Valideynlər
və valideyn olmaq istəyənlər üçün
Elnarə
Hüseynova: “Ata-ana hər zaman övladlarının
yanında ola bilmədiklərindən onları sərbəst
həyata da hazırlamalıdır”
Ata: “Uşaqlarımız küçədə
oynamalıdır”.
Ana : “Yox, küçələr təhlükəlidir”.
Ata: “Mən onları başa salacam
özlərini təhlükədən qorusunlar”
Bir müddətlik söhbətdən
sonra ata uşaqların küçəyə hazır
olduğunu düşünür. Buna inanmayan ana uşaqlardan
küçədə onlara kimsə oyuncaq verərsə onunla
gedərsinizmi, deyə soruşur. Uşaqlar böyük sevinclə
“hə” cavabı verirlər. Beləliklə, ailə
uşaqlarını küçəyə buraxmamağı qərara
alır. Əlbəttə, bu tam-düzgün qərar hesab
olunmasa da, başqa yol da görünmür. Lakin bu nümunə
həm də ailələrin uşaqlarını necə tərbiyə
etməsini, onları cəmiyyətə necə
hazırlaması kimi məsələləri gündəmə
gətirir.
Xüsusən də, cəmiyyətimizdə
olan uşaq tərbiyə metodları məhdudiyyətlər
üzərində qurulub. Biz uşaqlara sadəcə
olmazları başa salır, “niyə olmaz”ı izah etmirik. Nəticədə,
valideyn olmadığı zamanda məhdudiyyətsiz mühitə
düşən uşaq nə edəcəyini bilmir, yolunu
azır. Əgər düşünürsünüzsə
ki, vaxtınız çoxdur və
uşaq böyüyəndə məhdudiyyətlərin səbəbini
açıqlayacaqsız, yanılırsız. Biz belə
düşünərkən nəzarətdən kənar qalan
kimi onlar ya dərman içir, ya qaynar suyu üzərlərinə
dağıdır, ya əllərini ət maşınına
salır və ciddi xəsarətlər alırlar. Əlbəttə,
problemlər bununla bitmir. Uşaqlar böyüdükcə
problemləri də böyüyür. Bu gün nəzarətdən
kənar qalanda dərman içənin sabah siqaret və ya
narkotikə meyl etməyəcəyinə heç kim təminat
verə bilmir. Buna görə də,
bir daha uşaq tərbiyəsində nələrə
diqqət etməli olduğumuzu düşünməliyik. “Zorakılığa məruz
qalmış uşaqlar və gənclərin sosial reabilitasiya
mərkəzi”nin psixoloqu Elnarə Hüseynova valideynlərin
hər an uşağın yanında ola bilməyəcəklərini
dərk etməli olduğunu bildirdi. Buna görə də hətta
cəza verərkən də nələrə diqqət etməli
olduğumuzdan da danışdı. “Sərhədlər, məhdudiyyətlər
elə qoyulmalıdır ki, valideyn olmayanda belə onlar necə
davranmalı olduqlarını anlasın. Valideynlər
tapşırıqlarını etməyən uşağa
müəyyən cəzalar verirlər. Lakin cəza elə
verilməlidir ki, ona psixi cəhətdən zərər verməsin,
həm də onun xeyrinə olsun. Bəzən uşaqlar
valideynin xoşuna gəlməyən hərəkət edəndə, adətən, uşaqları ya yeməkdən məhrum edir, ya da
fiziki cəza verir. Əslində isə bu zaman uşaq təqsirini anlamır, əksinə daha aqressiv
olur. Sonradan bu aqressiya valideynə qarşı yönəlir”.
Psixoloq bildirdi ki, çox zaman övladına vaxt ayırmayan,
ona doğrunu, yanlışı düzgün başa salmayan
valideyn ondan hər şeyi yerində etməyi tələb
edir. “Onların övladlarına yetərincə vaxt
ayırmamasının bir səbəbi onların işləməsidirsə, ikinci səbəb valideynlik
bacarıqlarına düzgün yiyələnməmələri
ilə bağlıdır. Bu da erkən nikah, özünün
vaxtında düzgün tərbiyə almaması ilə əlaqəlidir,
Psixoloji problemləri, zərərli vərdişləri olan
valideynlər daha çox fiziki cəzalar verir, ümumiyyətlə
isə uşaq tərbiyəsi metodlarından xəbərsiz
olurlar”. O həmçinin bildirdi ki, fiziki cəzalar verilən
uşaqlar daha aqressiv, özünə qapanan, depressiya, intihara
meylli olur.
Əgər
uşaq dərs oxumur, ətrafa qarşı aqressivdirsə,
onunla söhbət edib bu cür davranışın səbəblərini
anlamağa çalışmaq lazımdır. Bunları bilmək
üçün də insanlar ailə qurmağa hazır
olmalıdırlar. Şərt deyil ki, onlar mütəxəssislər
qədər ailə psixologiyasından anlasınlar, heç
olmasa elementar səviyyədə bu barədə nələrisə
bilməlidirlər.
Ailə həyatından xəbərsiz
Psixoloqun da
qeyd etdiyi kimi valideynlərin uşaqlara qarşı aqressiv
davranışı isə onların çox zaman uşaq tərbiyəsinə
hazır olmaması ilə bağlıdır. Ailə quran gənclərin
çox az bir qismi uşaq tərbiyəsi barədə məlumatı
olur. Əlbəttə, bunlar da yaxınlarında
gördükləri tərbiyə üsullarıdır ki,
onların da çoxu fiziki cəzalar üzərinə qurulur.
İnkişaf etmiş ölkələrdə valideyn olmağa
hazırlaşan gənclər psixoloqlara müraciət edərək
qarşılaşacaqları problemlər zamanı hansı
reaksiya verməli olduqlarını öyrənirlər. Əlbəttə,
hər şeyi proqnozlaşdırmaq mümkün deyil. Demək
olmaz ki, psixoloqa müraciət edənlər problem
yaşamayacaq, sadəcə bununla həll yolunu daha asan tapa bilərlər. Psixoloq isə, gənclərin
valideynliyə hazır olmamasının bir çox səbəblərini
göstərdi.
“Əlbəttə,
qanunla 18 yaş ailə qurmaq üçün normal hesab olunur.
Lakin hər kəs bu yaşda ailə qurmağa hazır olmur.
Ola bilər ki, onun psixoloji yaşı aşağıdır,
uşaq tərbiyə etmək, ailə qayğısı
çəkmək, sosial,
iqtisadi problemləri həll etmək üçün
yetişməyib. Valideynlər uşaqlarının ailə
qurmaq üçün hazır olduqlarını
düşünməkdənsə, onların da fikirlərini
öyrənməlidirlər.
Çox təəssüf
ki, bizdə ailə qurmadan öncə psixoloqa müraciət
etmək kimi bir vərdiş yoxdur. Psixoloqa müraciət etməsələr
də, valideynlər, xüsusən qızlarla söhbət
edib, ailə həyatı barədə nəyi bilib bilmədiyini
aydınlaşdırmalıdır”.
Özü uşaq valideynlər
Psixoloq 18
yaşlı gənclərin bəzən ailə həyatına
hazır olmadığını bildirsə də, bu gün
daha aşağı yaşlarda ailə quranlar da var. 15-16
yaşlı biri uşağa hansı tərbiyəni verə
bilər? Psixoloq da uşaq tərbiyəsindəki
qüsurlardan birinin də erkən nikahlarla bağlı
olduğunu bildirdi. “Erkən nikahlarda isə, vəziyyət
daha təhlükəlidir. Özü uşaq olan,
uşaqlığını yaşamayan biri necə uşaq tərbiyə
edə bilər? Çünki valideyn olaraq o, uşağın
davranışına nəzarət edib, gigiyenası ilə
maraqlanmalı, qida rejiminə fikir verməli, eyni zamanda evin digər
işləri ilə məşğul olmalıdır. İnsanın
hansı yaşda ailə qurmağa hazır olduğunu yoxlamaq
üçün xüsusi nəzarət sistemi
olmadığına görə, psixoloqa müraciət etmək
ən optimal variantdır. Necə ki, tibbi müayinədən
keçmək tələb olunur, eyni zamanda psixoloqdan da
keçməlidir. Çünki kor-koranə ailə quran biri
də normal uşaq tərbiyə edə bilməyəcək.
Valideynlər arasındakı münasibətlərin normal
olması da uşaq tərbiyəsinə təsir edir.
Çünki həyat yoldaşından aqressiya görən
biri bunu övladına yönləndirir.
Gənclər ailə qurmadan öncə uşaq tərbiyəsi,
onların tələbatları barədə məlumatlı
olub, öz istəkləri, tələbatları ilə
bunları uyğunlaşdırmalıdır. Bundan başqa
övlad tərbiyəsində ata və ananın məsuliyyəti
də bərabərdir. Atanın tərbiyəsini görməyən
uşaqlarda kişi obrazı formalaşmır, oğlanlarda
orientasiya pozğunluğu, qızlarda isə ailə qurmamaq
düşüncəsi yarana bilər”.
Uşaqlarınızı tanıyın
Yazının
əvvəlində qeyd etdiyim kimi, bu gün valideynlər
uşaqlarına məhdudiyyətlər qoymaq məcburiyyətində
qalırlar. Küçələrin, internet klubların real təhlükə olduğunu əsas
gətirən valideynlər, övladlarını nəzarətdən
kənarda saxlamaq istəmirlər. Lakin psixoloq valideynlərin
övladlarını yaxşı tanımalarını və
onları normal həyata hazırlamalarını bildirdi.
“Valideynlər günlərinin əksər hissəsini işdə
keçirdiklərinə görə, uşaqlara vaxt
ayırmırlar. Ancaq uşaqların evdə, bağçada
olmasından asılı olmayaraq valideynlər daim onlara nəzarət
etməlidirlər. Uşaqlarının nəyi
bacardığı barədə məlumatlı
olmalıdır, bu barədə, məktəb psixoloqları,
müəllimləri ilə də söhbətlər aparmalıdır.
Valideynlər həm də anlamalıdırlar ki, hər zaman
övladlarının yanında ola bilməzlər, buna görə
də onları sərbəst həyata da
hazırlamalıdırlar. Elə münasibət
qurmalıdırlar ki, uşaq problem yaşayanda ilk öncə
bunu valideyni ilə bölüşsün. Əgər valideyn uşağını yaxşı
tanıyırsa, onu sərbəst buraxarkən daha rahat olur. Yox
əgər vaxtında düzgün tərbiyə verməyibsə,
tərbiyədə müəyyən boşluqlar
buraxıblarsa, onlar övladlarını sərbəst buraxarkən
həyəcanlanırlar. Çox vaxt da həmin valideynlər
uşaqları daim nəzarətdə saxlayır. Lakin dərk etməlidirlər ki, nə
qədər təhlükəli olsa da, uşaqlar bir gün
küçəyə sərbəst çıxacaqlar, işlərini
müstəqil həll etməli olacaqlar. Bunun üçün
də çatışmazlıqları görüb aradan
qaldırmağa çalışmaq lazımdır”.
Sən də belə olmaq istəyirsən?
Psixoloq həmçinin
məhdudiyyətlər qoyarkən belə onu başa salaraq etməli
olduğumuzu bildirdi. “Doğru və yanlışları izah edərkən
onun yerinə qərar verməməliyik. Seçimi
uşağa verməliyik. Lakin
bunların əksini müşahidə edirik. Məsələn,
uşaq internet kluba gedirsə, valideyn buna birmənalı olaraq
qarşı çıxır. Qadağan etməkdənsə
ona izah edilməlidir. Öncəliklə uşaqla elə əlaqə
qurulmalıdır ki, o görüşdüyü insanlar,
getdiyi yerlərdə gördükləri barədə
danışsın, sonra isə ona izah edilməlidir ki, “sənin
getdiyin internet klubda siqaret çəkilir, yaxşı sözlər
danışılmır. Daha sonra
ona izah edilməlidir ki, insanlar uzun müddət bir yerdə
olanda davranışları eyniləşir. Sən də mi
onun kimi olmaq istəyirsən?” Bundan başqa əgər
uşaqlarınızın düzgün dost seçmədiyini
düşünürsünüzsə, bunu birbaşa deməyin.
Onun davranışlarını övladınızla müzakirə
edin və onun düzgün qərar verməsinə kömək
edin. Əlbəttə, normal tərbiyə
verilmiş uşaq düzgün qərar verə biləcək.
Bildiyiniz təhlükələr barədə uşaqların
da oxumasına və onunla müzakirə etməyə
çalışın”.
Gülxar Şərif
Olaylar.- 2012.- 11 may.- S.13.