Türkün ulu bayramı
Bu gün bir sıra şərq ölkələrində
qeyd olunan Novruz bayramın ən əlamətdar və
xüsusi hazırlıqlarla məhz ölkəmizdə qeyd
olunması bir gerçəklikdir.
Xalqın ən
əziz bayramı olan Novruz həm də şərq aləmində
yeni ilin başlanğıcı deməkdir. Ölkəmizdə
də hər ilin yazın, yeni ilin gəlişi xüsusi təmtəraqla
qeyd olunur. Lakin bir çox adətlərdə olduğu kimi bu
bayramın tarixi və hansı xalqa mənsub olması ilə
bağlı iddialar bəzən birlik rəmzi olan bu
bayramın əsl mahiyyətini kölgədə qoyur. Bu səbəbdən
də, biz də bayramın adətlərindən
danışmazdan əvvəl istədik ki, bu mübahisələrə
son qoyaq. BDU-nun dosenti, folklorşünas Məhəmməd Məmmədov bayramla bağlı
bəzi rəvayətlərdən misallarla onun hansı xalqa mənsub
olduğunu belə izah etdi. “Novruz təbiətin oyanışını,
gecə ilə gündüzün bərabərləşməsini,
əkinçilik həyatının
başlanğıcını, təbiətin ölüb-dirilməsini
özündə təcəssüm etdirən türkün ulu
bayramıdır. Bəzən Novruz fars mədəniyyətinə,
bəzən ərəb- islam mədəniyyətinə aid
edilir. Belə ki, fars mədəniyyəti nümunələrə
görə bu bayram Zərdüştün anadan olduğu
gün, onun “Avesta”nı Ahura Məzdanın yanından gətirdiyi
gün, Hörmüzdün Əhrimənə qalib gəldiyi
gün kimi hesab edilir. Orta əsr mənbələrinə
görə, bu bayram Əhəmənilər sülaləsinin əfsanəvi
hökmdarı Cəmşidin adı ilə bağlıdır.
Bir çox mənbələrdə məsələn, Ə.Biruninin
"Asar əl-Baqiyyə" əsərində Novruzun
birbaşa Cəmşidin adı ilə bağlı olduğu
qeyd olunur. Bu mənbədə deyilir ki, Cəmşid
bütün dünyanı gəzdikdən sonra qızıl
taxtına oturaraq, adamların çiynində Azərbaycana gəlir.
Burada Cəmşid qiymətli tacını başına qoyur.
Günəşin şüaları Cəmşidin taxt-tacı
üstünə düşdükdə hər yan nura qərq
olur. Camaat bu mənzərəyə çox həyəcanlanır
və bu günü uğurun başlanğıcı hesab edərək,
onu Novruz – yeni gün adlandırırlar. Ömər Xəyyamın
"Novruznamə" əsərində isə həmin
gündə günəş dövrə vurub, 365 gün 6
saatdan sonra öz yerinə qayıdaraq, qoç (həməl)
bürcünə daxil olduğu gündür ki, Cəmşid
bu günü müəyyənləşdirdiyi
üçün onu Novruz adlandırmış və bayram
etmişdi”.
İslamda Novruz
M.Məmmədov
bildirdi ki, İslam dini də Novruzu özününküləşdirməyə
cəhd göstərmiş, bir sıra əfsanə
və rəvayətləri bu bayramın
adı ilə bağlamışlar. “Həmin rəvayətlərə
görə, dünyanın yaradıldığı, ilk insan övladları olan Adəm və Həvvanın
yaradıldığı gün,
Allahın yasaq etdiyi
meyvələrdən daddıqlarına görə, Cənnətdən
qovulanların günahlarının
bağışlandığı və Ərəfat
çölündə görüşdükləri gün məhz Novruzla bağlanılır.
Bunlardan başqa Həzrət
Əlinin doğulduğu və ya taxta
çıxdığı gün, onun Fatimeyi Zəhra ilə
izdivaca girdiyi günün məhz Novruza
təsadüf etdiyi göstərilir”. Xəlifə
Məmunun dövründə Novruzun yaz bayramı kimi
keçirilməsinə icazə verilsə də, 892-ci ildə
xəlifə Mötədidin dövründə bayramda zərdüştülük elementləri
olduğuna görə Novruz
yasaq edilib.
Türkün bayramı
Folklorşünasın
sözlərinə görə, bütün
bunların hamısında Novruzun qədimliyinə
bir işarə var. Bütün fikirlərə hörmətlə
yanaşmalıyıq, lakin Novruzun türkün təbiətə
olan sevgisinin
bayramı olduğu inkar
edilməzdir. “Novruz təbiətin
oyanışı, yazın gəlişi ilə bağlı bir bayramdır. Bu günə
“Ulusun ulu günü”, “Yengi gün”, “Nevruz”, “Qurtuluş bayramı”, “Bozqurt
çağan”, “Ərgənəkon
bayramı” və s. adı da
verilib. Qədim Türk xalqlarında Novruz
bir qurtuluş günü kimi qəbul olunub. “Ərgənəkon” dastanına görə,
400 illik bir zaman kəsiyində dörd
tərəfdən sıldırım dağlarla
əhatə olunmuş ərazidə yaşayan türk
tayfasının Ərgənəkondan
çıxdıqları qurtuluş günü məhz həmin gündür və o gün martın 22-sinə, Novruz
bayramının ilk gününə - təbiətin
ən ədalətli gününə təsadüf edir. Dastanda həmçinin o da göstərilir ki, həmin
gün bir dəmir
parçası zindanda
qızdırılar, öncə xaqan sonra digərləri onu
döyərdilər.” Türk
yaradılış əfsanəsi”ndə isə ilk insan cütü
sayılan –Ay-Atam və Ay-Vanın dünyaya çıxdıqları günün mart
ayına təsadüf etdiyi göstərilir.
Ümumiyyətlə isə, Novruz türkün oyanış, onun
təbiətə olan sevgisində yaranan bir bayramdır. Belə ki, qədim insan həmişə
ətrafında baş verən həmin
prosesləri izləyib, türk
tayfaları hər zaman təbiət ilə
təmasda olub, həyatı çətinliyə
salan qida, istilik catışmazlığı və başqa bu kimi
sıxıntılarla sınağa çəkilərkən
qışın obrazı hər zaman
qara, qorxulu cizgilərlə
canlandırılmış, canlı danışıq dilində
işlənən ”Böyük çillə”, ”Kiçik
çillə”, ”Boz ay“ kimi
anlayışlar təbiətin sərt iqlimini
özündə təcəssüm etdirmişdir. Baharın gəlişi, yeni ilin
qarşılanması mərasimi mifopoetik düşüncədə
xaosdan kocmosa keçidi özündə cimvolizə edir.
Dünyanın yaradılışı canlandırılan bu
bayramda əski dünya nizamı dağılır, yenisi
yaranır.
Ümumilikdə
götürdükdə, Novruz təbiətin ölüb-dirilməsini,
həyatın canlanmasını əks etdirən ulu bir
bayramdır”.
Novruz inamları
Məlum olduğu
kimi bu bayram
həm də öz adətləri,
inancları ilə fərqlənir. Çox
zaman insanlar növbəti
ildə onları nələrin gözlədiyini və ya gələcəkləri ilə bağlı
qərarları məhz bu gün
verirlər. Belə ki, bayram gecəsi və ya
axırıncı çərşənbədə gecə
vaxtı səssizcə qonşuların qapısına
yaxınlaşar eşitdikləri sözə görə, istəklərinin
yaxşı və pis nəticələnəcəyini
düşünərdilər. M.Məmmədov da
bəzi Novruz adət və inanclarından
danışdı.“Novruz bayramı həm də sevgi və istək gecəsi sayılır. Həmin
gün oğlanlar
sevdikləri qızın evinin
bacasından qurşaq sallayırlar.
Qızın valideynləri bunun mənasını
başa düşür,
əgər bu izdivaca
razıdılarsa, qurşaqdakı dəsmalı açıb
qızın belinə bağlayırlar, yox
razı deyillərsə, dəsmala bayram
nemətləri qoyulub geri
qaytarılır. Novruz bayramı süfrəsinin
küncündə kimsə oturmaz. Bu inama görə, həmin gecə ruhlar evə gəlir, künc
tərəfdən yaxınlaşaraq süfrədəki nemətlərdən
dadarlar. Əgər kimsə küncdə oturarsa, onların qarşısını kəsmiş
olur və bundan inciyən
ruhlar, evə ziyanlıq da
gətirə bilərlər. Novruz
tonqalı sönənə yaxın üzərinə üzərlik
səpib deyirlər: “Ocağımıza əyri baxanın
gözləri partlasın, özü
yanıb çartlasın”. Novruz
bayramı üçün göyərdilmiş
səməni bərəkət, bolluq rəmzi
olduğundan axar suya axıdılar, arxasınca da
şirni səpilər. İnanclara
görə, belə edilsə evdə ruzi,
bərəkət bol olar.
Novruz axşamı qonşuluqda
yaslı adamlar varsa,
onların həyətində tonqal
yandıraraq onları qara bayramdan
çıxardarlar. Novruz bayramında
nişanlı qız üçün bayram payı göndərilər, Novruz günü tonqalda üzərlik yandırıb tüstüsünü mal-qaraya,
ev-eşiyə verərlər. Bu bayram axşamı hər kəs öz evində, öz
ocağının başında olmalıdır, çünki inanclara
görə, evində olmazsa, yeddi il bayram
süfrəsi görməz. Novruz üçün əkilmiş səməni düz, şax vəziyyətdə
qalxarsa, həmin il məhsul
bol olar, əyri, nazik olsa isə həmin il qıtlıq olar. Bayram süfrəsinə içində
balıqlar olan su ilə
dolu qab qoyular, balıq qabın dibindən dik şaquli qalxaraq suyun üzünə
burun vurarsa, quyruğu üstündə oturub
kənara tullanarsa, bu ilin təhvil olduğuna bir işarə hesab
olunardı”.
Niyə
“s” hərfi?
Folklorşünas bəzi
novruz inanclarından danışarkən bildirdi ki, həqiqətən
də insanlar bu kimi adətlərə çox
önəm verər, bayramda hər şeyin ənənəyə uyğun
olması üçün əlindən gələni
edər. Bu adətlərdən biri də bayram və
ilaxır çərşənbədə süfrəyə “s” hərfi ilə başlanan
yeddi nemətin düzülməsidir. Bəs
görəsən niyə məhz “s” hərfi?
M.Məmmədov bunu belə izah etdi. “Ərəb
istilasından qabaq novruz
süfrəsi “s” ilə deyil, ”ş” hərfi
ilə başlanan yeddi
şeydən ibarət idi. İslam
dini qəbul olunandan sonra şərab haram
sayıldığından “ş” hərfi “s”-ı ilə əvəzləndi.
Onların hər birinin rəmzi mənası
var. Həmin yeddi
nəsnə bunlardır: su, səməni, sühbül, süd, səbzi, səməni halvası və sucuq. Əlbəttə,
bu adı göstərilənlər Azərbaycanın hər
yerində eyni olmur. Ərdəbildə “yeddi sin” süfrəsinə
sirkə güc və qüvvə, sarımsaq-səhhət, səbzi-ümüd, sumaq-niyyət, bolluq, sikkə-zənginlik,
saat-uzun ömür, su-aydınlıq qoyulur”. Müsahibim onu da
əlavə etdi ki, bəzi müəlliflərin fikrincə,
ilaxır çərşənbədə bəzənən
süfrəyə acı məmulatlar qoymaq olmaz. “İlaxır
çərşənbə süfrəsinə xüsusi
xonça hazırlanar, onun içinə yeddi löyün (və
ya ləvin) adlanan nemətlər - çörək, duz,
üzərlik, kömür, güzgü, su və yumurta
qoyulardı. Bunların hər biri insanın yaşaması
üçün zəruri olan məmulatlar hesab olunur. Adətə
görə, xonca bayramın 12 günü süfrədə
qalmalıdır. Azərbaycanın bəzi bölgələrində,
xüsusən də Ordubad, Urmiya və Təbrizdə
ilaxır çərşənbə bəzən” yeddi ləvin”
bayramı adlandırılır, bəzən xüsusi təmtərağı
ilə də bu çərşənbə Novruz
bayramını belə kölgədə qoyur. Bu bayramda
bazardan hər nə alınsa, yeddi növ olmalıdır.
Bundan başqa süfrəyə şam, şirniyyat, çərəz
qoyulardı”.
Səməninin
övlad vermə funksiyası
M.Məmmədov
Novruz bayramının hər bir atributunun, ənənəsinin
xüsusi bir mənasının
olduğunu deyir. “Səməni övlad vermə,
insanları dərd- bəladan, çilədən xilas etmə funksiyası da
daşıyır. İnanclara görə,
ilaxır çərşənbədə və ya Novruz günlərində
övladı olmayan, sonsuz qadının çiləsi
səməninin köməyi ilə kəsilərdi. Bunun üçün həmin qadının
başına Novruz günlərində
göyərdilmiş səməni qoyular, bir
qadın qaba su tökər,
başqa bir qadın
isə qabdan
yerə tökülən suyu
qayçılayar və deyərdi ki, “ay bu səmənini göyərdən,
bu gəlini də göyərt”. Bu da səmənini övlad
verdə funksiyasına bir işarədir. Şamlar günəşin yerdəki rəmzləridir.
İl təhvil olanda insanlar ürəklərində niyyət tutar və şamları yandırardılar, əgər
şam sona qədər
yanardısa, insanlar diləklərinə çatacaqlarına
inanardılar. İlaxır
çərşənbədə səhər tezdən axar suyun üstündən
“ağırlığım-uğurluğum tökül”-
deyə-deyə üç və ya yeddi dəfə tullanar, dərd bəlalarının köhnə
ildə qalmasını arzu edərdilər.
Bəzi yerlərdə sonsuz gəlinlər
axar sular sahilinə yanaşaraq suya bir daş atıb
“övladsızlığın daşını atdım” deyərdilər.
Bundan əlavə tonqalın
qalanmasının da xüsusi
mənası var. Bayram tonqalının qalanması da
Yaradılışı rəmzləndirir. Günəşin
yerdəki rəmzi sayılan Odun insanları bədxah qüvvələrdən,
nəfəslərdən, qorxudan xilas etmə funksiyaları da
var. İlaxır çərşənbədə
nişanlı qızları tonqalın başına
dolandırar və deyərlər : “Səni görüm odlu-
ocaqlı olasan”.
Neçə
çərşənbə var?
Qeyd edək
ki, Novruz qədim əsrlərdən
gələn bir bayram olduğundan nə qədər mühafizə olunsa da, bəzi adətlərdə
bəzən bir neçə variantla qarşılaşmaq olur.
Məsələn, bəzi fikirlərə görə, dörd, bəzilərinə
görə isə yeddi çərşənbə
var. Bundan başqa çərşənbələrin düzülüşü,
adlandırılmasında da müxtəlif
fikirlər var. M.Məmmədovun fikrincə, dörd
çərşənbə vardır. “Hər bir
fikrə hörmətlə yanaşmaq
lazımdır, ancaq çərşənbələrin
sıralanmasında dünyanın və insanın
yaradılışındakı teoloji düzüm nəzərə
alınmalıdır: ab-su, atəş-od,
xak-torpaq, bad-külək və ya yel. Bayramın
həm də əkinçilik həyatı ilə
bağlı olduğunu nəzərə alsaq, onda sonuncu
çərşənbə torpaq çərşənbəsi
olmalıdır ki,o da
xalq arasında daha çox ilaxır çərşənbə
adı ilə məşhurdur. Çərşənbələrin
təbiət dörd mühüm
ünsürünün
adı ilə əlaqələndirilməsi üzərində
müəyyən mübahisələr vardır. Unutmayaq ki, ötən əsrin 20 -ci illərində
Əhməd Cavad 4 çərşənbəyə həsr
etdiyi şeirlərində təbiətin dörd mühüm
ünsürünü əsas götürür. Bundan
başqa şairin ”Çillə şərqisi“, ”Böyük
çillə”, “Xıdır Nəbi“ “Boz ay” və s. şeirləri
var”.
Bayramda nə etmək olmaz
Novruz xeyir,
bərəkət, oyanış bayramıdır. Bütün
adətləri xeyirxahlıq, xoş münasibətlər,
imkanlının imkansıza kömək etməsi kimi xoş
niyyətlər üzərində qurulan bu bayram həm də
insanlara bəzi pis əməllərdən uzaq olmağı da
öyrədir. Müsahibim Novruzda edilməməsi vacib olan əməllərdən
də danışdı. “Novruzda və ilaxır çərşənbədə
nəhs danışmaq, içki içmək, nalayiq hərəkətlər,
qarğış, pislik etmək olmaz. Sanki bu günlərdə
insan da daxilən təmizlənir. İnsanlar bir-birilərinə
əl tutmalıdırlar. Bu bayram humanizm, bərabərliyi təmsil
edən bir bayram olduğunu unutmamaq lazımdır. Qədim
dövrlərdə də kəndin ağsaqqalları xeyirxah
insanlarla birlikdə imkanı olmayan evləri gəzər,
onların uşaqlarına bayram sovqatı verərdilər”.
Unudulan adətlər
Düzdür,
bu gün Novruz xalqımızın sevərək qeyd etdiyi bir
bayramdır, lakin qəbul etmək lazımdır ki, bəzi adətlər
yavaş-yavaş unudulur. M.Məmmədov da, Novruzun bəzi adətlərinin
unudulduğundan narahatdır. “Düzdür, 1993-cü ildə
Ulu öndər Heydər Əliyev Novruzun rəsmi bayram kimi
qeyd olunması ilə bağlı qərar qəbul etdi. 2009-cu
il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən dünya
xalqlarının qeyri-maddi mədəni irs siyahısına
daxil edilib, 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin
64-cü sessiyasında Martın 21-i dünyada “Beynəlxalq
Novruz günü” elan edilib. Lakin bütün bu qərarlara
baxmayaraq bu gün Novruzun bir çox adətləri unudulub,
çox vaxt bayramı bir ay qalmış yada salırıq.
Unutmamalıyıq ki, Novruz türkün ulu bayramıdır.
Bunu araşdırmaq, mifoloji qatlarına enmək, hər bir mərasimi
olduğu kimi icra etmək lazımdır. Məsələn,
”Kosa-kosa” meydan tamaşasında Kosa və keçəlin hərəkətləri
və geyimlərinə xüsusi diqqət yetirmək
lazımdır. Kosanın əsl mahiyyəti zahiri əlamət
arxasında gizlədilir. Kosa qış-qocalıq libası
geymiş yazdır, belə olmasaydı tamaşada kosanın
“ikicanlılığından” danışılmazdı.
Tamaşada kosanın keçi tərəfindən
öldürülməsi qışın öz yerini yaza verməsinə
işarədir. Novruzun bütün elementlərini tam olmasa da,
adət-ənənəyə uyğun şəkildə təqdim
və təqdir olunmalıdır”
Kömür, qara pul, duz
Artıq ilaxır çərşənbəni
geridə qoysaq da, müsahibimin bəzi çərşənbə
məsləhətlərini sizinlə paylaşmaq istədik. Bu
il olmasa da, gələn il bunları edə bilərsiniz.
“İlaxır çərşənbə sübh vaxtı axar
su üstünə gedib suya salam verər,
ağırlığım-uğurluğum tökül deyə
üç dəfə tullanarlar. Sonra isə, bir səhəng
su gətirib ev-eşiyə, həyət-bacaya səpərlər
ki, bu da ilin xoş keçməsi, ağrı acının
olmaması istəyini ifadə edir. Axır çərşənbə
gecəsinin səhəri evin damına buğda atarlar ki, il bərəkətli
olsun, həmin gecə un çuvalının ağzını
açıq qoyarlar ki, bərəkət paylananda bağlı
qalmasın, həmin gecə ərgən qızlar arxası
qapıya durub ayaqqabısının bir tayını geriyə
doğru atarlar, əgər ayaqqabının ucu qapıya tərəf
düşsə yaxın zamanda ailə quracaqlarına bir
işarədir. Bundan əlavə axır çərşənbədə
bir neçə parça kömürü, bir ovuc duzu və
bir-iki dənə də qara pulu kuzəyə qoyub damdan atarlar.
Deyilənə görə, kömür qara günün, duz
acgözlüyün, qara pul isə yoxsulluğun əlamətidir.
Qapı pusar, şal və ya qurşaq sallayarlar. Ocaq
üstündən tullanarkən deyərlər:
“Atıl-batıl çərşənbə, bəxtim
açıl çərşənbə””.
Gülxar Şərif
Olaylar.- 2012.- 20 mart- 2 aprel.- S.9.