Zirvələri
fəth edirik
Araşdırmalar,
çətinliklər və nəticələr
Kəşf
marağı
Bəşəriyyət
yarandığı gündən insan
övladı hər zaman onu
araşdırmaq, naməlum torpaqları kəşf etmək
istəyi ilə yaşayıb.
Hər kəsin
içində bir araşdırmacı ruhu olsa da, hər insan
bu işə cəsarət edə, istəklərinin
arxasınca gedə bilmir. Dünyanı öyrənməyə
çalışan minlərlə səyyah, dənizçi
zaman-zaman təbiətlə amansız mübarizədə
qurban olmuş, lakin bu bədbəxtliklər digərlərinin
həvəsini söndürməmiş, əksinə bu istək
daha da artıb. Nəticədə bu gün
yaşadığımız dünyanın demək olar ki, kəşf
olunmamış çox az nöqtəsi qalıb. Aparılan
elmi araşdırmaların nəticəsində insan oğlu
dünyanın bir çox sirrlərinə vaqif olub, materikləri,
okeanları, adaları, çayları kəşf etdi. Əlçatmaz
zirvələrə, çıxması mümkün olmayan
buzlaqlara dırmanan insan Yer planetinin sirrlərinə yiyələndi.
Düzdür, bu gün demək olar ki, kəşf
olunmamış nöqtə qalmasa da, hələ də səyahətlər
davam edir. Bu gün səyyahların əsas məqsədi yeni
kəşflər yox, kəşf olunanları daha dərindən
tədqiq etməkdir. Haqqında danışacağımız
kitab da məhz belə bir araşdırmanın nəticələrindən
bəhs edir. Kitab Azərbaycan Hava və Ekstremal İdman
Növləri Federasiyasının növbəti naliyyətlərinə
həsr olunub. Federasiyanın prezidenti, eyni zamanda Ekologiya və
təbii sərvətlər naziri Hüseyn
Bağırovun Vasif Babazadə ilə birgə
yazdığı kitab “Cənubi
Amerikanın geologiyası” adlanır. Adından da məlum
olduğu kimi kitabda Cənubi Amerikaya səyahət və
aparılan tədqiqat işlərindən bəhs olunur. Elmi
redaktoru AMEA-nın həqiqi üzvü Akif Əlizadə, Rəyçiləri prof.Musa Məmmədov, prof.Sokrat İsayev, prof. Nazim İmamverdiyev, baş
redaktoru Əli Həsənov
olan kitab zəngin elmi və praktik məlumatları
özündə ehtiva edir.
Mövzunun
səlist Azərbaycan türkcəsində yazılması,
kitabın dilinin oxunaqlı olması oxucunu kitaba daha da
bağlayır. Kitabın daha bir üstün cəhəti isə,
And dağlarının zirvəsinə yüksəliş
zamanı əldə edilmiş elmi xarakterli zəngin məlumatların,
eləcə də Azərbaycan –Cənubi Amerika Elmi
Ekspedisiyasının materikdə apardığı geoloji tədqiqatların
nəticələri üzərində elmi
araşdırmaların nəticəsinin ilk dəfə ana dilində
tərtib olunmasıdır. Bütün bu elmi naliyyət,
araşdırmalar aidiyyatı sahənin mütəxəsisləri
ilə yanaşı, ali məktəb tələbələri,
eləcə də geniş oxucu auditoriyası
üçün qiymətli mənbə rolunu oynayır. Kitab
həmçinin peşəkar alim-geoloqların da süzgəcindən
keçib. Kitabda ekspedisiya üzvlərinin çəkdikləri
eksklyuziv fotoşəkillərdən də istifadə edilib.
Geoloji materialllar ekspedisiya üzvləri –geoloq Mir Bədəl Mir Həsənli tərəfindən
toplanılıb. Kitabı oxuyarkən düşünürsən
ki, burada yazılanlar bəlkə də, dünyanın hər
hansı bir ölkəsindəki nəşr olunmuş
kitablarda da yazılıb. Bəlkə də, dünyanın
müxtəlif ölkələrinin səyyahları həmin
ucqar nöqtələrə gedib bu tip elmi araşdırmalar
aparıblar. Elə isə, bir daha eyni mövzulara müraciət
etməyə nə ehtiyac var. Lakin elə həmin anda da
düşünürsən ki, niyə axı biz kimlərinsə
yazdıqları oxumalı, onların doğru və
yanlışlarını qəbul etməliyik. Axı bizim də
tədqiqat apara biləcək alimlərimiz, geoloqlarımız
var. Oxucularımızın dünya ölkələri ilə
bağlı elmi araşdırmalarını məhz ana dilində
oxumalarının üstünlüyü bir tərəfə,
bu ekspedisiyanın daha bir önəmli cəhəti
dünyanın hansısa bir ucqar nöqtəsində Azərbaycan
bayrağının dalğalanmasının verdiyi qürurdur.
Kitabda Cənubi Amerikanın fiziki-coğrafi şəraiti,
iqlimi, geoloji quruluşu, faydalı qazıntıları,
Argentinanın mineral-xammal resurları, Andlar zonasında ekoloji
problemlərə diqqət çəkilib. Kitabın ən
önəmli hissələrindən biri Cənubi Amerikanın ən
uca zirvəsi Akonkaqua-6965 metr yüksəkliyə olan səyahətdir.
XV əsrdə Ameriqo Vespuççinin kəşf etdiyi 12
dövlətin yerləşdiyi bu ərazi planetimizin ən
maraqlı və möcüzələrlə dolu materiklərindən
biridir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının
Cənubi Amerikaya səfəri və And dağ silsiləsinin
Akonkaqua zirvəsinə qalxaraq Azərbaycan bayrağını
ora sancması hər bir Azərbaycan vətəndaşı
üçün olduqca fərəhli, qürur duyulası bir
hadisədir. Əlbəttə, ekstremal idmançılarımızın
ilk uğurları deyil, bir neçə il əvvəl Azərbaycan
Antarktida Elmi Ekspedisiyasının “buzlu materik”ə səfəri,
bayrağımızı kontinentin ən yüksək zirvəsi
olan Vilson dağına sancması da bir örnəkdir.
Ən yüksək sönmüş
vulkan-Akonkaqua
Əvvəldə
də qeyd etdiyimiz kimi, kitab Cənubi Amerikanın geologiyasına
həsr olunsa da, onun ən önəmli bölməsi, Akonkaqua
zirvəsinə olan səyahətdir. Akonkaqua dünyanın ən
yüksək sönmüş vulkanıdır. Cənubi
Amerikanın, qərb və cənub yarımkürələrinin
ən yüksək nöqtəsidir. Müxtəlif dövrlərdə
səyyahlar bu zirvəni fəth etmək istəsələr də
bəzilərinin cəhdləri uğursuz olub. Məsələn,
1883-cü ildə alman alpinisti Raul Qusveldin ekspedisiyası
Satyaqodan Volkan çayı ilə yuxarı doğru qalxıb,
lakin qeyri-mükəmməl avadanlıqlar və dağa
yanaşma tərzini pis bilmək onu məqsədinə
çatmağa qoymur. Onun səhvini nəzərə alan
ingilis Edvard Fitscerald 6 həftəlik həmlədən sonra
1897-ci yanvarın 14-də Akonkaquaya ilk insan ayağı dəydi.
İlk uğurlu fəthdən 100 ildən artıq vaxt
keçsə də, mövsüm ərzində 2000 -ə
yaxın adam bu zirvəyə gəlir.
Çətin anlar
Qeyd edək
ki, bu zirvəni fəth etmək heç də asan deyil. Bunun əsas
səbəbi buranın iqlimidir. Ekspedisiya üzvlərinin nə
qədər ciddi çətinliklərlə
qarşılaşdığı təsəvvürünü
yaratmaq üçün zirvənin iqlimi ilə tanış
olaq. Akonkaqua- bu yerlərin ən yüksək nöqtəsi
olduğundan, pis havanı özünə çəkir. Belə
fikirlər var ki, əgər səmada bir bulud belə olsa,
böyük ehtimalla Akonkaquanın zirvəsindən
asılacaq. Aydın gün bir saatın ərzində tutqun,
küləkli cəhənnəmə çevrilə bilər.
Ən qorxulusu isə ağ küləklərdir. Heç də
xoş məna ifadə etməyən bu havada dəhşətli
külək müşahidə oluna fırtına qopa bilər.
Hətta yay aylarında belə birdən temperatur -30 dərəcəyə
enə bilər. Yüksək dağlığın
yaratdığı hipoksiya, orqanizmin susuzlaşması və
s. problemlər yaradır. Bundan başqa materikin əsas hissəsi
ekvatorial və subekvatorial qurşaqları daxilində yerləşdiyindən
dünyanın ən rütubətli materiki sayılır. Bu
qeyri-müəyyən hava şəraitində araşdırma
aparmaq,insandan dözüm və işə olan böyük
sevgi ilə mümkün ola bilər.
Təbii ehtiyatlar
Qeyd edək
ki, ekspedisiya sadəcə yüksək zirvələri fəth
edib, gəzməklə işini bitirmir. Onlar həmçinin
getdikləri torpaqların fiziki-coğrafi şəraiti, iqlimi,
geoloji quruluşu, faydalı qazıntıları haqqında da
məlumat verirlər. Kitabda And dağ sistemi maqmatik qurşağı,
dağ zəncirləri, vulkanlar və s. haqqında da
araşdırmalar əks olunub. Təbii ehtiyatlarla zəngin
olan Cənubi Amerika ölkələri mis ehtiyatlarına
görə dünyada birincidir. Bundan başqa ekzogen mənşəli
metallik faydalı qazıntılar And dağlarında elə də
geniş yayılmayıb. Bu həmin ərazilərin quraq və
susuz olması ilə izah edilir. Uran ehtiyatlarına görə
isə Argentina aparıcı ölkələr sırasına
daxildir. Lakin burada dünya miqyaslı yataqlar yoxdur. Yanacaq və
enerji resursları kimi isə neft, təbii qazdan istifadə
edilir. Ərazidə araşdırmalar aparılsa da,
bütövlükdə geoloji cəhətdən öyrənilməsi
zəifdir. Sənayenin əsas problemi xammal növlərinin
olmamasında yox, onların bərabər
paylanmamasındadır.
Flora və faunası
Bitki
örtüyünün müxtəlifliyi ilə fərqlənən
materikin cənubuna doğru kol bitkiləri üstünlük təşkil
edir. Akasiya, küsdüm, dəvəquşu,
ağaclarının seyrək meşələri, çay
sahilləri boyunca, palma ağacları düzülüb. Bəzi
ərazilər əvvəllər müxtəlif dənli bitkilərlə
zəngin olsa da, bu gün artıq həmin ərazilər əvvəlki
görünüşünü itirib. Pampa ərazisi
üçün alçaq, tikanlı, bərk kollar səciyyəvidir.
Qərbə doğru hərəkət etdikcə, bərk otlar
kaktuslarla növbələşir. Argentinanın isə, torpaq
fondunun 12%-ni meşələr təşkil edir. İynəyarpaq,
kebruço meşələri çox qiymətli olsa da, uzaq
rayonlarda yerləşməsi istifadəni çətinləşdirir.
Argentinanın faunası o qədər də zəngin deyil.
Pampas maralı və pişiyi, magellan iti, yunlu vikunya, qunduz,
susamuru, gəmiricilərlə zəngindir.
Ekoloji problemlər
Göründüyü
kimi ekspedisiya demək olar ki, materikin bütün xüsusiyətlərini
detalları ilə araşdırıb. Təbii ehtiyatları tədqiq
etməklə işlərini bitmiş saymayıb onların
istifadəsi və bu zaman yol verilən nöqsanları da
müəyyən ediblər. Təbiət nə qədər
möcüzələr versə də, insan oğlu daha
çox istəyir və onun üçün
yaradılmış bu gözəlliklərdən istifadə
edə bilmir, onu məhv edir. Araşdırmalara əsasən,
Andlarda meşə ehtiyatlarının istismarı sürətlə
aparılır və bərpa edilmir. Bu qədər kütləvi
istismarın səbəbləri- otlaqlar və kənd təsərrüfat
sahələri yaratmaq, oduncağın satılması və
evlərin qızdırılmasıdır. Bu zonadakı
ölkələr sahil və dəniz zonalarında da ciddi
problemlərlə qarşılaşırlar. Belə ki,
balıqlar kütləvi şəkildə ovlanır və
heç bir nəzarət də yoxdur. Ona görə də,
bir sıra balıq və dəniz heyvanlarının nəslinin
tükənmə ehtimalı var. Kanalizasiya və sənaye
tullantıları sahil zonasının flora və faunası
üçün ciddi təhlükədir. Ekspertiza qrupunun
atmosferə parnik qazlarının atılmasına dair kifayət
qədər düzgün məlumat əldə etməkdə
bəzi çətinlikləri olub. Buna əsas səbəb statistik
məlumatların ya olmaması, ya da onların tam əsaslandırılmamasıdır.
Lakin aparılan araşdırmalar hava çirklənməsinin
əsas səbəbinin elektrik və sənaye istehsalı
üzərinə düşməsi məlumdur. Nəqliyyatdan
olan çirklənmə isə bütün tullantıların
33%-ni təşkil edir. Bununla yanaşı bərpa olunan enerjidən
istifadə olunması da perspektiv istiqamətlərdəndir. Sənayenin
ən çox inkişaf etdiyi ərazilər neft quyuları, əridici,
neft emalı zavodlarının yerləşdiyi bölgələrdir.
Neft emalı zavodları xüsusən də, sulara və
yeraltı mənbələrə təsir edir. Bu tullantılar
suyun keyfiyyətini pisləşdirir və regionların kənd
təsərrüfatına mənfi təsir edir. Ekoloji problemlər regionun fauna və flora qatına da təsir edir. Beləliklə quşların və
məməlilərin 50%-i
məhv olmaq təhlükəsindədir. Bəzi ölkələrdə qoruqlar
olsa da onların
fəaliyyəti qənaətbəxş
deyil, bəzi qoruqlar isə sadəcə kağız üzərindədir, praktiki
olaraq onlar heç nə qorumur.
Problemin həlli yolları
Ekspedisiya sadəcə problemləri göstərməklə
işini bitirmir. Onlar həmçinin həll
yollarını da araşdırır. Araşdırmada göstərilir ki, problemi dəf etmək üçün ölkələr ilk növbədə
iqtisadi vəziyyətlərini
yaxşılaşdırmalıdırlar.
Bundan başqa sanitar vəziyyətin yaxşılaşdırılması,
nəqliyyat problemləri,
kasıbçılıq və
işsizliyin aradan qaldırılması önəmli
prioritetlərdəndir. Göründüyü kimi, azərbaycanlı
ekspedisiya zamanı zirvə fəth etməklə yanaşı,
materikin öyrənilməsi
istiqamətində də,
ciddi araşdırmalar
aparıb və oxucular üçün maraqlı, önəmli məlumatlar da əks olunub. Kitabın dili və araşdırılan
mövzuların rəngarəngliyi
marağı daha da artırır. Ümumilikdə kitab hər
bir oxucu üçün lazımlı
bilgilərlə zəngindir.
Gülxar Şərif
Olaylar.- 2012.-
20 mart-2 aprel.- S.12.