Gül kimi reportaj

 

Artıq bir neçə gündür ki, paytaxt ümummilli lider Heydər Əliyevin doğum günü və  gül bayramına hazırlaşır.  Şəhərin müxtəlif parklarında, məktəblərində bu gün münasibətilə silsilə tədbirlər keçirilib. Bu gün münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkın dörd bir tərəfi müxtəlif güllər və gül kompozisiyaları ilə bəzədilib.

Səhər saatlarından insanlar, müxtəlif bağçaların, məktəblərin şagirdləri bu kompozisiyaları görmək üçün parka yollanırdılar. Öncəliklə parkı, Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş beynəlxalq velosiped turnirinin iştirakçıları ziyarət edib. Daha sonra paytaxt sakinlərinin əraziyə daxil olmasına icazə verilib.  Parka giriş və çıxışın ayrı olması basabasın qarşısını alırdı. İnsanlar bir istiqamətdə parka daxil olur və kompozisiyalara baxırdılar..

 

Sevimli dostlar burda

 

Adətən bayrama ən çox sevinən uşaqlar olur. Onlar üçün hər bir bayramın öz yeri var. Bu günkü bayramda da uşaqlar unudulmamışdı. Hətta deyə bilərik ki,  elə bayram onlar üçün idi. Belə ki, milyonlarla güldən istifadə olunaraq hazırlanan kompozisiyalarda balacaların sevimli dostları, cizgi film qəhrəmanları çoxluq təşkil edirdi. Xüsusi maraqla eksponatlara baxan uşaqlar cizgi film  nağıl qəhrəmanlarını gördükcə daha da sevinir, hər biri ilə şəkil çəkdirmək istəyirdilər. Qeyd edək ki, qəhrəmanlar  sırasındaŞrek”, “Miky Mouse”, “Cırtdan”, “Tıq-tıq xanım”, eyni zamanda müxtəlif heyvanların da kompozisiyaları vardı.

 

Uzun növbələr

 

Parka giriş-çıxış qədər səliqəli təşkil olunmuşdusa, kompozisiyaların yanında da daha çox növbələr var idi. Onlara baxmaq üçün ən azı bir neçə dəqiqə gözləməli olurdular. Kompozisiyaların yanında uzun növbələr yaranırdı. Hər kəs güllərdən hazırlanmış müxtəlif fiqurlar, cizgi film qəhrəmanları ilə şəkil çəkdirməyə çalışırdı. Bəzən bu gözləmələr insanları bezdirir, kiminsə daha çox şəkil çəkdirməsi mübahisələrə səbəb olurdu. Ən çox mübahisələr isə, mühafizəçilərlə sakinlər arasında yaşanırdı. Çünki insanlar kompozisiyalara yaxınlaşıb şəkil çəkdirmək istəyir, polislər isə, güllərin dağılmamasına çalışırdılar. Lakin polislərin bütün cəhdlərinə  baxmayaraq  kompozisiyaların bəzilərindəki güllər dağılırdı.

 

Qazanclı gün

 

Qeyd edək ki, gül bayramı həm park yaxınlığındakı satıcıların da ürəyincə idi. Düzdür, onlar parka daxil olub, bu gözəllikləri seyr edə bilmirdilər. Amma bəlkə , kompozisiyalara baxanlardan daha çox sevinirdilər. Bunlar parkın yaxınlığında səyyar ticarətlə məşğul olanlar idi. Sumit, bulki, şar, tum satanlar üçün xeyli bərəkətli gün oldu. Onlardan biri orta yaşlı Kazım dayı deyir, bu gün qazancım digər günlərə nisbətən yaxşı olub. Belə bayramlar olanda sevinirik, insanlar daha çox küçədə olur, uşaqlar da  valideynləri məcbur edirlər gördüklərini almağa. Ona görə , bu gün bizim üçün əsl bayram olur, malımız yaxşı satıldısa, demək bayramdır. Günün ikinci yarısı da, adamlar gələcək, onları da gözləyirik.

 

Uşaqlı-böyüklü

 

Metronun 28 may stansiyasında metrodan çıxanların demək olar ki, hamısı park istiqamətinə gedirdi. Paltarı gül-çiçəklə bəzədilmiş qızlar isə, bayram əhval-ruhiyyəsini yol boyunca hər kəsə hiss etdirirdilər. 7 yaşlı Şəbnəm Səfərli , bura gəlmək üçün yuxudan çox tez oyandığını deyir: “Bu gündən çox xoşum gəlir. Hər il bura gəlirəm.  Tezdən duran kimi anama dedim, məni bura gətirsin. Güllərdən xoşum gəlir. Ən çox Heydər Babanın gül şəkli xoşuma gəldi”. Özü güllərdən kompozisiya hazırlamasa da, gələn il gül-çiçəklə bəzədilmiş paltarla gəlmək istəyir balaca müsahibim.

5 yaşlı Xalidə Əsgərzadə isə,  bu gün bağçaya getməyib  bura gəldiyini deyir. Mən gülləri çox sevirəm. Televizorda gördüm ki, güllər çox gözəldir anama dedim ki, məni bura gətirsin”. Ülviyyə Camalzadə gözəlliklərdən həzz aldığını deyir. “Bu gün həm mərhum prezidentimiz Heydər Əliyevin ad gününü, həm gül bayramını qeyd edirik. Çox sevinirik, bu güllərə baxırıq, ürəyimiz açılır. Hər il olmasa da, çalışıram hərdən gəlim. Hər şey çox gözəl təşkil olunub. Bu dəfə qardaşımın qızını gətirmişəm. Çalışıram ki, hər kompozisiya ilə şəklini çəkim, yadigar olsun bu gündən”. Gülşən Qafarova əslində heç bir kompozisiya hazırlamasa da, sadəcə güllərin ürəyini açdığını deyir. Amma bu kompoziyalar da çox gözəl hazırlanıb. Bu cür tədbirlər Azərbaycanımızın qədər inkişaf etdiyini göstərir. Hər il Gül bayramına gəlirəm, bu il keçənilkindən bir az fərqlidir. Güllərə baxdıqca sanki gəncləşirəm”. Lətifə Muxtarova da hər il bayrama gəldiyini deyir: “Bu gün çox gözəl bir gündür. Mən uşaqlarımla birlikdə belə bir bayramda gözəl güllərə baxmağa gəlmişik. Allah ulu öndərimizə rəhmət eləsin. Hər il bura gəlirəm, ildən-ilə daha da gözəl kompozisiyalar hazırlanır.  Güllərin belə gözəlliyini seyr etmək hər şeyə dəyər”. 60 yaşlı Qardaşxan İnsanov isə, Suraxanı rayonundan bu gözəllikləri görməyə gəlib.Allah  Heydər Əliyevə rəhmət eləsin. O xalqımızı  azadlığa çıxardı. Bu gün biz onun ad gününü  bayram edirik. Həqiqətən bu gün bizim üçün bir bayramdır. Hər kəsə məsləhət görürəm ki, televizorda baxmaqdansa bura gəlib baxmaq daha yaxşıdır”. Xuraman Mahmudova ən çox milli kompozisiyaları bəyənib: “Bu gün ümummilli liderimizin doğum günüdür. Bacımın qızını gətirmişəm bura, qoy gələcək nəsillər bilsinlər ki, Heydər Əliyev onlar üçün necə bir dövlət qurub. Bütün kompozisiyalar çox gözəl hazırlanıb. Xüsusən , milli atributlar, buta, tar, kamança kompozisiyaları xoşuma gəldi”. Minayə İsayeva isə, hazırlıqlarda əməyi keçən hər kəsə təşəkkür etdi. “Bu gün ölkəmizdə ən əlamətdar günlərdən biridir. Çünki həm ümummilli liderimizin ad günü, həm gül bayramıdır. Bakı sakinləri üçün belə bir bayram təşkil etdiklərinə görə, prezidentimizə təşəkkür edirəm. Burada əziyyəti olan hər bir işçiyə minnətdaram ki, gözəl şərait yaradıblar. Bütün paytaxt sakinləri bu günü arzulayır ki, gül bayramın öz gözləri ilə görsünlər. Mən hər il qızımla bura gəlirəm, bu gözəlliklərə baxıb sevinirəm”.

Qeyd edək ki, gün boyunca  Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov da sakinlərlə birlikdə idi.  Mer bayramla əlaqədar ölkəmizə 116 ton gül gətirildiyini bildirdi. O, Heydər Əliyevin güllərdən hazırlanmış portretinə xüsusi diqqət çəkərək, portretin gözəl tərtib olunduğunu bildirib. Ənənəvi olaraq hər il ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə gül bayramı keçiririk. Bu gün dünyanın müxtəlif ölkələrindən gətirilmiş 116 ton güllə Bakımızı gözəlləşdirmişik. Bütün xalqımızı bu gün münasibətilə təbrik edirəm”.

 

 

Gülxar

 

Olaylar.- 2012.- 11 may.- S.8.