Şen ol İncə dərəsi

 

(“İncə günü-İncəgülü” saz-söz şöləninin təəssüratları)      

                                     

Mayın 12-də Qazax mahalının qədim-qayım, ağır-abır saz-söz yurdlarından olan İncə dərəsində Azərbaycanda ilk dəfə olaraq “İncə günü- İncəgülü” adı altında möhtəşəm bir saz-söz şöləni düzənlənmişdi. Saz-söz şöləni ola, özü də İncə dərəsində. Getməyə bilməzdim. Uçuna-uçuna gedirəm. Yol yoldaşım ədəbiyyat filosofu, professor Rüstəm Kamaldır. Yol boyu Rüstəm müəllimin söhbətlərini heyranlıqla dinləyirəm. İnsaf naminə deyim ki, o da mənim yol yoldaşlığımdan ağız dolusu razılıq edir. Şirin söhbətdən bironda ayılırıq ki, qatarın bələdçisi haraylanır ki, Gəncədə düşənlər, hazırlaşın! pastelləri təhvil verin! Gəncədə düşürük. Bizi dostumuz Məmməd Dəmirçioğlu qarşılayır. Birlikdə Gəncəbasardan İncəbasara doğru yola düzəlirik. Mürşüdüm Akif Səməd  deyərdi ki, Gəncədən-Gənciyə Gəncəbasardı, Gəncədən İnciyə İncəbasardı. Yağan yağış qanımızı qaraldır. Yağış yağsa tədbiri açıq havada keçirmək olmayacaq. Hamımız Astanbəyliyə Nəqşibəndiyyə şeyxi Hacı Mahmud Əfəndinin uyuduğu türbəni ziyarət edib Hajı əfəndinin ruhu eşqinə Tanrıdan kömək diləyirik. Sabahkı tədbirin əsas təşəbbüskarı və təşkilatçısı olan, “Türkel” televiziyasında yayımlanan “xoş ovqat” proqramının aparıcısı, istedadlı şairə-publisist Çiçək xanım tədbirin yüksək səviyyədə keçirilməsi üçün axşamnan hər üç para kəndin icra nümayəndələrindən və bələdiyyə sədrlərindən müəyyən xahişlər edir. Hesabnan hər şey öz qaydasındadır. Arxayınlaşıb Çiçək xanımgilə yollanırıq. Çiçək xanımın gülər üzlü, ağzıdualı, xanım-xatın anası xəngəlin xamırını yoğurub, kündəsini kəsib, qara qulflu qazanının altını odlayıb bizi gözləyirmiş. Nazik yarpaqlı, acı sarımsaqlı, üstü cızdaqlı, yanı araqlı, quruddu xəngəlin adı bu yörələrdə ağır olduğundan xəngəldən xəbər tutan İncə dərəsinin klassik şairi Məmməd İlqar, şair dostu Sabir Sarvanla məclisimizə təşrif buyurur. Əziz oxucum bilməzsən, birdən deyərsən ki, yayın istisində nə xəngəl? Xəbərin olsun ki, İncə dərəsində xəngəlin yayı qışı olmur. Bu yerdə mürşüdüm Akif Səmədin məşhur xəngəl şeiri yadıma düşür:

 

Məni qınamayın dostlar, tanışlar,

Birinə kabab xoş, birinə xəngəl.

İştah diş altında gözüm qapıda,

Nolaydı, bir dəfə görünə xəngəl.

 

Qazanı qaldırıb düşürə bilmir,

Un yerə tökülür, döşürə bilmir.

Yayın istisində bişirə bilmir,

Görünür qalacaq sərinə xəngəl.

 

Akif elə yazmaz dönüb olsun.

Dərə təpə olsun, təpə dağ olsun,

Bizə bişirməyir, canı sağ olsun,

Qoy təki bişirsin ərinə, xəngəl.

 

Məmməd İlqar öz xəngəlini sulu çəkdirib sağlıq deyir: Qoy arağınız-xəngəliniz çoxlu olsun, yeyəni də biznən Dəmirçioğlu olsun. Xəngəl məclisində Rüstəm müəllimin şirin  ədəbiyyat söhbəti  gecə-gecədən keçənə qədər uzandı. Üstünüzə xeyirli sabahlar açılsın əziz oxucu. Səhər açılır  Akif Səmədin, Ağamalı Sadiqin, Aslan Kəmərlinin və Oktay Xalloğlunun qəbrini ziyarət edib, tədbirin keçiriləcəyi məkana yollanırıq. Maşallah hər şey deyilən kimidir. Gün çıxıb, yol salınıb, çaya körpü atılıb, stollar düzülüb, qazanlar qaynayır,  İncə çayında tədbirin qab-qaşığını yuyurlar. Budur yeni nəşr olunmuş  kitablar üçün stend qurulur. Akif Səmədin özümlə apardığım, yenicə çapdan çıxmış kitablarını stendin tən ortasına düzürəm. Qırağını da Ağamalı Sadiq Əfəndinin, şəhid şairimiz(özüm bilə-bilə şəhid deyirəm) Aslan Kəmərlinin, Məmməd Dəmirçioğlunun, Ələddin İncəlinin, Məmməd İlqarın, İbrahim İlyaslının, Sayad Mustafaoğlunun, Rafail İncəyurdun, Çiçək Mahmudqızının və İsmayıl İlməzlinin İncədəki Nəqşibəndiyyə təriqətindən, Hacı Mahmud Əfəndidən və onun kəramətli müridlərindən bəhs edən “Od üstə oynayanlar” kitabı ilə bəzəyirlər.  Maşallah olsun İncə dərəsinin sazının-sözünün  işığına xeyli qonaqlar təşrif buyurub.  Təbrizdən, Borçalıdan, Dərbənddən, Bakıdan, Şəkidən, Gəncədən(Kəlbəcərli dostlarımın Kəlbəcərdən deyil Gəncədən təşrif buyurmaları ürəyimi yaman sıxır...), Daşkəsəndən, Tovuzdan, Akstafadan  gələn tanış üzlü qonaqları salamlamağın sevincini yaşadığım üçün Tanrıma şükürlər edirəm.

Ustad aşığımız, əməkdar mədəniyyət xadimi Əli Quliyevin müşayəti ilə Çiçək Mahmudqızı tədbiri başlayır. Çiçək xanımın olduqca möhtəşəm alınan çıxışı hamını  duyğulandırır. Qazax RİH başçısının birinci müavini Fərman Nağdəliyev başçının təbriklərini məclis iştirakçılarına yetirib, saz-söz bayramının işinə uğurlar arzulayır. Şölən iştirakçılarına 107 saylı Qazax seçki dairəsindən deputat seçilmiş, professor Əhməd Vəliyevin təbrikini Çiçək Mahmudqızı çatdırdı. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlu AYB-nin sədri xalq yazıçısı Anarın həm “İncə günü-İncəgülü” saz-söz şöləninə, həm də Məmməd Dəmirçioğlunun  60 illik yubileyinə ünvanladığı təbrik məktublarını oxuyur. Daha sonra mənim çıxışım oldu. Çıxışımı bir İncəli lətifəsi ilə açmağım deyəsən hamının ürəyincən olur.

Bir İncəli həyat yoldaşı ilə Bakıya alış-veriş etməyə gəlir. Bir rəvayətdə deyilir ki, qır-qızıl alırlarmış bir rəvayətdə də deyilir ki, çılpaxlıx (paltar) almağa gəliblərmiş. Birdən elə olur ki, tünnüyə düşən İncəli öz qarısını itirir. Naəlac qalan İncəli əlini qaşqasına günlük edib var-gücü ilə qarısını haraylayır: Aaaaay Səyalıı, aaaay Səyalııı. Bunu eşidən polis İncəliyə yaxınlaşaraq deyir. Bu nə səs-küydür vətəndaş. Bura şəhərdir qışqırmaq olmaz. İncəli də al cavabında qayıdır ki, -bə  nağayrem ağrın alem, indi bura şəhərdi deyin öz itirdiyimi axtarmayımmı? Bu gün biz ruhsuzluğun tüğyan etdiyi müasir dünyada yaşayırıq.  Bəzən ruhsuzluq-güc, fərasət sayılır. Ancaq nə xoş İncəlilərin halına ki, bizim şəhərlərdə itirdiyimiz o müqəddəs, doğma ruhu onlar bu gün də saxlayırlar. Bunu yaşadan el var olsun. Bu gün biz o itkimizi bərpa edib, mənəvi kamilliyə, ruhani zənginliyə qovuşmaq üçün buradayıq. Təxminən bu tipdə qurmuşdum çıxışımı. Daha sonra Ələddin İncəlinin, Rüstəm Kamalın, AYB Qazax filialının sədri Barat Vüsalın, Dərviş Osmanın, Sabir Sarvanın, Məmməd İlqarın, Məmməd Dəmirçioğlunun, Rəfail İncəyurdun, İbrahim İlyaslının, İsmayıl İlməzlinin, Elşən Əzimin,  İnqlab İsaqın, Çığatelin, ustad aşıq Sadıq Avdıoğlunun, Qərib İncəlinin, Şaiq Kəmərlinin, Kifayət Şəmistanqızının, Hüsən Dərgahquliyevin, Ramin Cilovdarlının, Lətifə Çeşməlinin, Eldar Ələkbəroğlunun çıxış və ifaları yüzlərlə insanın ürəyini riqqətə gətirdi. Azərbaycan Aşıqlar Birliyinin sədri xalq şairi Zəlimxan Yaqubla telefon bağlantısı yaradılır, Zəlimxan Yaqub şölən iştirakçılarını salamlayır, onları təbrik edir. Zəlimxan Yaqubun səsini eşitmək şölən iştirakçılarının sevincinə və duyğulanmasına səbəb olur. İnsanların ürəyini oxuyuram- hamı  Zəlimxan Yaquba can sağlığı arzulayır. Aşıq Avdı Qaymaqlının, Ağamalı Sadiq Əfəndinin və Akif Səmədin lent yaddaşında yaşayan  yadigar söyləmələri, ifaları səsləndirilir, onların doğmalarının ürək sözləri dinlənilir. Akif Səmədin anası Zərqələm ana ilə bacısı Rəfiqə xanımın çıxışları Akif Səmədin öz çıxışı qədər səmimi və təsirli olur. Oktay Xalloğlunun anası Səba ananın sözünü eşidib, duasını alırıq. Bir də onda gördük ki, tədbirin sonuna çatmışıq. Mən, Rüstəm Kamal və gənc şair Ramin Cilovdarlı Aşıq Nazimin ocaxlığına üz tuturuq. Gəlin qoca şamanı xatırladan orjinal oxu tərzi olan aşıq Nazimi Məmməd İlqarın şeiri ilə tanıyaq.

 

Nazim oxuyurdu....

 

Bəlkə də çatırdı səsi Tanrıya,

Yenə tapşırırdı bizi Tanrıya.

Elə oxuyurdu üzü Tanrıya-

Elə bil kəsilmiş baş oxuyurdu.

 

Bir ozan babadı, bezib bəşərdən,

Alır qanımızı qəza-qədərdən

Üzündə hər qırış, saçında hər dən,

Gözündə hər damla yaş oxuyurdu.

 

Ərənlər dəymirdi gözünə boy-boy,

Mələklər çırpırdı dizinə boy...boy...

Özü başdaşıydı özünə boy, boy,

Baxıb məzarına daş oxuyurdu.

 

Bəlkə özününmənə aşıq deməyin mən aşıq deyiləm” qənayətinə gəlməyinin bir səbəbi də elə budur. İncə dərəsində ilk özünümüdafiə batalyonunun komandiri olub, köhnə hərəkatçıdır. Rəhmətlik Ağamalı Sadiq Əfəndi ilə doğmaca dayıoğlu-mamoğludur. Deyir: Rəhmətliyə saz çalmağı  mən öyrətmişdim ancaq Ağamalı çox tanınırdı deyə indi hamı  deyir ki, Nazim Ağamalı kimi  çalıb-oxuyur. Akif Səmədi çox istəyirəm. Hardan alım  Akif Səmədi ki, ləngərli-ləngərli o şeir desin mən saz çalem. Ağamalıdan,  Akifdən sonra həyatın da marağı qalmayıb deyir. Günüm bu taxtın(taxtını göstərir) üstünə uzanmaqla, siqaret çəkməklə zikirdə keçir. Qəzetə müsahibə götürmək istəyirəm razı olmur. Cəmi ikicə şeyi yazmağımı istəyir. Birincisi odur ki, Nizaminin bir sözü var

İnci tək lətafət varsa da suda, artıq içiləndə dərd verir o da yox, dərd verir su da olmalıdır deyir. İkincisi də odur ki, istədiyin yar idi, yetirdi pərvərdigar deyirlər  elə deyil əslində belə olmalıdır ki,

 

İstədiyin idi yar,

yetirdi pərvərdiyar.

 

Belə düzəlişlər çoxdur məndə indi yadıma düşəni budur deyir. Aşıq Nazim şeir yazmağını boynuna almasa da Kifayət xanımdan aşığın bir şeirini ala bildik.

 

Ürəyin sirrini gözlərdə axtar

Gözlər sir saxlamır, sezməyə nə var

Qabaqda baharın nəfəsi varkən,

Qışın şaxtasına dözməyə nə var.

 

Naəlaca əsirgəmə köməyi

Heç əməkçəkənin itməz əməyi

Öyrən bağ salmağı, çiçək əkməyi

Hazırca gülləri dərməyə nə var

 

Vaxtını keçirmə havayı yerə

Günlər əldən gedir göz görə-görə

Ömürdən fayda al, fayda ver ömrə

Beşgünlük dünyadan bezməyə nə var.

 

  Aşığın ömür gün yoldaşı Kifayət xanım İncə dərəsinin çox möhtəşəm sənətkarlarından olmuş Aşıq Şəmistanın qızıdır. Kifayət xanımın aşıqlığı Aşıq Nazim represiyasının qurbanı olub. Ancaq yenə də şükür Allaha.  Barmağı da, səsi də sözü də öz yerindədir. Mənəm-mənəm deyən  aşıqların yüzünü bir İncə xoruzuna yük eliyər.

Səhər Dəmirçioğlunun zənginə oyanıram. Aşıq Nazimlə məni Astanbəyliyə, ruhunu göyə uçuran nəqşibəndiyyə mürüdlərinin meyxana məclisinə dəvət edir. Aşıq Nazimlə meyxanaya daxil olub Nəbi dayının cezvəli-cezvəli oynadığını görürük. Çox keçmir ki, şair İbrahim İlyaslı Nəbi dayıya qoşulur. Allah-Allah deyə zikir səsləri göyə bülənd olur. Məzahir Yaqubun, Molla Rafiqin, Molla Əhmədin Elnurun həzrəti Pirdən (Seyyid Mir Həmzə Nigari Həzrətlərindən)  oxuduğu meyxanaya İsmayıl İlməzli də qoşulub. Aşıq Nazimin gözündən yaş sellənir.  Mən sazda nə eləmişəmsə bu meyxanaya borcluyam hamısını buradan götürmüşəm deyir.

Meyxanadan çıxıb üzü aşağıya Nəqşibəndiyyə təriqətinin dərin bilgini, böyük islam alimi, şair Hacı Məhəmməd Astanbəylinin mübarək xanəsinə üz tuturuq. Ustadın qapısına çatar-çatmaz  qapını özü açıb, bizə xoş gəldiniz deyir. İslam fəlsəfəsini şirin söhbətləri ilə kıxmıxlaya-kıxmıxlaya Füzulinin, Nəsiminin, Mir Həmzə Seyid Nigarinin , Mahmud Kaşqarinin sözlərini fikirlərinə söykək eyləyir. İşıqlı söhbətləri ilə içimizi doldurub, yeni şeirlərindən deyir.

 

eləmə bu qədər mənəm-mənəmlik

adama yaraşmaz adamsan adam

özünü nə cürə adam sanırsan

xalxı da eləcə adam say adam

 

hamı etdiyinnən sən də eləjə

qarış millətəjə, qarış eləjə

hamı nə cürdüsə sən də eləjə

bir aciz bəndəsən adamsan adam

 

tanı yerinijə nə qalx nə də ən

xalxa yekəxana baxmağın nədən

balıxsan sənə su, quşsan sənə dən

heyvansan heyvan ol, adamsan adam.

 

*  *   *

 

Şəklinə uçduğun gülü

Əllərin dərə bildimi

Ürəyin istəyənləri

Gözlərin görə bildimi

 

Arasında gözüm qalsa

Qapını bağlayarsanmı

O, qapının arxasında

Yalnızca ağlayarsanmı

 

Baxışların izləyəni

Baxtın əyliyə bildimi

Ürəyindən keçənləri

Dilin söylüyə bildimi.

 

*  *  *

 

 Hacı Məhəmmədin tutiyə şeirlərinin yaratdığı ovqatla da İncə dərəsindən ayrılırıq. Qəlbim qübarlanır. Sanki bu yerlərə bir qayıtmayacam. Türbənin yanından yenicə aralanmışdıq ki, qurban olduğum yağışını yenidən bir tökür...

 

 

Həmid ORMANLI

 

Hemod@mail.ru   

                                                                                        

Bakı -İncə dərəsi-Bakı

                                                                                                             

Olaylar.- 2012.- 31 may.- S.10.