Qadın
işləməsin, çünki...
Aynur Veysəlova: “Onlar
qadınların inkişaf edərək
üzə çıxmalarını istəmir”
Ötən gün getdiyim məclislərin
birində qadınların işləyib işləməməsini
müzakirə edirdik. Əksəriyyəti qızlar olan məclisdə
fikirlər fərqli idi. Zərif cinsin bəzi nümayəndələri
qadınların işləməməsini, digər bir qisim isə,
işləməsinin önəmini dəstəkləyirdi.
Qadınlar işləməsin deyənlər, bunu iş şəraitinin
çətinlikləri, zərif nümayəndələr olan
qadınların həmin çətinliklərə
tab gətirə bilməməsi ilə əlaqələndirdilər.
İşləməyi
müdafiə edənlər bunu qadının inkişafı
üçün önəmli faktor hesab edirdilər.
Onların fikrincə, “qadın işləyirsə, demək
inkişaf edir”. İllər, bəlkə də əsrlərdir
müzakirə mövzusu olan bu mübahisəyə mütəxəssis
aydınlaşdırması gətirmək istədik. AMEA-nın fəlsəfə,
sosial və hüquq institutunun elmi işçisi Aynur Veysəlova
məsələnin çoxtərəfli yanaşma tələb
etdiyini bildirdi. O hər iki fikir sahiblərinin doğru hesab
etdikləri məqamları bir daha xatırlatdı.
“Qadınların işləməsini istəyənlər belə
hesab edir ki, işləyən qadınlar daha gec qocalır,
dünyagörüşləri daha çox inkişaf edir,
hüquqlarını yaxşı bildiklərindən onları
aldatmaq çətin olur. Onlar işləyən zaman sadəcə
özlərini inkişaf etdirmirlər, həm də ailə
büdcəsinə kömək göstərirlər.
Qadınların işləməsinə etiraz edənlərin
də özlərinə görə səbəbləri var. Cəmiyyətdə
əxlaqsızlıq, ədalətsizliyin daha çox hökm
sürməsi, rəhbər vəzifələrə irəli
çəkiləndə qadınlara qarşı
ayrı-seçkiliyin, qadınları təngə gətirənlərin
olmasını əsas götürən qadın və
kişilər qadınların işləməyini istəmir. Əlbəttə,
bu cür yanaşmalarda da müəyyən qədər həqiqətlər
var, lakin bütün iş yerləri eyni olmur, hər yerdə
eyni problem olacaq deyib, cəmiyyətdən təcrid olunmaq da
düzgün deyil. Bundan başqa qadınların işləməsinə
maneə olanlar bunun həm də iş yeri adı ilə
onları aldadan müəssisələrin artması ilə də
əlaqələndirirlər. Çox zaman işə düzəlmək
adı ilə hansısa müəssisəyə müraciət
edən qadınların istismar olunması, insan alveri
qurbanına çevrilməsi yaşadığımız
dövrün reallığıdır. Bir çox idarələr
işləmək üçün müraciət edən
qadınları həm ölkədaxili, həm də xaricdə
onları cinsi istismara məruz qoyurlar”.
Bərabər əmək haqqı
Bu gün həqiqətən
də, bir çox iş yerlərində qadınların irəli
getməsinə maneə olurlar. Əgər qadın işdə
uğur qazanırsa, buna kölgə salmağa
çalışırlar. Hətta həmin qadınlar
haqqında müxtəlif rəvayətlər uydurur, onları
gözdən salmağa çalışırlar. Bəzi
qadınlar bu maneələrlə mübarizə aparsa da, bəziləri
bezib geri çəkilir. Müsahibim isə, kişilərin bu
cür yanaşmalarının daha çox patriarxal düşüncələrinin nəticəsi olduğunu bildirdi.
“İş yerlərində bəzən əmək
haqqının verilməsi və ya vəzifədə yüksəlməyə
görə qadın və kişilərə fərqli
yanaşmalar olur. Qanunda da göstərilir ki, bərabər əməyə
görə, bərabər əmək haqqı verilməlidir.
Lakin bəzən qanunun
pozulduğunu görürük. Bunu daha çox kişinin evin
rəisi olması ilə izah edirlər. Qadının rəhbər
vəzifələrə çəkilməməsini isə,
onun ailəyə daha çox bağlı olması, bu
qayğılarının işini daha məsuliyyətlə
yerinə yetirməsinə maneə olması ilə əlaqələndirirlər.
Hələ də bir çox kişilərin özünü
sevməsi, eqosundan kənara çıxa bilməməsi bir
çox idarələrdə bu məqamlara səbəb olur”.
Ata, qardaş və həyat
yoldaşı
İş
yerlərində qadınların yüksəlməsinə maneə
olan kişilər qədər, bəzən onların ən yaxınlarındakı
kişilər də ciddi sədd çəkirlər-onların
karyera qurmaları üçün. Öncəliklə atalar,
qardaşlar, daha sonra həyat yoldaşı qadının
karyera qurmasına maneə olur. Ekspertin də dediyi kimi onlar əsl
məqsədlərini müxtəlif bəhanələrlə
kölgələməyə çalışırlar.
İş yerlərinin qadınlar üçün təhlükəli
olduğunu və ya onların əziyyət çəkməsinə
razı olmadıqlarını bildirərək, iş fikrindən
döndərməyə çalışırlar. A.Veysəlova
da deyir ki, heç bir kişi ata, qardaş, həyat
yoldaşı olmasından
asılı olmayaraq ailəsindəki qadının işləyib, ailəyə pul gətirməsinə
dözə bilmir. Bunu həm ictimai qınaq, həm onların
şəxsiyyətini alçaltmaq mənasında qəbul
edirlər. Hətta məişətdə belə söhbətlər
olur: “filankəs necə kişidir ki, qızı, həyat
yoldaşı və ya bacısı alver edir, küçə
süpürür, müxtəlif müzakirələrdə, tədbirlərdə
çıxış edir?” Bu kimi bir çox sosial psixoloji məqamları
əsas gətirən kişilər belə
düşünürlər ki, qadınlar işləməməlidir.
“Lakin onlar anlamalıdırlar ki, ali təhsili olub
olmamasından asılı olmayaraq qadınların işləməsi vacibdir. Çünki bu həm
onların böyütdükləri uşaqların
dünyagörüşünün yüksək olmasında, cəmiyyətə
lazımlılıq nöqteyi-nəzərdən böyük
təsir etmiş olur. Əgər bir kişi bəzənən,
yaxşı geyinən, özünü təsdiq edən
qadınlarla “münasibət” qurmaqda meylli olursa, nə
üçün evindəki qadının da o səviyyəyə
çatmasını istəmir? Bu çox ziddiyyətli məqamlar
yaradır. Yəni bir tərəfdən kişi iş yerindəki
qadınlarla hörmətlə yanaşır, evindəki
qadın hər hansı bir sahədə çalışmaq,
karyera qurmaq istəyəndə buna maneə olurlar.
Çünki onlar qadınların inkişaf edərək
üzə çıxmalarını istəmir. “Bir var deyələr
filankəsin arvadı, biri də var ki, deyələr filankəsin
əri, atası” onlar bu cür tanınmamaq üçün
qadınların inkişaf edib, müəyyən yer
tutmasına etiraz edirlər”. Müsahibim işləməyən
qadınların psixoloji problemlər
yaşadığını bildirdi: “İşləməyən
qadınların psixoloji, fizioloji durumu işləyənlərə
nisbətən daha gərgin, az inkişaf etmiş olur. Əgər
qadın ancaq dörd divar arasında oturursa, özünə
vaxt ayırmırsa, müxtəlif ad günlər və ya
yığıncaqlara, gözəllik salonlarına getmirsə,
bütün günü televiziyada hansısa şou veriliş və ya filmə
baxır, uşaqları və yoldaşının
qayğısını çəkməkdirsə, artıq o
qadınlarda psixoloji problemlər yaranır. Amma elə
qadınlar da var ki, işləməsə belə özünə
vaxt ayırır, daim sosial mühitdə olurlar, onların
psixoloji durumu daha yaxşı olur”.
Adaptasiya ola bilmir
Lakin istənilən
halda heç kim heç nədən
sığortalanmayıb. Qadınların işləməsinə
mane olan atalar, qardaşlar, həyat yoldaşları bir gün
onların olmadığı bir zamanda qadınların necə
yaşayacağını heş düşünürmü?
A.Veysəlova heç zaman işləməyən
qadınların birdən-birə işə başlayanda
problemlər yaşadığını dedi. “Elə məqamlar
da olur ki, ömründə heç zaman işləməyən
qadın, həyatının müəyyən dövründə
işləməli olur. Məsələn, həyat
yoldaşı vəfat edir, iş qabiliyyətini itirir və s.
Bu məqamlarda qadın işləmək məcburiyyətində
qalır. Həmin qadınlar ən azı bir neçə ay və
ya bir il iş prosesinə
uyğunlaşa bilmirlər. Adaptasiya olunmaqda çətinlik
çəkir, iş yoldaşları ilə münasibət
qura bilmir, ümumiyyətlə insanlarla ünsiyyət qurmaqda
çətinlik çəkir və iş prosesində tez-tez
danlanırlar. Ona görə də burada televiziya, radio,
müasir dövrdə isə, internet medianın üzərinə
böyük məsuliyyət düşür. Müəyyən
verilişlər və ya saytlar yaratmaq olar ki, virtual da olsa
insanlarla ünsiyyətə girsinlər ki, sonradan münasibətlərə
daha tez uyğunlaşsınlar”.
“İşləmək istəmirəm”
Yazının
əvvəlində də dediyim kimi kişilərlə
yanaşı bəzi qadınlar da həmcinslərinin işləməsini
istəmirlər. Elə qadınlar da var ki, özləri
işləyir, lakin həyatının
müəyyən dövründə artıq işləməkdən
bezir. Müsahibim bunu daha çox psixoloji durumla əlaqələndirdi.
“Müxtəlif problemlər qadınların işlərindən
bezməsinə səbəb olur. Müşahidə aparsaq
görərik ki, elə insanlar var
həyatda özünü çox erkən
yaşlarında təsdiq etdiyi halda, bəziləri isə,
yaşının çox olmasına baxmayaraq hələ də
istəklərinə çata bilməyiblər. Heç bir
nailiyyət qazana bilməyən qadınlar daha pessimist olur. elə
qadınlar da var ki, əvvəlcə
ailə qurur, uşaqları müəyyən səviyyəyə
çatandan sonra işə başlayırlar və bu zaman həmyaşıdlarının
onlardan çox inkişaf etdiyini görüb, işlərinə
daha çox məsuliyyətlə yanaşır, səviyyələrini
qaldırmaq üçün gecə-gündüz səy
göstərirlər. Amma bir qisim qadınlar da var ki, erkən
yaşlardan işləməyə başlayıblar, onların
bəziləri ya heç ailə
qurmayıb və ya ailələri uğursuz alınıb, həmin
qadınlar hər şeyə daha pessimist yanaşırlar.
Onlar hər şeydən çəkinir, hətta işdən
də bezirlər. İşdən bezmək həm də
qadınların müəyyən yaş dövrü ilə
bağlıdır. Araşdırmalara əsasən, deyə
bilərik ki, ailə quran, övladı olan qadınlar psixoloji
cəhətdən daha əzmkar olurlar, həm də onları
gələcəyə bağlayan ailə və
övladları var. Digər qadınlarda isə, müəyyən
natamamlıqlar var, ona görə də onlar işdən daha
çox bezir, pessimist olurlar. Bundan başqa bəzən cəmiyyətdəki
çatışmazlıqlar, iş yerlərindəki ədalətsizlikləri
görmək, təzyiqlərə məruz qalmaq
qadınların işdən bezmələrinə səbəb
olur. Lakin əgər işdə stimul olarsa, insan ondan
heç zaman bezməz”. Müsahibim istənilən halda
psixoloji problem yaşayan
qadınların işlərini
itirməkdənsə psixoloqa
müraciət etmələrini
vacib hesab edir. “İnkişaf
etmiş Avropa ölkələrinin əksəriyyətində
hər bir ailənin, fərdin öz psixoloqu var. Həmin psixoloqlar insanlara kömək edirlər. Müəyyən
yaş dövrü və ya iş
prosesində çətinliklər,
pessimizm yaşayan qadınlar da onlara müraciət edərək psixoloji problemlərindən xilas olurlar. Çünki işlərindən bezən qadınlar üçün sadəcə
bir səbəb lazımdır ki, onlar yenidən əvvəlki əhval-ruhiyyələrinə
qayıtsınlar”.
Gülxar Şərif
Olaylar.- 2012.- 12-14 may.- S.13.