“Coca-Cola”nın
Azərbaycan xalqından gizlətdiyi şok gerçək
İnsanlarımıza satılan
“Pepsi-Cola” məhsullarında da xərçəng yaradan maddənin
miqdarı azaldılmayıb...
Xatırladaq ki, ABŞ Qida və Dərman
Dairəsində laboratoriya sınaqları zamanı “4-metilimidazol”
maddəsinin siçanlarda xərçəngə yol
açdığı bəlli olub. “4-metilimidazol” (4-MEI) maddəsi
“E150 D” qida əlavəsinin tərkibində yer alır. Bu qida əlavəsi
də Ümumdünya Səhiyyə Təşkilatının
siyahısında, o cümlədən Azərbaycan Səhiyyə
Nazirliyində istifadə zamanı insan orqanizminə zərərli
təsir göstərməyən qida əlavələri
sırasındadır. Ancaq məhz bu sınağın nəticələri
məlum olandan sonra bu ilin fevral ayında Kaliforniya
ştatının parlamenti bu maddəni xərçəngə
yol açan maddələr siyahısına salıb.
Qəbul edilən qanuna görə,
içərisində bu maddə olan içkilərin üzərinə
mütləq “Diqqət, xərçəng yarada bilər!” xəbərdarlığı
yazılmalıdır. Bu da bütün diqqəti qazlı
içki məhsulları sahəsində dünyanın iki ən
böyük firması olan “Coca-Cola” və “Pepsi”-nin məhsullarına
yönəldib. Çünki bu şirkətlər tərkibində
“4-metilimidazol” (4-MEI) maddəsi olan “E150 D” qida əlavəsindən,
yəni şəkər çalarından gen-bol istifadə
edirlər. İçkilərə rəngi bu qida əlavəsi
verir. Məhz bu qanundan sonra “Coca-Cola” və “Pepsi-Cola” şirkətləri
on illərdir ki, istifadə etdikləri reseptləri dəyişdirəcəklərini,
karamel rəngi verən “4-metilimidazol” maddəsindən müəyyən
çərçivədə istifadə edəcəklərini,
bunun miqdarını azaldacaqlarını
açıqlayıblar. Hər iki şirkətin
yaydığı və dünyanın nüfuzlu KİV-lərində
dərc edilən açıqlamalarında qeyd olunub ki,
Kaliforniyada yeni tərkibli içkilər satılacaq və bu
yeni tərkibli içkilər bütün ABŞ ərazisində
də satışa çıxarılacaq. Bu şirkətlərin
məhsulları Azərbaycan bazarında da gen-bol
satılır. Həm də həmin məhsullar kənarda yox,
bu şirkətlərin Azərbaycanda yaratdıqları müəssisələrdə
istehsal edilir. Söhbət Bakı şəhəri,
Tağıyev 1, Sulu Təpə qəsəbəsi,
Şamaxı yolunda yerləşən “Azerbaijan Coca-Cola Bottlers
Ltd.” və Bakı şəhəri, Sulu Təpə qəsəbəsi,
Sumqayıt yolu 15. ünvanında yerləşən “Mars
Overseas Baku ltd” müəssisələrindən gedir.
Nazirlik və Dövlət Komitəsi
araşdırıb...
Bu şirkətlərin
məhsullarının xərçəng xəstəliyinə
yol açdığı barədə məlumat yayılandan
dərhal sonra Lent.az “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və “Mars
Overseas Baku ltd” müəssisələrinə müraciət
etmişdi. Soruşmuşduq ki, birinci, xərçəng
yaratdığı üzə çıxan “4-metilimidazol” maddəsindən
məhsullarında istifadə edirlərmi, ikincisi, istifadə
edirlərsə, bundan sonra Azərbaycanda istehsal edəcəkləri
məhsullarda bu maddənin miqdarını azaltmaq niyyətləri
varmı? Nəhayət, belə niyyətləri varsa, nə
vaxt və konkret hansı həcmdə bu maddədən istifadəni
azaldacaqlar?
“Mars
Overseas Baku ltd” susmağa üstünlük verib, “Azerbaijan
Coca-Cola Bottlers Ltd.” isə rəsmi məktub göndərmişdi.
Ancaq bu cavabda bizim ünvanladığımız suallara konkret
cavab yox idi. Məktubda yazılmışdı ki, “Son günlər
KİV-də “Coca-Cola” şirkətinin istehsal etdiyi məhsulların
tərkibində dəyişiklik baş verməsi haqqında
yanlış məlumatlar yayılır. Biz bu məsələyə
aydınlıq gətirmək istəyirik. Şəkər
çaları, digər sözlə karamel - bizim məhsullarımızda
olub, var və daim təhlükəsiz tərkib hissə olaraq
qalacaq. “Coca-Cola” şirkəti öz dünya şöhrətli
formulunu dəyişmək niyyətində deyil. Həyata
keçirilən dəyişikliklər “Coca-Cola” içkisinin
rəngi və dadına təsir göstərməyəcək.
İstehsal prosesinə vaxtaşırı müdaxilə edilsə
də, məxfi formul dəyişməz olaraq qalır. Bu dəfə
biz, “Karamel” məhsulunda “4-MEI” miqdarının
azaldılması məqsədilə karamel
istehsalçılarına müraciət etmişik. Lakin bu qətiyyən
istehlakçılarımızın tanıdığı
yüksək keyfiyyətli məhsulun tərkibinə, rənginə
və təravətli dadına təsir göstərməyəcək.
Şirkətin ən yüksək keyfiyyət və təhlükəsizliyə
yönələn səyləri əsas prioritet olaraq qalır.
Məhsulumuzun təhlükəsizliyini qorumaq
üçün, biz elmi dəlillərə əsaslanmağa
davam edəcəyik”.
Biz öncəki
yazımızda da qeyd etmişdik ki, əgər yayılan məlumat
yanlışdırsa, tərkibində “4-MEI” maddəsi olan
“E150 D” qida əlavəsi təhlükəsizdirsə, niyə
elə bu rəsmi cavabın digər hissəsində “bu dəfə
biz “Karamel” məhsulunda “4-MEI” miqdarının
azaldılması məqsədilə, karamel
istehsalçılarına müraciət etmişik” ifadəsi
yer alıb?! Yox, əgər məhsulun tərkibində dəyişiklik
olacaqsa, niyə “şəkər çaları bizim məhsullarımızda
olub, var və daim təhlükəsiz tərkib hissə olaraq
qalacaq, məxfi formul dəyişməz olaraq qalır” məzmunlu
birmənalı bəyanat verilir?! Nəhayət, nə
üçün Lent.az-ın suallarına konkret cavab verilmir?
Niyə açıqlanmır ki, şirkət Azərbaycanda
istehsal etdiyi məhsulların tərkibində xərçəng
yaratmaq təhlükəsi olan maddənin miqdarını
azaldıb-azaltmamaqla bağlı qərar veribmi, konkret nə
vaxtdan başlayaraq azaldacaq, yaxud azaltmayacaq?
Azərbaycan
insanının sağlamlığının qorunmasına
xüsusi önəm verən Lent.az bu suallara konkret cavab almaq
üçün martın 29-da İqtisadi İnkişaf
Nazirliyinə və Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinə üz tutub, bu
dövlət qurumlarına rəsmi müraciət edib.
İnsanlarımız
sağlamlığı üçün yaranmış təhlükəni
nəzərə almırlar...
Lent.az İqtisadi İnkişaf Nazirliyinə
aşağıdakı sualları ünvanlayıb:
- “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və
“Mars Overseas Baku ltd” müəssisələrinin istehsal etdiyi məhsulların
tərkibində “4-metilimidazol” (4-MEI) maddəsi olan “E150 D” qida əlavəsi
aşkarlanıbmı?
- “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və
“Mars Overseas Baku ltd” müəssisələri məhsullarında
“4-metilimidazol” maddəsinin miqdarını azaldacağı ilə
bağlı Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinə məlumat, bildiriş göndəribmi?
- “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və
“Mars Overseas Baku ltd” müəssisələri məhsullarında
“4-metilimidazol” maddəsinin miqdarını azaldılması,
yaxud məhsullardan bu maddənin tam çıxarılması
barədə tövsiyə verəcəkmi?
Bu günlərdə
İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri
Samir Vəliyevin adından Lent.az-a daxil olan cavab məktubunda
qeyd edilir ki, əldə olunmuş ilkin məlumatlara əsasən
“Coca-Cola” və “Pepsi-Cola” içkiləri istehsal edən
“Azerbaijan Coca-Cola Bottlers Ltd.” Və “Mars Overseas Baku ltd” şirkətləri
məhsulun tərkibində “4-metilimidazol” maddəsinin
olduğunu inkar etmir və həmin şirkətlər tərəfindən
məhsulun tərkibində həmin maddənin
azaldılacağı haqqında İqtisadi İnkişaf
Nazirliyinə məlumat daxil olmayıb: “Qanunvericilikdə qida məhsullarının
istehsalında “4 metilimidazol” maddəsindən istifadənin məhdudlaşdırılması
və ya qadağan olunması nəzərdə tutularsa, məsələyə
yenidən baxıla bilər. Bununla belə, insanların
sağlamlığına və İqtisadi İnkişaf
Nazirliyinin fəaliyyətinə göstərdiyiniz diqqətə
görə sizə öz təşəkkürümüzü
bildiririk”.
Beləliklə,
İqtisadi İnkişaf Nazirliyinin rəsmi cavabından
aydın olur ki, “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və “Mars Overseas
Baku ltd” şirkətləri Azərbaycan xalqına
qarşı saymazlıq nümayiş etdirir, ABŞ-dan fərqli
olaraq Azərbaycanda istehsal etdiyi və satdığı məhsulların
tərkibində “4-metilimidazol” maddəsinin miqdarını
azaltmayıb.
Standart laqeydlik
Standartlaşma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinə
ünvanladığımız sualların əhəmiyyətli
hissəsinə isə cavab almaq mümkün olmayıb. Qeyd edək
ki, Dövlət Komitəsinə aşağıdakı suallar
ünvanlamışıq:
- Azərbaycanda istehsal edilən sərinləşdirici
içkilərlə bağlı dövlət standartında
hansı meyarlar əksini tapıb?
- “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və “Mars
Overseas Baku ltd” müəssisələrinin istehsal etdiyi məhsullar
bu standarta uyğundurmu?
- Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi bu məhsullara
uyğunluq sertifikatı verərkən həmin məhsullar
yoxlanıbmı, onların tərkibində “4-metilimidazol”
(4-MEI) maddəsi olan “E150 D” qida əlavəsi
aşkarlanıbmı?
- “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və ““Mars
Overseas Baku ltd” müəssisələri məhsullarında
“4-metilimidazol” maddəsinin miqdarını azaldacağı ilə
bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinə məlumat, bildiriş göndəribmi?
- Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi “Azerbaijan Coca-Cola
Bottlers Ltd.” və ““Mars Overseas Baku ltd” müəssisələri
məhsullarında “4-metilimidazol” maddəsinin miqdarını
azaldılması, yaxud məhsullardan bu maddənin tam
çıxarılmasını nəzərdə tutan yeni
standart üzərində işləyirmi?
Standartlaşma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat
xidmətinin müdiri Fazil Talıbovun adından Lent.az-a daxil
olan cavab məktubunda yazılır ki, “Azerbaijan Coca-Cola Bottlers
Ltd.” MMC dövlət qeydiyyatına alınmış TŞ AZ
1540478-01-2005 “Alkoqolsuz içkilər və Post MİKS kubaj
soropları” texniki şərti və “Mars Overseas Baku ltd”
dövlət qeydiyyatına alınmış TŞ AZ
3118080-2011 “Alkoqolsuz içkilər” texniki şərti əsasında
məhsul istehsalını həyata keçirməkdədirlər:
“Məhsulların normativ sənədlərin tələblərinə
uyğunluğunu, məhsul istehsalçısının məhsulun
keyfiyyəti və təhlükəsizliyinə dair bəyan
etdiyi göstəricilərə riayət olunmasını
araşdırmaq məqsədi ilə Dövlət Komitəsinin
müvafiq struktur bölməsi tərəfindən 1 iyun
2011-ci il tarixindən 13 iyun 2011-ci il tarixinədək “Azerbaijan
Coca-Cola Bottlers Ltd.” və ““Mars Overseas Baku ltd”-də dövlət
nəzarəti aparılıb. Sınaqların nəticələrinə
görə, hər iki halda məhsul nümunələrinin
keyfiyyət və təhlükəsizlik göstəriciləri
normativ sənədlərin tələblərinə uyğun
olub. Bu müəssisələrin məhsul istehsalında
istifadə etdikləri “E150d” indeksli qida əlavəsi ilə
bağlı isə bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli Əmri ilə
təsdiq olunmuş “Qida məhsullarının təhlükəsizliyinə
və qida dəyərliliyinə gigyenik tələblər”
sanitariya-epidomioloji qaydalar və normativlərin 7 nömrəli
Əlavəsində “E150d” indeksli (Amonyak-sulfit texnologiyası
üzrə alınan IV şəkər çaları –CARAMEL
IV) qida əlavəsi olaraq qida məhsullarının
hazırlanması üçün istifadə zamanı insan
orqanizminə zərərli təsir göstərməyən
qida əlavəsi kimi göstərilib”.
Təəssüf
ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və ““Mars Overseas Baku
ltd” müəssisələri məhsullarında “4-metilimidazol”
maddəsinin miqdarını azaldacağı ilə
bağlı Dövlət Komitəsinə məlumat,
bildiriş göndərilib-göndərilmədiyi, Dövlət
Komitəsinin səlahiyyətinə uyğun olaraq “Azerbaijan
Coca-Cola Bottlers Ltd.” və ““Mars Overseas Baku ltd” müəssisələrinin
məhsullarında “4-metilimidazol” maddəsinin miqdarını
azaldılması, yaxud məhsullardan bu maddənin tam
çıxarılmasını nəzərdə tutan yeni
standart üzərində işləyib-işləmədiyi
barədə sualları cavabsız qoyub. Zatən Lent.az bundan
öncəki araşdırmasında nəzərə
çatdırıb ki, tərkibində “4-metilimidazol” maddəsi
olan “E150d” qida əlavəsi Ümumdünya Səhiyyə Təşkilatının
və Azərbaycan Səhiyyə Nazirliyinin siyahısında
yer alıb, bununla belə, Səhiyyə Nazirliyinin Respublika
Gigiyena və Epidemiologiya Mərkəzinin Qida gigiyenası
bölməsinin müdiri İmran Abdullayev də Lent.az-a
bildirib ki, mümkündür ki, “4-metilimidazol” da xərçəng
yaratsın, çünki ammonyak və sulfid kimyəvi maddələrdir.
İmran Abdullayev onu da qeyd etmişdi ki, əgər
yayılmış informasiyalar təsdiqini taparsa, ÜST tərəfindən
də bu maddənin xərçəng yaratdığı təsdiqlənərsə,
o halda ÜST tərəfindən bu maddənin məhsullara
qatılması qadağan olunar və təbii ki, biz də Azərbaycanda
onun qadağan edilməsinə nail ola bilərik. O
vurğulamışdı ki, Azərbaycan da birtərəfli
olaraq “4-metilimidazol” maddəsinə qadağa qoya bilər. Belə
olan halda Standartlaşma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinin keçən il aparılmış
hansısa dövlət nəzarəti barədə məlumatı
Lent.az-a göndərməsi və E150d” qida əlavəsinin Səhiyyə
Nazirliyinin siyahısında yer aldığını
xatırlatmaqla əsas suallara cavab verməkdən
yayınması, ABŞ Qida və Dərman Dairəsində
laboratoriya sınaqları zamanı “4-metilimidazol” maddəsinin
xərçəngə yol açdığı barədə
məlumata diqqət yetirməyə belə lüzum görməməsi,
standartların hazırlanması və qəbuluna məsul
dövlət orqanı kimi bu istiqamətdə hansı təşəbbüslərlə
çıxış edəcəyini açıqlamaması təəssüf
doğurmaya bilməz...
“Kimyaçılar “ah-uf!” deyib getdilər...”
Azad
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ
ilə bağlı Lent.az-a açıqlamasında deyib ki,
“Coca-Cola” məhsulunun tərkibi 12 ildən artıqdır ki,
açıqlanmır, bütün dünya üçün
sirr olaraq qalır: “Mən hətta 1998-ci ildə Beynəlxalq
İstehlakçı Təşkilatında məsələ
qaldırdım ki, bütün dünyada “Coca-Cola” məhsullarını
boykot edək. Çox müzakirələr getdi. Amma qərar
qəbul edilə bilmədi. Birinci səbəb budur ki,
“Coca-Cola” artıq istehlakçının beyninə oturub.
Şirkətin təkcə “Coca-Cola” əmtəə
nişanının qiyməti 150 milyard dollardır. Əgər
“Coca-Cola” 10 il o butulkaya çay doldurub satsa, istehlakçı
onu yenə alacaq. İkinci, “Coca-Cola” hansı ölkəyə
gedirsə, o dövlətə böyük vergi verir və
dövlətin iqtisadi siyasətinə təsir edən amilə
çevrilir. Üçüncüsü, “Coca-Cola”-nın
reklamlarına böyük pullar xərclənir və
istehlakçının beynini yorur. “Coca-Cola”-nın
arxasında Ümumdünya Ticarət Təşkilatı kimi
qlobal satış təşkilatı dayanır. Dünyada
alıcı təşkilatları qoruyan Beynəlxalq
İstehlakçı Təşkilatı satış təşkilatı
olan Ümumdünya Ticarət Təşkilatına uduzub. Mən
bunu dəfələrlə beynəlxalq yığıncaqlarda
söyləmişəm”.
Eyyub
Hüseynov Standartlaşma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinin “Coca-Cola” məhsullarının Azərbaycanın
standartlarına uyğun istehsal edildiyi barədə
açıqlamasını da əsassız sayır:
“Bütün dünya ölkələrində “Coca-Cola” məhsulları
üzərində həmin dövlətin standartı
yazılır. Azərbaycanda da AZS standartı yazılır.
Guya bu məhsullar yoxlanılıb və standartlara uyğundur.
Ancaq “Coca-Cola”-nın tərkibi məlum deyil, bu məhsullar
heç bir yoxlamadan keçməyib”.
Azad
İstehlakçılar Birliyinin sədri bu şirkətin məhsullarının
insan orqanizmi üçün çox ciddi təhlükəyə
yol açdığını vurğulayır:
“Coca-Cola”-nın qeyri-adi məziyyətləri var, insan bədənini
soyudur. Bu o deməkdir ki, insandan enerji ayrılır. Mən 3
il əvvəl Azad İstehlakçılar Birliyinin
laboratoriyasında suyun, spirtin və “Coca-Cola”-nın içərisinə
eyni ət parçası atdım. Suda və digər mayelərdə
ət iyləndi, təbii proses getdi, çürümə
oldu. Amma “Coca-Cola”-nın içərisində ət 4 ay
qaldı, heç bir qoxuma baş vermədi. Ət liflərə,
“Coca-Cola” özü isə bir-birindən ayrılan 3 fərqli
rəngə bölündü. Azərbaycan Dövlət Neft
Akademiyası yaxınlıqdadır, kimyaçıları
topladım. Kimyaçılardan heç kim heç nə deyə
bilmədi, “ah-uf!” deyib getdilər. Mənim bu primitiv təcrübəm
göstərdi ki, “Coca-Cola”-nın tərkibində nə varsa,
təbii proseslərin qarşısını alır. Bunlar
insan orqanizminə düşəndə də təbii proseslərin
getməsinin qarşısını alır, bədəndə
mikrofloranı öldürür, məhv edir. Ümumdünya
İstehlakçı Təşkilatı və Azad
İstehlakçılar Birliyi birmənalı olaraq uşaq
bağçalarında, məktəb bufetlərində
“Coca-Cola”-nın satışının
qarşısının alınması üçün iş
aparır. Mümkün qədər kiçik yaşlı
uşaqlar “Coca-Cola” içkilərdən istifadə etməsinlər.
“Pepsi-Cola” ilə bağlı da eyni sözləri söyləmək
olar”.
Qeyd edək
ki, Lent.az məsələ ilə bağlı Nazirlər
Kabinetinə rəsmi müraciət göndərib. Eyni zamanda
Azərbaycanla istehsal edilən “Coca-Cola” və “Pepsi-Cola” məhsullarının
tərkibində təhlükəli “4-metilimidazol” maddəsinin
miqdarının azaldılması, yaxud tam
çıxarılması barədə Milli Məclisin qərar
qəbul etməsinin mümkünlüyünü nəzərə
alaraq, parlament rəhbərliyinə və parlamentin müvafiq
komitələrinə müraciət edəcək. Lent.az Azərbaycanda insan
sağlamlığı üçün təhlükə
yaradan məhsullarla bağlı araşdırmalarını
davam etdirəcək.
Olaylar.- 2012.- 2 may.- S.10.