20 ildir insansız qalan Şuşa...

 

Və Şuşasız qalan bizlər

 

Uşaqlığımızın ən xoş günlərində, o günlərdə ki dünyanın nə olduğunu hələ bilmirdik, qeyd etdiyimiz bayramlar sırasında 9 mayın öz yeri vardı. Uşaqlar üçün bütün bayramlar əzizdir, baxmayaraq ki, böyüklər bayramları çox zaman bayram etməyə uşaqlara imkan vermir. Amma uşaqlığımızın bayramlı günlərindən biri ərəfəsində nə biləydik ki, böyüklüyümüzdə bu günü bayram yox, daha bir faciənin ərəfəsi kimi hüznlə qeyd edəcəyik.

 

Bir az böyüdük və ağlımıza gəlməyənin başımıza gəldiyi günlərdən birini yaşadıq. 8 mayı - Şuşanın işğal gününü.  Təqvimimizdə işğal tarixləri o qədər çoxalıb ki, sıralaması belə unudulub. Onların arasında biri var ki, təkcə bir şəhərin yox, bir millətin mədəniyyətinin, musiqisinin, incəsənətinin işğal altına alınmasına bərabər oldu. Şuşa öz dağ vüqari ilə özünü sonuna qədər müdafiə etməyə, qorumağa çalışdı, bacarmayanda incidi, küsdü. Bizdən yox, özündən, çünki Şuşa kimilər heç kəsə güvənməzlər, ancaq və ancaq özlərindən başqa, buna onların dağ vüqarı imkan verməz. Şuşa da özündən küsüb, düşmən əlinə keçdiyi üçün, müqəddəs torpağının düşmən ayaqları altında inləməsinə razı olub susqun-susqun baxdığına görə.

Şuşanın işğalı, işğal ərəfəsi ilə bağlı çox yazılıb və nə qədər ki, biz bu günü hələ də təqvimlərdən silməyə çalışmırıq, hələ çox yazılacaq. Şuşa yaşadığı bütün ağrı-acıya mətanətlə sinə gərənlərin təmsali kimi xatırlanacaq, xəyanətlərdən danışılacaq, arxalı düşmənin iyrənc əməllərindən söz ediləcək, bircə özümüzdən danışmayacağıq. Şuşanı düşmən işğalında qoyub Bakıda “Şuşa” adlandırılan restoranlarda musiqi sifariş verənlərimizin “igidliyindən” söz açmayacağıq. Qarabağdan didərgin düşüb bir tikə çörək qazanmaq üçün yol kənarında qaladığı təndirinin yanındakı ağac parçasının üstünə “Şuşa çörəyi” yazanlardan danışmadığımız kimi. Bəlkə Şuşanın ətrini yaşatdıqlarını düşünürlər ö çörəklərdə, bəlkə Şuşanın çörəyinin hamımız - onu yeyənlərin də, ömründə bir dəfə dadına baxmayanların da burnundan piltə-piltə gələcəyinə işarə vururlar? Yaxud sadəcə Şuşa adının arxasına qısılıb  muştəri yığmaqdır niyyətləri? Hər halda Şuşanın da çörəkli bir yurd yeri olduğunu xatırladırlar. Unutmağı ən asan çıxış yolu bilib uğursuzluğunu çarəsizliyində axtaranlara elə bu da kifayətdir. Bir qığılcım belə zamanında böyük tonqala od verə bilər. Şuşanın işğalının ildönümlərini qeyd etmək üçün toplaşdığımız  mərasimlərdəki sifətlərdə hər şey oxunur - kədər də, laqeydlik də, unutqanlıq da. Təki ümidsizlik oxunmasın, Şuşanı  ikinci dəfə, həm də birdəfəlik öldürən ümidsizlik olacaq. Əgər Şuşa ondan ümidimizi kəsdiyimizi düşünsə bu dəfə bizi bağışlamayacaq. Şuşanı qoruyub saxlamağı bacarmadığımızı bağışlayacaq, amma onu geri ala bilməyəcəyimizin ümidsizliyini bağışlamayacaq. Kim deyir ki, şəhərlərin intiqamı yoxdur? Onlara sadəcə  bir şəhər kimi baxmayın, narahat, nigaran, küskün ruhların məskəni kimi baxın. O ruhlar məskənlərini qoruya bilməyən biz dirilərdən bəlkə intiqam almaz, amma düşüncələrindən bu şəhərin var olduğunu silməyə çalışanları heç vaxt bağışlamaz. Unutqanlığımız üçün çox acılar çəkəcəyik, hər dəfəsində yenidən təkrarlanmamaq ümidi ilə daha bir acını yola verəcəyik, amma hər dəfəsində də təkrarlanan acıları ürəyimizin başında, gözümüzün giləsində hissə edib yenidən özümüzə dönməyin çətinliyini anlayacağıq. Acılar insan üçündür deyirlər, bəs şəhərlərin günahı nədir? İnsanların acısını yaşatdıqları yurd yeri olduğuna görəmi Şuşa 20 ildir insansız qalıb? Biz də Şuşasız...

Görəsən hələ çoxmu “Şuşanın dağları” oxunanda gözlərimizi yumub gözlərimizin dərinliyindəki günahımızı gizlətməyə çalışacağıq? Görəsən hələ nə qədər Şuşanı mahnılarla yad edib xatirələrlə ovunacağıq? Şuşa təkcə xatirələrdə yaşadılacaq, mahnılarda vəsf ediləcək şəhər deyil. Şuşa bizim günahımızdır, gözümüzü yumub unutmağa çalışsaq da ruhumuza hopmuş günahımız. Günahımızı təmizləmək üçün Cıdır düzündə at çapıb Şuşanın dağlarında tonqal qalamaq lazımdır. Bəlkə o zaman atlarımızın ayaqları altında, tonqalımızın alovunda yandıra bilək günahımızı...

 

 

Elnarə

 

Olaylar.- 2012.- 8 may.- S.5.