox ölkələr kimi bu mübarizədə ön yerdədir. Azərbaycan Respublikasının beynəlxalq antiterror koalisiyasının ən fəal üzvlərindən biri kimi tanınmasında mühüm rol oynayan milli təhlükəsizlik orqanları son illər terrorçuluqla mübarizədə önəmli nailiyyətlər əldə etmişdir. Nəticə etibarilə, həyata kecirilmiş qabaqlayıcı tədbirlər nəticəsində “Əl-Qaida Qafqaz”, “Camaat əl-Müvahiddun”, “İmam Mehdinin Şimal Ordusu”, “Meşə qardaşları”, “Sumqayıt camaatı”, “Sahil camaatı” kimi silahlı birləşmənin üzvləri zərərsizləşdirilmişlər.

Milli Təhlükəsizlik Nazirliyinin əldə etdiyi uğurları sadalamaqla bitmir. 2012-ci iln ötən müddəti ərzində Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində, habelə Azərbaycanın suverenliyi və dövlət təhlükəsizliyi zərərinə casusçuluq etməklə xarici xüsusi xidmət orqanlarının tapşırığı əsasında ağır cinayətlərin törədilməsində təqsirli bilinən şəxslərin Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat tədbirləri nəticəsində ifşa olunaraq yaxalanması buna bariz nümunədir.

 

***

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirmişdir ki, "Azərbaycan özünü və etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz vətəndaşlarını müdafiə etmək gücündə olduğunu sübut etmişdir".

Azərbaycan Respublikasının terrorçuluqla mübarizə sahəsində müvafiq qabaqlayıcı əməliyyatların həyata keçirilməsi bir daha sübut edir ki, ölkəmizin mənafelərinin və təhlükəsizliyinin təmin olunması etibarlı əllərdədir. Milli təhlükəsizlik orqanlarının bir an belə səngimədən həyata keçirdikləri çətin, gərgin və şərəfli fəaliyyətləri nəticəsində Azərbaycan dövlətinin, cəmiyyətinin və vətəndaşının həyati maraqları əleyhinə yönəlmiş təhdidlərin və qəsdlərin qarşısı qətiyyətlə alınır. 

 

 

Tural QULİYEV

 

Olaylar.- 2012.- 17-19 mart.- S.4.