416-cı Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib

 

Bu məqsədlə geniş tərkibli Azərbaycan nümayəndə heyəti Rostovun Taqanrok şəhərinə səfər edib

 

Bu günlərdə Rusiya Federasiyasının Rostov vilayətinin Taqanroq şəhərində bu şəhərin alman faşistlərindən azad edilməsində qəhrəmanlıq göstərmiş əsgərlərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunmuş 416-cı və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılış mərasimi keçirildi. Açılış mərasimində Rostov vilayətinin rəsmiləri ilə yanaşı Azərbaycandan da geniştərkibli nümayəndə heyəti iştirak edirdi. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibinə, Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelin, Azərbaycan kazakları icmasının, Respublika Veteranlar Şurasının nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, ictimai xadimlər, Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də daxil idi. Azərbaycan nümayəndə heyətinin tərkibindəki KİV nümayəndələri arasında “OLAYLAR” qəzetinin əməkdaşının da yer alması mənim üçün kifayət qədər maraqlı və sevindirici idi. Ona görə yox ki, Rusiya Federasiyasına səfər etmək çoxdankı arzum idi. Məhz bu səfərin Rostov vilayətinə olması uşaqlıq xatirələrimi bir daha yada salmış olurdu. Məlumat üçün qeyd edim ki, hələ orta məktəbdə oxuyarkən yay tətilində bir neçə dəfə Rostov vilayətində olmuşdum. Bu baxımdan 25 il əvvəl olduğum Rostovla indinin Rostovu arasındakı fərq məni düşündürür, bu vilayətdə nəyin dəyişdiyi, Sovet dövrü ilə müqayisədə hansı yeniliklərin baş verdiyi maraqlandırırdı. Xüsusilə, Don çayını görmək, ucsuz-bucaqsız meşə sahələrini bir daha gəzmək arzusu ilə Rostova gedirdim.  Bakıdan Rostova istiqamət götürən təyyarə 1 saat 40 dəqiqə sonra Rostov Beynəlxalq Hava Limanında enərkən təyyarədən izlədiyim mənzərə Rostovun o qədər də dəyişdiyi qənaətini yaratdı. Geniş meşə sahəsi, yamyaşıl əkin sahələri, səliqə ilə tikilən binalar bu vilayətə qədəm qoyan istənilən şəxsə xoş təssüratlar bağışlayırdı. Ancaq vaxt məhdudiyyəti bizi Rostovla daha yaxından tanış olmaq, onun gözəlliklərini doyunca seyr etməyi mümkünsüz edirdi. Çünki Rostov Beynəlxalq Hava Limanında Azərbaycan nümayəndə heyətini  tədbirin keçiriləcəyi yerə aparacaq avtomobil karvanını gözləyirdi. Təyyarədən düşər-düşməz müşahidə etdiyimiz qonaqpərvərlik, Azərbaycan nümayəndə heyətinə göstərilən diqqət-qayğı xüsusi qeyd edilməlidir.

Beləliklə, Azərbaycan nümayəndə heyəti avtomobil karvanının müşayəti altında mərasimin keçiriləcəyi yerə istiqamət götürdü. Onu da qeyd etmək yerinə düşər ki, Rostov Beynəlxalq Hava Limanından Neklinovski rayonunun Sambekski qəsəbəsinə qədər olan 100 kilometrə yaxın məsafəni yol yorğunu olmağımıza baxmayaraq necə qət etdiyimizin fərqində belə olmadıq. Yol boyu uzanan yaşıllıq zolağı, səliqə ilə tikilmiş binalar, insanların üzlərində müşahidə edilən bayram əhval-ruhiyyəsi yol yorğunluğumuzun aradan qalxmasına səbəb oldu.  Hərdən jurnalist həmkarlarımla “bu ağacları qırıb yerində yaxşı hündürmərtəbəli yaşayış binası tikmək olar” deyə zarafatlaşırdıq da. Yaşayış binasından söz düşmüşkən bir məqamı da diqqətə çatdırım ki, Rostov vilayətində bir qayda olaraq yaşayış binaları 5 və ya 9 mərtəbəli olur. Yalnız bir neçə 12-14 mərtəbəli binalara rast gəlmək mümkündür ki, həmin binalardan da ticarət mərkəzləri üçün istifadə edilir. Yol boyu Oktyabr, Marksbu kimi küçələrə rast gəlməyimiz, hətta Leninin abidəsinin Rostovun mərkəzi küçələrindən birində hələ də saxlanılması bizdə maraq doğurmuşdu. Azərbaycandan gedən media təmsilçilərini aparan sürücü isə bunu insanların tarixi unutmaması kimi dəyərləndirdi. Bildirdi ki, keçmiş Sovet İttifaqı dağılsa, əksər ölkələrdə Leninin heykəli götürülsə, eləcə də bir çox küçə və prospektlərin adı dəyişdirilsə də Rostovda buna ehtiyac duyulmayıb. Çünki yeni yaranan gənc nəsil pis-yaxşı tarixi bilməlidir.

Nəhayət, 1 saatlıq yolçuluqdan sonra avtomobil karvanı mərasimin keçiriləcəyi yerə gəldi. Abidənin açılış mərasiminə Rostov vilayətinin vitse-qubernatoru İqor Quskov, vilayətin şəhər və rayonlarının nümayəndə heyətləri, Böyük Vətən Müharibəsi veteranları, Taqanroq hərbi qarnizonunun əsgərləri, eləcə də sadə insanların da təşrif buyurması bir tərəfdən insanların öz qəhrəmanlarının xatirəsini uca tutmasının nümunəsi idisə, digər tərəfdən rostovluların Azərbaycan nümayəndə heyətinə ehtiramının göstərisi idi. Beləliklə Rusiya Federasiyası və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildikdən sonra mərasimin rəsmi açılışına start verildi. .

Tədbirdə çıxış edən İqor Quskov Rostov vilayəti rəhbərliyinin adından veteranları və bütün iştirakçıları qələbə günü münasibətilə təbrik etdi. Vitse-qubernator qeyd etdi ki, bu bayram təkcə Rusiyada deyil, bütün dünyada qeyd olunur. Abidənin yerləşdiyi şəhərin işğaldan azad olunmasında 130 və 416-cı diviziyaların böyük fədakarlıq göstərdiyini xatırladan İqor Quskov müharibə vaxtı əsgərlərin milli mənsubiyyətinə görə bölünmədiyini diqqətə çatdırıldı: Bizim üçün bu gün ikiqat bayramdır, ona görə ki, faşizm üzərində qələbənin 67-ci ildönümünü azərbaycanlı qonaqlarla birgə qeyd edirik. İkinci Dünya müharibəsində bütün millətlər, o cümlədən də azərbaycanlılar birgə şəkildə öz vətənini qoruyub saxlayıblar. Vaxtıilə məhz azərbaycanlı əsgərlərin böyük şücaəti nəticəsində bu şəhər də işğaldan azad edilib. Azərbaycanlılardan ibarət diviziyalar düşmənə ağır zərbə endirərək, onları geri çəkilməyə məcbur ediblər. Müharibənin gedişindəki bu uğur, nailiyyət, təbii ki, əsgərlərimiz arasında qurbanlarsız da ötüşməyib. Çiyin-çiyinə düşmənə qarşı vuruşan əsgərlərimiz arasında qəhrəmancasına vuruşaraq, həlak olanlar da çoxdur. Bu gün açılışına yığışdığımız memorial abidə məhz həmin şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Biz öz həyatlarını qurban vermək bahasına Vətən torpaqlarını işğaldan azad edən babalarımızın əziz ruhunu hər zaman hörmətlə anır, onların keçdiyi şərəfli ömür yolunu nümunə kimi qəbul edirik. Vətəni sevməyi onlardan öyrənirik. Bununla biz eyni zamanda xalqlarımız arasındakı dostluğu, qardaşlığı da qoruyur, gələcək nəsilləri bu ruhda tərbiyə etmiş oluruq”. Qubernator müavini dedi ki, İkinci Dünya müharibəsində bütün millətlər birgə öz vətənini qoruyub saxlayıblar. Rostov vilayətinin vitse-qubernatoru Azərbaycan Respublikasının Prezidenti və hökumətinə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ildə inşa edilmiş abidənin əsaslı təmiri üçün 57 milyon rus rublu ayırdığına görə təşəkkürünü bildirdi. ““Mən fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı çatdırmaq istəyirəm. Çünki onun qərarı ilə hazırda açılışına yığışdığımız abidə kompleksinin təmir olunmasına maliyyə dəstəyi verilib. Bu digər keçmiş Sovet İttifaqı respublikaları üçün də tarixə, qələbə uğrunda öz canlarını qurban verirm insanların xatirəsinə necə yanaşmaq gərək olduğunun gözəl nümunəsidir”.

Memorial kompleksin əsaslı təmirdən sonra açılış mərasimində iştirak edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov müharibə illərində Azərbaycanın da digərləri ilə yanaşı Vətənin azad edilməsi uğrunda döyüşlərdə iştirak etdiyini və qələbənin əldə olunmasına öz töhfəsini verdiyini qeyd edib. “Bu müharibədə Azərbaycanın hər beşinci sakini iştirak edib. Müharibəyə 681 min azərbaycanlı getmiş, onlardan 10 mindən artığı qadınlar olmuşlar. Döyüş meydanlarında yüz minlərlə azərbaycanlı həlak olub və yaralanıb. 400 mindən artıq azərbaycanlı müxtəlif hərbi mükafatlara layiq görülüb, o cümlədən 14 döyüşçüyə Şərəf ordeni kavaleri, 123 nəfərə - Sovet İttifaqı Qəhrəmanı adı verilib”. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 416-cı Taqanroq diviziyasının döyüşçülərinin 2 may 1945-ci il tarixində Qələbə bayrağını Berlində Brandenburq qapıları üzərində sancdıqlarını xüsusi vurğulayıb. Müharibə illərində cəbhəni neftneft məhsulları ilə əsasən Azərbaycanın təmin etdiyini söyləyən Nazim İbrahimov həmin dövrdə SSRİ-də hasil olunan neftin 70 faizdən çoxunu Azərbaycanın verdiyini vurğulayıb. 1941-ci ildə Azərbaycan neftçilərinin rekord həcmdə - 23 milyon.ton neft hasil etdiklərini qeyd edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov minlərlə neftçinin cəbhəyə getdiyini, və mədənlərdə onların yerini qadınların tutduğunu da sözlərinə əlavə edib. Nazim İbrahimov həmçinin bildirib ki, müharibə illərində Bakıda 130 addan artıq hərbi silah-sursat istehsal edilib, Azərbaycanın hospitallarında Sovet Ordusunun 400 mindən artıq döyüşçüsü müalicə alıb: “Canlarını fəda vermiş əsgərlərin, onların qəhrəmanlıq və şücaətinin xatirəsinə ucaldılan bu möhtəşəm abidə 7 may 1980-ci il tarixində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə açılıb. Bununla Heydər Əliyev bizim döyüşçülərin cəsarət və qəhrəmanlığını nə qədər yüksək qiymətləndirdiyini nümayiş etdirib”. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinBöyük Vətən Müharibəsi veteranlarına böyük diqqət və qayğı ilə yanaşdığını da diqqətə çatdırıb: “Əsaslı təmir olunmuş Memorial kompleksinin bu günkü açılış mərasimi prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən vəsaitin ayrılması sayəsində mümkün olub”. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Rostov vilayətinin qubernatoruna, vilayətin şəhər və rayonlarının rəhbərliyinə və sakinlərinə, gənc nəslə Azərbaycan əsgərlərinin xatirəsini əziz tutduqları üçün təşəkkürünü bildirib və Vətənə sonsuz məhəbbət, qəhrəmanlıq və şücaət rəmzi olan bu abidənin Böyük Vətən Müharibəsində qələbənin bizim ümumi qələbəmiz olduğunu daim xatırladacağını vurğulayıb. Taqanroq şəhərinin düşməndən azad edilməsinin iştirakçısı, ehtiyatda olan polkovnik Vladimir Barunov, gənc kursant Anatoliy Slivko və başqaları da çıxış edərək, alman faşizmi üzərindəki qələbədən danışıblar. Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun mərasim iştirakçılarına təbrik məktubu oxunub və məktub Rostov vilayəti administrasiyasına təqdim edilib.  Daha sonra Böyük Vətən müharibəsində qələbənin 67-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib. Paradın ardınca mərasim iştirakçıları abidə kompleksini ziyarət edərək, əbədi məşəl önünə gül dəstələri düzüblər. Memorial abidənin açılış mərasimindən sonra Rostov vilayəti rəhbərliyi adından veteran döyüşçülər üçün ziyafət təşkil edilib.

 

Ardı növbəti sayımızda

 

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2012.- 12-14 may.- S.15.