"Artıq
teatr mənim üçün arxada qaldı"
Kubra Əliyeva:
“İndi nəvələrimlə rahat dincəlmək istəyirəm”
Əməkdar
artist Kubra Əliyevanın əməliyyat keçirdiyini
eşidəndə düzü çox təəccübləndim.
Çünki onu səhnədə də, həyatda da hər
zaman məğrur, şux, qürurlu görmüşəm.
Hazırda aktrisa kimyaterapiya kursu keçir. Sinə nahiyəsində
şiş aşkarlanıb. Bu xəbəri eşitcək
aktrisa ilə əlaqə yaradıb müsahibə
apardım. Hazırda
özünü yaxşı hiss edən Kubra xanım
müalicə kursunu bir neçə ay da davam etdirəcəyini
dedi:
“İki
ilə yaxındır ki, ürəyimdə ağrılar var
idi, ayaq döymədiyim kardioloq qalmamışdı. Demə
ki, ürəyim deyilmiş, döşümdə şiş
varıymış. Bunu da İstanbula getdim, türk həkimləri
aşkar etdi. Hələ 4 dəfə də kimyaterapiya kursu
keçməliyəm. Bu kursu 21 gündən bir alıram.
Çox ağır bir prosesdir, Allah heç kəsə
göstərməsin. Türkiyədə olarkən mənə
əməliyyat olunmaq təklif edilsə də, mən vətənimdə
əməliyyat olunmaq istədim. Qızım da tibb
işçisidir, o da Türkiyədə
çalışır. İstədiyimi burda əldə edəcəyimi
bilirdim. Özümüzün onkoloqlarımıza daha
çox etimad göstərdiyimdən vətənimdə əməliyyat
olundum. Sağ olsunlar, sənət yoldaşlarım da mənə
qarşı biganə qalmadılar, zəng vurub
maraqlanırlar. Mən heç kəsə əziyyət vermək
istəmədim. Onkoloji xəstəxanada akademikdən də
xahiş etdim ki, heç kəs bilməsin ki, mən əməliyyat
olunuram. Mədəniyyət və Turizm Nazirliyindən də zəng
vurub səhhətimlə maraqlanırlar. Hamıya mənə
göstərdikləri qayğıya görə təşəkkür
edirəm.
- Teatr
üçün darıxırsınız?
-Əlbəttə.
42 il teatrda çalışmışam. 60 yaşımda teatrdan
uzaqlaşdım. Səhhətim teatrda qalıb işləməyimə
imkan vermədi. Darıxsam da artıq teatr mənim
üçün arxada qaldı.
-Amma nədənsə
60 illik yubileyinizi keçirmədiniz.
-Həqiqətən
də mən ad günü keçirməyi sevmirəm.
Ümumiyyətlə biz ad günlərini yalnız ailə daxilində
keçiririk. Təmtərağı sevmirik. Mən neçə
ildir sənətdəyəm, 40 yaşımı da keçirərdim,
50-ni də. İstəsəm hər kəsi başıma
toplayıb necə lazımdır ad günü keçirərəm.
Elə çalışdığım “Planet Parni iz
Baku”KVN Teatrı da bunu mənim
üçün edə bilərdi. Sadəcə ad günü
keçirməyi sevmirəm. Ad gününə getməyi də
xoşlamıram. Ad günlərini
yalnız telefonla təbrik edirəm.
-
Kubra xanım, yaşı 65-i
ötmüş aktyorların teatrdan kənarlaşdırılması
məsələsinə münasibətiniz necədir?
-Mayın
1-də Türkiyə ayağa qalxdı. Bütün Türkiyə
teatrları, sinema aktyorları
“Taksim” meydanında nümayiş elədilər. Tarik Akandan
tutmuş ən gənc aktyora qədər teatrın özəlləşməsini
istəmirlər. Hər gələn müdirin
özünün qanunları var. Teatrda çalışan
aktyordur. Teatra istəyirlər tac qoysunlar, üzr istəyirəm
məcazi mənada deyirəm istəyirlər səhnəni tərsinə
çevirsinlər, teatrı yaşadan aktyordur. Şəxsi
münasibətlərdə görürsən ki, aktyorlar
inciyirlər. Amma nahaq yerə. Mənim bu gün 63
yaşım var. 42 il teatrda çalışdım. O qədər
direktor gəldi-getdi ki. O qədər baş rejissor
gördüm, yenə də teatra qalan aktyordur. Ümumiyyətlə
mən bu gündən sonra hara gedə bilərəm? Mən
hansı vəzifədə istəsəydim gedib çalışardım. Amma bu mənə
yaraşmaz. Çünki xalq məni aktrisa kimi sevib. Mən xalqın sevimli
aktrisasıyamsa başqa yerdə çalışmağım
yasaqdır. Ona görə mənim kimi aktyorları gərək
əl içində saxlasınlar. Mən bunu nazirlikdən
görmürəm. Teatr bir evdir. Ailənin
başçısı, evi yəni. Ailədə necə
övladlarını sevirsənsə, eləcə də
aktyorlarını sevməlisən.
Aktyor da teatrın övladıdır. İstər
yaşlı olsun, istərsə də gənc. Gənclərə
daha çox qayğı göstəmək lazımdır ki,
ümidləri qırılmasın, teatrdan küsməsinlər.
Qəlbin qırılmağı pisdir.
-
Ümumiyyətlə teatra gedirsiniz?
-
Akademik Milli Dram Teatrından sonuncu dəfə 2 il bundan öncə
çıxmışam. Həmin
vaxtdan teatra getməmişəm. Səhhətim gedib
tamaşalara baxmağa yol vermir. İndi evdə zorla hərəkət
edirəm. Kimyaterapiya almaq
çox çətin bir prosesdir.
-Kubra
xanım, son dövrlər müasir əsər
baxımından teatrda qıtlıq var...
-
Yazan yoxdur ona görə. Allah Elçin Əfəndiyevə
ömür versin. Bu gün onun əsərləri sevilir,
baxılır. Onun iki tamaşasında oynamışam. Azərbaycanın
elə bir guşəsi yox idi ki, hətta elə rayonlar var idi
ki, ora təkrar-təkrar gedirdik. Yenə də onun
tamaşaları baxılırdı. Amma son zamanlar mövzu
qıtlığı var. Klassika öz yerində. Eyni
insanların, eyni oynayan adamların ifasında klassikaya
baxanda adam bezir. Mən o vaxtlar
teatrla yaşayırdım. Teatrla nəfəs alırdım. O
vaxt teatra Amaliya Pənahova gəldi. Fuad Poladov, Səməndər
Rzayev gəldi. Mənim heç pulum da yox idi. Amma teatra necə
həvəslə gedirdim. Necə
maraqla tamaşalara baxırdım. İlyas Əfəndiyevin
bütün əsərlərinə baxmışam. Hətta
bir tamaşaya təkrar
baxırdım. Bu gün teatra qarşı elə həvəs
yoxdur. O cür əsərlər yoxdur. Bu gün alim də əsər
yazır, iş icraçısı da yazır, polis də.
Amma dramaturqun yazdığı əsər tamam
başqadır. Allah qəni-qəni rəhmət eləsin
İlyas Əfəndiyevə. O, xalqın dilini, xalqın yolunu
öz əsərlərində necə əks etdirirdi. O cür dramaturqlar bugünkü
dövrdə yoxdur.
-Xarici serialların efirlərdən
yığışdırılmasına münasibətiniz necədir?
Mən
baxıram, hələ də türk filmləri göstərilir.
Onlar qardaşlarımızdır, ona görə
yığışdırılmayıb? Hazırda televiziyada
bir-iki komediya var ki, çox baxılır. Bunların hamısı maddiyyatla
bağlıdır. Televiziya tamaşası çəkiləndə
məsələn, “Evləri
köndələn yar”, “Şirbalanın məhəbbəti”,
“Analar” televiziya
tamaşalarına görə biz çox pul
alırdıq. Bu gün tələbat ayrıdır. Seriallara
çəkilən aktyorlara o qədər də çox pul
vermirlər. Bizim aktyorların çalışma prinsipi
yüksəkdir. Amma onların zəhmətləri layiqincə
qiymətləndirilmir. Mən dönüb geriyə baxanda
görürəm ki, necə aktiv
çalışmışam. Necə əziyyətlər
çəkmişəm. Həm ev, həm teatr. Həm bazar, həm
uşaq. Bu qədər işin öhdəsindən necə gələ
bilmişəm. Mən Türkiyə
aktyorlarına baxıram. Səhərdən axşama qədər
çalışırlar. Bir filmdən sonra bir villa, və ya
bir bahalı maşın alırlar.
-Oğlunuzun
həbs olunması xəbəri təbii ki, xoşagəlməz
oldu. Hazırda durumu necədir?
-Həyatdır
da. O da xəstədir. Düzdür, pis uşaq deyil.
Savadlıdır, xaricdə oxuyub. Mən bütün əməyimi
ona sərf etmişəm. Amma xəstədir də, nə etmək
olar.
-
Arzuladıqlarınızdan daha nə qalıb?
-
Nəvələrimlə rahat dincəlmək istəyirəm. İnsanlara can
sağlığı arzulayıram. İnsanlar bir zamanlar gənclərə,
ya yaşlılara can sağlığı arzulayanda mən
onlara birtəhər baxırdım. Amma bu gün görürəm
ki, həyatda hər şey fanidir. İnsan Allahın ona bəxş
etdiyi üzvlərini qorusa daha gözəl olar. Təbii ki, ilk
əvvəl Allah onu qorusun, sonra özü-özünü.
Kubra bu həyatda oldu-olmadı, sənət davam edir. Dünya
durduqca teatr duracaq. Teatra arzu edərdim görkəmli sənətkarlar
gəlsin. Universitetimizdə istedadlı gənclər
yetişsin. Gənc aktyorların evi olsun. Maddi problem onları öz ağuşuna almasın. Gəncliyimdə çox əziyyət çəkmişəm. Ona görə də gəncləri
çox gözəl başa düşürəm.
Nisə Rafiqqızı
Olaylar.- 2012.- 12-14 may.- S.11.