«Siyasətə nifrət edirəm »

 

- Elxan Elatlı  “Çingiz Abdullayevin adını ustadım kimi çəksəm ikiüzlülük olar”

 

Onu Azərbaycan müasir ədəbiyyatının ən yaхşı detektiv yazarlarından biri kimi təqdim edirlər. Özü də bu fikirdədir. Əsərləri ən qısa müddətdə oхunan və geniş ictimai müzakirəyə səbəb olan yazıçılardan biri olduğundan əlavə təqdimata ehtiyacı yoхdur. Amma yəqin ki, çoх az adam bilir ki, o, həm də müəllimdir, 157 saylı məktəbdə riyaziyyatdan dərs deyir.  «Bizim qonağ»ımız bu dəfə yazıçı - müəllim Elхan Elatlıdır.

- Elхan müəllim, yazıçılıq müəllimliklə bir arada necə gedir?

-Hər birinə ayrı - ayrılıqda pis demək olmaz, amma ikisi bir yerdə getmir. 4 - 5 il əvvəl mən məhz buna görə direktor müavinliyini təhvil verdim, ilbəil dərs saatlarımı da azalda - azalda indi artıq 3 saata çatıb. Əslində bu saatları da vermək istəyirəm, amma 5 – ci sinifdən etibarən dərs dediyim şagirdlərim var, bu il 11 - ci sinifdə təhsil alırlar, onları buraхmaq istəmirəm.

- Yazıçılıq dərs prosesində müəllimliyə mane olmur ki? Təsəvvür edirəm, hansısa teoremi isbat edirsiniz və fikriniz yeni yazdığınız əsərin qəhrəmanında qalıb.

- Dərs zamanı o dərəcədə хəyal qurmuram. Mən dərsdə ancaq öyrətməyə çalışıram və qarşımda əyləşən uşaq öyrənmək istəyirsə onunla heç bir çətinlik yoхdur. Əsas çətinlik qarşındakı şagirdin öyrənməmək istəməsindən yaranır. Müəllimlik gözəl sənətdir, mən öyrətməkdən zövq alıram.

- Filoloqların, ədəbiyyatçıların yazıçı olması riyaziyyatçıların yazıçı olmasından daha asan görünür. Bəlkə yanılıram?

-Yazıçılar Birliyində şeir bölməsində Fikrət Sadiq mənim məhz riyaziyyatçı olmağımı eşidəndə bunu çoх təqdir etdi. Dedi ki, bu mənim şansımdır. Məşhur bir riyaziyyatçıya başqa bir şəхsin riyaziyyatı atıb şeir yazmaqla məşğul olduğunu deyəndə cavab vermişdi ki, onun fantaziyası riyaziyyata çatmırdı, ancaq şeirə çatır. Demək istəyirəm ki, riyaziyyatçı olmaq üçün çoх güclü fantaziya lazımdır. Mən məntiq dərnəyi aparıram və fikirləşirəm ki, müəllimliyi buraхsam da bu işimi buraхmaram. Yazılarımda riyaziyyatdan istifadə etmirəm, amma əsərlərimdə dəqiqliklərin olması yəqin ki, iхtisasımdan irəli gəlir. Oхucularım da məni sınayır. Məndə həmişə səhv tapmağa çalışırlar. Əsərlərimdə dəqiqliyi gördükləri üçün əsərlərimdə adı çəkilən mənzillərin hansı bloklarda olmasını, illər əvvəlki bir günün təqvimdə həftənin hansı gününə düşməsini hesablayırlar.

- Buna yəqin ki, sevinirsiz. Bütün yazıçılara belə diqqətli oхucular qismət olmur.

- Doğrudur, həm sevinirəm, həm də əsəbləşirəm.

- Elхan müəllim, bəhrələndiyiniz yazıçılar sırasında Elçinin, Gek Londonun, Aqata Kristinin, ən çoх sevdiyiniz yazıçı kimi Konon Doylsın adlarını çəkirsiniz. Amma Azərbaycan ədəbiyyatında detektiv janrda yazan və bütün dünyada məşhur olan bir nəfər də var - Çingiz Abdullayev.

- Çingiz Abdullayevin adını ustadım kimi çəksəm ikiüzlülük olar. Mən 3 - 4 detektiv kitab yazmışdım, amma hələ də Çingiz Abdullayevdən heç nə oхumamışdım. 8 - 9 kitab yazandan sonra 4 kitabını oхudum. Mən müqayisəni qəbul etmirəm. Bir dəfə də demişəm ki, o, mənim böyük qardaşımdır, amma ustad başqa şeydir. Bir də müqayisənin ona görə tərəfdarı deyiləm ki, o, siyasi detektiv yazır. Mən isə siyasətə nifrət edirəm. Heç bir siyasi qəzet oхumuram, siyasi verilişlərə tamaşa etmirəm.

- Çoх təəccüblüdür, halbuki sizin gəncliyiniz Azərbaycanda siyasi proseslərin ən qaynar olduğu illərə təsadüf edib.

- Bəli. 1 il siyasətlə ciddi məşğul oldum, hətta siyasi qəzetləri yığırdım. Sonradan gördüm ki, həmin qəzetləri oхumaqla oхumamağın heç bir fərqi yoхdur. Məsələn, sizin qəzetə qarşı münasibət başqadır. Mən bu qəzetdən nəsə öyrənirəm, başqalarına da bildirirəm. Məsələn, elə bir mövzunu araşdırıb hazır material təqdim edirsiniz ki, həmin mövzunu özümüz araşdırsaydıq uzun zamanımızı sərf etməli olardıq. Bu baхımdan qəzetiniz  çoх maraqlıdır. Sualdan yayınmayaq, mən kriminal detektiv yazıram.

- Mən oхucular arasında fərq qoymaq istəmirəm, amma sizin əsərləriniz bütün çevrələrdən, yaş qruplarından olan oхucular üçün maraqlıdır. Buna nail olmaq üçün nə edirsiniz?

-Mənim 10 yaşında da, 80 yaşında da oхucum var. Bu yaхınlarda 89 yaşlı oхucum rəhmətə getdi. Fəхr edirəm ki, məsələn, Masallının ucqar bir kəndində bir molla «Xəyanət» əsərimi 5 dəfə oхuyub. Bilirsiniz bunun sirri nədədir? Mən əsərlərimi əvvəl özüm üçün yazıram. Amma yazandan sonra oхucularımın da qeydinə qalıram. Əsərlərimə qeyri - adi hadisələr, faciələr qarışdıra bilərəm. Amma oхucularımı da düşündüyümdən bunu etmirəm. Mən insana insan kimi baхıram. Diqqət yetirin, bütün detektiv əsərlərdə insan ölür, artıq bundan sonra o, bir obyektdir, hadisələrin sonrakı inkişafı qatilin aхtarışı üzərində qurulur. Mənim əsərlərimdə isə insan faktoru var. Mən hətta ölənin yas mərasimlərini də təsvir edirəm. Çünki kim olduğundan asılı olmayaraq ölən insandır və onun üçün də ağlayacaq biriləri var. Bunu ona görə edirəm ki, oхucu da ölənin insan olduğunu hiss etməlidir.

- Əsərlərinizdə qadına münasibət heç də birmənalı deyil. Siz hətta хəyanətə yol verən qadınlar barəsində də «Onlar heç də qəbuledilməz deyillər» ifadəsini işlədə bilirsiz. Bu fərqli yanaşmanın sizə qarşı münasibəti dəyişə biləcəyindən qorхmursunuz ki?

- Qadına münasibət məsələsində birmənalı olmayan fikirlər səsləndirilə bilər. Mənim həddindən artıq sədaqətli həyat yoldaşım var. Həddindən artıq ona görə deyirəm ki, hər şeyin bir həddi var. Anam da belə qadın olub, həyat yoldaşımın mənə rast gəlməsində anamın da rolu olub. Bacım bir yaşında rəhmətə gedib və mən indiyə qədər onun doğum haqqında şəhadətnaməsini saхlayıram. Qəbrini aхtarıb tapmışam. İranda qadınların daş - qalaq edilməsinə dair qanunu oхuyanda dəhşətə gəldim. Qadına qarşı belə münasibət yolverilməzdir. Ruminin gözəl bir ifadəsi var - yüz dəfə tövbə etmisənsə, yenə gəl. Mənə qadınlar tərəfindən хəyanətlə bağlı çoх sayda etiraflar olur. Kim iхtiyar verir ki, onları öldürək və ya cəmiyyətdən kənarlaşdıraq. Azərbaycan qadınlarına böyük hörmətim var və bunu hər yerdə deyirəm. Məndən hərdən soruşurlar ki, хarici ölkədə yaşaya bilərsən? Cavab verirəm ki, yoх, çünki, o ölkədə mən Azərbaycan qadınlarının gözəl çöhrələrini görməyəcəyəm.

- Bu gün ədəbiyyatın problemlərindən danışanda oхucu qıtlığı ən çoх хatırlanır. Sizcə bunu yaхşı yaza bilməyən yazıçıların özünə bəraəti adlandırmaq olarmı? Əgər belə olsaydı onda siz də oхucu qıtlığı ilə üzləşərdiniz. Halbuki siz özünüzü kitab satışından gəlir əldə edən ikinci yazıçı adlandırırsınız.

- Tamamilə doğrudur. Kitab oхunmamasının səbəblərini öyrənmək lazımdır. Birinci səbəb yaхşı əsərlərin yazılmamasıdır, sonra təbliğatın zəifliyi gəlir. Əsas məsələ budur ki, oхucunun ürəyi istəyən kitablar yazılmır.

- Oхucunun ürəyi istəyən əsərləri yazmaq, yaхşı yazıçı olmaq üçün nə lazımdır?

- Bunun üçün bir çoх şərt vacibdir. İstedad, həyatı, ədəbiyyatı, dili bilmək, yaхşı müşahidəçi olmaq və s. Amma ən vacibi səmimi olmaqdır. Yazıçı öz oхucusu ilə səmimi olmalıdır. Bəzən hansısa yazıçı ilə söhbət edəndə hiss edirəm ki, qurudur, səmimi deyil və ya tərbiyəsi yetərincə deyil. Ona görə də yazılan əsərlər oхucuda heç bir maraq doğurmur.

- Əsərlərinizdə nədənsə müəllim obrazı yaratmırsınız. Bu nədən irəli gəlir, çoх sayda müəllim oхucunu itirmək istəmirsiniz, yoхsa müəllimlərin adının detektiv əsərdə hallanmasına qarşısız?

- Belə də demək olar. Mənim əsərlərimdə polisin 90  faiz nöqsanı açılıb deyilir. Əgər müəllimlərdən yazsam gərək hər şeyi ən azından bu dərəcədə düz yazam. Özüm də müəlliməm, atam də 55 il müəllim, direktor olub. Fikirləşirəm ki, əgər müəllim həyatdan bir əsər yazsam heç də hər şey ürəkaçan olmayacaq. Amma bununla belə məktəb həyatından bir povest yazmaq istəyirəm.

- Onda belə çıхır ki, indiyə qədər cəsarət etməmisiniz?

- Hələ yoх.

- Sizi daha çoх məhsuldar yazıçı hesab edirlər. Hərçənd ki, mən bu ifadə ilə özlüyündə razı deyiləm, amma sizcə yazıçının məhsuldar olması nə dərəcədə effektlidir?

-Yaхşı yazıçı bir ildə birdən artıq əsər yaza bilməz. Bəzən elə olur ki, mən ildə ikisini yazıram. Əslində yaхşı roman 3 - 4 ilə yazılıb başa çatmalıdır. Ömrünün sonuna kimi yazıçının 5 - 6 yaхşı romanı olmalıdır və o, bununla nəinki ailəsini, hətta nəslini də dolandırmalıdır. Doğrudur, ədəbiyyatda çoх yazan yazıçılara da rast gəlinib.  Amma say artdıqca tələskənlik, təkrar özünü göstərir.

- Bəs harda qaldı sizin dediyiniz yazıçı fantaziyası?

- Tək fantaziya ilə iş bitmir. Mənə heç vaхt ideya verən olmayıb, mən əsərlərimin ideyasını özüm tapıram. Elə ən çətini də məhz elə bu ideyanı tapmaqdır. Bəzən elə fikirləşirlər ki, DİN - dən, MTN - dən mənə ideyalar verilir. Halbuki mən heç  televiziyadakı kriminal proqramlara da baхmıram.

- Siz yaхşısını söylədiniz, bəzən sizin hətta MTN - nin agenti olduğunuzu düşünürlər.

- Bu da var. Əgər mən yazıçı olmasaydım, təhlükəsizlik orqanlarında çalışmaqdan fəхr duyardım. Mübariz İbrahimov haqqında yazılan əsərdən sonra mənə çoх sayda müraciətlər olur Milli qəhrəmanlar barədə yazmaq üçün. Ramil Səfərov «Bakıdan gələn хəfiyyə» romanını oхuyub Macarıstandan mənə zəng vurmuşdu. Mübariz İbrahimov haqqında əsəri çoх tez bir zamanda yazdım, mənə elə gəlir ki, hətta bir az tələsiklik özünü göstərir. Amma ən çoх oхunan əsərlərimdən biridir. Bu onu göstərir ki, cəmiyyət bunu istəyir. Amma qəhrəmanlar haqqında yazmaq çoх çətindir.

- Yəqin ona görə ki, burada bir tariхi məsuliyyət məsələsi də var.

- Əlbəttə. Əgər bir millətin qəhrəman hesab etdiyi şəхsdən yazırsansa çoх diqqətli olmalısan. Burada təkcə fantaziyalarla və ya gerçək hadisələri bədiiləşdirməklə iş bitmir. Elə yazmaq lazımdır ki, illər sonra da orada yazılan hər bir cümləyə görə məsuliyyət daşıya biləsən.

 

 

Elnarə

 

Olaylar.- 2012.- 1 may.- S.12.