Səviyyəsiz müğənnilərin bayağı mahnılarına klip çəkirlər”

 

Laçın Səmla: “Bu səbəbdən yerli reklamlarımız aşağı səviyyədə hazırlanır və təqdim olunur

 

Reklam sisteminə nəzər yetirsək görərik ki, bu  özündə elementləri, işçiləri, prosesləri və s. birləşdirən çətin bir sistemdir.   İqtisadiyyatın istənilən sahəsində reklama rast gəlinir. Ona görə də reklam hazırlanan zaman ona ciddi yanaşmaq lazımdır ki, reklamın nəticəsi səmərə versin. Bunun üçün reklam menecerlərinin rolu olduqca böyükdür. Reklam işində olan rəhbərlər ümumilikdə reklam işinin təşkilinə nəzarət edir və onun effektli olmasını təmin edirlər.  Amma etiraf edək ki, bu gün Azərbaycanda reklam bazarı demək olar ki, yox dərəcəsindədir. Bu səbəbdən efir məkanı da çox vaxt xarici  reklamlara möhtac olur. Çox vaxt isə bərbad tərcümə edilərək  yayımlanan  xarici reklamların dili tamaşaçıya yad görünür  və anlaşılmaz alınır.

 

Ölkəmizdə reklamın hazırki durumu ilə bağlı  araşdırmaçı-jurnalist Laçın Səmlanın  “Olaylara”a müsahibəsi. 

- Laçın xanım,  sizcə bu gün Azərbaycanda reklamın durumu nə yerdədir, reklam sənəti öz axarı ilə davam edir, yoxsa bu sahədə durğunluq var?

-Digər sahələrdə-şou biznes, mədəniyyət, təhsil, tibbi sahələrdə olduğu kimi, reklam sahəsində də bir durğunluq müşahidə olunur. Bu sahədə nə sanballı reklam işləri, nə də bu işlə ciddi məşğul olan bir reklamçı, bu sahəni anlayan bir şəxs var.

-  Azərbaycanda səviyyəli reklam çəkib pul qazanmaq necə, mümkündürmü?

- Bu gün daha çox səviyyəsiz müğənnilərin bayağı mahnılarına klip çəkdirmək mümkündür. Bundan da gəlir əldə edən klipmeyklər onlarladır. Hamısı da bir-biriylə sanki yarışa girib. Reklam sahəsi gəlirli sahədir, amma yuxarıda dediyim kimi sanballı reklam süjeti, mətni təqdim edən yoxdur ki, kimsə hər hansı reklamı çəkib pul qazana bilsin. Düzdür, televiziyalara təqdim olunan hər reklamın saniyəsi üçün külli miqdarda vəsait xərclənir. Bundan da daha çox televiziyalar qazanc götürə bilir.

-Gəlin keçək yaradıcı müstəviyə. Ümumi bir sualla: sizcə bizdə yaxşı reklam niyə çəkilmir?

- Çünki yaxşı reklam çəkmək üçün külli miqdarda pul tələb olunur. Bunu isə verən yoxdur. Son zamanlar dünya çapına çıxarıla biləcək hansısa filmimiz varmı? Reklam da belədir. Hansı xarici ölkənin telekanallarında və ya kino-studiyalarında filmimiz günlərlə yayımlanıb? Və ya bu barədə hansısa xarici KİV-də məlumata rast gəlmisiniz? Kino kimi, reklam da yaradıcı sahədir. Amma gəlin görək, Azərbaycanda bunu edə bilən varmı, yoxdur. Bilirsiniz bizdə nə üçün normal reklam mətni yazılmır, reklam roliki çəkilmir, musiqi seçimi bərbaddır? Rejissorlar da, klipmeykrlər də gücü verib səviyyəsiz oxuyanların bayağı mahnılarına klip çəkdirməyə. Bizim kifayət qədər tanınmış, həm fiziki tərəfdən, həm də üz cizgiləri gözəl olan, reklam rolikləri üçün tam yararlı top-modellərimiz, sənətçilərimiz var. Amma reklamçılarımız bunları görmək istəmirlər. Buna görə də reklamlarımız aşağı səviyyədə hazırlanır və təqdim olunur.

- Son dövrlərdə çəkilən televiziya kanallarında yayılan reklamlar sizi qane edirmi? Ümumiyyətlə Azərbaycan televiziyasında bəyəndiyiniz reklam varmı?

- Bir tamaşaçı kimi yerli telekanallarda yayımlanan reklamlar məni qane etmir. Reklam şirkətləri adətən xarici görünüşə fikir vermədən, amma tanınmış simaları öz reklam roliklərində görməyə üstünlük verirlər. Düzdür, dünya praktikasına əsaslansaq, reklamçılar istehsal etdikləri reklam roliklərində tanınmış simaları, bir nömrə olanları çəkməyə can atırlar bunun üçün milyonlarla vəsait xərcləyirlər. Xarici reklam şirkətləriylə bizimkilər arasında yerlə-göy qədər fərq var. Mən demirəm ki, reklam roliklərində mütləq 90-60-90 ölçülü qadınlara üstünlük vermək lazımdır. Amma heç olmazsa elə bir simanı reklama dəvət etmək olar ki, ekranı bütövlükdə bədəniylə örtməsin, bayağı makyajla ürək bulandırmasın. Sizcə dərəcədə düzgündür, diş mərcununun reklamına çəkisi 75-80, boyu 1.56, dişləri qoydurma bir sənətçini çəkmək? ya hansısa qidanı efirə, reklam şitlərinə uyğun gəlməyən bir qadın nümayiş etdirir. Ad çəkmək istəmirəm, fikir versəniz bəzi reklamlarda kişilərin alçaldılmasına da yer verilir. Milli mentalitet, dəyərlərimiz tapdalanır. Mən bu kimi reklam roliklərinin, mətnlərin əleyhinəyəm. Televiziya rəhbərlərindən biriylə söhbətimdə demişdi ki, onlar reklamdan ayda milyonlarla pul itirirlər. Bəzi reklam roliklərində hansısa məişət əşyasının, qidanın deyil, qadın müxtəlif pozalar verməklə əndamını reklam etdirir. Burada qadından istifadə olunur, reklam qalır bir kənarda. O ki, qaldı bəyəndiyim reklam roliklərinə, məsələn, “Jaləmeyvə şirələrinin ilk buraxılışlarını bəyənirəm. Seçim yüksək səviyyədədir. Beynəlxalq Bankın reklam rolikləri, mətnləri , musiqi seçimi, Azərcell mobil operatorun bəzi reklamları da alqışlanandır. Böyük Britaniya müğənnisi Elton Conun Türkiyənin tanınmışAnadolu atəşi”nin konsertdən əvvəl telekanallarda yayımlanan reklamlar reklam şitləri, reklam roliklərinin mətni onun təqdimatı, yəni səsləndirilməsi yüksək səviyyədə idi.

- Olubmu ki, hər hansı bir reklama baxanda deyəsiniz ki, gül kimi mətni korlayıblar?

- Əlbəttə, demək olar ki 90 faiz  belədir. Bilirsiniz, bizimkilər xarici istehsal olunan reklamların mətnini öz dilimizdə çox bərbad hala salırlar. Bu daha çox xarici şirkətlərin istehsal etdiyi reklamların nümayişi zamanı baş verir. Həmin reklamların mətnini istehsal edən xarici şirkətin öz dilində dinləyəndə, yüksək səviyyədə olduğunu, bizim dilə çevrilib yayımlayanda bərbad hala düşdüyünün hər kəs şahididir. Onlarda reklam rolikləri üçün seçilən simaların da, reklamın mətni , təqdim edən şəxsin intonasiyası da mükəmməldir.

- Azərbaycanda dünya ölkələrinə çıxa biləcək reklamlar niyə çəkilmir?

-   Sizcə, futbolda niyə qabağa gedə bilmirik? 85-90 kilo çəkisi olan, futbolçunu meydana buraxırlar, çünki kimsə onun dayısıdır, kimsə ona arxadır. Bax, reklamlarımızda da buna daha çox yer verilir. Bəzən eşidirik ki, hansısa sənət adamı külli miqdarda pul xərcləyərək özünü reklam rolikinə çəkdirir. Rus dilli bir sənətçini reklam rolikində görürük. Azərbaycan dilində mükəmməl danışa, reklamı təqdim edə bilən gənc sənətçilərimiz onlarladır. Sizcə, bu cür reklamlarla biz dünyaya çıxa bilirik? Bu qüsurları özümüz yaradırıq. Artıq bunlardan yaxa qurtarmaq vaxtıdır. Reklama kiminsə adamını, kiminsə sevgilisini, kiminsə uşağını çəkməklə uğur qazanmaq mümkün deyil. Bir misal deyim. Uşaqlara aid bir jurnalın üz qabığında gözləri çəp bir uşağın şəklini veriblər. Öyrəndim ki, o uşaq jurnal sahibinin yaxınlarından birinin uşağıdır. Uşaqlarla bağlı maraqlı mövzular olduğu üçün jurnalı alıb yaxınlarımın birinə bağışladım. Ailənin 3 yaşlı uşağı jurnalın üz qabığına baxıb “bu pis uşaqdır” deyib jurnalı yerə atdı. Əgər bir jurnalın üz qabığındakı şəkli bir uşaq bəyənməyib kənara atırsa, görün, bizim televiziyalarda yayımlanan reklamlarımız nə gündədir. Bu cür uğursuz seçimlərdən yaxa qurtarmaq vaxtıdır.

- Çağdaş reklamın taleyini sizə həvalə etsəydilər nəyi dəyişmək istəyərdiniz?

- Bizim kifayət qədər tanınmış, həm fiziki tərəfdən, həm də üz cizgiləri gözəl olan, ana dilində mükəmməl danışa bilən, reklam rolikləri üçün tam yararlı top-modellərimiz, sənətçilərimiz var. Mən reklamın prinsiplərinə uyan bu cür gözəl, yaraşıqlı gənclərimizi, qabiliyyətli sənətçilərimizi çəkərdim. Bir çox reklamlarımızda milli geyimlərdən, milli musiqimizdən sadəcə Novruz bayramı ərəfəsində deyil, digər günlərdə də istifadə edərdim, reklamlarda milli dəyərlərin qorunub-saxlanılmasına çalışardım. Xaricdə hansısa filmdə rol oynayan birini gətirdib milyonlar xərcləməzdim. Bizim çatışmayan cəhətimiz odur ki, axtarışda olmuruq, bir işi görəndə tələsikliyə yer veririk, vəssalam.

-Milli reklamımızın inkişafını yaxın illərdə necə görürsünüz?

-Reklam sahəsində hərci-mərcilik aradan qaldırılarsa, tanış, dost tövsiyyələrindən qaçılarsa, seçimlərimizdə yanlışlıqlara yol verilməzsə, reklam çəkilişlərinin sonunda görülən iş ciddi müzakirə olunub sonra ictimaiyyətə təqdim olunarsa, bu sahədə irəliləmək mümkündür.

 

Nisə Rafiqqızı

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ABUC-nin həyata keçirdiyi “Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi” layihəsi çərçivəsində çap olunur

 

 

Olaylar.- 2012.- 5-7 may.- S.13.