“Azərbaycan
təhsil tarixi” kitabının təqdimatı
keçirilib
Mayın
3-də Yeni Azərbaycan Partiyasının
təşəbbüsü ilə təhsil naziri
Misir Mərdanovun
3 cildlik «Azərbaycan
təhsil tarixi» kitabının təqdimatı
keçirilib. Mərasimdə
çıxış edən Yeni Azərbaycan
Partiyasının sədr müavini Əli
Əhmədov bildirib ki,
Azərbaycanın sürətli inkişafı həyatımızın
bütün sferalarında özünü
göstərməkdədir.
Bu
inkişaf eyni zamanda elm, təhsil, mədəni yüksəliş
proseslərini də əhatə etdiyini deyən YAP rəsmisi
təqdimatı keçirilən kitabın mühüm əhəmiyyətli
bir əsər olduğunu vurğulayıb: “Təbii ki, Azərbaycanın
inkişafının çox vacib istiqamətlərindən və
bu inkişafın kökündə dayanan amillərdən biri
təhsil sahəsində həyata keçirilən islahatlar və
bu islahatlar nəticəsində əldə olunan nailiyyətlərdir.
Azərbaycan təhsili ölkəmizin bu günkü və gələcək
inkişafının əsasını təşkil edən
sistemə çevrilib. Məmnunluq hissi ilə demək
lazımdır ki, bu gün Azərbaycanda yüksək təhsilli,
bilikli, müasir dünyanı dərk edən və bu
dünyanın fəal üzvünə çevrilməyə
layiq olan gənclərimiz formalaşıb. Bu gənclərin
formalaşmasında təhsilimizin müstəsna rolu var və
bu rol getdikcə artır. Biz əminik ki, təhsilimiz əsası
Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş siyasət nəticəsində bundan sonra da
inkişaf edəcək, daha da müasirləşəcək,
Azərbaycanın inkişafının fundamental amillərindən
və əsaslarından biri kimi daha böyük faydalar gətirəcək”.
***
YAP sədrinin
müavini Azərbaycan təhsilinin tarixinin öyrənilməsinə
böyük ehtiyacın olduğunu deyib. Onun sözlərinə
görə, tarixin araşdırılması nə qədər
keçmişə hörmət və ehtiramı ifadə
edirsə, gələcək üçün də
mühüm əhəmiyyət kəsb edir. Tədbirdə
çıxış edən Milli Məclisin sədr
müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bu nəşrlərin
təhsilin bütün dövrlərini əhatə etdiyini və
bunun böyük əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar,
Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı
Əhliman Əmiraslanov,
Bakı Slavyan Universitetinin rektoru Kamal
Abdulla, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin
deputatı Yaqub Mahmudov, «Təhsil»
Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru Bəhruz Axundov və digərləri
çıxış edərək Misir Mərdanovun müəllifi
olduğu «Azərbaycan təhsil tarixi» üçcildlik
kitabının ölkə ictimaiyyəti üçün əhəmiyyətini
vurğulayıblar.
Sonda təhsil
naziri Misir Mərdanov çıxış edərək bu nəşrə
verilən qiymətə və onun ərsəyə gəlməsində
zəhməti olan hər kəsə təşəkkürünü
bildirib. Bu kitabların Ulu öndər Heydər Əliyevin əziz
xatirəsinə həsr olunduğunu deyən təhsil naziri Azərbaycanın
təhsil tarixinin yazılmasının məhz Ümummilli
liderimizin tövsiyəsi olduğunu diqqətə
çatdırıb. “10 il ərzində bu kitabların üzərində
işləmişəm. Prezidentin razılığı və
Yeni Azərbaycan Partiyasının dəstəyi ilə həmin
kitabların təqdimatına toplaşmışıq.
Kitabın 3 cildi hazırdır, 4-cü cildi isə artıq mətbəədə
yığılır. Kitabın 1-ci cildində 1920-ci ilədək
Azərbaycanın təhsil tarixi ilə bağlı məlumatlar
əks olunub. Kitabın II cildində sovet dövründəki
təhsil tarixi ilə bağlıdır. Kitabın III cildində
Azərbaycanın müstəqillik illərində ölkəmizin
təhsil tarixi, keçdiyi yollar, görülən işlər
barədə geniş məlumatlar verilib”. Nazir təəssüflə
qeyd edib ki, I cild digərlərindən az səhifəli və
az məlumatlıdır: “Çünki arxivdə o qədər
də ciddi məlumatlar tapa bilmədik. Əgər gələcəkdə
bizim və digər naşirlərin, yaxud müəlliflərin
imkanı olarsa, daha geniş tədqiqat apara bilərlər”.
Misir Mərdanov bildirib ki, kitablar Azərbaycanın
bütün kitabxanalarına, o cümlədən ali və
orta məktəblərin kitabxanalarına göndərilib və
bu iş davam etdirilir.
Süleyman İsmayılbəyli
Olaylar.- 2012.- 4 may.- S.9.