Fəxriyyə
Xələfovanın «Xəzər gülü”
Modelyer: “Hələ bu
günə kimi bu cür kolleksiyalar təqdim
etməmişəm”
Tanınmış modelyer, Azərbaycanın
əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın
mayın 13-də H.Əliyev adına sarayda Xələfovanın yeni “Caspian
rose” adlı kolleksiyasının nümayişi olacaq. “Olaylar”a
verdiyi eksklüziv açıqlamada modelyer gecədə
tamaşaçıları gözləyəcək yeniliklərdən
danışdı:
-Mayın 13-də Heydər Əliyev adına Sarayda
çox maraqlı moda şousu hazırlayıram. Bu moda nümayişində
üç kolleksiya göstəriləcək. Əsas yenilik
isə gəlinliklərin kolleksiyası olacaq. Hələ bu
günə kimi mən bu cür kolleksiyalar təqdim etməmişəm.
Bu təqdimat “Eurovision Mədəni Proqramı”
siyahısına daxildir. Deməli, 5-30 may tarixlərində
paytaxtımızın mədəniyyət mərkəzlərində
müxtəlif yaradıcılıq növləri
nümayiş etdiriləcək. Bunlardan biri də moda
nümayişi olmalıdır. Mən fikirləşdim ki,
kolleksiyaya yenilik gətirmək üçün ona gəlinliklər
də əlavə edim. Bizim adətimizə uyğun olan kəmərlər
var. Onlar qırmızı rəngdə olurlar. Mən düşündüm
ki, nədən bu kəmərlərdən olmasın? Şou
zamanı tamaşaçılar çox yeniliklər görəcəklər.
Həmin gün eyni zamanda xanımlar üçün
yaratdığım yeni ətrimin təqdimatı olacaq. Həm
kolleksiya, həm də yeni ətrimin adı “Caspian rose”dur -Xəzər
qızılgülü. Bu, real çiçəkdir, təbiətdə
belə bir gül var. Fikirləşirəm ki, Azərbaycan
xanımları hamımız gözəl bir çiçəyik. Demək olar ki, heç kimin məlumatı
yoxdur ki, Xəzərin sahili boyunca gözəl Xəzər
qızılgülü bitir. Mən biologiya fakültəsini bitirdiyimə
görə bu gül barədə məlumatım var idi.
Artıq ətriyyatçı olduğumdan sonra fikirləşdim
ki, bu fürsətdən istifadə etməliyəm. Bu
özümüzə məxsus bir güldür. Belə bir
nadir çiçəklərin istifadəsi həmişə,
populyarlıq, uğur gətirir. Ətir həm beynəlxalq
xarakter daşıyır, həm də ki, ətrin istehsalı
üçün çox əlverişlidir. Maraqlı təqdimat
olacaq. Mən kolleksiyalarım üçün musiqini
xüsusi olaraq hazırlayıram. Zalda ekranlar olacaq. Mənim
kolleksiyalarımdan ibarət eksklüziv nadir kadrlar nümayiş
olunacaq. 60 geyim, 3 kolleksiya
göstəriləcək.
- Ətirlər satışa
çıxarılacaq?
- Təqdimatdan
sonra bu ətirlər satışa çıxarılacaq. Bu mənim
qadınlar üçün hazırladığım ikinci ətrim
olacaq. Birinci “Nuray” idi. Mən həmişə həm geyimlərimə, həm də
ətirlərimə münasib qiymətlər təqdim edirəm.
Onların qiymətlərini süni şəkildə
artırmıram. Ona görə ki, mən yerli
istehsalçıyam. Ona görə də mən istəyirəm
ki, məhsullarım öz vətəndaşlarım həm
sevilsin, həm də alınsın.
Mən demək olar ki, 2009-cu ildən ətirlər
kolleksiyasına başlamışam. 2010-cu ildə “Nuray” ətirlər
kolleksiyası satışa çıxarılıb. 4 ildə
mənim yetərincə özümə qarşı
inamım artıb və bu
işdə daha da peşəkarlaşmışam. Arzum var ki,
bundan sonra dünya şöhrətli ətir hazırlayım,
onun formuladını tapım. Burada məqsədim sadəcə
məşhurluq və populyarlıq qazanmaq deyil. Mən bu ətirləri
hamı ilə bölüşmək istəyirəm.
Hamıya bu ətirləri bəxş etmək istəyirəm.
Bu gələcəyin layihəsidir. Bu həm də beynəlxalq
layihə olmalıdır. Bu arzumu yaxın üç il ərzində
gerçəkləşdirmək istəyirəm. İstənilən
xanımı və bəyi öz icad etdiyim ətirlərin ətrinə
bürümək istəyirəm.
- Yəqin ki, şou da özünəməxsusluğu
ilə seçiləcək?
-
Nümayiş ssenariləşmiş,
teatrlaşdırılmış şəkildə olacaq. Təbii
ki, moda nümayişində bir kolleksiyadan o birisinə
keçmək üçün geyimləri dəyişmək
lazımdır. İstəyirəm ki, bu anlarda mənim dostluq
etdiyim sənət dostlarım, müğənnilər səhnəyə
çıxsınlar. Amma onların kimliyini tam dəqiqləşdirməmişəm.
Bir sözlə, musiqili qonaqlarım da olacaq.
- Xaricdən dəvət olunmuş
qonaqlarınız olacaq?
- Xaricdən
qonaq dəvət etməmişəm. Həm ətirin təqdimatı,
həm də kolleksiyaların nümayişi olduğundan onsuz
da şounun təşkilati məsələləri çox
çətindir. Belə olan halda hər hansı xarici qonaqla məşğul
olmağa nə vaxtım, nə də imkanım olacaq. Həm
də düşünürəm ki, o ərəfədə
artıq ölkəmizdə o qədər qonaq olacaq ki, otellərdə
bəlkə heç yer də olmayacaq. Bir sözlə,
hansısa xarici ulduzu və ya qonağı dəvət etmək
planım yoxdur. Bəlkə sonra, yeni ətrimin ikinci
promo-aksiyası üçün nə isə etdim.
-Biletlərin
qiyməti gələn qonaqların büdcəsinə
uyğun olacaq?
-Həmişə
fikirləşmişəm ki, kolleksiyalarımın təqdimatında
biletlərin qiyməti münasib olmalıdır. Biletlərin
qiymətini bahalı etməyəcəyəm.
Nisə Rafiqqızı
Olaylar.- 2012.- 2 may.- S.9.