Türkiyə  Azərbaycanın problemlərinə sahib çıxıb 

 

 Bilal Dündar: “Azərbaycanın əlinə batan tikan Türkiyənin ürəyinə batan bir tikandır”

 

“Təəssüflər olsun ki, diaspora olaraq Türkiyədə kütləvi informasiya vasitələri ilə işləmək baxımından zəifik”

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının başqanı Bilal Dündarın “OLAYLAR”-a müsahibəsi

 

-Bilal bəy, bu günlərdə Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirildi. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq bu toplantını necə qiymətləndirirsiniz?

-Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının başlanğıcı keçən il Almaniyanın Frankfurt şəhərində gerçəkləşdi. Bakıda isə koordinasiya edilmiş şəkildə Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayı keçirildi. Qurultayın nəticələrinə çox böyük bir ümid bəsləyirəm. Belə bir qurultayı təşkil edənlərə təşəkkür edirəm. Bu kimi qurultayları bir dəfə keçirməklə işimizi bitmiş hesab etməməliyik. Zaman-zaman bu insanların dünyanın müxtəlif ölkələrində bir araya gəlib müzakirələr aparması lazımdır.

-Azərbaycan diasporunun hazırkı durumunu Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq necə dəyərləndirirsiniz?

-Mən bir türk vətəndaşı olaraq diaspora hərəkatının Türkiyə deyil, Azərbaycanın başladığına inanıram. Bunu hər yerdə deyir, yazdığım yazılarda qeyd edirəm. Azərbaycanın bu fəaliyyətini yüksək qiymətləndirirəm. Bu kimi qurultaylar bir-birini tanımayan, dünyanın müxtəlif yerlərində yaşayan və içərisində Azərbaycan sevgisi olan insanların bir araya gəlib duyğu və düşüncələrini paylaşdığı çox gözəl bir ortamdır. Bu cür qurultaylar sayəsində insanlar bir-birini tanıyır, yazışmalar, internet vasitəsilə fikir mübadiləsi aparır, gələcək birgə əməkdaşlığı gerçəkləşdirirlər. Bütün bu kimi toplantılar aparılan ümumi işin xeyrinədir. Yetər ki, bu cür qurultaylar mütəmadi olaraq keçirilsin.

-Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq nə zamandan fəaliyyət göstərirsiniz və federasiyanın əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

-Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasını 2004-cü təsis etdik. 2004-cü ildə Kocaelidə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasını təsis edərkən yanımızda heç kimi tapa bilmirdik. Ancaq ötən illərdəki fəaliyyətimiz nəticəsində bu gün elə bir səviyyəyə çatmışıq ki, Kocaelinin tamamı Azərbaycanın dostluğu, qardaşlığını, tarixi əlaqələrini bilir. Kocaelilər Azərbaycanla bağlı mövzulara daha çox meyillidirlər və Azərbaycanla əlaqədar keçirilən tədbirlərdə yaxından iştirak edirlər. Fəaliyyətimizin məntiqi nəticəsi olaraq 2010-cu il, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Kartəpə bələdiyyəsində Heydər Əliyev parkı açdıq. 2011-ci, il noyabrın 29-da isə Perincedə park istifadəyə verildi. Bu ilin may ayı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ərəfəsində isə Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq. Azərbaycan Mədəniyyət Mərkəzinin tərkibində Heydər Əliyev kitabxanası, muzeyi fəaliyyət göstərəcək. Bütün bu işlər cənab prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının üçüncü qurultayında diaspor təşkilatlarına ünvanladığı tapşırıq və tövsiyyələrə uyğun olaraq görülür. Dünya Azərbaycanlılarının üçüncü qurultayında cənab prezident İlham Əliyev hər yerdə bir Azərbaycan Mədəniyyət Mərkəzinin açılması zəruriliyini qeyd etmişdi. Biz də cənab prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Kocaelidə Azərbaycan Mədəniyyət Mərkəzi açmağı nəzərdə tutmuşuq və mərhələ-mərhələ bu prosesi davam etdirəcəyik. Ümumiyyətlə, fəaliyyətimizi dalğa-dalğa genişləndiririk. Azərbaycan-Türkiyə dostluq-qardaşlıq əlaqələrinin tam mənası ilə tarixi bilinmir. Bunu zaman-zaman biz tək-tək, gücümüzün yetdiyi qədər anlatdıq.

-Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Azərbaycan həqiqətləri, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımların dünya ictimaiyyətinə çatdırılmasında nə kimi rol oynayır?

-Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq Azərbaycanın haqlı davasında daim onu müdafiə edirik və dünya ictimaiyyətini Azərbaycanın problemlərinə biganə qalmamağa çağırırıq. Bu istiqamətdəki fəaliyyətimiz də müəyyən mənada öz müsbət təsirini göstərir. Buna bir neçə misal göstərmək də mümkündür. Belə ki, Balıkesir bələdiyyəsi ermənilərin Xocalıda törətdiyi vəhşiliklərin soyqırım kimi tanınması barədə qərar qəbul edib. Bu kimi fəaliyyətlərimizi ayrı-ayrı dərnəklərimiz vasitəsilə davam etdirir və genişləndiririk. Yorulmadan, usanmadan, inamla çalışırıq. Çalışdığımız zaman da müəyyən nəticə əldə edə bilirik. Ona görə də hər kəsin bu məsələdə fəal olması lazımdır. Fevralın 26-da Xocalı soyqırımının 20-ildönümü ilə bağlı Taksim meydanında keçirilən aksiyada o qədər sayda insanın iştirak edəcəyini gözləmirdim. Baxmayaraq ki, aksiya ilə bağlı çox qısa bir zamanda hazırlıq işlərinə başlandı, ancaq bunun qarşılığında həmin aksiyada gözlənilməyən qədər insan iştirak etdi. Təkcə sadə insanlar deyil, eləcə də Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti həmin aksiyaya dəstək nümayiş etdirdi. Həmçinin Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Xocalı aksiyasına dəstək verdilər. Balkan Türkləri, Qazilər Dərnəyi aksiyada yaxından iştirak etdi. Ümumiyyətlə, bu gün Türkiyənin tamamı Azərbaycanın problemlərinə sahib çıxıb. Azərbaycanın əlinə batan tikan Türkiyənin ürəyinə batan bir tikandır.

-Türkiyədə yaşayan ermənilərin qardaş ölkədəki mətbu orqanlara təsir göstərdiyi, Azərbaycan əleyhinə yazılar dərc etdirdikləri bildirilir. Bu nə dərəcədə doğrudur?

-Düzdür, bu gün Türkiyədə yaşayan 100 minə yaxın erməni bu ölkədə nəşr edilən mətbu orqanlara müəyyən mənada təsir göstərməyə, ayrı-ayrı kütləvi informasiya vasitələrində özlərinə dayaq tapmağa çalışırlar. Təəssüflər olsun ki, Mehmed Ali Birand kimi bəzi şəxslər çalışdıqları mətbu orqanlarda Azərbaycanın imicinə zərbə vura biləcək yazılar qələmə alırlar. Bir müddət əvvəl Mehmed Ali Birand Azərbaycan əleyhinə yazdığı yazıya görə, ona 7 səhifəlik bir cavab məktubu göndərdim. Aradan 3 ay keçmədən yenidən həmin mövzunu gündəmə gətirərək Azərbaycanı aşağılamağa çalışdı ki, buna qarşı da adekvat addım ataraq 2 səhifəlik cavab yazdım. Ona görə də bu kimi insanlara qarşı tarixi gerçəklikləri ortaya qoyaraq mübarizə aparmaq lazımdır. Biz yolu tikanlarla dolu bir gül bağçasında yaşayırıq. Buna baxmayaraq biz türk milləti olaraq doğru bir yoldayıq. Ancaq bu yolu asta-asta deyil, qaçaraq getməyimiz lazımdır. Xüsusilə, gənclər bu prosesdə aktiv olmalıdırlar. Bizlərin addım-addım getdiyi yolu gənclər qaçaraq keçməlidir. Gəncləri bir araya gətirmək, onlara sahib çıxmalıyıq. Biz böyüklər olaraq gənclərin doğru yol seçməsinə dəstək olmalıyıq. İnanıram ki, doğru yoldayıq və bu yolda daha böyük uğurlara nail olmaq üçün el birliyi əldə etməliyik.

-Bəs Azərbaycan diasporu Türkiyədə nəşr edilən kütləvi informasiya vasitələrinə təsir göstərə bilirmi?

-Təəssüflər olsun ki, biz diaspora olaraq Türkiyədə kütləvi informasiya vasitələri ilə işləmək baxımından zəifik. Ona görə də Türkiyədəki bir sıra qəzetlərlə yaxından təmas qurmalıyıq. Həmçinin, Azərbaycan sərmayəsi ilə mütləq Türkiyədə bir televiziya açmaq, qəzetlər nəşr etdirmək zəruridir. Çünki davamlı olaraq xalqla təmasda olan, onu maarifləndirən, təsir göstərən televiziyalardır. Televiziya kütləyə çıxış vasitəsidir.

-Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq yaxın vaxtlarda qardaş ölkədə Asərbaycanla bağlı hansı tədbirlər keçirməyi nəzərdə tutursunuz?

-Biz Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq Azərbaycanın həm bayram günləri, həm də hüznlü tarixlərini qeyd edirik. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Böyük Şəhər Bələdiyyəsi və Balkan Türkləri Federasiyası olaraq martın 24-də Novruz bayramı münasibətilə böyük bir şənlik keçirəcəyik. Təxminən 3500 nəfərə yaxın insanın iştirak edəcək tədbirə Balkan Türkləri Federasiyası Kocaeliyə bir sənətçi gətirəcək. Biz də Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq Azərin xanımla razılıq əldə etdik və həmin tədbirdə Azərin xanım iştirakçıları bir-birindən maraqlı ifaları ilə sevindirəcək. Bir sözlə türkün bayramı olan Novruzu yumurta döyüşdürmək, tonqaldan tullanmaqla coşqu halında qeyd edəcəyik. Bu toplumun tamamının bayramıdır və el birliyi ilə bu bayramı qeyd edəcəyik.

-Bəs 31 mart-Azərbaycanlıların Soyqırım Günü ilə bağlı da federasiya olaraq hər hansı bir tədbir keçirməyi düşünürsünüzmü?

-31 mart-Azərbaycanlıların Soyqırım Günü ilə bağlı da bir sıra tədbirlər keçirməyi nəzərdə tuturuq. Ümumiyyətlə, Azərbaycanın hər bir özəl gününü Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq qeyd edirik. Təkcə biz deyil, federasiyanın Çanaqqala, İzmir, Ankara, Qars, Balıkeçir, Kocaeli və digər dərnəklərinin hamısı bu tədbirləri qeyd edirlər. Dalğa-dalğa bu tədbirləri davam etdiririk. Yolumuz doğru bir yoldur. Bu yolda yenilmədən, usanmadan fəaliyyət göstəririk.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 20 mart-2 aprel.- S.15.