Diş kabinetlərində “dolaşan” hepatitlər  

 

Diş həkiminə gedəndə, kresloya oturmazdan qabaq ətrafı yoxlayın, əks halda dişiniz sizə xəstəlik “hədiyyə” edə bilər. Gözəl gülüşün sahibi elə gözəl, sağlam dişin yiyəsi sayılır. Sağlam dişlər təkcə estetik cəhətdən üstünlük deyil, həm də onlar həzm sisteminin normal işləməsinə dəstək verir. Qidaların yaxşıca çeynənilməsi mədənin işini asanlaşdırır. Mütəxəsislər hesab edirlər ki, tək bir dişin itirilməsi mədə-bağırsaq xəstəliyinin yaranmasına zəmin yarada bilər. Həyatda qalmaq üçün vacib qida və içkilər qəbul edirik.

 

Zamanla diş ağrısı ilə qarşılaşırıq, bu ağrı hərdən o qədər dözülməz olur ki, ondan təcili canımızı qurtarmağa çalışırıq. Nəticədə “32 gözəl”dən biri, ardınca digərləri bizi tərk edir. Hazırda kiminsə rahatlıqla dişinin müalicəsi üçün hansısa klinikaya, ya da diş kabinetinə getməsi də problemə çevrilib. Bunun çox səbəbi var. Pasiyentləri həkim-stomatoloqun peşəkarlığı məsələsi, həkimə inamsızlıq, ən əsas isə həkimin nə dərəcədə təmiz şəraitdə işləməsi narahat edir. Çünki bu gün fəaliyyət göstərən diş kabinetlərin çoxluğu və bəzilərində hökm sürən antigigiyena, antisanitariya, sterilizasiya problemi bu barədə ciddi düşünməyə vadar edir. Tibbin bütün sahələrində, xüsusən də stomatologiyada sterilizasiya, tibbi alətlərin təmiz olması vacibdir. Həkimin xəstənin ağız nahiyəsinə ilkin müdaxiləsi- müayinəsi belə ehtiyyatla, təmiz həyata keçirilməlidir. Müasir zamanın tələblərinə görə, həkim –stomatoloqun kabinetindəki bütün avadanlıqlar xüsusi məhlulla təmizlənməli (pasiyentin əyləşdiyi kresloya qədər), həkim müalicə zamanı hər xəstə üçün birdəfəlik tibbi vasitələrdən (əlcək, şpris, ağız yaxalamaq üçün stəkan, müayinə güzgüsü, stomatoloji aparatın ucluqları kimi) istifadə etməlidir. Bundan başqa hər stomatoloji kabinetdə avtoklav adlı xüsusi strerilizasiya aparatları qoyulmalıdır ki, burada da bir çox alətlər hər pasiyentə xidmətdən dərhal sonra 100% mikroblardan təmizlənməlidir. Təəssüf ki, bu gün lisenziya ilə fəaliyyət göstərən kabinetlərin çoxunda müasir avtoklav kimi stelizasiya cihazları yoxdur. Həkimə bu barədə irad bildirdikdə isə, o alətlərin xüsusi dərmanla silindiyini bildirir. Respublika Stomatoloqlar Assossiasiyasının üzvü, ATU-nun tədris işləri üzrə asistenti Elmar Mirzəzadənin sözlərinə görə, sterilizasiya müasir stomatologiyanın əsas problemlərindən biridir. Ekspert bu barədə fikirlərini belə izah edir: “Təəssüf ki, bu gün bir qisim stomatoloji kabinetlərdəki vəziyyət acınacaqlıdır. Stomatoloqların peşəkarlığı bir kənara, orada sterilizasiya tələblərinə düzgün əməl olunmur. Nəticədə insanlar məxfi şəkildə müxtəlif xəstəliklərə yoluxurlar. Bunlar arasında qanla keçən- hepatitlər (xüsusən hepatit B, hebatit C), AİDS kimi qorxulu xəstəliklər yer alır. Hər həkim-stomatoloqun ən sadə tibbi maska və əlcəkdən istifadəsi belə nadir görünən haldır. Avtoklavların, sterilizatorun hər kabinetdə olması zəruridir. Hətta beynəlxalq standartlara görə, stomatoloji kabinetin döşəməsi belə infeksiya, mikroblara, bakteriyaya dayanıqlı olan xüsusi linoliumla örtülməlidir. Bundan başqa, orada istifadə olunan cihazlara verilən su belə, bizim gündəlik istifadə etdiyimiz yox, xüsusi qurğularda təmizlənmiş su olmalıdır. Bu gün demək olar ki, çox tibb ocağında sadalanan mənfi hallar hökm sürür. Kabinetin və həkimin gigiyena qaydalarına əməl etməməsi onun özünün sağlamlığı üçün də təhlükə yaradır. Həkimin pasiyentdən xəstəliyə yoluxma riski də çoxdur. Əslində, stomatoloji kabinetlər daha tez-tez yoxlanılan obyektlər sırasında olmalıdır. Assossiasiyamız Respublika Sanitariya və Epidemiologiya Mərkəzi və Baş Səhiyyə İdarəsinə dəfələrlə öz tövsiyyə və iradlarını bildirsə də, hələlik neqativ hallar hökm sürməkdədir.”

 Başqa bir təcrübəli həkim-stomatoloq Ərəstun Həsənzadənin sözləri də yuxarıda deyilənləri bir daha təsdiqləyir. Stomatoloqun fikrincə, həkimlər fəaliyyəti zamanı daha çox öz sağlamlıqlarını qorumalıdırlar. Ekspertə görə, həkim-stomatoloq müraciət edən xəstəsinə “hansı xəstəliyiniz var?” deyə bilməz. “ Bu həm etikaya uyğun deyil, həm də pasiyentin heysiyyatına toxunmuş olar. Pasiyentin sağlamlığı barədə məlumat olmadığı səbəbindən, həkimlərin diqqətli və təmiz davranması şərtdir. ”Diş kabinetlərdən birinin stomatoloqu İlham həkim də doğrudan da yoluxma hallarının mövcudluğunu qeyd etdi. “Pasiyentlər arasında vəziyyətdən xəbərdar olanlar da var, onlar sterilizasiya barədə çox suallar verirlər. İnsanların məlumatlı olması sevindirici haldır. Elə insan var ki, xidmətin bahalığının məhz təmiz şəraitə görə olmasını dərk etmir. 5-6 manata dişin çəkildiyi kabinetdə sözsüz, hər hansı xəstəliyə yoluxma riski yüksək olacaqdır”- deyə, həkim fikirlərini paylaşdı. Stomatoligiya sahəsindəki problemlərlə bağlı Respublika Stomatoloji Mərkəzin fikrin də bilmək istəyərdim. Təəssüf ki, bu vacib məsələylə bağlı Mərkəzin baş həkimi Kamran Aslanov hər hansı münasibət bildirmək niyyətində olmadı. Bakı Şəhər Baş Səhiyyə İdarəsindən isə bildirdilər ki, stomatologiya sahəsindəki hər hansı problem onların iş prinsipinə aid deyil, bu sahədəki vəziyyətin onlara ümumiyyətlə dəxli yoxdur. Əslində şəxsən bir vətəndaş kimi bugünədək bu səhiyyə obyektinin hansı işlə məşğul olduğunu və ya nə işə yaradığını tapa bilməmişəm.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəisi Ziyəddin Kazımov da bu sahədə problemlərin olduğunu qeyd etdi. Mütəxəssis vaxtaşırı stomatoloji kabinetlərdə reyd və monitorinqlərin aparıldığını bildirdi. Onun verdiyi məlumata görə, ötən il Bakıda, eləcə də bir neçə rayonda həm qanunsuz fəaliyyət göstərən, həm də antisanitariya vəziyyətində olan bir neçə kabinetin işi dayandırılıb. Mərkəz təmsilçisi onu da qeyd etdi ki, hazırda 2012-ci il üçün monitorinqlə bağlı hazırlıqlar gedir və yaxında respublikanın stomatoloji kabinetlərindəki ümumi vəziyyət yoxlanılacaq. “Müvafiq sterilizasiya, gigiyena qaydalarına əməl etməyən stomatoloqlar cəzalandırılacaq, cərimə ediləcək, yaxud onların fəaliyyətinə xitam veriləcək”,-deyə mərkəz təmsilçisi bildirdi. Ziyəddin müəllim özəl diş kabinetlərin sayını deməkdən isə çəkindi. Bu sayın nə səbəbdən saxlandığını soruşanda isə, o yekun rəyin reydlərdən sonra veriləcəyini qeyd etdi. Yəqin ki, bu reydlər şəffaf aparılacaq, xüsusən şəhərətrafı qəsəbələrdəki diş kabinetlərinin vəziyyəti nəzərdən keçiriləcək. Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinin 66.1 maddəsində deyilənlər öz əksini tapır. “Tibbi, kosmetoloji, bərbərxana xidmətləri zamanı qan və digər bioloji mayelərlə təmas nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirləri pozularsa. Qanun pozuntusu zamanı fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 500-700 manat, hüquqi şəxslər 2000-2500 manat arasında cərimə ödəməlidir.” Təbii ki, istənilən ödənilən cərimə xəstəliyə yoluxmuş insanın sağlamlığını geri qaytara bilməz.

 

Dişimizi hara kimə etibar edək?

 

Dişi ağrıyan kəs tez-bazar ondan qurtulmağa çalışır. Onu bu halında həkimin kabineti, buradakı vəziyyət belə maraqlandırmır. Amma yox, bura qədər yazılanlar əbəs deyildi. Bütün hallarda diş həkimə gedəndə, yaxınlıqdakı kabinetin vəziyyətinə nəzər salmadan keçməyin. Ən əvvəl həkimin əllərinin təmizliyi dəqiqləşdirilməlidir. Sonra stomatoloji güzgü, əlcək, şpris, iri tibbi avadanlıqların ucluqları bir dəfəlik olmalı, istifadə olunacaq müalicə ya diş çəkilməsində lazım olan kəlbətin, skalpel, elevator digər alətlərin təmizliyinə riayət olunmalıdır. Bu alətlər avtoklavlar, quru hava sterilizatorda təmizlənir, yeni pasiyent üçün təhlükəsiz istifadə olunur. Bahalı özəl klinikaların stomatoloji kabinetlərində belə bu barədə suallar vermək gərəkdir. Pasiyentlər çox vaxt bahalı xidmətin daha təhlükəsiz olduğunu deyirlər. Amma bu belə deyil. Bəzən oradakı tibb bacısının məsuliyyətsizliyi belə sizin hansısa xəstəliyi qapmanıza səbəb ola bilər.

Bu arada stomatoloqların otağında bir nəfər kimi istifadə etməli olduğu avtoklavlar barəsində bir az məlumat vermək istəyərdim. Bu aparat 1879-cu ildə Şarl Şamberland tərəfindən ixtira olunub. Bu gün tibbdə istifadə olunan avtoklavlar daha da təkminləşib. Tibbi alət vasitələrin sterilizasıyasını həyata keçirən bu aparatlar yüksək təzyiq temperaturla işləyir. Təzyiqsiz olan aparatlar isə quru hava sterilizatoru adlanır. Avtoklavlar həcminə görə fərqlənir. Şəhərin bir neçə stomatoloji avadanlıq satan mağazalarından bildirdilər ki, avtoklavlar ötən 10 ilə nisbətən bu gün daha geniş istifadə olunur. Həcmi, tutumuna görə qiymətləri fərqlidir. 16, 18, 22 litrlik avtoklavların qiyməti 1500 -2000 manat arasında dəyişir. Birdəfəlik istifadə olunan kiçik vasitələrin qiyməti isə çox da baha deyildir. Sadəcə həkim stomatoloq pasiyentinin sağlamlığını daha vacib hesab edib, qeyd olunan qaydalara əməl etməlidir. Başqa sözlə, hər şey qalır həkimin vicdanına.

 

Dişim düzəldi, əvəzinə xəstəlik tapdım...

 

Tez-tezDiş həkimləri daha çox xəstəlik yayırlariddası səslənir .Bu fikir əbəs yerə deyil. Həm xəstə, həm sağlam insanı müalicə edən həkimin işi qəlizdir. Müalicə obyekti isə ağızda yerləşdiyindən hər an həkimin natəmiz əli ilə belə istənilən xəstəliyə yoluxa bilərik. Xəstəliklər arasında xüsusən virus hepatitlərinin adı hallanır. Bu səbəbdən bir daha bu barədə xatırlatma yerinə düşər. Hepatitlər (A,B,C,D,E az yayılan F,G) əsasən xəstənin qanı ilə sağlam insanın qanı təmasda olanda yoluxdurulur. Ümumiyyətlə, viruslar cinsi yolla, fərdi antigigiyena nəticəsində ötürülə bilər. Viruslar qanköçürmə əməliyyatlarında daha çox yoluxdurulur. Bütün hepatitlərin hədəflədiyi orqan qaraciyərdir, “məqsədonu dağıtmaqdır. Eləhepatit yunancadanqaraciyərdeməkdir. Ən geniş yayılan A, B, C viruslarıdır. Hepatit A-Xalq arasındasarılıqxəstəliyi kimi tanınır. Daha çox yoluxucudur. Xəstəlik zamanı qaraciyər böyüyür. Hepatit B- bu zaman da qaraciyər toxumalarında dəyişiklik baş verir. Müalicə olunmadıqda qaraciyər genişlənməsinə qədər fəsadlar meydana gəlir. Hepatit C- bu viruslar içində ən təhlükəlisidir. Virus qaraciyər sirrozuna, qaraciyər çatışmazlığına gətirib çıxarır ölümlə nəticələnir. Dünyada hər il 50 milyondan çox insan bu virusa yoluxur, 1,5 milyon isə ölür. Hepatitlərin ümümi əlamətləriiştəhasızlıq, temperaturun olması, üşütmə, oynaq-əzələ ağrısı, sidiyin rənginin tünd olmasıdır. Vaxtında düzgün müayinə müalicə isə əsasdır. Nəhayət, əsas məsələ. Virus hepatitləri orqanizmə daxil olduqda 6 ay ərzində gizli şəkildə yaşayır. Əlamətlər görünmür. Elə vacib məsələ budur ki, istənilən tibb ocağında, söhbəti gedən diş kabinetində yoluxma baş versə belə bunu stomatoloqa sübut etmək çətindir. Bu kifayət qədər zaman alan müayinələrdən sonra aydın olur. Bu səbəbdən hər pasiyent bu barədə əvvəlcədən tədbirli ehtiyyatlı olmalıdır.

Dünya ölkələrində belə bir təcrübə var ki, xəstələrin tibb ocaqlarında hər hansı virusa, infeksiyaya yoluxması barədə ciddi, ardıcıl araşdırma statistika aparılır. Azərbaycanda isə insanların müxtəlif tibbi müdaxilələr zamanı hər hansı xəstəliyə yoluxması gizli qalır. Bu səhiyyə problemləri arasında ən vacib olanıdır.

 

 

Olaylar.- 2012.- 1 may.- S.10.