“Seriallarımıza
peşəkarlar cəlb olunmalıdır”
Qorxmaz Əlilicanzadə: “Rejissorlar aktyora nökər
kimi baxırlar”
Artıq
Azərbaycan telekanallarında əcnəbi serialların
yayımı dayandırıldı.
Maraqlıdır, efirini Türkiyə
diziləri, hind serialları ilə dolduran telekanallar bundan sonra başlarına nə çarə
qılacaqlar? Telekanallar bir
yana, bəs həvəslə bu seriallara baxan
Azərbaycan tamaşaçısı nə edəcək?
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru, AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun teatr və kino
şöbəsinin müdiri Qorxmaz Əlilicanzadə ilə müsahibəm məhz xarici
serialların yayımına qoyulan qadağa ilə
bağlı oldu.
- Xarici seriallar bizə əvvəllər
lazım idi. Biz o dövrlərdə lazımi
qədər möhtəşəm
seriallar gördük.
Əgər sizlər serialları
indi-indi görürsünüzsə
biz 70-80-ci illərdən seriallar
görmüşük. Artıq biz yaradıcı nöqteyi-nəzərdən
bilirik serial necə olur. Zaman dəyişdikcə türk serialları insanları öz ağuşuna almağa başladı.
Artıq öz yerli seriallarımızı yaratmaq
məqamı gəlib
çatıb. Düzdür, seriallar çəkilir. Amma müəllif sahəsində
böyük kasadçılıq
var. Müəllif demək
olar ki, Azərbaycanda az
saydadır. Bu gün çəkilən serialların
ssenariləri insanlara
maraqlı gəlmir. Aktyor oyunu düzgün qurulmur. Vaxtilə biz türk kinosunu,
türk seriallarını
bəyənmirdik. Çünki öz milli filmlərimiz
elə yüksək səviyyədə idi ki, türk filmlərinə
baxanda sadəcə gülməyimiz gəlirdi.
Amma indi biz türklərdən geri
qalırıq. Biz serial sahəsində hələ
də axsayırıq.
Xarici serialların yığışdırılması bir növ ona
görə yaxşıdır
ki,
öz milli
seriallarımızın çəkilməsinə
meydan açılır.
Xarici serialların ekranlardan yığışdırılmasından çox razıyam. Çünki internet var, kabel
televiziyaları, peyklər
var. Tamaşaçılar xarici
seriallara nə qədər istəyirlər
baxsınlar.
-Qorxmaz müəllim,
öz seriallarımızdan
maraqla izlədikləriniz
var?
-Böyük səbirsizliklə
gözlədiyim və
maraqla izlədiyim Azərbaycan serialı yoxdur. Gərək serial o qədər aləmə səs salan olsun ki,
tamaşaçını ekran
qarşısına çəkə
bilsin. Bu gün serialların çəkilməsi düşüb
gənclərin əlinə.
Onlar da bizləri bəyənmirlər. Guya onlar gedib xarici ölkələrdə kurs keçiblər. Bir söz deyəndə
də bizi bəyənmirlər. Deyirlər ki,
biz sizdən çox bilirik. İş ondadır ki,
gənclər təcrübəsi
olanları bəyənmirlər.
Söz də deyirsən, səni çıxarır serialdan,
deyir ki, bizi bəyənmirsən. Pul baxımından
da aktyoru razı sala bilmirlər. Deyirlər gücümüz
buna çatır, istəmirsən çəkilmə.
Aktyorlar bir növ rejissorun quluna çevrilir.
Amma Türkiyədə aktyorlar
ssenarini bəyənmirlərsə
çəkilişə gəlmirlər.
Orada aktyorun sözü keçərlidir. Amma Azərbaycanda
rejissorlar aktyora nökər kimi baxırlar. Hətta bizə minnət
də qoyurlar. Bir dəfə bir
nəfər qayıdıb
deyir ki, siz aktyorlar qalmışdınız küçədə,
biz sizi yığdıq, efirə
çıxardıq. Yaddan çıxmışdınız,
biz sizi yada saldıq. Hərdən aktyor deyəndə
ki, seriala aktyora görə baxırlar. Rejissor qayıdıb deyir
ki, əvəzolunmaz insan yoxdur. Bu cür sözlər
təbii ki, aktyorun qəlbini qırır. Aktyor istəsə
filmi yerə vurar, istəsə filmi göylərə qaldırar. Serialların aktyordan asılı
olduğu prinsipini rejissorlar hələ anlamırlar. Amma onlar
bilsələr ki, aktyor qüvvəsi nə deməkdir, belə deməzlər.
Çox
vaxt serialları çəkəndə özfəaliyyət
aktyorlarını peşəkarlarla
yanaşı salırlar.
Bu qəti yolverilməzdir.
Türkiyədə məşhur özfəaliyyət
aktyoru var - Kıvanç Tatlıtuğ.
Onun üzərində peşəkar
rejissorlar işlədilər,
onu aktyor kimi necə gözəl yetişdirdilər.
Amma bu gün Azərbaycanda
peşəkarlarla qeyri-peşəkarlar
bir-birinə qarışıb.
Və qeyri - peşəkarlar peşəkarları tapdalamağa
çalışırlar.
-Sovet illərinə
nisbətən bu gün Azərbaycan kinosu nəyi itirdi və nəyi qazandı?
-O vaxt kino sahəsində
bir müddət böyük fasilə yarandı. Bu həm maddi durğunluqla bağlı oldu, həm də rejissorlar
dünyalarını dəyişdilər.
Cavanlar da yavaş-yavaş formadan düşdülər,
beyinləri yoruldu.
Yumor yazanlar da həmçinin.
Onlar pul xətrinə xırda işlərdən
yapışmağa məcbur
oldular. Qəzet səhifələrində xırda yumorlar yazmağa başladılar.
Bütün güclərini xırdaladılar.
Kino çəkmək bacarığı olanlar gedib klip çəkməyə
başladılar. Həsən
Seyidbəyli, Tofiq Tağızadə, Hüseyn Seyidzadə, Kamil Rüstəmbəyov
məktəbi yavaş-yavaş
itməyə başladı.
Onlar filmləri ilə dünyada tanınırdılar.
Bu gün peşəkarlardan
çox az
qisim qalıb. Onlar da yerlərini gənclərə veriblər.
Amma bu belə olmamalıdır.
Qanunla gərək yanına məsləhətçi
qoysunlar ki, cavanları öyrətsin.
Məsələn, kinonun rejissoru
Qorxmazdırsa Eldar Quliyev gərək məsləhətçi olsun.
Amma ömründə
bir dəfə də olsun film çəkməyənə
bu gün kino həvalə edirlər. Məktəb sözünü bugünkü gənclər
başa düşmək
istəmirlər. İstər kino
sahəsində, istər
televiziya, istərsə
də danışıq
sahəsində məktəb
olmalıdır. Danışanda gənclər deyir ki, eeey, nə
məktəb? Sizin vaxtınız
bitib. Televiziyaların sayı artdıqca
universitetin I kursundan gəncləri gətirib rejissor etməyə başladılar. Bunlar hələ
III kursa çatmayıblar.
Nə biləcəklər kino nədir? Onlar bilmirlər televiziya
rejissorları nə vəzifə daşıyır. Azərbaycanda milli kino mənim aləmimdə öz səviyyəsini saxlayıb.
Nə yaxşı
ki, bu gün
Kənan Məmmədov
kimi
professional operatorumuz var. Rafiq Quliyev, Fikrət Əliyev, Eldar Quliyev kimi kimi peşəkarlarımız var. Bu şəxslər dağ başında günəşdirlər.
Onlardan öyrənmək lazımdır.
Gənclər nə dərəcədə
öyrənirlər, bilmirəm.
Sonda onu da deyim
ki, milli seriallarımıza istər
dramaturq olsun, istər aktyor, istərsə də rejissor peşəkarlar cəlb olunmalıdır.
Nisə Rafiqqızı
Olaylar.- 2012.- 11 may.- S.11.