Dünya ana südü bankı yaradır, bizdə isə...

 

Azərbaycanlı anaların yalnız 12 faizi körpəsinə ana südü verir. Nəticə, cılızlaşmış nəsil.

 

Ana südünün körpəyə nə qədər vacib olması əsrlər boyu sübut olunmuş və elə özünü də doğrultmuşdur. Yaradanın insana, anaya verdiyi ən gözəl təbii nemət və körpəyə verilən ən təhlükəsiz və dəyərli qida. Müqəddəs kitabımız olan “Quran” surələrinin 11 ayəsində, xüsusən, Bəqərə sürəsində açıq şəkildə deyilir: “Körpələrinizdən ana südünü əsirgəmiyin. Doğulandan sonra tam iki il ona süd verin..” Bir vaxtlar tibb ana südünün yalnız körpənin 4, sonralar 6 ayına qədər verilməsini əsas sayırdısa, dünya təbabəti bu gün bu vaxtın iki ilə qədər uzadılmasını elmi əsaslarla tövsiyyə edir. 

Təəssüf ki, bu gün Azərbaycanda körpəyə süd verməmək, südü qəsdən qurutmaq kimi hallar çoxalıb. Ətrafdan eşitdiklərimiz bəzi xoşagəlməz xəbərlər bunu deməyə əsas verir. Estetika “vurğunları” olan bir qisim xanımlar hələ körpənin halalca südünü kəsməyə əsas da tapırlar. “Formam pozular”, “Yorğunam, bunun gecəsi var”, “südüm azdır”, “südümün keyfiyyəti yoxdur” kimi məntiqsiz sözlər ana hissini tam dərk etməyənlərə şamil edilə bilər. Halbuki, ana südü ən ekstrimal vəziyyətlərdə körpənin köməyinə çatır, onun aclığını aradan qaldırır. Sadəcə ananın körpəsini qoynuna alıb nəvazişlə onu əmizdirməsi kifayətdir. Gecə, gündüz bunun fərqi yoxdur. Ana südü israfçılığın qarşısını alır. Ən təəccüblüsü isə odur ki, ana südü varlı və kasıb anaya baxmır, bütün anaların südünün tərkibi eynidir. Bu nemətin xərçəng hüceyrələrini öldürəcək qədər qüvvəyə malik olması sübuta yetirilib. Psixoloqlar da bir nəfər kimi əmizdirmə prosesinin ana-bala arasındakı bağların, təmasın möhkəmlənməsinə xidmət etdiyini bəyan edirlər. Əmizdirən analar digərlərinə nisbətən daha səbrli, təmkinli, müsbət enerjili olurlar.

 

Ana südü verilsə, hər il 1000 uşağımız xilas olar

 

Ana südünün tərkibi və yaranma prosesinin sirri bu günədək tam açılmayıb. Dəqiq o məlumdur ki, bu qida körpənin əbədi sağlamlığının bünövrəsini qoyur. Neonatoloq Mahirə Əfəndiyevanın sözlərinə görə, ana südü körpənin ömürlük peyvəndidir. Ən azı altı ay ana südüylə qidalanan körpə başqalarına nisbətən gələcək həyatında həm fiziki, həm də əqli üstünlüklərə malik olur. Ana südü onu müxtəlif xroniki xəstəliklərdən qoruyur, xüsusiylə anemiya riskindən azad edir. BMT-nin Uşaq Fondu olan UNİCEF də hər zaman ana südü proqramlarını diqqətdə saxlayır. UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ayna Mollazədə belə deyir: “UNİCEF daim anaların körpəsini öz südü ilə qidalandırmasını tövsiyyə edir. Dünyanın ən inkişaf etmiş ölkələrində bu məsələyə çox ciddi yanaşılır və təbliğat nəticəsində analar maarifləndirilir. Hər il daha çox ana körpəsinə öz südünü verməyi üstün tutur. Biz yerli doğum evləri ilə əlaqə yaradırıq. Hər il tədbirlər keçiririk. Azərbaycanda təəssüf ki, gənc xanımlar çox vaxt ana südü verməkdən boyun qaçırırlar. Vaxtında yeni doğulmuş körpə heç olmazsa 6 aya qədər əmizdirilsə, hər il 1000 uşağın ölümünün qarşısı alınar.”  UNİCEF-in hesabatına əsasən, bizdə gənc anaların yalnız 12%-i ana südündən istifadə edərək körpəsini qidalandırır. Yəqin ki, bu rəqəm daha çox rayon, kəndlərimizi əhatə edir. Başqa sözlə, orada ailənin təkidi və nəzarəti altında körpənin əmizdirilməsinə nail olunur. Bu çox zaman kor-koranə ana südünün dəyəri barədə məlumatsız şəkildə baş verir. Ailələr çox vaxt maddi cəhətdən, körpəyə əlavə qida almaq mümkün olmadığından bu yolu seçirlər. Hər halda dolasıyla da olsa, analar öz vəzifələrini layiqincə yerinə yetirirlər. Şəhərdə isə vəziyyət başqa cürdür. Karyera əlindən, rahatlıq üzündən körpələr bəzən yalnız bioloji anaya malik olurlar. İşgüzar analar çox hallarda ana südünü sünü qidalarla əvəz etməyə üstünlük verirlər. Bununla bağlı maarifləndirmə işində də boşluqlar var. Misal üçün, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı bu məsələ ilə bağlı layihənin olmadığını bildirdi. Mərkəz əməkdaşı Aynur xanım yalnız bukletlərin hazırlanması ilə kifayətləndiklərini qeyd etdi. Ana südü, eləcə də əmizdirmə ilə bağlı bizdə yeganə sayt fəaliyyət göstərir. VİBaby (ən vacib körpə) saytının təşşəbbüskarı və rəhbəri olan Səltənət Zülfüqarova alqışlanacaq xanımlardandır. Bu xanım əmizdirmə məsləhətçisi üzrə beynəlxalq sertifikata malikdir. Xaricdə təhsil almış Səltənət xanım ana südü barədə fikirlərini bölüşərək dedi: “Dünya ana südü məsələsində çox həssas davranır. Bu işlə məşğul olan qurumlar, təşkilatlar vacib işlər görürlər. Hər sağlam körpə, gələcəyin sağlam vətəndaşıdır. Deməli, hər körpə cəmiyyətə məxsus olduğundan onun sağlam olması mütləqdir. Azərbaycanda əmizdirmə ilə bağlı problemlərin mövcudluğu, anaların məlumatsızlığını nəzərə alaraq bu saytı yaratdıq. Sayt bir ilə yaxındır fəaliyyət göstərir. Burada xarici, beynəlxalq ekspertlərin rəyini vaxtaşırı qeyd edirik, onların icazəsi ilə məlumat dəstəyi alırıq. Gənc analar bu sayt vasitəsiylə bizimlə pulsuz məsləhət ala bilərlər. Təki onlar övladları qarşısında bu vəzifəni yerinə yetirsinlər. Xanımlarımız onu bilməlidir ki, ana südü körpəni infeksion və respirator xəstəliklərdən qoruyur. Bu gün qadınlarda döş xərçəngi xəstəliyinin yaranması səbəbindən əsası ananın vaxtında südünü səmərəli istifadə etməməsi və körpəsinə verməməsidir. Ana südü körpə ölümünün də qarşısının alınmasında mühüm rol oynayır. ”Səltənət xanım anaları və hamilələri bu saytı ziyarət etməyə və əmizdirməylə bağlı bilik və düşüncələrini artırmağa dəvət edir.

 

Dünya ana südü banklarının sayını artırır

 

Bu gün dünyanın öndə gedən ölkələri texniki-iqtisadi cəhətdən inkişaf etsə də, sağlam nəsil naminə ana-südünün vacibliyini nəzərdən qaçırmırlar. Çoxu üçün qəribə gəlsə də, Amerika Birləşmiş Ştatları başda olmaqla dünyanın 20-dən çox ölkəsində ana südü bankı fəaliyyət göstərir. Bu banklar bir növ donor qan bankı misiyyasına bənzər vəzifəni yerinə yetirir. Yenə də məqsəd insan həyatına verilən dəyərdən irəli gəlir. Ana südü bankları yeni doğulmuş körpələri südlə təmin edir. Bu yeni anadan olmuşlarda əmizdirmə zamanı problem yarandığı təqdirdə baş verir, bankların vasitəçılıyi ilə körpə özünə yeni süd anası tapır. Bu proses körpənin valideynlərinin istəyi və nəzarəti altında həyata keçirilir. İlk ana südü bankı ABŞ-da 1985-ci ildə yaradılıb. Bu bank qısa müddətdə həm ölkədə ana südünün əhəmiyyəti ilə bağlı təbliğat kampaniyasına başlayıb, həm də qısa müddətdə donor süd anaları toğlamağa nail olub. Bir neçə ildən sonra dünyanı qorxuya salan AİDS xəstəliyinin yayılması təhlükəsi səbəbiylə bank fəaliyyətini dondurub, 90-cı illərdən yenidən körpələrin üzünü güldürüb. Bu gün xeyli vaxt keçib və artıq ABŞ-da 10-dan çox iri Ana südü Bankı fəaliyyətdədir. Bu ölkənin banklarının bir ildə ana südünə olan təlabatı 139 min 66 kq-la ölçülür. Kanadada 15-dən çox, Braziliyada isə hər doğum evində, ümumilikdə 180-dan çox banklar körpələrə xidmət göstərir. Avropanın çox ölkəsində-İngiltərə, İsveç, Norveçdə də bu qəbildən banklar öz işini görür. İtaliyanın ana südü bankçılıq ənənəsi və təcrübəsi isə daha çox şöhrət tapıb. Burada bu sektor üçün xüsusi avadanlıq istehsal edən şirkətlər də mövcuddur. Qonşumuz olan Türkiyədə artıq bir neçə ildir ki, Ankaradakı mərkəzi doğum evlərindən birinin tərkibində bu vəzifəni daşıyan şöbə yaradılıb. Amma bu ilin sonuna qədər İzmirdə ölkənin birinci ixtisaslaşmış ana südü bankı yaradılacaq. Artıq ölkənin səhiyyə nazırliyi məsələ ilə bağlı italiyalı işbilənlərlə birgə layihəyə start verib. Söhbəti gedən bankların iş prinsipi də maraqlıdır. Ana südü bankına hər kəs südünü verə bilməz . Donor ana bütün tibbi müayinədən tam keçdikdən sonra bir neçə körpənin “yeməyini” vermək hüququnu əldə edə bilər. Donorluq edən qadının siqaret və alkoqol istifadə etməməsi əsas götürülür. Körpəsinin südlə təminatı ilə bağlı valideynlər yazılı şəkildə müraciət edirlər. Banka daxil olan ana südü yarım saat ərzində 63 dərəcəyə qədər isidilir və ardınca sürətlə soyudulur. Ani soyudulma tərkibindəki mikroelementlərin keyfiyyətini itirməməsi üçün edilir. Ardınca xüsusi soyuducularda saxlanılır. Ana südünün əldə olunması və satılması özü də iqtisadiyyatda gəlir sahəsi yaradır. Amma bu gəlir körpələrin sağlamlığının yanında çox cüzü əhəmiyyət kəsb edir.

Təəssüf ki, Azərbaycanda da hələlik bu məsələ barədə söhbət gedə bilməz. Qəribə də olsa, bu sahənin adamlarının çoxu ana südü bankının mövcudluğundan belə xəbərsizdirlər. Bizdə real olan odur ki, bu məsələylə bağlı təbliğat və təsirli təşviqat vasitələrindən yerində istifadə olunmur. Ən azı artıq xarici seriallardan təmizlənmiş tv ekranlarında bu məsələyə də yer ayrılar. Əlbəttə ki, həkimlər macal tapıb estetik cərrahiyyə barədə çağırışlarını bir tərəfə qoysalar...

Amma həqiqət də odur ki, bizdə əzəldən süd anaları statuslu xanımlar olub. Bu xanımlar el arasında hörmət, savab sahibi olublar. Amma bu gün bu məsələdə çox uduzuruq, bu barədə artıq rahatlıqla söz demək çətindir. Buna səbəb insanlarda bir-birinə qarşı inamsızlıq, səmimiyyət hissinin azlığı, xəstəliklərin gizli şəkildə artmasıdır. Kiminsə başqasının körpəsinə süd verməsi məsələsi özünü “aristokratiyanın inciləri” hesab edənlərə qəribə gələr, bəzisinə güya əskiklik gətirər. Körpəsinə süd verməmək və verdirməmək inkişaf yox, əsil cəhalətdir. Nə isə...  Yeri gəlmişkən qeyd edim ki, hər il dünyanın 170 ölkəsi 1-7 avqust tarixində Dünya Əmizdirmə Həftəsini qeyd edir. Bu həftəlikdə ana südünə diqqət bir az da artırılır.

 

Doğum evlərində sünü körpə qidasının satışı iddiası

 

Artıq xeyli vaxtdır, Azərbaycanda ana südünun vacibliyi nəzərə alınaraq, sünü uşaq qidalarının reklamı qadağan olunub. Bu qadağa “Reklam haqqında qanun”da da, eləcə də İnzibati Xətalar Məcəlləsinin 65.1 maddəsində də öz əksini tapıb. Lakin bir neçə doğum evində adıçəkilən qadağanın mövcudluğu barədə söz–söhbət gəzir. İddia edən analardan biri bildirir ki, anaya körpəsi qəsdən iki gün sonra verilir ki, o ana südündən imtina etsin. Başqa sözlə, körpələrə sünü körpə qidalarının verilməsinə çalışılır. Anaya artıq körpə veriləndə, uşaq ana südündən imtina edir, beləliklə ana həm mənəvi, həm də maddi cəhətdən pis vəziyyətdə qalır.  Təbii qida qala–qala ana sünü yeməklər almağa başlayır. İddianın əsasına görə, doğum evlərində aparıcı uşaq qidası istehsal edən şirkətlərlə tibb ocağı arasında gizli müqavilə bağlanılır. Şirkət öz sünü körpə qidasını bu yolla təbliği və sırınmasına nail olur. Bu məsələylə bağlı Bakının bir neçə doğum evi ilə əlaqə saxladım. Sözsüz ki, oradan buna etiraz etdilər, bunun böhtan olduğunu bildirdilər. Əksinə, yeni ana olmuşlara ana südü verilməsində çox zaman həkimlərin israr etdiyini bildirdilər. Sünü qidaların anada süd olmadığı təqdirdə və ya körpənin vəziyyəti(yarımçıq doğulduqda) kafi olduqda verildiyini qeyd etdilər. Hər halda sahə həkimləri, pediatrların da bu məsələdə az-çox payı var. Çünkü körpə bir neçə gündən sonra doğum evini tərk edir, artıq qeydiyyatda olduğu tibb müəssisəsində nəzarətdə saxlanılır. Çox vaxt məlumatsız və tənbəl anaların məsuliyyətsizliyi, bir az da “firma dostu”olan pediatrın məsləhəti ilə yenidoğulmuş ana südünə həsrət qala bilər. Hamilələr və analığa namizəd xanımlar UNİCEF və Dünya Səhiyyə Təşkilatının ana südünün vacibliyini nəzərə alan bəyannaməsindən xəbərdar olmalıdırlar. Həmin sənədə görə, doğulduqdan sonra yarım saat ərzində körpəyə ana südünün verilməsi təşkil olunmalıdır. Bu işdə tibb personalı maraqlı olmalı və anaya kömək etməlidirlər. Normal körpənin ananın yanında daha çox olması və onun tez-tez ana südü ilə qidalandırılması təmin olunmalıdır.

Ana südünün hər damcısı əvəzolunmaz təbii dərmandır. Vaxtında körpənizə süd verin ki, sonra xəstəxanaları “gəzməyəsiniz”.

 

 

Olaylar.- 2012.- 8 may.- S.12.