Gənclərimizin diaspor işində aktivliyi müşahidə edilir

 

Şakir Allahverdiyev: “Rostovda başqa millətlərin, eləcə də 30 faiz ermənilərin yaşamasına baxmayaraq, azərbaycanlılar burada özlərini çox yaxşı hiss edirlər”

 

“Heç bir millətin, eləcə də ermənilərin Azərbaycan diasporunun fəaliyyətinə maneçilik törətmək imkanı yoxdur”

 

Azərbaycan diasporunun geniş yayıldığı və aktiv şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri də şimal qonşumuz olan Rusiya Federasiyasıdır. Sözügedən ölkənin demək olar ki, bütün subyektlərində fəaliyyət göstərən Azərbaycan diasporu burada Azərbaycanı layiqincə təmsil edir, ölkəmizin üzləşdiyi problemləri yerli ictimaiyyətə, dövlət və qeyri-dövlət qurumlarının diqqətinə çatdırır.

Rusiya Federasiyasının subyektləri sırasında  Rostov vilayəti soydaşlarımızın daha çox yaşadığı regionlardan biri kimi tanınır. Məhz bundan dolayı ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rostov vilayəti üzrə regional təşkilatı da yaradılıb. Yarandığı gündən Rostovda Azərbaycanın təbliği, Dağlıq Qarabağ probleminin yerli ictimaiyyətə çatdırılması, eləcə də burada yaşayan soydaşlarımız arasında birlik-bərabərliyin daha yüksək səviyyədə təmin olunması istiqamətində məqsədyönlü addımlar atan ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rostov vilayəti üzrə regional təşkilatı cari ilin sonuna qədər bir sıra tədbirlər keçirməyi də nəzərdə tutub. Konqresin Rostov vilayəti üzrə regional təşkilatının sədri Şakir Allahverdiyev “OLAYLAR”-a verdiyi müsahibədə qarşıda duran vəzifələr, eləcə də Rostovdakı Azərbaycan diasporunun gördüyü işlərdən danışıb.

-Şakir müəllim, Rostov vilayətində Azərbaycan diasporu nə dərəcədə aktivdir və soydaşlarımız özlərini burada necə hiss edirlər?

-Azərbaycanlılar özlərini burada hər zaman yaxşı hiss edirlər. Çünki İkinci dünya müharibəsi zamanı böyük qəhrəmanlıqla vuruşan və alman faşizmi üzərində qələbəni əldə edənlər sırasında bu gün Rostovda yaşayan soydaşlarımızın ata-babaları da olub. Ona görə də, Rostovda yaşayan azərbaycanlılar həmişə alnıaçıq gəzirlər. Baxmayaraq ki, Rostovda başqa millətlər, eləcə də 30 faiz ermənilər yaşayır, azərbaycanlılar burada özlərini çox yaxşı hiss edirlər. Soydaşlarımız Rostovda gözəl işlər görür, müxtəlif sahələrdə çalışırlar. Ali təhsil ocaqlarında rektor işləyən, tibb sahəsində çalışan soydaşlarımız var.

-Müəyyən dövlət qurumları, rəsmi orqanlarda çalışan soydaşlarımız varmı?

-Əlbəttə, var. Rostovun rəsmi dairələrində çalışan çoxlu sayda azərbaycanlılar var. Həm yerli qanunverici orqan, həm qubernatorluqda çalışan soydaşlarımız mövcuddur. Ümumiyyətlə, azərbaycanlılar burada müxtəlif sahələrdə çalışırlar.

-Rostovda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiya prosesi necə gedir?

-Rostovda yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiya prosesi çox əladır. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə təsis edilən ÜmumRusiya Azərbaycanlıları Konqresi Rusiyanın müxtəlif subyektlərində yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası istiqamətində məqsədyönlü işlər görür. Soydaşlarımızın birliyi də ildən-ilə artır və daha da möhkəmlənir. Öz növbəsində gənclərimizin də diaspor işində aktivliyi müşahidə edilir.  Rostov da daxil olmaqla Rusiyanın müxtəlif subyektlərində fəaliyyət göstərən ali təhsil ocaqlarına daxil olan azərbaycanlı tələbələrin sayının hər ötən il bir qədər də artması öz növbəsində diaspor işinə təkan verir. Həmin gənclər də bacarıqlı kadr kimi yetişərək Azərbaycan diasporunun inkişaf etdirilməsi, onun güclənməsinə öz töhfələrini verirlər.

-Rostov vilayətində təxminən nə qədər azərbaycanlı yaşayır və soydaşlarımız burada hansısa problemlər, çətinliklərlə qarşılaşırlarmı?

-Rəsmi məlumatlara görə, Rostov vilayətində 40 minə yaxın azərbaycanlı yaşayır. Burada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərə gəlincə, bir qayda olaraq azərbaycanlıların problemləri sənədləşdirmə işləri ilə bağlı olub. Rostova gələn azərbaycanlıların sənədləşdirmə işləri zamanı Miqrasiya İdarəsində uzun-uzadı prosedura gedirdi. Bu proses üçünisə cəmi 3 gün vaxt verilirdi. Ona görə də soydaşlarımız sənədləşdirmə işləri zamanı ciddi çətinliklərlə üzləşirdilər. Son zamanlar isə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə əsasən bu müddət 1 aya qədər uzadılıb. Bu da soydaşlarımızın sənədləşdirmə işləri zamanı üzləşdikləri problemlərin aradan qalxmasına müsbət təsir göstərib. Ona görə də deyərdim ki, Azərbaycandan Rusiya Federasiyasına, xüsusilə Rostov vilayətinə gələn soydaşlarımız artıq heç bir problemlərlə qarşılaşmırlar.

-Qeyd etdiyiniz kimi, Rostov vilayətinin 30 faizini ermənilər təşkil edir və erməni diasporu burada bir qədər aktivdir. Belə olan halda ermənilər Azərbaycan diasporunun fəaliyyətinə hər hansı formada maneçilik törətməyə çalışırlarmı?

-Xeyr. Azərbaycan diasporunun fəaliyyətinə belə bir maneçilik ola bilməz. Düzdür ki, Rostovda erməni diasporu aktivdir. Eləcə də burada xeyli əvvəl yaşayan, həmçinin son illər İrəvandan köçmüş ermənilər var. Ancaq Rostovun daimi yaşayan erməniləri  İrəvandan gələn ermənilərlə heç bir yaxınlıq etmir, onlarla əlaqə yaratmırlar. Daha dəqiq desək, Rostovun qədimi erməniləri İrəvandan gələn erməniləri görmək belə istəmirlər. Ona görə də, burada Azərbaycan diasporuna hər hansı bir maneçilikdən söhbət gedə bilməz. Azərbaycanlılara Rostov vilayətində böyük hörmətin olduğunu nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, heç bir millətin, eləcə də ermənilərin Azərbaycan diasporunun fəaliyyətinə maneçilik törətmək imkanı yoxdur. Azərbaycan diasporunun qubernatorluq, yerli qanunverici orqan, şəhər meri, hüquq-mühafizə orqanları ilə çox yaxın əlaqələri olduğu üçün Rostov vilayətində yaşayan azərbaycanlılar heç bir problemlərlə qarşılaşmırlar.

-ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rostov vilayəti üzrə regional təşkilatı olaraq Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemini yaşadığınız vilayətin rəsmi və qeyri-rəsmi qurumlarına tam mənada çatdıra bilirsinizmi?

-Azərbaycan həqiqətləri, Dağlıq  Qarabağ problemi, eləcə də ermənilərin tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı həyata keçirdikləri terror aktlarının dünya ictimaiyyətinə çatdırılması hər bir vətəndaşın borcudur. İstər Azərbaycanın daxilində, istərsə də ondan kənarda yaşayan hər bir soydaşımız bunu müqəddəs vəzifə hesab etməli və Azərbaycanın təbliğatı işində aktiv olmalıdır. Təbii ki, həm ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rostov vilayəti üzrə regional təşkilatı, həm də Rostovda yaşayan bir azərbaycanlı olaraq ölkəmizin problemlərinin yaşadığımız dövlətin ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstəririk. Azərbaycanı ölkədən kənarda layiqincə təmsil edən diaspor olaraq yüz faiz əminik ki, erməni işğalı altında olan Azərbaycan torpaqları geri qayıdacaq. Cənab prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi uğurlu xarici siyasət kursu bizdə belə bir əminlik yaradıb. Ümumiyyətlə, dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlı arzu edir və inanır ki, işğal altında olan torpaqlarımız tezliklə geri qayıdacaq. Son zamanlar cərəyan edən proseslər, Azərbaycanın beynəlxalq aləm və regionda nüfuzunun durmadan artması, eləcə də iqtisadi göstəricilərə görə ölkəmizin Ermənistanı geridə qoyması deyilənləri sübuta yetirir. Artıq Ermənistanda əhalinin artımında da nəzərəçarpacaq dərəcədə geriləmə müşahidə edilir. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatda da qeyd olunur ki, bu ölkədə əhalinin sayında azalma baş verir. Eyni zamanda Ermənistan əhalisi qeyri-normal yaşayış səbəbindən bu ölkəni tərk edərək digər dövlətlərə üz tuturlar.

-Diaspor olaraq Rostovda fəaliyyət göstərən adamları, eləcə də Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik nümayəndəlikləri ilə əlaqələriniz hansı səviyyədədir? Çünki Dünya Azərbaycanlılarının üçüncü qurultayında çıxışı zamanı prezident İlham Əliyev diaspor təşkilatlarına diplomatik nümayəndəlik və adamları ilə yaxından əməkdaşlıq etməyi tövsiyyə etdi.

-Dünya Azərbaycanlılarının üçüncü qurultayında prezident İlham Əliyevin diaspor təşkilatlarına səfirlik və adamları ilə yaxından əməkdaşlıq etmək tapşırığına diaspor olaraq yüksək səviyyədə əməl edirik. Dövlət başçısının tapşırığı əməldə öz əksini tapır. Hazırda Rusiya Federasiyasının müxtəlif subyektlərində həyata keçirilən tədbirlər, görülən işləri Azərbaycanın Rusiyadakı səfirliyi ilə ÜmumRusiya Azərbaycanlıları Konqresi birlikdə aparır.

-ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rostov vilayəti üzrə regional təşkilatı olaraq yaxın vaxtlar üçün hansısa layihələr həyata keçirmək və ya tədbirlər keçirməyi nəzərdə tutursunuzmu?

-Bu ilin sentyabr ayında Rostov vilayətində gənclər forumunun keçirilməsi nəzərdə tutulub. Sözügedən tədbirlə bağlı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi, eləcə də Sankt-Peterburqdakı Azərbaycan konsulluğu ilə məsləhətləşmələr aparılıb və müvafiq razılıq əldə olunub.

-Forumda Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək?

-Əlbəttə. Gənclər Forumunda Azərbaycandan da geniş tərkibdə nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Diasporla İş üzrə Dövlət Komitəsi ilə də müəyyən məsləhətləşmələr aparılıb və Dövlət Komitəsindən də bildirilib ki, forumda Azərbaycandan da geniş tərkibdə nümayəndə heyəti iştirak edəcək.

-Rostovda yaşayan azərbaycanlı uşaqların ana dilini unutmaması üçün bazar günü məktəbləri və ya Azərbaycan dilli məktəblər fəaliyyət göstərirmi?

-Rostovda yaşayan azərbaycanlı ailələrin uşaqlarının öz ana dilini unutmaması üçün bir neçə məktəb fəaliyyət göstərir. Eyni zamanda burada azərbaycanlılara məxsus 4 musiqi məktəbi, uşaq bağçası var. Yaxın gələcəkdə daha iki Azərbaycan dilli məktəbin açılması nəzərdə tutulur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 15 may.- S.15.