Bir sənətkar tanıdım - dahidir!

 

Elşad Rzayevin simli orkestr üçün etmək istədiyini anlayanlar anlamayanlardan daha betər laqeyd imiş

 

Lənkəranda onunla çoxdanın tanışıyıq- 20-25 il olar. Lap əvvəllər onu adi gitara çalan kimi tanımışdım. Sonra  bir neçə ziyafət məclisində ifasını dinlədim, heyran qaldım. Özünəməxsus fərqli repertuarı və ifa tərzilə seçilirdi. Gitaranı əzab-əziyyət çəkərək çalmırdı, alət onun əlinə, ruhuna ram olubmuş kimi sanki özbaşına oxuyurdu. O, ansamblda adi bir ifaçı kimi qalmır, müğənnidən daha önə çıxırdı. Aşkar görünürdü ki, onun yeri  toyxanalar  deyil.  Sonra  onu Lənkəranın modernistlər cəm olan müxtəlif yığnaqlarında gördüm. Başqalarından daha fəal idi. Sonra uzun illər yalnız hərdən sorağını eşidirdim; “Elşad müəllim belə dedi”, ”Bu, Elşadın tərzindədir”, “Bunu Elşad müəllim düzəldib”, “...lap Elşad olub getmisən!” və sair. Onu da eşidirdim ki, o yaxşı dizaynerdir, rəssamdır, yaxşı asma tavan qurur, musiqili işıq sistemləri düzəldir, istənilən musiqi alətinin ən yaxşı ustasıdır, onun köklədiyi fortopianolara söhbət yoxdur, musiqiçilər, musiqi məktəbləri onun qəbuluna düşə bilmir,.. Amma buna tam əmin idim ki, mənim tanıdığım Elşad Rzayev təkcə bu deyil və o nəsə başqa bir aləmin  adamıdır. Onun nəsə axtardığını da, daim narahat olduğunu da, hamıdan fərqli olduğunu da asanca sezirdim. Amma nəyi axtarırdı? Onun bir insan olaraq  missiyası nədən ibarət idi? Bəstəkarmı olacaqdı? Özünü təsdiq edə bilməyən alim idimi? Hər şeyin mahiri olan bu insan daha hansı sənətlərin ustadı olmağa iddialı idi?

Zaman keçdi, onun emalatxanasına bir mahir tokara müraciət etmək məqsədilə gəldim. Hamı ona müraciət etməyimi məsləhət görmüşdü. Emalatxanası Lənkərandakı Mərkəzi Bazarın və Böyük Bazar Məsçidinin arxasındakı “Orbita” Məişət evinin həyətində idi. Buraya televizordan  tutmuş soyuducuya, kondisionerdən tutmuş  generatora, tozsovurandan tutmuş maqnitafona, su matoruna, elektrik sobalarına, ta  termosa, ütüyə, paltaryuyana qədər xarab olmuş hər cür cihazı təmir etdirməyə gəlirlər. Hamısı Lənkəranın ən mahir ustalarıdır. Onların içində təkcə bir nəfərə  “müəllim” deyə müraciət olunur – Elşad Rzayevə! Elşad müəllim heç kəsin bacarmadığı, ən incə tokar işlərini də az qala gözüyumulu icra edir. Ona tamaşa edərək köks ötürürəm və hiss edirəm ki, bu insan nə qədər mahir olsa da öz qabında, öz meydançasında, öz ampluasında deyil.

 

Axı kimdir Elşad Rzayev?

 

Bu sualın cavabını çox illər sonra, bir dəfə və təsadüfən tapdım. “Orbita-Servis  ASC-nin həyətində onunla görüşdük, hal-əhval tutduq. Usta qiyafəsində idi. Birdən məni zənd ilə süzdü və çay içməyə dəvət elədi.  Sonra isə, “Mən səni çayxana çayına yox-ha, usta çayına dəvət edirəm – “çay mastera”- dedi!  Lənkəranlılar çayın dəyərini yaxşı bilir. Amma heç usta çayının ləzzəti barəsində eşitməmişdim. Elşad müəllim bağlı   ağır sandıq kimi çox maraqlı şəxsiyyət olduğu üçün onun təklifindən imtina etmək olmazdı.  Bu zaman onun barəsində nəsə yazmaq qərarına gəldim. Şərtləşdiyimiz  gün axşam çağı onun yanında idim. Heç demə onun bir ayrı emalatxanası da var imiş. Bir neçə bağlı qapıdan sonra qarşımda açılan otağın görüntüsü əvvəlcə məni çaşdırdı. Yaxınlıqdakı məsçiddən yüksələn “Allahu Əkbər!”  sədalarının da qəlbləri yumşaltmadığı bir zamanda kimsə sənə özünün sənət dünyasını göstərir. Elşad müəllim əllərini yuyub, köhnə, mis qəhvədanına su doldurdu və balaca elektrik pilitəsinin üstünə qoydu. Sonra isə çaydanı dəm prosesinə hazırlamaqla məşğul oldu. Bu vaxt ərzində isə mən divardan sıra  ilə asılmış və onun əl işləri olan qəribə musiqi alətlərinə  tamaşa etməyə başladım. Sırf milli xarakterli  naxışlar və əymələrlə diqqəti cəlb edən bu simli alətləri ilk dəfədir ki, görürəm. Bir başqa divardan müxtəlif çertyojlar, not yazıları, daha birindən isə miniatür və xırda ölçülü  skripkalar, süvenir əşyalar diqqətimi cəlb edir. Onun düzəltdiyi yaxın döyüş üçün əymə qılıncı əlimə götürən kimi içimdən bir gizilti axıb-keçir. Əldə belə nəfis və polad parçalı qılıncla düşmən üstünə atılmağa dəyər.

Ətrafda və ortada düzülmüş stolların üstündə müxtəlif usta alətləri və ağac materialları var. Burada içərisində kimyəvi maddələr olduğu hiss olunan şüşə qablar, telefon, televizor, hətta maqnitafon da, divan, jurnal mizi də var. Ən əsası, burada qəribə sakitlik hökm sürür.  Divana çöküb bu aləmin sükutuna varmaq istəyirəm.  Bir qədərdən sonra mən burada qəribə səslər  eşitməyə başlayıram. Musiqi səsləridir. Alətlər danışır və hamısı harmoniya şəklində vahid bir əsəri ifa edir. Hansı musiqini ifa etdiklərini dəqiqləşdirə bilmirəm. Ancaq Azərbaycan musiqisidir. Sonra sanki bir simfonik  orkestr  çalır. Burada səslər  həddən artıq çoxdur, diopozon genişdir, ən zilindən tutmuş, ən bəminə qədər var. Belə möhtəşəm ifa ruhumu oxşayır. Bu  gözəl ifanın fərqli nüanslarını ayırmaq istəyirəm. Yox, bunlar bizim spesifik alətlərimizin səsləri deyil, yenidir və daha artıq cilalıdır.

-Çayını soyutma!

Bunu deyən qarşımdakı jurnal mizinin üstünə armudu stəkanda çay qoyan Elşad müəllimdir. Üzündəki təbəssüm mənim nələr duyduğumdan xəbərdar olduğunu ifadə edir. Onun barəsində yazmaq istədiyimi qətiyyətlə bildirir və qeyd dəftərçəmi açıram. O isə qəti etiraz edir. Hiss edirəm ki, bunu həqiqətən də heç xoşlamır. Sadəcə, mənimlə daha yaxından tanış olmaq istəyirmiş.   başlayır məni sorğu-suala çəkməyə. İlk dəfədir ki, belə vəziyyətə düşürəm. Amma onun suallarını cavablandıraraq da elə onun özündən cavablar çəkmək mümkün imiş. Qarşılıqlı müsahibə. Elşad Rəşid oğlu 1956-cı ildə Lənkəranda doğulub. Moskva İncəsənət Universitetində klassik gitara üzrə təhsil alıb. Bu heç də mizrab və iki barmaqla və tar yolu ilə gitara çalmaq deyil. Burada on barmağın onu da işləyir, daha çox da sağ əlin barmaqları simlərin üzərində gəzir, onları dartır, oxşayır, sığallayır,.. Digər heç bir alətə ehtiyac qalmır, klassik gitara bir simfoniya kimi səslənir. Azərbaycanda onun ustadları elə də çox deyil. O isə Leninqradda məşhur gitaraçı Aleksey Fomiçovdan yaxşı dərs ala bildi. Moskva və Leninqrad həyatı onun simli musiqi alətlərini daha yaxından öyrənməsinə  rəvac verdi. Hətta fortopianonu da mükəmməl öyrəndi. Artıq istənilən simli musiqi alətini kökləyə, təmir edə, hətta düzəldə bilərdi. Onsuz da ustalıq əlindən çox yaxşı gəlirdi. Elə ustadlığı da çox yaxşı oldu. Lənkəranda klassik gitaranı  ondan qeyri  bilən yox idi.  O əvvəlcə 2 saylı musiqi məktəbində, sonra isə çoxsaylı sifarişlər və yaşlı rus əhalinin arzusu ilə yerli Zabitlər  evində sinif açdı. Rayonun elə dövlət tədbiri yox idi ki, Elşad öz gitarası və yeni solo nömrəsilə orada çıxış etməmiş olsun. Amma hər şey tədricən başqa istiqamət alırdı. O özünü toylarda ucuzlaşan sənətə israf etmədi, “manıs” kimi tanınmasını özünə rəva bilmədi. Onsuz da kifayət qədər gitaraçı yetişdirmişdi. Daha öz hisslərini, duyğularını da zorlaya bilmirdi. Bir tikə ruzunu onsuz da Allah adama istənilən  yerdə  yetirəcək. Əvvəl-axır öz ruhuna daha xoş gələn işlərlə məşğul olmalı idi. Amma bunu da birbaşa edə bilməyəcəkdi. Onu doğru başa düşməyəcək, adına müxtəlif ayamalar qoşacaqdılar. Ona görə də “Orbita” adlanan Məişət xidməti müəssisəsinə gəldi. Lənkəranda və ətraf rayonlarda musiqi alətlərini təmir edən, kökləyən mütəxəssis yox idi. Ona görə də belə bir sex açdılar və fəaliyyətini Elşad müəllimə etibar etdilər. Təkcə musiqi aləti təmir etməklə ailə saxlamaq olmazdı.  Vaxtı ilə tokarlıq sənətini də öyrənmişdi. Tokarlıqla  yalnız dolanışıq səbəbindən məşğul oldu. Lakin elə buradaca öz içini  didən  duyğuları tədricən ifadə etməyə çalışdı. Düzəltdiyi musiqi alətləri o qədər nəfis idi ki, daha çox süvenir xarakteri daşıyırdı. Amma bunları satmırdı. Elşad musiqi elminin dərinliklərinə nüfuz elədi və Azərbaycan musiqi alətlərində  çatışmayan səsləri aşkarladı. Xüsusən də Səid Rüstəmov adına Azərbaycan Xalq çalğı alətləri simfonik orkestrin ifasındakı səs boşluqlarını dəqiq  müəyyən etdi.  Söhbətin bu yerində onunla fikirlərimiz haçalaşdı. “Usta çayı” adama daha həssas olmağı təlqin edir. Ona da sanki elə mənim əks arqumentlərim lazım imiş.  Öz arqumentlərini mənə səbrlə isbata yetirməyə başladı. “Bilirsən, son illər bu orkestrə kontrabas, fleyta, qaboy və bir sıra digər yadelli  alətlər əlavə olunub. Amma yenə də mükəmməl səslənmə yoxdur. Soruşursan niyə?  Çünki bizim orkestrdə aşağı  səs diapozonlu alətlər yoxdur. Alətlər müğənni ilə paralel ifa edir. Halbuki, bir qədər aşağıdan çalmalıdırlar. Onları qınamalı da deyil. Axı buna müvafiq alətlərimiz yoxdur. Orkestrdə dominant alətlər qrupundan “piççikatolu tar”, “messo-soprano”, “leqato”lu  kamança orkestrin  dəsti-xəttini müəyyən edir. Lakin hər iki alətin səs diapozonu kiçikdir, birinci və ikinci oktavaları əhatə etdiyindən orkestrin daha harmonik  polifonik səslənməsinə imkan vermir. Əksər dünya xalqları milli orkestrlərində bu problemi özlərinin mövcud musiqi alətlərini modernləşdirərək, əlavə alətlər yaradaraq həll etmişlər. Simfonik orkestrlərinə skripka, alt- violençel, kontrabas, ruslarda prima, sekunda, alt və bas balalayka, Latın Amerikası ölkələrində terç, kvarç və böyük gitaralar yaradılmış, bu isə onların orkestrinin səs diapozonunu xeyli genişləndirmişdir. Belə vəziyyət isə bəstəkarlara partitura yazılmasında geniş imkanlar yaradır.”

Çox maraqlı və dəyərli düşüncələrdir. Onun bu sahədə hansı əməli işlər görməsi ilə maraqlanıram. Məlum olur ki, o uzun illərdir xalq çalğı alətləri orkestrinin  simli alətlər qrupunun səs diapozonunu analiz etməklə məşğul imiş. Nəhayət bu boşluğu doldurmaq üçün özü yeni musiqi alətlərini yaratmağa başlayıb. Orkestrin tar qrupuna milli “messo-soprono”, “tenor” və “bas –tar”, kamanlı alətlər qrupuna isə “alt” və “bas” kamançalar əlavə etmək lazım gəlir. Bu halda alətlər qrupunun diapozonunu hətta kontr oktavaya qədər genişləndirmək mümkün olur. O artıq “tenor”un, “bas-tar”ın və alt kamançanın versiyasını tamam hazır etmişdir. Bu yeni musiqi alətlərini mənə göstərir. “Sarı gəlin” mahnısını adi tarda, sonra isə bu yeni alətlərdə ifa edir. Fərq çox aydın və ürəkoxşayıcı qədər aşkar hiss olunur. Elşad müəllim  məhz bu işlə məşğul olmağa  başlayan vaxtdan içində bir rahatlıq hiss etməyə başlayıb və özünün dünyaya məhz  bu işdən ötrü gəldiyinə əmin olub. Bütün bunları bu günə qədər nə üçün ölkə ictimaiyyətinə təqdim etməməsi ilə maraqlanıram. Bu ki, ölkənin musiqi sənətində böyük hadisə, hətta nadir tapıntıdır!  Döymədiyi qapı qalmayıbmış. Bu alətlərin hər birini tam mükəmməl hala gətirmək  üçün dörd sıfırlı məbləğ tələb olunur. Nümunələr hazırlanmasından ötrü kifayət qədər böyük borca giribmiş. Hələ də kredit ödəyir. Onun ideyalarını analiz etmələrindən ötrü professor Məcnun Kərimovun rəhbərliyi ilə nüfuzlu bir komissiya yaradılıbmış. Komissiya onu saatlarla dinlədi, sual verdi, gətirdiyi musiqi alətlərində ifa etdilər,..İnkar etməyə arqumentləri yox idi, amma sonucda şablon tərzdə bu işi  davam etdirməsini tövsiyyə elədilər. Ona maliyyə vəsaiti, qrant və dövlət himayəsi də məhz elə  bu işi davam etdirmək üçün lazım idi. O isə indi də ümidini üzmür. Ötən zaman ərzində daha mükəmməl alətlər düzəltməyə çalışır. Onun düzəltdiyi skripka kompozisiyasını dünya şöhrətli violençel ustası Mıstıslav Rastropoviçə hədiyyə ediblər. O, heyrətləndirməyi bacarır. Tamam başa çatan, onun daha yaxşısını hazırlamasına mane olan musiqi alətlərini əlinə alıb sındırmağı da var. Burada hər şey əslində  mükəmməldir. Lakin bu mükəmməllik ona daha irəli gedə bilməsindən ötrü mane olmamalıdır. Hələ yeni-yeni səslər kəşf edəcək. Bu yolda kimsənin onu tərifləməsinə, barəsində nəsə yazmasına da  heç ehtiyac  yoxdur. Əslində o öz dünyasını, öz aləmini yaşayır. Onun dünyasından gələn inciləri qəbul etməyə isə cəmiyyət hələ  hazır deyil. Bütün dahilərin yaşadığı oxşar  taledir. Dahilərin təkcə müasiri olmaqla iş bitirmi? Bitən təkcə ömürdür –   bizim cəmiyyətin vaxtında qədrini bilmədiyi sənətkar ömrü! Onun dühası hökmən yeni bir dahiyə ötürüləcək və ideya yaşayacaq! Əsas odur ki, bu ideya artıq var! İdeyanın əsl sahibi isə musiqişünas alim Elşad Rzayevdir.

Onun mikro-mühitindən ayrılarkən aradan uzun zaman keçmişdi. Amma sanki əsas söhbətə yenicə başlamışdıq.

 

 

         Hafiz Mirzə

        www.hafizmirza.com

 

       Olaylar.- 2012.- 23 may.- S.10.