"Avroviziya" yarışması başa çatdı! Yaşasın "Avroviziya - 2012!"
Azərbaycan
öz qüdrətini, iradəsini və mədəniyyətini
dünyaya bir daha təsdiq etdirdi
Dünya “Avroviziya-2012” mahnı
yarışmasının təsiri altındadır. Bunu “Azərbaycan şoku”
kimi də ifadə edə bilərik. Çünki Ermənistan
və havadarlarının dünyaya vəhşi, qədim
tarixi və mədəniyyəti olmayan, xristianlara qarşı
barışmaz ədavət bəsləyən, humanist
duyğulardan məhrum və miskin bir ölkə kimi
sırımağa çalışdığı Azərbaycan
bir ilin ərzində görünməmiş uğurlara imza
atdı və özünün necə qədim tarixə,
böyük mədəniyyətə, iqtisadi qüdrətə
və zəngin insanpərvərlik duyğularına malik
olduğunu əməli işdə sübut elədi.
Altı-yeddi
aya 26 min nəfərlik tamaşaçı tutumu olan bir konsert
sarayının tikilməsi, şəhərin mərkəzi
küçələri boyu qısa vaxt ərzində
ağlasığmaz quruculuq, abadlıq işlərinin
aparılması, Bakının memarlıq görkəminin təzələnməsi,
möhtəşəm musiqi şousunun yapılması və
bu zaman bir çox yaxın-uzaq ölkələrin siyasi təzyiqlərinə
də davam gətirməsi, cəbhədə üçqat
düşmənlə
müharibə aparması hər ölkənin, hər
dövlətin bacara biləcəyi iş deyil. Nəzərə
alandakı dünyanın yüzə yaxın ölkəsinin
yazarları Azərbaycan paytaxtı Bakıda heyranlıqdan
ağzıaçıla vəziyyətdə gəzir, ən
möhtəşəm konsert salonlarını lərzəyə
gətirmiş sənətçilər “Bakı billur
saray”ın əsrarəngiz estradasında (səhnəsində)
özünü itirir, onda qürur hissindən gülümsəməyə
bilmirsən!
Allah Azərbaycandan
heç nə əsirgəməyib; gözəl iqlimi, cənnətvari
təbiəti, dahi insanları,
tükənməz sərvəti,.. Amma bu qədər bədxahının
olması sonradan yaranmadır və İlahi iradəyə
heç aid edilə bilməz. Hərçənd ki, məhz
elə meyvəli ağaca daş atan çox olar! Ona görə
də bu ölkəyə qarşı bədxahların bu qədər
çox olmasına rəğmən uğur da həmişə
onunladır. Bu ərəfədə biz dünyanın diqqət mərkəzində olduğumuz
kimi, dünya da bizim diqqətimiz altında idi. Hər an hər
şey olar, “Avroviziya-2012” musiqi
yarışması bizim iradəmiz olmadan da təxirə
salına bilərdi. Bir neçə səbatsız ölkəni
və xüsusən də Ermənistanı çıxmaq
şərtilə Avropanın 42 ölkəsi bu dəfəki
yarışmaya qatıldı. İran bizim müsəlman və
şiə qardaşımız
sayıldığı üçün onun bu ərəfədə
apardığı əks-təbliğat kompaniyası tamam təəccüblü və
gülünc idi. Bizimlə müsəlman
qardaşlığından hər zaman ağızdolusu dəm
vuran İran dövləti nəhayət ki, özünün əsil
simasını Azərbaycanda ən sadəlövh insanlara da
göstərdi. Hər şey çox qəribə idi: Azərbaycanın
paytaxtı Bakıda musiqi yarışması keçirilir? Sənə
nə? Bu yarışmada
iştirak və ya ona tamaşa edənlərin bəzilərinin cinsi oreantasiyası dəqiq deyil? Yenə
sənə nə? İran dövlətindən bir soruşan
olmadı ki, sən İslam dövlətisən, yoxsa “gey”
adlanan üzdəniraqlara qarşı mübarizə təşkilatı?
Lap belə tutaq ki,
işin-gücün cinsi
azlığa qarşı mübarizə aparmaqdır – bunu
öz ərazində apar da! Azərbaycan nə vaxtdan
İranın cavabdeh ərazisi olub ki? Bu kimi iddialarda bulunan
hansısa qeyri-hökumət təşkilatını bəlkə
də anlamaq olar – “çörəyi” (qrantı) bu kimi
sifarişli etirazlardan çıxa bilər. Amma qədim və
teokratik bir ölkənin son bir ay ərzində öz
iş-gücünü atıb yalnız “gey”lərlə
bağlı nümayişlər, mitinqlər keçirtməsi heç başa düşülən
sayılmaz. Azərbaycanın (müsəlman məmləkətin)
əraziləri işğal edildikdə, müsəlman
qız-gəlinlər əsir aparıldıqda, körpələr,
qocalar olmazın əzablara məruz
qoyulduqda CİHAD elan etməli
olan ayətullahların heç səsi
çıxmadığı
halda Bakıda “Avroviziya-2012” yarışmasının
keçiriləcəyi ərəfədə məsçidləri
murdar “gey”lərin müzakirə məkanına çevirməsi
nəinki müsəlman qardaşlığına, ümumiyyətlə
heç İslam və Şərq əxlaqına sığan
məsələ deyil. İndi bütövlükdə İran
adlanan Cənubi Azərbaycanın mərkəzi Təbriz şəhərində
insanları namazdan sonra saf əməllərə səsləmək
əvəzinə özünün Şimaldakı müsəlman
qardaşına qarşı ayağa qaldırmaq, Təbrizdəki
Azərbaycan konsulluğunun qarşısına səsləmək, qadın və
qızları, uşaqları, yeniyetmələri “gey”
mövzusu ilə küçələrə çıxartmaq
həm də abırsızlıq və elə ən bariz
“geylik” nümunəsi sayıla bilər! Kimsə Bakıda
“geylərin” hər hansı aksiya keçirtdiyini və ya dəstə
halında gəzdiklərini görmədiyi halda əcəba
İrana nə düşmüşdü
ki, bu mövzu ətrafında geniş kompaniya aparırdı?
Karın könlündəki, deyəsən özlərinə
doğma mövzu tapmışdılar. Bu günlərdə
fars geylərinin İstanbulda keçirtdiyi İran
mollalarına qarşı təəccüb aksiyası da
çox söz deyirdi.
Bütün dünya uranın zənginləşdirilməsi,
atom enerjisi və ya atom bombası yaradılmasına
qarşı İranın əleyhinə
ayağa qalxdıqda Azərbaycan bu barədə bir kəlmə
etiraz etmədi. Hətta İrana Azərbaycandan xarici
müdaxilə variantını da qabaqcadan rədd elədi.
İran isə təşəkkürü bu cür
bildirirmiş! Bütün bunlar əslində İran dövlətinin
Azərbaycanı gözünün götürmədiyini bir
daha faş elədi. Onun bu idbar siyasətinə Bakıda
İran səfirliyi
qarşısında bizimkilər piketlə əks cavab
verdiyi üçün sonra Lənkərandakı bir məsçidin qonşuluğundakı
boş ərazidə uşaq bağçasının tikilməsinə
qarşı iranpərəst
qüvvələrin etiraz mitinq və yürüş cəhtləri
göstərildi. Xülasə, son günlər İranın
bircə silah götürüb üstümüzə gəlməsi
çatmırdı. Dünya bizim həqiqətləri kor
gözləri ilə görməyincə Qarabağ problemi də həll olunan deyil. Dünya may
ayının ortalarından etibarən Bakıda çox
şeyləri, birinci növbədə Azərbaycan dövlətinin
qüdrətini, qətiyyətini və iradəsini
gördü. Gördü ki, onu öz yolundan hətta ən yaxın
qonşuları, din, mədəniyyət və tarix
ortaqları da çəkindirə bilməz. Ötən il
Düseldorfda Azərbaycan nümayəndələri Nigar və
Eldarın tarixi qələbəsi təkcə bu iki gəncin
deyil, daha çox Azərbaycan dövlətinin qələbəsi,
onun özünü Avropaya təsdiq etdirməsi, Üzeyir bəyin
Motsart, Şopen, Ştraus, Bax, Bethoven qarşısında
böyük uğur qazanması demək idi və bunu hamı
bilirdi. Onda sevincdən yaşaran gözlərimiz mayın
26-dan 27-ə keçən gecə qürur və fəxarət
hissi ilə yaşarmışdı. İşıqlara qərq
olunmuş gözəl şəhər, “Bakı billur
sarayı”nın əsrarəngiz görüntüsü,
dünyanın ən hündür milli bayrağı daha
gözəl, daha möştəşəm
görünürdü. Billur parlaqlığına, milli
bayrağımızın üç rənginə və
iştirak etməyə başlayan ölkənin rəsmi bayraq
rənginə bürünən bu möhtəşəm
sarayın ərsəyə gəlməsinin özü elə
bu yarışmada Azərbaycanın qələbəsinin ifadəsi
idi. Qısa vaxt ərzində heç bir ölkə Avroviziya
münasibətilə belə saray tikə bilməmiş, qos
qoca Almaniya Düseldorf stadionunun üstünü örtməklə
bir ortabab yarış salonu qura bilmişdi. Azərbaycan
dövlətinin bu yarışmaya ayırdığı
pulları hesablayan bədxahlar rəqəmləri
nə şişirdə, nə də kiçildə bilirdilər.
Bütün hallarda bu Azərbaycanın qüdrətini
sübuta yetirirdi. Bir musiqi yarışmasına bu qədər
vəsait sərf edə bilən bir dövlət sabah öz
övladları tələf olmasın deyə elə bu qədər
vəsait ayırmaqla muzdlu əsgər cəlb edib, bütün
tarixi torpaqlarını azad etdirə bilərdi. Dünyada
hal-hazırda çox şeyi pul həll etmirmi? Elə
İranı və digər dövlətləri lərzəyə
salan bu imiş.
57-ci
Avroviziya musiqi yarışmasının canlı
tele-yayınlarını Ermənistan
tamaşaçıları da izləməyə məhkum
edildilər. Onlar ifalararası
zaman kəsiyində 40
saniyəlik video-çarxlar
vasitəsilə Azərbaycanın tarixi qalalarını,
Qarabağın Azərbaycan ərazisi olmasını, milli
musiqisini (”Sarı gəlini” də), tarı, kamançanı,
eləcə də sazı, nağaranı, hətta
yaşı minillikləri adlamış Qobustan “qaval
daşını” da, şahlarımızın
obrazlarını, turizm cazibədarlığına malik təbiət
gözəlliklərini, dolmasından tutmuş paxlavasına,
kabablarına, meyvələrinə qədər hər cür
ləziz yeməklərini, ən başlıcası
üzündən firavanlıq və xoşbəxtlik yağan insanlarını yaxşı
gördülər. Daha nəyisə yenidən öz
adlarına çıxmalarına
görə çox əziyyət çəkəcəklər.
Azərbaycan başqa dövlətlərin on milyardlarca vəsait hesabına əldə edə
bilməyəcəyini bir yarışma ilə əldə
etdi. Xüsusən də Azərbaycan həmişə
uduzduğu ehtimal edilən
informasiya blokadasını tamam
darmadağın edə bildi.
İndiyədək baxdığımız
yarışmaların heç biri bu qədər milli və
siyasi özəlliklər ehtiva edə bilməmişdi. Dahi sənətkar
Alim Qasımovun bardaş qurub bir ağız muğam
oxuması və sonrakı kompozisiya tam milli mədəniyyətin
möhtəşəmliyinin nümayişinə
hesablanmışdı. Digər ifaçıların
performansı Azərbaycanın bir təşkilatçı
dövlət olaraq ortaya qoyduğu performansın
qarşısında çox cılız və sönük
görünürdü. Milli
muğam, rəqs, memarlıq, kulinariya, müasir musiqi və cəmiyyətin
nizamı bu imtahandan ən yüksək qiymət aldı. Bunu
bütün
iştirakçılar etiraf edirdilər. Bu
yarışmanın ictimai-siyasi çəkisi o qədər
ağırdır ki, onun barəsində danışarkən
yarışmanın incəsənət tərəfi ən
sonda xatırlanır və bu haqda geniş danışmağa
lüzum qalmır. Bunsuz da “Avroviziyanın mahiyyəti və
missiyası Bakıda tam uğur qazandı” deyə bilərik.
“Bakı billur saray”da işıq və kompüter effektləri çox dolğun,
rejissor və tele-operator işləri çox mükəmməl
idi. Bu əslində yarışmadan, müsabiqədən daha
çox bir möhtəşəm tele-şou idi. Finala
çıxmış 26 ifaçı zatən, bir-birindən
heç də kəskin fərqlənmirdi. Amma qalib bir nəfər
olur deyə, bu dəfə billur mikrafon İsveç nümayəndəsi
Lorinin bəxtinə düşdü. Ancaq o, 2009-cu il
yarışmasının qalibi, Norveçi təmsil etmiş
Aleksandr Rıbakın
toplamış olduğu 387 bala yaxınlaşsa da (372
bal), mahnı və ifa
baxımından onunla əsla müqayisə edilə bilməzdi. Müsabiqə öncəsi
bukmeyker kontorlarının dünya ictimaiyyətinə sırıdığı düşünülmüş nəticə
üçlüyün müəyyən edilməsində
özünü tam doğrultdu. Qabaqcadan belə dəqiq nəticə
söyləmək yalnız
yarışmanın tam nəzarət altında
olmasının ifadəsidir. Tam 100%-lik ədalətli
seçim olardısa, ifaçıların nəticələrinin
arasında çox kiçik fərqlər yaranardı. Amma
1-ci yerə “layiq görülən” İsveç müğənnisinin
Lorinin “topladığı” 372 bal 4-cü yeri tutmuş Azərbaycan
ifaçısından (150) bal iki dəfədən çox fərqləndi.
Lorin pis ifa etməsə də, bu qədər yüksək
ifaçılığını da qeyd etmək doğru
olmazdı. Rusiyanın təmsil
edən “Buranovskie babuşki”nin Albaniya, Yunanıstan, Makedoniya,
Kipr və Ukraynanı təmsil edən çox mahir sənətçilərin
önündə öz qeyri-peşəkarlığı ilə 259 bal toplaması və 2-ci yerə
layiq görülməsi tamam istehza və gülüş
obyekti sayıla bilər.
Udmurtiyada artıq onların hamısına xalq artisti fəxri adı
verilib. Yarışmanın seçim hissəsi də təşkilatçı
ölkə olaraq bizə aid olardısa, təbii ki, bu qədər
haqsızlıq yaranmazdı. Ölkələrin bir-birinə
qonşuluq prinsiplərinə, tarixi, milli və siyasi əlaqələrinə
görə yüksək bal verməsi heç doğru sayılmamalıdır.
Bir sıra ölkələrin - Rumıniya, Avstriya,
Belçika Fransa, İsveçrə, Sloveniya, Xorvatiya,
Hollandiya, Portuqaliya, İslandiya, Norveç, Estoniya, Danimarka,
Latviya, İspaniya, Finlandiya, İtaliya, Almaniya və
Macarıstanın Azərbaycan təmsilçisinə heç
olmasa etika naminə 1 bal da verməməsi əsil Avropa nankorluğunun
nümunəsi hesab edilməlidir. Bunu Azərbaycanın gələn
il iştirakçılara
münasibət bildirərkən yadda saxlaması
lazımdır. Halbuki Səbinənin mahnısı və
ifası çox yüksək qiymətə layiq idi. Hətta
qalib İsveç də özündə İrlandiya qədər
təpər tapıb təmsilçimizə 1 bal belə vermədi.
Bu heç də o demək deyildi ki, Udmurtiyanın adi Buranova kəndinin folklor
ifaçıları, kartoşka yığmaqda daha mahir olan nənələr
dünya şöhrətli, dahi Alim Qasımovun da yer
aldığı Azərbaycan nümayəndəsinin
ifasının bir neçə kilometrliyinə yaxın məharət
göstərdilər. Bu, dünyanın demokratiyadan və
tolerantlıqdan dəm vuran ölkələrinin iç
üzü idi. Diqqət vermişəm, bu ölkələr hər
şeydən dəm vursalar da, haqlı olaraq heç vaxt ədalətdən
dəm vurmayıblar. Onlarda heç vaxt olmamış bir
şeydən goplamaq da olmur axı.
Əslində yarışmada qələbə qazanmaq Azərbaycan
üçün 2-ci dərəcəli məsələ idi.
Müsabiqəni dünyanın 300 milyondan çox
seyrçisi izlədi. Deməli, 300 milyon insan Azərbaycanı
tanıdı, sevgi və məhəbbətlə izlədi. Bir
həftə ərzində, xüsusən həmin gecə
bulvarda minlərlə gənc səhərəcən
monitor önündə, hətta yağış altında
sevindi, rəqs elədi, bayrağımızı
dalğalandırdı, ölkəsi adına qürur duydu.
Milli ruhun inkişafı və qüdrətlənməsi yolunda
bundan daha əhəmiyyətli tədbir olmazdı. “Avroviziya-2012” musiqi
yarışmasının Azərbaycandan olan bütün təşkilat
komitəsi üzvlərini sənət və vətəndaşlıq
etibarı ilə qəhrəman hesab etməyə dəyər.
Halal olsun! Ən böyük təşəkkür və minnətdarlıq
isə təbii ki, ölkə başçısına və
Təşkilat Komitəsinin Azərbaycandan olan sədri Mehriban
xanım Əliyevaya düşür- Avropa
qarşısında bir daha alnımızı açıq,
üzümüzü ağ etdiklərinə görə!
Hafiz Mirzə
Olaylar.- 2012.- 1 iyun.- S.13.