“Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər”

 

Vahid İsmayılov: “Laçınla bağlı Türkiyə arxivlərində çoxlu sənədlər var

 

Mayın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Laçının işğal olunmasının 20 illiyi ilə bağlı tədbir keçirdi.

 

Tədbirdə Şuranın maliyyə dəstəyi ilə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin həyata keçirdiyi “Müharibədən zərər çəkən vətəndaşların sosial və mədəni hüquqlarının Avropa Məhkəməsində müdafiəsi, eləcə də problemin həlli ilə bağlı digər tədbirlərin beynəlxalq səviyyədə təbliği” layihəsi çərçivəsində hazırlanan “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” adlı kitabın təqdimat mərasimi oldu.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq Şuranın prioritet elan etdiyi sahələr sırasındadır. Onun sözlərinə görə, Şura fəaliyyəti dövründə bu yöndən olan layihələrə dəstək olub. Məhz Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində müxtəlif saytlar yaradılıb, kitablar çap olunub. F.Qurbanov dəyişən dünyada elm, texnologiyanın inkişafını əsas gətirərək hazırda Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün daha təkmil üsullardan istifadə edilməli olduğunu dedi. Onun sözlərinə görə, Şura Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliyi dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün dünyanın müxtəlif ölkələrində konfransların keçirilməsini, qarşılıqlı iş birliyini dəstəkləyir: “Dağlıq Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün cəmiyyətdə həssas münasibət olmalıdır. Bu  problem QHT-lərin daim gündəmdə saxladığı məsələlər sırasında durmalıdır. Son 20 ildə Azərbaycan həqiqətləri müxtəlif yollar, o cümlədən media, portallar və digər vasitələrlə dünya ictimaiyyətinə çatdırılıb. Son 4 ildə Şura Qarabağla bağlı 100-dən çox layihəni dəstəkləyib. Bu layihələrə 1 mln. manatdan  çox vəsait ayrılıb. Bu il isə həqiqətlərimizi xarici ölkələrin mediası və qeyri-hökumət təşkilatlarının vasitəsilə dünya ictimaiyyətinə çatdırılması yönündə layihələr var.  Hazırda 18 layihə həyata keçirilir ki, bu layihələr Avropa, Asiyanı əhatə edir”. Tədbirdə çıxış edən müəllif Faiq İsmayılov bildirdi ki, Laçın haqqında yazılan dəyərli məlumatları əks etdirən kitab erməni yalanlarını ifşa etmək üçün tutarlı faktları özündə cəmləşdirib: “Ermənilər iddia edir ki, Laçın Azərbaycan torpağı deyil. Onlar bununla bağlı geniş tədbirlər həyata keçirirlər. Müxtəlif dillərdə kitablar nəşr edib dünyanın müxtəlif ölkələrində yayımlayırlar. Biz isə çap etdiyimiz kitabda Laçınla bağlı bu günə qədər heç bir mətbu orqanda, kitabda yazılmayan tarixi faktları ortaya qoymuşuq. Burada Laçının qədim Azərbaycan torpağı olduğu, Dağlıq Qarabağ üçün Laçının nə dərəcədə əhəmiyyətli olduğu göstərilib. Həmçinin Laçında olan bəylər, orada olan soydaşlarımın tarixi kökləri barəsində ətraflı məlumatlar yerləşdirilib”. F.İsmayılov onu da dedi ki, Laçınla bağlı Türkiyə arxivlərində çoxlu materiallar var. Çünki, hələ o zaman Laçın ərazisində olan mahiyələr Osmanlı inperiyasına vergi verib. Bütün bu sənədlər isə bir daha onu deməyə əsas verir ki, Laçının tarixi qədimdir. Bu tarixi öyrənmək isə hər birimizin borcudur. Müəllif onu da bildirdi ki, Laçın ermənilər tərəfindən işğal olunan zaman laçınlılar məharətlə vuruşaraq öz ata-baba torpaqlarını geri almağa nail olublar. Lakin sonradan Qraçov, Rəhim Qazıyev və Sürət Hüseynovun müdaxiləsi nəticəsində Laçın ermənilərə verilib. Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov bildirdi ki, kitab Laçını tanımaq istəyənlər üçün dəyərli vasitədir.  O, Laçının işğalı zamanı 18 yaşında olduğunu bildirdi. Qeyd etdi ki, bu gün ölkənin ayrı-ayrı regionlarında həyat sürən laçınlılar pərən-pərən düşüb. Onların arasında mənəvi bir uçurum yaranıb. V.Qədirov  Laçının düşmən tapdağından azad olunacaq günün uzaqda olmadığını bildirdi. O, ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmamasına can atan mənfur qonşularımızın olduğunu dilə gətirdi: “Rusiya, eləcə də İran istəmir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun. Eyni zamanda ermənilərə havadarlıq edən Fransa, ABŞ, ATƏT-in Minsk qrupunda dırnaqarası fəallıq etsələr də əslində bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını istəmir. Ona görə də, əgər müharibə başlayası olsa Azərbaycan cılız Ermənistana qarşı yox, Rusiyaya, İrana, Fransaya eləcə də ATƏT-in Minsk Qrupuna qarşı vuruşmalı olacaq”. Tədbir müzakirələrlə davam etdi.

 

 

Ədil Ədilzadə

 

Olaylar.- 2012.- 16 may.- S.5.