Asudə vaxtınız varmı?

 

Asudə vaxt insanın özünə aid hiss etdiyi, müstəqil hərəkət etdiyi bir müddətdir ki, bu zaman ərzində hər insan marağında olduğu işləri həyata keçirməyə çalışır.

 

Asudə vaxtı necə keçirməsi, o insanı tanımağa imkan verir

 

Bütün həftə boyu müəyyən bir işlə məşğul olan insanlar həftə sonu, işindən artıq qalan vaxtlarını özünə aid olaraq görürbu vaxtını doldurmağa çalışır. Hətta bütün həftə boyu asudə vaxtı olmayan insanlar bazar gününü ancaq özünə sərf etməyə çalışırlar. Müxtəlif ölkələrdə asudə vaxtın təşkili ilə bağlı fərqli məqamlar var. Məsələn, Almaniyada gənclərin və yeniyetmələrin gündə altı saatdan çox  asudə vaxtları olur. Bu vaxtların dəyərləndirilməsinə gəldikdə isə bunu əsasən idman və mədəni sahələrə ayırırlar. Bir çox ölkələrlə müqayisədə Almaniyada insanlar televizora baxmağa daha az vaxt sərf edirlər. Ümumiyyətlə, insanlar boş vaxtlarında məşğul olduqları işlərlə, bu ərəfədəki hərəkətləriylə özünü təsdiq edirlər. O üzdən, bəzən insanları anlamaq və tanımaq istədikdə boş vaxtlarında nə ilə məşğul olduğuna diqqət edirlər. Çünki ən dəyərli işlər məhz bu zamanlarda ərsəyə gəlir, yəni, həmin vaxtlarda bəzi insanlar sənətlə məşğul olur, rəsm çəkir, ədəbiyyatla maraqlanır, kitab oxuyur, bağçada işləyir və s. Amma bu müddəti başqa cür dəyərləndirərək asudə vaxtını ancaq əyləncəyə sərf edənlər də var.

 

Asudə vaxtını televiziyaya bağlayanlar

 

Ölkəmizdə də əhali asudə vaxtını səmərəli təşkil etməyə çalışır, bundan müxtəlif cür yararlanır. Hətta heç buna vaxtı qalmayanlar da var. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova deyir ki, səhərdən axşama qədər işləyən bir qism insanlar var ki, onlar asudə vaxtda da işləməyə çalışırlar: “Digər qrup insanlar var ki, onların bir çoxu asudə vaxtlarını televiziya ilə bağlayırlar. Hətta çalışırlar qonaq gedəndə elə vaxt getsinlər ki, baxdıqları serialın vaxtına düşməsin, yaxud gedəndə orada baxırlar. Televiziya insanların vaxtını alır və özünə diqqət yetirməyə vaxtı qalmır. Düşünmürlər ki, həmin müddətdə ən azından yaşadığı məhəllədə piyada gəzmək daha sərfəlidir. Televizora əyləşib baxırlar, bununla da hərəkət məhdudlaşır ki, bu da onların səhhətinə ziyandır. İndi gənclərin oynaq ağrıları artıb, onlar nəinki idmanla məşğul olmur, az qalır ki, marşrut avtobusları evlərinin qapısı qarşısında dayandırsınlar. Hərəkət etmirlər, bütün günü işdə, sonra da evdə otururlar”.

Müsbət amillərdən biri kimi teatra gedənlərin sayının artdığını deyən İ.Yaqubovanın fikrincə, bundan fərqli olaraq kitabxanalara gedənlər isə əsasən uşaqlar və tələbələrdir, yəni, onlar evdə olmayan kitabı oradan əldə edirlər.

Əsas məsələlərdən birinin, asudə vaxtın təşkili ilə bağlı yerlərin yaradılması olduğunu deyən İ.Yaqubovanın sözlərinə görə, Milli Parkdan başlayaraq yeni əyləncə mərkəzləri açıldıqca oraya gələnlərin sayı artır və belə yerlər nə qədər çox olsa, o qədər asudə vaxt daha səmərəli təşkil oluna bilər. Bununla əhaliyə də daha yüksək zövq aşılamaq olar: “Çünki həmin yerlərin səviyyəsinə görə də biz əhalinin zövqünü formalaşdırırıq. İdmanın isə yalnız asudə vaxt üçün deyil, rejimi kimi hər dəqiqə, hər an lazım olduğunu bilməliyik. Ancaq hazırda idmanlaşğul olmaq üçün nə lazımi səviyyədə, nə də çox sayda təşkil olunan yerlər yoxdur. Məsələn, Bakıda çox az sayda üzgüçülük hovuzları var”.

 

İstirahət guşələri əlindən alınanlar nə etməlidir?

 

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, asudə vaxt məsələsi cəmiyyətdə, yeni nəslin tərbiyəsində ən mühümsosiologiya elminin də diqqət mərkəzində olan məsələlərdən biridir: “Asudə vaxt şəxsiyyətin formalaşmasında olduqca mühüm rol oynayır. Təəssüf ki, indi cəmiyyətimizdə asudə vaxt məsələsinə lazımi diqqət verilmir. İstər körpələrimizin, uşaqlarımızın, gənclərimizin, istərsə də yaşlı nəslin asudə vaxtlarının təşkilində xeyli problemlər var. Bir çox kəndlərdə, rayon mərkəzlərində gənclərin asudə vaxtlarından səmərəli istifadə üçün lazımi şərait yoxdur. Halbuki asudə vaxtın düzgün təşkili ilə biz əhalinin müxtəlif yaş təbəqələri arasında onların daha vətənpərvər, daha keyfiyyətli bir insan kimi yetişməsi istiqamətində çox işlər görə bilərik”.

İndi Bakının özündə belə, asudə vaxtın lazımi şəkildə təşkili üçün xeyli problem olduğunu deyən Ə.Qəşəmoğlunun sözlərinə görə, bu sovet vaxtında indikindən qat-qat yaxşı təşkil olunub: “İndi həyətlərdə plansız şəkildə tikilən göydələnlər, mağazalar, restoranlar körpələrin, uşaqların oyun meydançalarını, məşğələ otaqlarını yox edib. Yaşlı nəslin istirahət guşələri, toplandıqları otaqları əllərindən alınıb. Buna gorə də yaşlı nəsil də, uşaqlar da televiziyanın qarşısına dikilərək yüngül verilişlərə baxmağa məhkumdurlar”. Sosioloqun fikrincə, bu problemin həlli istiqamətində yalnız bir təkliflə çıxış etməklə bunu aradan qaldırmaq olmaz. Məsələ olduqca mühümdür və təcili olaraq mütəxəssislər- sosioloqlar, psixoloqlar, sosial idarəetmə mütəxəssisləri tərəfindən öyrənilib təhlil edilməli, əhatəli fəaliyyət proqramları hazırlanmalı, mühüm addımlar atılmalıdır.

 

Milli.az

 

 

Olaylar.- 2012.- 16 may.- S.13.