“Sirləri
açmağa hazır deyiləm...”
-Səbinə
Babayeva: “Hamını təəccübləndirməyi
bacaracağam”
Azərbaycanın
“Eurovision-2012”dəki təmsilçisi Səbinə Babayevanın Lent.az-a müsahibəsi
- Səbinə xanım, artıq
şouya hazırlıq işlərinə
başlamısınız. Tamaşaçını necə
bir şou gözləyir? Bizi nə ilə təəccübləndirəcəksiniz?
- Mən
komandamla birlikdə indi tamamən səhnə qoyuluşu, məşqlər,
promoturlarla məşğuluq, bütün gücümü
bunlara sərf edirəm. Sirlərimizi açmağa hələ
hazır deyiləm, lakin inanın ki, mən hamını təəccübləndirməyi
bacaracağam.
- Hər il müsabiqədə
mahnımızın ingilis dilində səslənməsi də
narazılıqlara səbəb olur. Bu il “Eurovision” müsabiqəsindəki
mahnımızın Azərbaycan dilindəki versiyası da
hazırlanmışdır. Müsabiqə günü bu
versiyanı səsləndirməyi düşünürsünüzmü?
Belə bir təklif almısınızmı?
- Mən
artıq Azərbaycan dilində olan versiyasını
tamaşaçıların və ictimaiyyətin mühakiməsinə
təqdim etmişəm və mahnını eşitdiyim ilk
andan mən onu azərbaycan dilində ifa etməyi
arzulamışam. Mənim arzum həyata keçdi. Lakin bu, hələ
mahnının pərəstişkarlarım üçün
hazırladığım son versiyaları deyil, bir qədər
səbrli olun.
- Bu vaxtadək Azərbaycanı
“Eurovision” müsabiqəsində təmsil edən hər
üç iştirakçının geyimi eyni üslubda
olub. Bəs Sizin geyiminiz nə cür olacaq?
- Mənim
səhnə kostyumum üzərində hazırda iş gedir, hələ
yekun versiyanı görməmişəm, buna görə də
indi nəsə demək çətindir.
Düşünürəm ki, geyimim heç bir geyimə bənzəməyəcək.
- Geyiminizdə hansısa milli ornamentlərdən
istifadə olunacaqmı?
- Mənim
səhnəyə çıxmağımı gözləyin,
mən indi bütün sirləri açmağa hazır deyiləm.
- “Eurovision” müsabiqəsinin
iştirakçılarından kimi dinləyirsiniz və kimi
öz rəqibiniz hesab edirsiniz?
- Bu il
müsabiqədə çox güclü
iştirakçılar var, məsələn, mənimlə
bir səhnədə Engelbert Hamperdink kimi məşhur estrada
ifaçısı olacaq. Buna görə də bütün
iştirakçılar birlikdə və
ayrı-ayrılıqda mənim üçün potensial rəqibdirlər.
Başlıcası – layiqincə çıxış etməkdir,
bizlərdən hər birimiz buna çalışırıq.
- Siz müsabiqə
iştirakçılarının ifa edəcəkləri
mahnıları dinləmisiniz. Necə hesab edirsiniz, hansı
ifa Sizinki ilə rəqabət apara bilər?
- Mən
başqalarını mühakimə etməyi sevmirəm. Hər
bir iştirakçı güclüdür və özünə
görə yaxşıdır, mən çox ümid edirəm
ki, müsabiqə maraqlı və zəngin olacaq.
- Bu müsabiqədə nailiyyət
əldə etməyin resepti necədir?
-
“Eurovision”, ilk növbədə - mahnı
müsabiqəsidir. Ən başlıcası – musiqidir, lakin mən hesab
edirəm ki, artistin vokal qabiliyyətindən, onun səhnə
davranışından, bütünlükdə səhnə
quruluşundan da çox şey asılıdır. Bu elə bir kompleksdir ki, onun bütün tərkib
hissələri ahəngdar çalışmalıdır.
- Müsabiqədən başqa hansı
maraqlarınız var? Nə ilə məşğul
olmağı sevirsiniz?
- Mən
oxuyuram və ən başlıcası budur. Musiqini
çox sevirəm, onunla yaşayır və nəfəs
alıram. Boş vaxtım olan kimi doğma
şəhərimizi gəzməyi sevirəm, qohumlarıma vaxt
ayırmağa çalışıram.
- Müsabiqədən
sonra hansı planlarınız var?
- Hələlik gələcək
üçün uzaq planlar qurmuram. Ümid edirəm ki, oxumağa davam edəcəyəm. Muğam sənətini
öyrənməyi çox
istəyirəm – bu mənim çoxdankı arzumdur, müsabiqədə
ifa edəcəyim mahnıda muğamın
son dərəcə gözəl
səslənişindən sonra
isə bu arzum daha da
artdı.
- Hansı ölkələrdən 12 xal
gözləyirsiniz?
- Oh, heç bilmirəm, düşünürəm ki,
mayın 26-sı biz hamımız
bunun şahidi olacağıq.
- Avropa ölkələrində
artıq kifayət qədər tanınmısınız.
Xarici ölkələrdən birgə
işləmək təklifləri
alırsınızmı?
- Hələ ki müsabiqə ilə məşğulam, buna görə də təkliflərə çox
diqqət ayıra bilmirəm, amma əgər hansısa yeniliklər olsa, mütləq xəbər edəcəyəm.
- Müsabiqə öncəsi
Azərbaycan tamaşaçısına
nə demək istərdiniz?
- İnanılmaz dəstək
və səmimi sözlərə görə
hamınıza təşəkkür
edirəm! Siz – mənim enerjimsiniz,
mənim daimi ilham mənbəyimsiniz.
Mən ölkəmizi
müsabiqədə layiqincə
təmsil etmək üçün əlimdən
gələni edəcəyəm
və çalışacağam
ki, siz Azərbaycanla
və mənimlə fəxr edəsiniz!
Olaylar.- 2012.- 1
may.- S.13.