Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində diaspor təşkilatlarının rolu

 

Mayın 8-də Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində diaspor təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev konfransın Azərbaycanın qədim tarixi şəhərlərindən biri olan Şuşanın ermənilər tərəfindən işğalının 20-ci ildönümünə təsadüf etdiyini vurğulayıb. Bildirib ki, 20 ildir Azərbaycan xalqı Şəhidlər Xiyabanında Şuşanı, bu şəhər uğrunda canını fəda edənləri yad edir.

 Artıq Şəhidlər Xiyabanını ziyarət etməyin sonu, ələ silah alıb işğal altında olan torpaqları azad etməyin zamanının çatdığını deyən İsmayıl Ağayev qeyd edib ki, gələcək nəsillər bizi buna görə bağışlamayacaq. Beynəlxalq Diaspora Mərkəzinin sədri bir sıra təkliflər də səsləndirib. Qeyri hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələrinin ali baş komandana müharibəyə başlamaq üçün çağırış etməsini zəruri sayan İsmayıl Ağayev cəmiyyətin bütün təbəqələrinin bu prosesdə fəal olmasını arzulayıb: “Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar hələ də bizim səsimizi eşitmir. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinə, tarixi-mədəni abidələrimizin erməni vandalları tərəfindən vəhşicəsinə məhv edilməsinə baxmayaraq dünya bu ədalətsizliyi görmür və ya görmək istəmir. Bu məsələdə beynəlxalq güclər, Birləşmiş Ştatlar, Fransa, Rusiya kimi dünya nəhəngləri də müəyyən rol oynayırlar. Ermənilər sadəcə həmin güclərin əlində bir oyuncağa çevrilib. Bu dövlətlər bəzi hallarda Azərbaycana dost olduqlarını desələr də, ancaq sözün həqiqi mənasında müstəqil bir Azərbaycan dövlətinin güclənməsini qəbul etmək istəmirlər. Belə olan halda Azərbaycan dövlətinin üzərinə daha artıq yük düşür ki, biz ikiqat zəhmət çəkib işləyək. Nəticə etibarilə bizim apardığımız fəaliyyət, gördüyümüz işlər daha səmərəli olsun. Biz var gücümüzlə, bütün malik olduğumuz imkanlardan istifadə edərək erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Xüsusilə, bu prosesdə diaspor təşkilatlarının üzərinə böyük işlər düşür. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, cəmiyyət və birlikləri maksimum dərəcədə çalışmalıdırlar ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımları dünya ölkələrinin rəsmi və qeyri-rəsmi qurumlarına çatdırsınlar. Düzdür, son illərdə bu istiqamətdə diaspor təşkilatlarımız müəyyən dərəcədə fəallıq göstərir, bir sıra tədbirlər həyata keçirirlər. Ancaq hesab edirəm ki, bunlar azdır və görüləsi işlərimiz hələ çoxdur”. Beynəlxalq Diaspora Mərkəzinin sədri rəhbərlik etdiyi qurumun Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən də danışıb. Bildirib ki, Beynəlxalq Diaspora Mərkəzinin bir sıra ölkələrdə, Avropa məkanında fəaliyyət göstərən nümayəndəlikləri mütəmadi olaraq ayrı-ayrı dövlətlərdə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi ilə bağlı tədbirlər, konfrans və dəyirmi masalar təşkil edir, dünya ictimaiyyətini erməni vəhşilikləri barədə məlumatlandırmağa çalışır. İsmayıl Ağayev prezident İlham Əliyevin Şuşanın işğalının 20-ci ildönümünün qeyd edilməsi ilə bağlı imzaladığı sərəncama da toxunub. Dövlət başçısının bu sərəncamını yüksək dəyərləndirən Beynəlxalq Diaspora Mərkəzinin sədri deyib ki, ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarımız, səfirlik və digər diplomatik nümayəndəliklərimiz səviyyəsində keçiriləcək bu kimi tədbirlər ermənilərin işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasına müsbət təsir göstərəcək. Mərkəz sədri rəhbərlik etdiyi qurumun da Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı xarici ölkələrdə bir sıra tədbirlər keçirəcəyini söyləyib. Bildirib ki, bununla bağlı Beynəlxalq Diaspora Mərkəzinin Avropa ölkələrində fəaliyyət göstərən nümayəndəliklərinə müvafiq təlimatlar verilib və həmin təlimatlar əsasında Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı ilə bir sıra ölkələrdə Şuşanın ermənilər tərəfindən işğalının 20-ci ildönümü qeyd olunacaq: “Beynəlxalq Diaspora Mərkəzi olaraq cənab prezidentin imzalamış olduğu bütün sərəncamları birmənalı şəkildə dəstəkləmişik. Biz də bir diaspora təşkilatı olaraq bu istiqamətdə işlərimizi davam etdiririk. Dövlət başçısının Şuşanın işğalının ildönümü ilə bağlı imzalamış olduğu sərəncam biz diasporçuları da hərəkətə gətirib. Şuşanın işğalının ildönümü ilə bağlı Beynəlxalq Diaspora Mərkəzinin Avropa, Rusiya və Orta Asiya nümayəndəliklərinə müvafiq təlimatlar verilib ki, həmin yerli təşkilatlarda bu istiqamətdə tədbirlər keçirilsin. Hesab edirəm ki, həm Şuşa, həm də itirilmiş digər torpaqlarımızla bağlı apardığımız mübarizəni daha da zənginləşdirməli və sürətləndirməliyik”.

Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Xəzər Emin Dağlıq Qarabağ probleminin həllinin uzanmasının qarşı tərəfin maraqlarına xidmət etdiyini deyib. Bildirib ki, vaxtın uzanmasından istifadə edən ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərini talayır, tarixi abidələri məhv edir, həmin şəhər və rayonları mərhələ-mərhələ erməniləşdirməyə çalışırlar. DAK rəsmisi qeyd edib ki, ermənilər Şuşada yer altında erməni nümunələri, yalançı tarixi məlumatlar yerləşdiriblər. Məqsəd isə bu şəhərin ermənilərə məxsus olduğunu göstərməkdir. Azərbaycan Yazıçılar Birliyin üzvü Ənvər Əhməd ermənilərin işğal altında olan Azərbaycan ərazilərində həyata keçirdikləri köçürmə siyasətindən danışıb. Bildirib ki, hazırda İrandan Dağlıq Qarabağın erməni işğalı altında olan rayonlarına böyük axın var. Həmçinin dünyanın bir sıra tanınmış şirkətləri Qarabağda iş qururlar. Ənvər Əhməd artıq qətiyyətli addımlar atmağın zamanının yetişdiyini vurğulayıb: “Əgər Qarabağ yoxdursa bu millətin mənəviyyatı da yoxdur. Biz hər il sözdə Şuşaya qayıdırıq, ermənilər isə işğal altında saxladıqları Azərbaycan ərazilərində məqsədli şəkildə real iş görürlər”. Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni də çıxışında beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyinə göz yummasından gileylənib. Bildirib ki, dünya birliyi hələ də Azərbaycanın haqq səsini eşitmək istəmir, işğalçı Ermənistanı cəzalandırmaq barədə düşünmür. Milli QHT Forumunun prezidenti də qeyd edib ki, artıq sözdən işə, əməli addımlar atmağa keçməyin zamanı yetişib: “Azərbaycan beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icrasını gözləməli deyil.

 Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən heç bir qətnamənin icra edilmədiyi hamıya bəllidir. Əgər Azərbaycan hərbi əməliyyatlara başlayıb bir rayonu belə geri alsa, o halda beynəlxalq təşkilatlar özləri bizim ayağımıza gələcəklər”. Rauf Zeyni də dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında aktivlik göstərməsini arzulayıb və bildirib ki, xaricdəki diaspor təşkilatlarımız bu istiqamətdə böyük işlər görməlidirlər.

Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Dağlıq Qarabağ, Şuşa uğrunda döyüşən şəxslərə bir sıra dövlət qurumları tərəfindən diqqətsizlik göstərildiyini də vurğulayıb: “Şuşa, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib müxtəlif dərəcəli xəsarət alan insanlar müəyyən dövlət qurumlarının qapılarında qalacaqlarsa, onların problemlərinə biganə münasibət bəslənəcəksə, o halda Dağlıq Qarabağı kim azad edəcək?”. Beynəlxalq Diaspora Mərkəzinin Aparat rəhbəri Samir Adıgözəlli də Qarabağ müharibəsi iştirakçılarına olan diqqətsizlikdən gileylənib. Qeyd edib ki, məhz Qarabağ müharibəsi iştirakçılarını öz qapılarında saatlarla gözlədən məmurlar Azərbaycanın müharibəyə başlaması, torpaqlarının işğaldan azad edilməsinin marağında deyillər.  Beynəlxalq Diaspora Mərkəzinin Mədəniyyət Departamentinin rəhbəri Şəmistan Əlizamanlı isə deyib ki, Azərbaycan xalqı torpaqlarını işğaldan azad etmək niyyətində deyil: “Mənə elə gəlir ki, biz xalq olaraq Qarabağı işğaldan azad etmək istəmirik. Əgər torpaqlarımızı işğaldan azad etmək istəsəydik, bir hərəkət olardı. Biz də isə bu istiqamətdə heç bir hərəkət yoxdur. Sanki xalq mürgülü vəziyyətdədir”.

Konfransın sonunda ümumi razılıq əldə olunub ki, yaxın vaxtlarda ölkədə fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının iştirakı ilə Qarabağ probleminə həsr olunmuş respublika əhəmiyyətli toplantı keçirilsin və həmin toplantıda QHT-lər adından ali baş komandan, prezident İlham Əliyevə müraciət ünvanlansın. Həmçinin konfrans iştirakçıları xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına da Azərbaycanın haqq işi uğrunda daha fəal olmağı tövsiyyə ediblər.

 

Süleyman İsmayılbəyli

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 9-10 may.- S.15.