"Eurovision 2012": Böyük
bayramın gözləntisində
Trend agentliyinin
suallarını Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsinin Təşkilat
Komitəsinin sədri, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban Əliyeva
cavablandırır
- İlk növbədə, icazə
verin, Sizi Novruz bayramı münasibətilə təbrik edək.
Artıq mart ayının sonlarıdır və Bakıda
keçiriləcək "Eurovision 2012" mahnı
müsabiqəsinin başlamasına çox az vaxt qalır.
Müsabiqənin yaxınlaşması Sizin üçün nə
deməkdir: çoxları üçün olduğu kimi, fərəhli
bayram gözləntisi, yaxud ağır, gərgin iş?
- Bu gün
biz hamımız böyük ümumavropa musiqi
bayramının gözləntisindəyik. Musiqi dili milliyyətindən
və etiqadından asılı olmayaraq hamıya
aydındır. Və bu çox rəmzidir ki, həmin may
günlərində müxtəlif ölkələrin musiqi
nümayəndələri müxtəlif musiqi üslubları
ilə bir səhnədə dayanacaqlar və müxtəlif
dillərdə mahnılar səsləndirəcəklər. Bu
müsabiqənin ölkəmizdə keçirilməsi
faktının özü duetimizin qazandığı parlaq qələbənin
nəticəsi, eləcə də ifaçıların
özlərinin, onların qalib
çıxışının hazırlanmasında
iştirak edənlərin böyük uğurudur. Lakin bu
gün qarşımızda artıq başqa
tapşırıq durur: "Eurovision 2012"-ni layiqli
keçirmək. Bu, müsabiqənin
iştirakçılarının, qonaqların, tamaşaçıların
əksəriyyəti üçün ölkəmizlə ilk
tanışlıq olacaq. Əminəm ki, qarşıdakı
müsabiqə bir çoxlarına Azərbaycanı daha
yaxşı tanımağa, onun tarixi və mədəniyyəti
ilə tanış olmağa kömək edəcək.
Çoxsaylı qonaqlarımız görəcəklər ki,
Bakı necə gözəldir, tarixi və mədəniyyət
abidələrini ziyarət edəcək, Qərb və Şərq
memarlığının ahəngdar şəkildə birləşdiyi
küçələrdən keçəcəklər. Onlar
xalqımızın mehribanlığına və qonaqpərvərliyinə
əyani şəkildə əmin olacaqlar. İnanıram ki,
onların əksəriyyəti qədim və sürətlə
inkişaf etməkdə olan Azərbaycan barədə şəxsi
təsəvvürlərini formalaşdıracaqlar. Və bir
çoxları Odlar Yurdunu tərk edərkən öz qəlblərində
buradan alov zərrəciyi aparacaqlar. Axı, "Öz məşəlini
alovlandır" sözləri nahaq yerə müsabiqəmizin
devizi olmayıb. Lakin, bununla yanaşı, belə
irimiqyaslı hadisəyə hazırlıq nəhəng
işdir. Məsələn, 2020-ci il Olimpiya Oyunlarının
harada keçiriləcəyi artıq bu gün həll edilir.
Növbəti "Eurovision" müsabiqəsinin harada
keçiriləcəyi isə ondan əvvəlki müsabiqənin
son dəqiqələrində məlum olur. Yeni ölkəyə
müsabiqəyə hazırlıq üçün bir il vaxt
verilir. Və bu müddət ərzində bir çox işlərin
öhdəsindən gəlmək lazımdır. Məhz buna
görə də biz müsabiqəyə qələbəmizin
ilk günlərindən sonra hazırlaşmağa
başladıq. Müsabiqənin uğurla keçirilməsi məqsədilə
dövlət idarələrinin zəruri işlərinin əlaqələndirilməsi
ilə bağlı məsələlərin həllinə dəstək
göstərmək üçün dərhal müsabiqənin
Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsi
hazırda işçi qrupla sıx əlaqədə işləyir.
İndi həmin iş artıq başa çatmaq üzrədir.
Və müsabiqənin başlanmasına həqiqətən də
çox az vaxt qalır.
- Mehriban xanım, bəs Siz
özünüz "Eurovision" müsabiqəsinə
hazırlığın keyfiyyətini necə qiymətləndirirsiniz?
-
"Eurovision" müsabiqəsinə
hazırlığın səviyyəsi və keyfiyyəti barədə
yalnız müsabiqənin başa çatmasından sonra
mühakimə yürütmək olar. Amma hələlik ən
etibarlı və obyektiv meyar, fikrimcə, Avropa Yayımları
Birliyinin nümayəndələrinin və ekspertlərinin
fikirləridir. Onlar ölkəmizin ümumavropa mahnı
müsabiqəsinə hazırlıq səviyyəsini çox
yüksək qiymətləndirirlər. Və doğrudan da az
iş görülməyib. Təşkilat Komitəsinə
daxil olan idarələrin qarşısında şəhər
infrastrukturlarının modernləşdirilməsi, kommunikasiya
texnologiyalarının genişləndirilməsi, qonaqların
və müsabiqə iştirakçılarının rahat
yerləşdirilməsinə istiqamətlənmiş konkret
tapşırıqlar qoyulub. Mövcud hotellərin vəziyyətinin
yaxşılaşdırılması ilə yanaşı,
paytaxtda yeni mehmanxanalar tikilir, avtomobil magistrallarının
yaxşılaşdırılması üzrə işlər
aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığına uyğun olaraq, müsabiqə
iştirakçıları və qonaqlar üçün
vizaların alınması prosesi sadələşdirilib. Daha
doğrusu, ölkədə bu müsabiqənin layiqincə qəbul
edilməsi və təşkil olunması üçün
mümkün olan hər şey edilir.
- Mehriban xanım, Siz "Eurovision
2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsinin
Azərbaycanı dünyaya tanıtmaq, müsabiqə
iştirakçılarını və qonaqları ölkəmizin
keçmişi və bu günü ilə tanış etmək,
onlarda Azərbaycan haqqında təsəvvürlərin
formalaşması üçün daha bir şans olduğunu qeyd
etdiniz. Bəs, ölkəmiz müsabiqənin
qonaqlarını və iştirakçılarını necə
və nə ilə qarşılayacaq?
-
Müsabiqənin keçiriləcəyi yer haqqında daha ətraflı
danışmaq istərdim. Bildiyiniz kimi, Bakı şounun
keçirilməsi üçün üç yer təqdim
etmişdi. Onlardan biri "Bakı Kristal Zalı" idi. Habelə,
qeyd etməyə dəyər ki, "Bakı Kristal
Zalı" 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi
üzrə ölkəmizin verdiyi ərizə çərçivəsində
idman arenalarının siyahısına daxil edilib. "Bakı
Kristal Zalı" Dövlət Bayrağı Meydanının
lap yaxınlığında yerləşir və oradan şəhərin
möhtəşəm mənzərəsi açılır.
Bu kompleks Cənubi Qafqazda ən böyük idman-konsert
arenası olacaq. Onun arxitekturası Şərqlə Qərb
arasında körpüdür. Bu binanın divarlarına
çoxsaylı kristallar bərkidiləcək və onlarda
işığın rəqsi tamamilə təəccüblü
vizual effektlər yaradacaq. Əminəm ki, həm yerli, həm
də xarici mütəxəssislərin səyləri sayəsində
bu möhtəşəm arenanın tikintisi vaxtında başa
çatdırılacaq. Kompleksin yanında bu müsabiqəni
işıqlandırmaq istəyən jurnalistlər
üçün mətbuat mərkəzi yerləşəcək.
Şəhərin müxtəlif yerlərində böyük
teleekranlar quraşdırılacaq və bu teleekranlar vasitəsilə
müsabiqəni izləmək mümkün olacaq.
"Eurovision" ilə eyni vaxtda digər mədəni tədbirlər
də keçiriləcək. Bu gün həmin tədbirlərin
siyahısı dəqiqləşdirilir. Müsabiqə
başlayanadək Dövlət Bayrağı Meydanına qədər
uzanacaq "Yeni bulvar"ın tikintisi başa
çatdırılacaq.
- Mehriban xanım, söhbət
"Yeni bulvar"ın tikintisindən düşmüşkən,
son həftələr KİV-də, o cümlədən Avropa
ölkələrində iddia edildiyinə görə
"Eurovision"a hazırlıqla bağlı evlərin
sökülməsi nəticəsində yaranan problemə, yəni
bu evlərin sakinlərinin narazılığına
böyük diqqət ayrılması barədə soruşmaya
bilmərəm...
- Bəli, mən KİV-in bu materialları ilə tanışam. Çox təəssüf ki, qarşıdakı
müsabiqəyə həsr edilmiş məqalələrin
müəlliflərinin heç də hamısı ümumiyyətlə
yazmağa başladıqları məsələ haqqında
kifayət qədər səriştəli deyil. Hər
şeydən əvvəl bir daha qeyd etmək istəyirəm:
evlərin sökülməsinin "Eurovision"a
hazırlıqla heç bir əlaqəsi yoxdur. Bu gün doğma Bakımızın mənzərəsi
dəyişir, paytaxtda yeni parklar salınır, yollar çəkilir,
yaşayış və ofis kompleksləri ucaldılır.
Bu yenidənqurma işləri duetimiz
"Eurovision"da qələbə qazanmazdan əvvəl
başlayıb və müsabiqə başa çatdıqdan
sonra da davam edəcək. Buna görə də
bu məsələnin "Eurovision" ilə heç bir əlaqəsi
yoxdur. Lakin belə miqyaslı işlərin həyata
keçirilməsi zamanı, mütəxəssislərin dediyi
kimi, çox vaxt torpaqların özgəninkiləşdirilməsi
və mənzillərin, xüsusilə çox köhnə,
komfortsuz, azmərtəbəli, müasir tələblərə
cavab verməyən mənzillərin sökülməsinə
zərurət yaranır... Belə hallar baş
verib, baş verir və sizi inandırım ki, praktiki olaraq yeni
yolların çəkildiyi, evlərin tikildiyi və ya yeni
metro xətlərinin çəkildiyi hər yerdə baş
verəcək. Əmin edirəm ki, Azərbaycanda
hər şey qanuna uyğun edilir. Evləri
sökülən sakinlərə kompensasiya ödənilir,
onlara yeni mənzillər təklif edilir. Çoxlu
sayda ailələrin köçürülməsi zamanı
narazı qalanlar da mütləq olacaq. Bu, həm
obyektiv, həm də subyektiv amillərlə
bağlıdır. Harada isə onlarla
şəxslərdən bazarla müəyyən edilmiş
kompensasiyanın həcmindən razı qalmayan bir nəfər
olacaq, halbuki kompensasiya onlara bərabər həcmdə ödənilir.
Köçürülmə zamanı kömək göstərilməsində
və ya müvafiq şəraitin yaradılmasında kifayət
qədər nəzakətli olmayan aşağı rütbəli
məmurların lüzumsuz hərəkətlərə cəhdi
ola bilər. Belə hallar təbii
ki, tutduğu vəzifədən asılı olmayaraq,
qarşısında hamının eyni olduğu qanuna uyğun
nəzərdən keçirilməlidir.
Fikrimcə,
burada "orta yanaşma" qəbuledilməzdir. Üstəlik, böyük
səs-küy xətrinə bu problemi evlərin sökülməsi
ilə əlaqəsi olmayan "Eurovision"la bağlamaq
xoş hal deyil. Hətta Avropa
Yayımları Birliyi olduqca hörmətli və nüfuzlu
xarici KİV-i rəsmən xəbərdar etmişdi ki,
"Eurovision" müsabiqəsi haqqında qeyri-obyektiv və
qərəzli materiallar yaymaq lazım deyil. Üstəlik, bu proseslərə siyasi məna vermək
cəhdi heyrətləndirir və məyus edir. Kimlər üçün
Avropa estrada
mahnı müsabiqəsi
böyük və gözəl bayramdır, digərləri üçün
isə siyasi təxribat yaratmaq bəhanəsidir. Buna hazır olmaq lazımdır. Lakin mən əminəm:
bizim və daha 40-dan artıq iştirakçı ölkənin
bayramını korlamaq alınmayacaq. Xüsusən
xoşdur ki, vətəndaş cəmiyyətində
bütün vətəndaşları ölkədə
müsabiqənin keçirilməsini dəstəkləməyə
çağıran gənclərin təşəbbüsü
başlayıb və bu çağırış
çoxsaylı tanınmış insanlar arasında dəstəyini
tapıb. Bu mövqe vətəndaşlarımızın
Azərbaycanda müsabiqənin keçirilməsinə əsl
münasibətini daha yaxşı nümayiş etdirir.
- Siz qeyd etdiniz ki, Bakıda keçiriləcək
"Eurovision 2012"-də 40-dan artıq ölkə
iştirak edəcək. Bəziləri ifaçının
adını və müsabiqədəki mahnını müəyyənləşdirib,
digərləri hələ də finaladək son günləri
istifadə edir. Bir neçə gün əvvəl mətbuatda
məlumat yayıldı ki, Ermənistan "Eurovision"da
iştirakdan imtina edib, çünki bu müsabiqə Azərbaycan
paytaxtında keçirilir.
- Məndə
və fikrimcə, çoxlarında erməni tərəfinin
belə qərarı anlaşılmazlıq yaradır. Avropa Yayımları Birliyi və Azərbaycan hakimiyyəti
dəfələrlə təsdiq ediblər ki, Ermənistan
daxil olmaqla, bütün ölkələrin müsabiqə təmsilçilərinin
və qonaqların təhlükəsizliyinə zəmanət
verilir. Ermənistanın rəsmi nümayəndə
heyətləri beynəlxalq görüşlərdə,
konfranslarda, forumlarda və idman yarışlarında
iştirak etmək üçün bir neçə dəfə
Azərbaycana gəliblər və Azərbaycan hakimiyyəti bu
ölkənin nümayəndə heyəti üzvlərinin təhlükəsizliyini
həmişə təmin edib. Və mən
şübhə etmirəm ki, "Eurovision" müsabiqəsində
ermənistanlı qonaqlar və iştirakçıların təhlükəsizliyi
həmişə olduğu kimi tam təmin ediləcək idi.
Lakin Yeravanda əvvəlcə vəd verdilər
ki, müsabiqədə iştirak edəcəklər, təhlükəsizlik
zəmanəti tələb etdilər, bu zəmanəti
aldılar, lakin sonradan bəyan etdilər ki,
"Eurovision"da iştirak etməyəcəklər. Hesab edirəm ki, bu, həm müsabiqə
iştirakçılarına, həm də Ermənistanın
müsabiqədə təhlükəsiz iştirakı
üçün çox səy göstərən Avropa
Yayımları Birliyinə hörmətsizlikdir.
Şübhəsiz ki, Avropa Yayımları Birliyinin
üzvü olan hər bir ölkənin müsabiqədə
iştirakdan imtina etməsinə görə öz səbəbləri
ola bilər. Lakin təəccüb
və təəssüf doğuran odur ki, Yerevanda
"Eurovision"da iştirakdan imtinanı Azərbaycanın
ünvanına heç bir əsası olmayan çoxsaylı
ittihamlarla müşayiət etməyə cəhd göstərirlər.
Deyirlər ki, həyatda qələbəyə can atmaq
lazımdır, lakin bəzən məğlub olmağı
bacarmaq da lazımdır. Bəzən öz
uğursuzluğunu yaşamaq özgə qələbələrə
tabe olmaqdan daha asandır. Təəssüf
ki, Azərbaycanda da "ölkə üçün nə qədər
pisdirsə, onlar üçün bir o qədər
yaxşıdır" prinsipi üzrə uzun müddət
yaşayan və fəaliyyət göstərən
kateqoriyalı insanlar var. Onların ictimai və siyasi fəaliyyətlərinin
məqsədi Azərbaycanda baş verən bütün
müsbət hadisələrə qara yaxmaq cəhdidir. Və bizim növbəti qələbəmizi -
"Eurovision"dakı qələbəmizi bu insanlar şəxsi
faciə kimi qəbul etdilər. Xoşbəxtlikdən
belə insanlar cəmiyyətimizin mütləq
azlığını təşkil edir və onların
Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsinə
mane olmaq cəhdləri uğursuzluğa məhkumdur.
- Və sonuncu sual. Siz
Bakıda keçiriləcək "Eurovision 2012"
müsabiqəsinin iştirakçılarına və qonaqlara
nə arzu edərdiniz?
-
Bütün iştirakçılara uğur,
tamaşaçı sevgisi, alqışlar və əlbəttə,
səs toplamalarını arzulayıram. Mən məmnuniyyətlə
həm iştirakçıları, həm də qonaqları
paytaxtımıza, gözəl və günəşli
Bakımıza dəvət edirəm. Əminəm ki,
bayramla bu görüş may ayı günlərində
"Eurovision"a gələcək bütün insanlarda Azərbaycanda
olduqları barədə xoş təəssüratlar yaradacaq.
Mən onların hamısına ürəkdən
deyirəm: Xoş gəlmişsiniz!
Olaylar.- 2012.-
20 mart-2 aprel.- S.8.