Dünya durduqca var olacaq
İlyas Əfəndiyevin yubileyinə
Bütün dünyada olduğu kimi Azərbaycanda
da bir tarixi
mərhələdən digərinə keçid
dövrünün insanlarının
taleyində ziddiyyətlər olub və bu son dərəcə təbiidir.
Xüsusilə tarixin dramatizmini
yaşayan, onun ziddiyyətləri
içərisində sarsıntılar keçirən, dövrünün ictimai-siyasi
həqiqətlərini bədii əsərin dili
ilə ifadə edən yaradıcı
insanın-yazıçının taleyi bu baxımdan cazibədardır. Onların tarixi taleyindəki
dramatizm sənət əsərlərində
də öz əksini tapır və
bütövlükdə rəsmi tarixə paralel
olaraq ümumxalq
yaşantılarının salnaməsinə çevrilir.
Görkəmli yazıçı-dramaturq İlyas
Əfəndiyevin həyatı və sənət taleyi deyilənləri təsdiqləyən bir örnək məqamındadır. Onun Orta Asiyaya sürgün
olunan qohumları, XX əsrin 20-30-cu illərində
kollektivləşmə siyasətinin təsirinə məruz qalan yaxınlarının taleyi
ilə tanışlıq və həm onların, həm də
daha çox xalqının
ictimai həyatına bağlı əsərlərinin
dərindən mütaliəsi bu
fikirləri söyləməyə əsas verir.
Hansı əsərini deyim? «Kənddən
məktublar» və silsilə hekayələrini,
Qarabağın elat camaatı ilə
bağlı bədii sənət nümunələrini, roman, dram və povestlərinimi,
yoxsa XX əsrin sovet totalitarizmi dövründə yazılan lirik-psixoloji nəsr nümunələrinimi? Yoxsa yazıldığı və nəşr olunduğu gündən sonra
uzun müddət elmi-ictimai
müzakirəyə səbəb olan
«Körpüsalanlar»ımı? Yaxşı xatırlayıram ki, İlyas müəllim
haqqında söz düşəndə elmi rəhbərim, görkəmli tənqidçi
və tənqidşünas akademik Kamal Talıbzadə onun əsərlərinin
populyarlığından danışarkən deyirdi:
«Onun əsərləri gənclərin
yastıqaltı kitabıdır». İndiki gənclik yox, sovet
dövrünün rejim sıxıntısından qurtulmaq istəyən
azadlıq arzulu gəncliyin «yastıqaltı»
kitablarına-İlyas Əfəndiyevin bədii əsərlərinə
nədən bu qədər qiymət verilir. Çünki həmin
əsərlərdə bizlər- o dövrün gəncləri
sxematik qəhrəmanlardan, pioner, komsomol, kommunist
obrazlarından daha çox bizimlə bir düşünən,
bizi ifadə edən insanları görmək,
özümüzü daha dərindən dərk etmək arzusu
ilə yaşayırdıq. İndiki gənclikdən fərqli
olaraq o illərin mütaliə yarışında hər
birimiz müasirimiz olan canlı klassikin- İlyas Əfəndiyevin
Şimali və Cənubi Azərbaycan ağrılarına həssaslıqla
yanaşır, ədibin Səriyyə və digər bu qəbildən
olan qəhrəmanlarının taleyindən doğan mənəvi
yaşantılarını «təhlilə çalışır»,
sadə zəhmət adamlarının gerçək həyata
bağlı arzu və istəklərinə uyğun
yaşamağı vacib saydıq. Elə həmin səbəbdəndir
ki, indiki müstəqillik dövründə ötən illərin
xatirələrini yaşadan bizlərin kimliyindəki xiffət
dumanları içərisində İlyas Əfəndiyevin
möhtəşəm obrazı canlanır. «Berlində bir gecə»
hekayəsindən başlayaraq ömrünün son
gününədək İNSAN axtarışında olan
yazıçının yaradıcılıq yolu
bütövlükdə Azərbaycan ədəbiyyatının
II dünya müharibəsindən sonrakı mərhələsini
daha aydın işıqlandırmağa kömək edir.
1960-cı
illərdən sonra Azərbaycan nəsrinin poetikasını dəyişməyə
çalışan, yeni üslublarla ortaya çıxan nasirlərdən-İsa
Hüseynov, Ənvər Məmmədxanlı, Bayram Bayramov,
İsmayıl Şıxlı və başqalarından bəhs
açılanda, həmişə İlyas Əfəndiyevin
yaradıcılıq özəlliyi xüsusi maraq doğurur. Akademik Kamal Talıbzadə onun
haqqında yazırdı: «İlyas Əfəndiyev ən
çox oxunan, sevilən, özü də heç kimə
oxşamayan yazıçılarımızdandır. Onun
öz mövzuları, həyat hadisələrinə
yanaşma yolu və üslubu vardır. Bu
yaradıcılığını məşhur edən
problemlərində özünəməxsusluq, orijinallıq
güclüdür. Ədib adətən hamı
üçün aydın və məlum olan həyat problemlərinə
müraciət etməyi sevmir, gerçəkliyin elə həqiqətlərini,
elə məsələləri üzə
çıxarmağı bacarır ki, onlar həm də yeni
olur, ədəbi maraq oyadır, müasir həyat problemləri
barədə düşünənləri hərəkətə
gətirir və təsadüfi deyil ki, ictimai müzakirəyə,
mübahisəyə səbəb olurlar» («Ədəbiyyat və
incəsənət» qəzeti, 4 aprel, 1980).
Bu fikir 1980-ci ildə ifadə olunub. Ondan bir
qədər əvvəl
1974-cü ildə bütün
SSRİ miqyasında və
beynəlxalq sosialist düşərgəsində xalqların
kommunizm quruculuğuna
hələ də inandığı, ədəbiyyatdan
mətin, monumental kommunist
obrazının tələb
olunduğu bir vaxtda İlyas Əfəndiyevin qəhrəmanları
və sənətkarlıq
xüsusiyyətləri haqqında
mütəfəkkir şairimiz Bəxtiyar Vahabzadə deyirdi: «İlyas Əfəndiyev daima yenilik hissi ilə
çırpınan, hər
təzə əsərində
yeni bir söz deməyə çalışan, müasir
gəncliyi düşündürən
məsələləri əks
etdirən özünəməxsus
xətti ilə başqalarından seçilən
qələm sahibidir. Mən onu hələ müharibə illərində
yazdığı lirik-romantik
hekayələri ilə
sevmişəm. Bu sevgi ildən-ilə artmış, heç zaman azalmamışdır.
Ona görə ki, İlyas adi həyat hadisələrini
olduğu kimi adi şəkildə deyil, qeyri-adi tərzdə romantik pafos və lirik
incəliklə bir sözlə- sənətin
ecazkar rəngləri ilə verməyi bacaran sənətkardır»
(«Azərbaycan»
jurnalı, 1974, ¹11, səh.13).
Ədəbi-bədii düşüncədəki
ideoloji buxovları sındırmağı, ənənəvilik
ehkamlarını aradan
qaldırmağı məqsəd
bilən İlyas müəllimin qəhrəmanları
Bakıya «mikrorayon tikməyə gələn»lərdən
fərqlənir, sevgisi,
iztirabı, kədər
və qəmi ilə bizlərlə doğmalaşır, dövrün
standartdan kənar insanları, romantik duyğularına bir ömür xərcləyən,
geriyə baxmağı
bacaran şəxsiyyətləri
kimi yaddaşlarda indi də yaşamaqdadır.
Azərbaycan ədəbiyyatşünaslığının
müasir müstəqillik
illərində sovet hakimiyyəti dövrünə
tənqidi yanaşması,
yeni metodoloji prinsiplərlə təhlil
və tədqiqat aparması nəticəsində
bir sıra müəllif və əsərlər tarixin arxivinə verilib, lakin o dövrün ab-havasında milli kimlik və mənəvi dəyərlərin
qoruyucusu olan müəllif və əsərlər yəqin
ki, dünya durduqca var olacaqdır. İlyas Əfəndiyevin adı, əsərləri və şəxsiyyəti bu mənada sovet dövrü Azərbaycan gerçəkliklərinə aydınlıq
gətirmək, zamanın
«nostaljisini» yaşatmaq
baxımından gələcəkdə
daha artıq qiymət qazanacaq, yalnız antikvariat, dövrün fakt və bədii sənədi kimi yox, Azərbaycan
İNSANININ iç dünyasına,
onun sosial həyatı və arzularına işıq salan yaddaş həqiqəti kimi əvəzsiz olacaqdır.
Heç şübhəsiz
ki, «İntizar», «İşıqlı yollar»,
«Bahar suları», «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Mənim
günahım», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər»,
«Mahnı dağlarda qaldı», «Qəribə oğlan», «Bağlardan gələn səs», «Xurşidbanu Natəvan», «Büllur sarayda», «Şeyx Məhəmməd
Xiybani», «Bizim qəribə taleyimiz», «Sevgililərin cəhənnəmdə
vüsalı», «Tənha
iydə ağacı»,
«Ağıllılar və
dəlilər», «Hökmdar
və qızı» kimi dram əsərləri
ilə «İlyas Əfəndiyev teatrı» yaradan yazıçı-dramaturqun
həyatın təzadlarına
aydınlıq gətirmək
istedadı, bədii tarix formalaşdırmaq məharəti ötən
dövrün yenidən
və daha təfərrüatlı dərkinə gələcəkdə
də əsas olacaq. Çünki İlyas Əfəndiyev
özü müsahibələrində
dəfələrlə təsdiqləyirdi
ki, «Mən yazdığım əsərlərdən
tam arxayın olandan sonra onun çapı
haqqında düşünürəm.
Elə buna görə də təkrar nəşrdə elə bir şeyə ehtiyac qalmır». O bədii əsərin çoxvariantlı olmasını
bəyənmir, hər
bir roman, povest, dram əsərlərini ömür-gün
hadisəsi kimi qiymətləndirir, axıb
gedən zamanın bir daha təkrarlanmayacağına
inanırdı. Ədibin
əsərlərinin məşhur
tədqiqatçısı Yaqub İsmayılov haqlı
olaraq yazır ki, «Bəzi yazıçılar əsərlərinin
sonrakı çaplarına
elə dəyişikliklər
edirlər ki, ilk nəşrdən demək olar ki, əsər-əlamət
qalmır. Belə bir proses sənətkarı
ədəbi-tarixi təkamüldə
izləmək, onun əsərdən-əsərə, mərhələdən-mərhələyə
necə keçib zənginləşdiyini, hansı
təfəkkür və
təxəyyül sahibi
olduğunu, irəli və ya geri getdiyini müəyyənləşdirmək imkanını xeyli çətinləşdirir, ya
da az qala
aradan qaldırır.
Bir var çap
olunmuş əsəri
söküb dağıdasan
və təzədən
yazasan, bir də var ki,
onun üzərində
zəruri təkmilləşdirmə
işi görəsən. İstedadının dərəcəsindən asılı
olaraq hər yazıçı öz əsərini bəyənənə
və çapa layiq görənə qədər dönə-dönə
işləyə bilər,
amma elə ki, çap etdirdi, oxucuların ixtiyarına verdi,
Azərbaycanın görkəmli
nasiri və alimi Mir Cəlal demişkən, «zehinlərə
yerimiş əsəri
söküb təzədən
qurmaq» həmişə
səmərəli olmur.
Burada başqa bir cəhət də nəzərdən qaçmamalıdır. «Söküb
dağıtmaq» və
«təzədən yazmaq»
məhz o zaman faydasız görünür
ki, bu, xüsusilə
hekayə, povestə, kiçik həcmli romanlara aid edilə».
İlyas Əfəndiyevin nəsr və dram əsərlərindəki tarixlə
yanaşı bu əsərlərin özünün
tarixi həqiqətlərə
ayna tutmaq nisbəti ədibə oxucu ehtiramını qazandıran
başlıca şərtdir.
Deyilənlər bir daha təsdiqləyir ki, yazıçı-dramaturqun əsərlərinin
keyfiyyət göstəricisi
Azərbaycan insanın
mənəviyyat potensialının
inkişaf indeksinə
nəzərən müəyyənləşir
və o hansı ictimai-siyasi formasiyada, mühitdə və vəziyyətdə yaşamasından
asılı olmayaraq xalq yaddaşının qoruyucusu olaraq qalır.
Görkəmli xalq yazıçısı
İlyas Əfəndiyevin
oğlu Elçin bir televiziya
verilişində söylədi
ki, «Atam hər gün səhər tezdən üzünü qırxar,
işə gedirmiş
kimi səliqəli geyinər, yazı masasının arxasına
keçər və düşündüklərini kağıza
köçürərdi». İlyas Əfəndiyevin iş rejimi, yaradıcılıq
məsuliyyəti haqqında
söylənilən bu
fikir çox mətləblərin şərhinə
əsas ola
bilər. Lakin önəmlisi odur
ki, yazıçının
sirli yaradıcılıq
psixologiyası ilə
yanaşı həm özünə, əsərlərinə,
sənətə, oxucusuna
vətəni və xalqına qarşı məsuliyyətini, həm
də zəhmətkeşliyini
ifadə edir. Bu titanik iztirabların, ədəbi-bədii duyğularının
sənət əsərlərinə
çevrilməsi işini
yalnız hər gün eyni vaxtda, intizamlı
şəkildə tarlaya
işə çıxan
və yorğunluğundan
həzz alan, əməyinin bəhrəsindən
fərəhlənən adamların
yaşam tərzi ilə müqayisə etmək olar. Mənim fikrimcə bizim ədəbi nəslin canlı klassik kimi ehtiram
göstərdiyi «geriyə
baxmayan qoca»nın,
İlyas Əfəndiyevin
əbədi qalibiyyətinin
əsasında dayanan da elə budur;
istedad və müdriklik, məsuliyyət
və intizam, zəhmət və halal yaradıcılıq yorğunluğu…
Şamil Vəliyev,
filologiya elmləri doktoru,
professor
Olaylar.- 2012.- 3
oktyabr.- S.14.