Sözdə
çırpınan ürək
İş elə gətirir ki, bu əhvalatı
tez-tez xatırlamalı oluram. Deyir, bir gün Akif Səməd
el şairləri haqqında verliş hazırlamaq
üçün çəkiliş qrupunu götürüb
gedir Qazağa. Ancaq nə illah eləyirsə, bir el şairi
tapa bilmir. Kor-peşman geri qayıdan şair tovuzlu dostu, BDU-nun
professoru Nəsir Əhmədli ilə
qarşılaşır.
- Ayə,
ay Nəsir müəllim, gəlsənə gedək Tovuza, el
şairlərini yığasan onlardan bir verliş
hazırlayım. O, boyda Qazaxda bir el şairi tapa bilmədim. Nəsir
müəllim dillənir:
- Ay Akif,
qadan alım, Qazaxda el şairi nə gəzir, el şairi
Tovuzdadı. Qazaxdakıların hamısı xalq şairidir.
***
Son illərdə
hörmətli millət vəkilimiz Qənirə xanım
Paşayevanın təşəbbüsü ilə həmin el
şairlərinin çoxunun - Bozalqanlı aşıq
Hüseynin, Xəyyat Mirzənin, Aşıq Nəcəf Əlimərdanlının,
Azaflı Mikayılın, Mülkülü Həsənin,
Aşıq Xanların, Əli Quliyevin (yesir Əlinin), Səlim
Sinədəftərin, Təcnis İsmayılın, Rasim Kərimlinin,
Baxçalı Qədirlinin, Qoylarlı Rəsulun, İsa
Cavadoğlunun, Əli Əhmədovun (Göyçəlinin)
kitabları ən yüksək səviyyədə işıq
üzü görərək geniş oxucu kütləsinə
təqdim olunub (Cavanca yaşında qos-qoca, ulu bir nəfəslə
yazan, olduqca istedadlı şair dostum Ramin Cilovdarlıya da
növbə çatar, inşallah).
Bu gün
çağdaş Azərbaycan oxucusu Qənirə
xanımın maddi və mənəvi dəstəyinin məhsulu
olaraq, el ruhunun daşıyıcısı olan həmin
şairlərin kitablarını oxuyub onları tanıya bilirlər.
Qənirə xanım bu gün də həmin
missiyasını davam etdirir. Növbəti belə ünvan -
Cavan Alaydır. Cavan Alayı saz-söz yurdu olan qədim-qayım
Ağ üz-Oğuz-Touz-Tovuz mahalında tanımayan yoxdur.
Tovuzda elə bir saz-söz məclisi olmur ki, orada Cavan
Alayın şeiri oxunub, adı ehtiramla xatırlanmasın.
İllah da Tovuzun ruhani ağırlıq mərkəzi olan Əmirlidə
(Əlimərdanlıda, Qaraxanlıda, Xatınlıda, Qədirlidə,
Cilovdarlıda) saz-söz məclislərini Alaysız təsəvvür
etmək çox çətindir. Cavan Alayın şeirlərinə
Əmirli aşıqlarının repertuarında sevə-sevə
dinləmişəm. Əmirlinin gənc aşığı
Şəhriyar Kərimovdan üzü ustad Əli Quliyevə
kimi hamısı gözəl oxuyur. Sevə-sevə oxuyur,
eşq ilə oxuyur Cavan Alaydan. Cavan Alayı ən asan
tanıyıb-sevməyin yolu Şəhriyarın məclisindən
keçir. İllah da ki, "Bağlıdır" rədifli
şeirini oxuyanda dinləyəsiz aşıq Şəhriyarı:
Bu dünyada heç kəs özün
öyməsin,
Hər şeyin qüdrəti vara
bağlıdır.
Müdəm, baş əysə də
bağbana söyüd,
Onun ehtiramı bara bağlıdır.
Dağlar da vüqarın başından
alır,
Qoynundakı mərmər daşından
alır,
Hər kim ki, gözəlin
çaşından alır-
Onun saf ürəyi yara
bağlıdır.
Demirəm quldur ol, çalıb-çapan
ol,
Əyri ol, oğru ol, əldən qapan ol,
Bircə zalım olma, könül yapan ol,
Zalımların başı gora
bağlıdır.
Tovuzlu Alayı eşitsən əgər,
El işindən qalma nə xeyir, nə
şər,
El səni qaldırar, həm də endirər,
O, səndəki etibara
bağlıdır.
Bu şeirlərlə
siz də tanış ola bilərsiniz əziz
oxucu.
Budur,
"Nurlan" nəşriyyatı tərəfindən yenicə
işıq üzü görən "Tovuzlu Alayı tanı..." kitabı mənim
də stolumun üstündədir. Yenə də sağ olsun
sazımızın-sözümüzün eşqli təbliğatçısı
Ramiz Hümmətov. Bu qiymətli kitab
payımı da ona borcluyam. Kitab Alay haqqında
danışmağa ən çox mənəvi haqqı
çatanlardan olan sevimli xalq şairimiz Zəlimxan Yaqubun kitaba
yazdığı "Borcumuzdur bu ehtiram"
başlıqlı isti bir ön sözlə başlayır.
Zəlimxan müəllim yazır ki, "Cavan
Alayın insan kimi gözəlliyi onun bütün şeirlərində
özünü büruzə verirdi". Təkcə
bu cümlə şair Alayı və insan Alayı bir yerdə
xarakterizə etmək üçün olduqca dəqiq və
tutumlu bir cümlədir. Alay haqqında
söz demək haqqı olanlardan biri də şairin həmkəndlisi,
ustad aşığımız, əməkdar mədəniyyət
işçisi Əli Quliyevdir. "Alay haqqında mənim
bildiklərimi heç kəs bilmir və bilməməlidir...
Alay haqqında mən danışarkən sözümü kəsməyə
heç kəsin haqqı çatmır: onun nə qohum-əqrəbasının,
nə də digər dostlarının... Mən
bilirəm nə deyirəm. Bircə onu
deyirəm ki, Alay şeirdə sərraf olduğu kimi, dostluqda
da eləcə idi". Bu sözlər
usdad aşığımızın Alay haqqında dediyi
sözlərdir.
Tarixən
"dedim-dedi" rədifli şeir yazanlar çox olsa da,
onların əksəriyyətinin şeiri xalqın
yaddaşına hopa bilməyib. Elin-obanın
dilində qalmayıb. Ən əsası isə
saza qalxa bilməyib. Bu baxımdan, şair
Alayı bəxti yarıyanlardan hesab etmək olar.
Dedim: "Bir busə ver,
tamahlanmışam",
"Görünür, iştahdan
kalansan", - dedi.
Dedim: "Qocalarsan, gözdən
düşərsən",
"Mənim nə qeydimə qalansan",
- dedi.
Kitabında
toplanmış şeirlərindən tanıyıb, sevdim
şair Alayı. Kitabda toplanan şeirlərində şair Alayın təmizliyi,
təbiiliyi, ürək açıqlığı
güzgülənir. Heyrət edirsən
ki, İlahi, insan nə qədər eşqli olarmış.
Kitabdan oxuduğum şeirlərin tam əksəriyyəti mənə
tanış gəldi. Soruşa
bilərsiniz ki, haradan? O şeirlər mənə
aşıqların dilindən tanış
idi. Bax, budur şair Alayın ölməzliyi,
bax, budur şair Alayın böyüklüyü.
Martın
17-də mərhum el şairimizin 70 yaşı tamam olur. Zəmanəmizin urvat sahiblərindən
sayılan prof. Dr. Nəsir Əhmədlinin rəy verdiyi, ustad
Məmməd Dəmirçioğlunun rəssamlığını
yapdığı, Ramiz Hümmətovun ürək verdiyi,
İftixar Alayoğlunun qeyrəti sayəsində
görüşümüzə gələn bu kitab şairin
70 illiyinə ən gözəl töhfədir. Lakin
ən böyük oxucu təşəkkürü Qənirə
xanıma çatır, ona görə ki, bütün bu
işlərin görülməsində onun maddi və mənəvi
dəstəyini, gözəl əməyini heç nə ilə
əvəz etmək olmaz.
Alay deyər yaxşı insan,
Gözəl əməllər var olsun.
***
Son söz əvəzi
Cavan
Alay 54 yaşında dünyadan köçdü. Öldü demək olmaz.
O, həmişə öz adının, şeirlərinin və
işıqlı əməllərinin aydınlığı
içindədir. Qoy, onu sevən hər kəs
öz yaddaşına, öz ürəyinə boylansın.
Alay oradadır. Alay sevgi kimi,
məhəbbət kimi, xoş duyğular kimi həmişə
bizimlədir. Necə ki, özü deyirdi:
Tovuzlu Alayam, yırtıb kəfəni,
Sevindirrəm məni candan sevəni.
Ölsəm də, həyatda hər zaman məni
Yaşada biləcək duyğularım
var.
Həmid ORMANLI
Olaylar.- 2012.- 20 mart-2
aprel.- S.13.