“Güneydə 40 milyon soydaşımız öz azadlığına qovuşmalıdır”

 

Seymur Həsənli: “Diaspor siyasətimiz bu istiqamətdə fəaliyyətini sistemləşdirməlidir”

 

Müsahibimiz bir müddət Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri olmuş, hazırda Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənlidir. Onunla Azərbaycanın diaspor quruculuğu, bu istiqamətdə problemlər və problemlərdən çıxış yolları haqqında danışdıq.

 

-50 milyondan yuxarı Azərbaycan türkünün diasporunun hazırkı inkişaf səviyyəsi qaneedicidirmi?

-50 milyonluq Azərbaycan türküonun diaspor quruculuğu, inkişaf səviyyəsinə adekvatdır demək  məncə doğru deyil. Bunun obyektivsubyektiv səbəbləri var. Obyektiv səbəblər Azərbaycanın 1813 və 1828-ci il müqavilələri ilə bölünməsi və bölünərək ayrı-ayrı hissələrinin müxtəlif zamanlarda işğal olunmasıdır. Bunu tarixi səbəb də adlandırmaq olar. Son iki yüz ildə Quzey Azərbaycanın müstəqilliyini bərpa dövrünü çıxmaq şərtilə Quzeyli-Güneyli Azərbaycan türkünün üç il müstəqillik dövrü olub. (1918-1920-ci illər Quzey Azərbaycan, 1945-1946 Güney Azərbaycan). Həmin illər ərzində millətimizin inkişafı üçün böyük töhfələr verilsə də, millətin öz iradəsinin məhsulu olan dövlətinin yaşamasına imkan verməyiblər. Müstəqilliyi olmayan millətin diasporunun formalaşması çox çətindir. Baxmayaraq ki, bu həm də mümkündür. Yəhudi millətini biz bu sahədə nümunə göstərə bilərik. Həm də torpaqlarımızdan pay verilib dövlət qurduqları erməniləri də bu sıraya daxil etmək olar. Amma unutmayaq ki, onların mövcud olduqları dövlətlər daim yanlarında olub və demək olar ki, olduqları ölkəni öz ölkələri kimi biliblər. Bir dəfə mərhum Prezident Əbülfəz Elçibəy ABŞ-a səfəri zamanı erməni diasporuna verilən dəstəkdən şikayətlənmişdi. ABŞ konqresmənləri bəh-bəhlə erməni diasporunun gücündən və bu gücün qarşısında acizliklərindən danışmışdı. Elçibəy onlara yaxşı bir cavab vermişdir: “O zaman mən Azərbaycana qayıdarkən mitinq keçirib xalqıma bəyan edəcəm ki, sizin güclü dövlət hesab etdiyiniz ABŞ heç də amerikalıların deyil, ermənilərin dövlətidir və oranı ermənilər idarə edir.” Yəni, Elçibəy bu fikri ilə onlara çatdırdı ki, mənə nağıl danışmayın, onları yaşadan, var edən sizlərsiz.

-Bəs, 1920-ci ildən sonra Azərbaycan ziyalılarının mühacir fəaliyyətini diaspor kimi qələmə vermək olar?

-1920-ci ildə Quzey Azərbaycanın yenidən SSRİ (Rusiya) tərəfindən işğalı bir sıra Azərbaycan ictimai-siyasi mütəfəkkirlərinin müxtəlif ölkələrdə mühacir həyatı yaşamalarına səbəb oldu. Həmin şəxslər hazırda diaspor adlanan fəaliyyəti bacardıqları qədər yürüdə bildilər. Baxmayaraq ki, SSRİ rəhbərliyinin həmin dövlətlərə böyük təzyiqləri var idi və qardaşımız Türkiyə belə bu təzyiqlər qarşısında duruş gətirə bilməmişdir. O zamankı mühacir Azərbaycan türklərinin (diasporunun) lideri Məhəmməd Əmin Rəsulzadə başda olmaqla bir sıra şəxslər Türkiyədən çıxarılmışdı. Amma həmin mühacir (diaspor) fəaliyyəti elə XX əsrin ortalarında demək olar ki, bitmiş kimi görünür. Müəyyən şəxslərin fəaliyyətini istisna etməklə.  Çünki, Cümhuriyyət qurucularının ölümü ilə həmin fəaliyyətlər də sona yetdi.

Azərbaycanın diaspor quruculuğu onun quzeyinin yenidən müstəqilliyini əldə etməsindən sonra başladı. Bununla da, fikrimin başlanğıcında dediyim ikinci - subyektiv səbəblərə toxunmaq istərəm. Bunu siyasi səbəblər də adlandırmaq olar. Azərbaycan türkləri dünyada 50 milyondan artıq olsa da, onun doqquz milyonun dövləti var. Doğrudur ki, dəfələrlə ictimaiyyət, hətta ölkə başçısı tərəfindən Azərbaycanın 50 milyonun dövləti olduğu bəyan olunub. Amma həqiqət olan budur ki, tarixi ədalət bərpa olunmalı – Azərbaycan bütövləşməli, 40 milyon güneyli soydaşımız öz azadlığına qovuşmalı və digər işğal altındakı torpaqlar azad edilməlidir. Diaspor siyasətimiz də məhz bu istiqamətdə fəaliyyətini sistemləşdirməlidir. Hətta türk diasporları adı altında başqa türk dövlətlərinin də diaspor quruculuğunda birgə addımlamasını təmin etməliyik. Təbii ki, dövlət olaraq rəsmi problemimiz Qarabağın işğaldan azad olunmasıdır. Amma dövlət diaspor siyasətinə əngəlləyici müdaxilə etməli deyil, bacardığı yerlərdə yardım etməlidir. Diaspor müstəqil sahə kimi fəaliyyətini gücləndirib bütün milli problemləri qaldırıb 50 milyonun diasporuna çevrilməlidir və türk dünyasının vahid diasporu istiqamətində addımlar atmalıdır.

-Güney Azərbaycanın diaspor fəaliyyətində roluna toxunduz. Parlamentin payız sessiyasında Güney Azərbaycan məsələsi qaldırıldı. Amma rəsmi partiyanın nümayəndələri Qarabağ məsələsinin üzərində dayanmağın vacibliyini vurğuladılar. Sizcə bu fikirlər nə qədər məntiqlidir?

-Parlamentin payız sessiyasında qaldırılan məsələnin geçək mahiyyəti ABŞ konqresmenlərinin Azərbaycanın bütövləşməsi ilə bağlı səsləndirdikləri fikirlər və bu istiqamətdəki fəaliyyətləri ilə bağlı idi. Hər hansı bir marağın nəticəsindən aslı olmayaraq ABŞ kimi bir dövlətin konqresmenlərinin bizim davamızın yanında olması müsbət haldır. Dünyada qovuşan maraqlar varbiz bu maraqlarımızın gerçəkləşməsi üçün nədən bütün qüvvələrdən yararlanmamalıyıq? Rəsmi partiya nümayəndələri bəlkə də fərqli münasibət göstərməli deyillər. Azərbaycan rəsmi olaraq İranın ərazi bütövlüyünü tanıyıb. Amma bütün qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının, partiyaların İran adlı dövlətə münasibəti birmənalıdır və Güney Azərbaycan faktoru daim ön plandadır. Amma dövlət də elə hüquq çərçivəsindən çıxış edib İran qarşısında xeyli tələblər qoya bilər. Məs. Nə üçün Bakı Dövlət Universitetində İran Mərkəzi var, amma Təbriz və ya Tehran Universitetlərində Azərbaycan mərkəzi yoxdur? Nə üçün İran ərazisində bir ovuc ermənin öz dilində məktəbləri var, amma 40 milyon Azərbaycan türkünə öz dilində yazmaq qadağan olunub? Dövlət buya bu kimi tələbləri hüquq müstəvisində qaldırmalıdır. Daha İranla münasibətlər bir az kəskinləşən kimi bir sıra təşkilatlara İran səfirliyinin önündə aksiya etmək şəraiti yaratmaqla işini bitirməli deyil. Necə olur ki, bütün xarici ölkələrdə Azərbaycan diasporunun Qarabağla bağlı keçirdiyi aksiyalarda Güney Azərbaycan türkləri fərq qoymadan ən yüksək aktivliyi göstərir amma Azərbaycan hakimiyyəti onların haqq davası ilə bağlı qaldırılan məsələyə dəstək vermir? Ziyafət Əsgərov həmin  məsələyə daha yumşaq şəkildə reaksiya verə bilərdi. Ən azından Güney Azərbaycan türkləri öz dövlətindən incik düşməyəydilər. Necə olur ki, Azərbaycan Prezidenti “Mən 50 milyon azərbaycanlının Prezidentiyəm” deyir.

-Ölkə başçısı Dünya Azərbaycanlılarının son qurultayında və müxtəlif çıxışlarında diaspor təşkilatları ilə səfirliklərin ortaq işlərinə toxunub. Mətinaltı bu sahədə problemlərin olduğunu bildirib. Siz necə düşünürsüz bu barədə?

-Ölkə başçısının dediyi bu məsələ Azərbaycan diasporunun yaralı yerlərindən biridir. Millətimizin psixologiyasından, ya da bu sahədə olan məmurların yarıtmaz fəaliyyətdən irəli gələn bəzi ciddi məqamlar bu sahədə. Şəxsi münasibətlər diaspor quruculuğunda daha əsas xətt olaraq götürülür. Bəzən bir ölkənin eyni şəhərində eyni adda iki, hətta üç təşkilat fəaliyyət göstərir. Bunlardan biri Diaspor Komitəsi tərəfindən dəstəklənir, digərlərinə qarşı münasibət isə birmənalı olmur. Onlar dövlət tədbirlərinə dəvət olunmur, təşkilatı və digər baxımdan dövlətin dəstəyini arxasında hiss etmir. Bu hal da diaspor təşkilatlarının bir-birinə qarşı müxtəlif ittihamlarda bulunmasına səbəb olur. Nəticədə zərbə həmin ölkədə diaspor fəaliyyətinə dəyir. Təəssüf ki, bu halı bəzi məmurlar diaspor təşkilatları arasında rəqabət kimi qələmə verirlər. Çünki, bu təşkilatlar enerjini konkret hədəflə yanaşı bir-birinə qarşı mübarizəyə də həsr edirlər. Səfirliklərimiz isə hakimiyyət tərəfindən (Diaspor Komitəsi) qəbul olunan təşkilatlarla işləyir, digərlərini yaxın buraxmır. Ölkə başçısının toxunduğu məsələnin də gerçək mahiyyəti bu idi.

-Dediyinizdən belə çıxdı ki, dövlət diaspor təşkilatlarına pul ayırmalıdır? Yəni birinə edir, digərinə yox. Deyirsiz hamısına ayırsın?

-Xeyr, mən demirəm ki, dövlət tərəfindən diaspor təşkilatlarına pul ayrılmalıdır. Əksinə pul ayrılmanın qarşısı alınmalıdır. Çünki, belə halda bir təşkilata ayrılır və digərinə ayrılmır və bilinən odur ki, bu şəxsi münasibətlə tənzimlənir. Ümumiyyətlə diaspor siyasəti Xarici İşlər Nazirliyinin tərkibinə daxil olsa, daha məqsədəuyğun olar. Ayrı-ayrı ölkələrdə səfirliklərin tərkibində müəyyən şöbə həmin ölkədə fəaliyyət göstərən bütün təşkilatlara eyni münasibət göstərməklə, bərabər şəkildə dəstəyini verməlidir. Kimsə xaricdə yaşayıb diaspor təşkilatı formalaşdırıbsa, onun iqtisadi əsasını da təbii ki, düşünüb. Dövlətin diaspora pul ayırması ümumiyyətlə düzgün olmayan bir yanaşmadır və yaranan problemlərin çoxu da pul üstündə olur. Məs. Dünya Azərbaycanlıları Konqresinin bir qanadına pul verilir, digərinə verilmir. Ona görə də maddi dəstək ala bilməyən təşkilat öz dövlətindən incik düşür. Amma bu siyasət dayandırılsa və konkret olaraq dəstəyin istiqaməti, şərtləri müəyyənləşib də bütün təşkilatlara bərabər şəkildə yanaşılsa, diaspor siyasəti kifayət qədər güclənər. Çünki, şəffaflıq hər sahədə olduğu kimi, diaspor siyasətində də çox önəmlidir. Diaspor elə bir sahədir ki, ora hər kəs fayda verməlidir. Bəziləri kimi Dövlət Diaspor Komitəsindən hansısa formada pul almaq üçün diaspor təşkilatı yaratmalı deyil.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 4 oktyabr.- S.15.