Sənin olmadığın hər yer qəriblik! .
Sevimli şairimiz Məmməd İsmayılın
doğum gününə
Bu qədər
geniş, anlaşılmaz, dəli-dolu dünyada zərurət
yaranarsa, Yaradanın məsləhəti olarsa, iki əlçatmaz,
ünyetməz qütbdə yaşayan insanlar belə
rastlaşar, tanış olar. Lakin qismət deyilsə, hətta
eyni küçədə qonşu olan iki nəfər
ömür boyunca bir-birini tanımaya, görməyə bilər.
Zərurətdənmi bilmirəm, xoşbəxtlikdənmi bilmirəm,
mənə - qarlı-boranlı
Rusiyada yaşayan bir şairə, Günəşli,
odlu-alovlu Türkiyədə yaşayan, orada yazıb yaradan,
amma səsi-ünü dünyanın hər yerinə
yayılan Məmməd İsmayıl ilə görüşmək
nəsib oldu.
Nağıllarda,
dirilik suyu içib ölməzliyə qovuşanlar kimi, əsil
şeir qaynağından su içmiş bu insan elə
sağlığındaykən ədəbi ölməzlik
qazanmışlardandır. Və onunla yoldaş, dost olmaq, onun
həyatının bir parçasına çevrilmək - bilavasitə canlı əfsanəylə
qarşılaşmaq, sirli-sehrli aləmə toxunmaq deməkdir.
Yəqin ki,
taleyimizdən narazı olan zamanlarda,
yaşadıqlarımızın içərisində
heç olmasa ən xoş, əz əziz olan bircə günü
yada salıb şükürlər deməliyik. Və o
günü bizə verən Allah, mütləq ki, bir daha təkrarlayacaqdır. Sadəcə ürəkdən və
bütün varlığımızla istəməmiz yetər.
...2012-ci il,
fevral ayı. Bu aydan üç gün: Məmməd
İsmayılın Moskvaya gəlişi,
çıxışları və gedişi... Bu gediş
zamanı şəhər sanki boşalmışdı. Hər
şey yenə də bum-buz, adi və söngün olmuşdu.
“Bu nurani insanı bir daha yenə görə biləcəyəmmi?”
- deyə düşünmüşdüm. Nə yaxşı
ki, qismətimdə onu təkrar-təkrar görmək, onun həmsöhbəti, silahdaşı
olmaq, şeir şölənlərində çiyin-çiyinə
çıxış etməklər
də varmış.
Uşaqlıqdan bu dünyanın
adamı deyildim mən. Təbiətimdə
qəribəliklər vardı: dalğınlıq, gözlərimin
tez-tez “yol çəkməsi”,
saatlarla təkliyə qapılıb şeirlər
yazmağım, bəzən də kətilin üzərinə
çıxıb ən çox sevdiyim müğənni Zeynəb
Xanlarovanın və Flora Kərimovanın repertuarlarından əzbərlədiyim
mahnıları ifa edərək “konsert” verməyim... Təvazökarlıqdan uzaq da olsa,
sanki xəmirim mahnıyla, sözlə yoğrulmuşdu. Əlbəttə
ki, valideynlərim məndəki bu maraq və meylləri
görməyə bilməzdilər. Beləcə də, 8
yaşım olanda məni musiqi məktəbinin fortopiano
şöbəsinə və eləcə də, xor bölməsinə
yazdırdılar.
...İllər
keçirdi, mahnılarla böyüyürdüm. Öyrəndiyim,
sevdiyim, gözəl müğənnimiz
Flora Kərimovanın ifa etdiyi “Səndən xəbərsiz”, “Nəyinə
gərək”, “Yaman darıxmışam səninçün,
ana!” və s... kimi dillər əzbəri olan mahnıları
sevə-sevə çalıb oxuduğum. O zaman mənə, bu
mahnıların sözlərinin müəllifi ilə bir
gün tanış olacağımı, onunla yanaşı
addımlayacağımı desəydilər, təbii ki,
inanmazdım. Çünki, söz və sənət
dünyası - mənimçün bambaşqa bir dünya idi
– qeyri-adi, əfsunlu...
Amma sən
demə həyatda ola bilməyəcək heç nə yox
imiş...
Məndən
30 il öncə dünyaya gəlməsinə baxmayaraq, eynilə
mənim kimi düşünən, şeirin vurğunu və
sevgilisi olan bir insan da varmış dünyada.
“Mən onsuz da bu dünyadan deyildim...
Öz
özümü aldatmağı bacardım!”
- deyən, ədəbiyyatı,
sənəti canından çox sevən, yaşamını,
sakitliyini və gələcəyini yalnız Sözə qurban
verə biləcək bir insan – Məmməd İsmayıl.
Gizli deyil ki, onun
haqqında dəfələrlə yazmışam, amma hər dəfə
deyiləcək yeni sözlərim var. Çünki bu
insanın öz dünyasında, yüzlərlə sirri
açılmamış, kəşf edilməmiş başqa
dünyalar vardır. Çünki, bir insan, öz ətrafındakı
yüzlərlə adamı xoşbəxt edə bilərmiş.
Və qanı-qanından olmasa da, onun varlığı
üçün hər gün yaradana şükür edərsənmiş.
Dediyi cümlələri, kəlmələri ardınca
yazıb çatdırmaq
olmur, hər biri bir
atalar məsəli, bir aforizmdir onların. “Hər kəsin bir qayğısı var, mənim də qayğım - ədəbiyyatdır”,
“Ədəbiyyatını göstər,
sənin kim
olduğunu deyim”, - deyir o. “Hər axan suya çay deməzlər!”
– deyir. Və nə qədər
də haqlıdır!
Yazarların
sayının sahildəki qum dənələrinin sayı qədər
artdığı bu amansız dövrdə onun qələminin
yeri bam-başqadır. Məmməd müəllim öz
oxucularını heç vaxt intizarda qoymur. Elə təkcə
bu il, onun Moskvada “Vmesto pisma”, Türkiyədə “Unutduğun
yerdəyəm” adlı
şeirlər kitabı
nəşr olunub. Yeni bir romanı və
daha bir şeirlər toplusu da yaxın zamanlarda işıq
üzü görəcək.
Noyabrın 1-də əziz şairimizin 73 yaşı tamam olur, o isə gəncliyində
olduğu kimi gümrah və ürəyi yaşamaq eşqi ilə
doludur. Məmməd İsmayıl adına, dünyanın
müxtəlif ölkələrindəki seir festivallarında,
simpoziumlarda, sənət görüşlərində rast gəlirik.
Qəzet və jurnallarda yeni-yeni şeirlərini, məqalələrini,
başqa xalqların dilinə tərcümə olunmuş
yazılarını, kitablarını oxuyuruq.
Mükafatlarına və qazandığı uğurlara
sevinirik. Bir sözlə, cəngavər kimi döyüşlərdən,
yarışlardan gəlir səsi bu yenilməz və məğlubolmaz
şairin. Qoy elə hər zaman belə olsun!
Məmməd İsmayıl dörd övlad
atasıdır - gözəl, ağıllı, qürur duya
biləcəyi qızları vardır və onlarla həmişə
fəxr edir. Onların üçü ataları kimi və eləcə
də mənim kimi qürbətdədirlər. Məktublaşmalarımızın
birində rəfiqəm olan böyük qızı Gülzar
belə yazmışdı: “Əzizim
Afaq! Atamdan nigaranam, yaşlanır, bizsə ondan
çox-çox uzaqlardayıq. Bu məni yaman narahat edir. Gecələr
də telefonumu söndürmürəm. Bu yaşda hər zaman onun
yanında olmaq, hər arzu-istəyini həyata keçirə
bilmək istəyərdim..., aramızda isə bu qədər
məsafə vardır”. “Əziz
bacım! Məmməd müəllim hər birimizin atası,
yaxını və əzizidir. Qəlbində Vətən məhəbbəti
daşıyan bütün türk övladları onun
balasıdır. O heç vaxt tək deyil!” – demişdim mən
də. Və bu, doğrudan da belədir! Ona hər birimiz
duaçıyıq. Telefon dəstəyindən onun mehriban səsinin
həmişə gur və şən gəlməsi
üçün, bir-birindən gözəl şeirlər
yazması üçün və hər zaman bizimlə birgə
olması üçün duaçıyıq. Harada olur olsun
, Məmməd İsmayılın olduğu yer – Vətəndir,
əzizdir, müqəddəsdir!
Çanaqqalası – Çənlibeli, qələmi – Misri qılıncı olan Ədəbiyyat Koroğlusuna,
əziz dostuma, sirdaşıma, gözəl insana, təkrarsız
şairə uzun ömür, can sağlığı,
böyük sevgi və bitib-tükənməyən ölməz
misralar diləyirəm!
Bundan daha layiqli
kəlmələri 100 illik
yubileyində yazmağı
həm ona, həm də özümə
arzu edir və sözlərimi Məmməd müəllimə
həsr etdiyim bir şeirlə bitirmək istəyirəm!
MƏMMƏD İSMAYILA
Ötüb
neçə payız, keçib neçə yaz,
Unutmaq
asanmış gözdən itəni...
Qəribdən
savayı kimsə anlamaz
Necə
özləmisən Ana Vətəni!
Məhəbbət
payladın, qəmə qarışdın,
Duyğular
içində duyğu payın var.
Getdin,
qürbət ellə elə barışdın
Vətən
həsəd çəkib səni arzular!
Səsini gətirsə
bir qərib külək
Nigaran fikirlər
durub dincələr.
Sözünün
sehrindən titrəyər ürək,
Ruhlar o
dünyadan qayıdıb gələr.
Bu qarı həsrətin
ömrü minillik,
Qəhr olub nə
qədər ümidlər sönüb.
Sənin
olmadığın hər yer - qəriblik!
Sənin
olduğun yer Vətənə dönüb!
Zəmanə
dəyişər, səbr elə hələ,
Qismət əl
uzadar gözdən itənə.
“Sellər”
cuşa gələr, insanlar dilə,
Dönərsən sevdiyin Ana Vətənə!
12.10.12.
Moskva
Afaq Şıxlı
Olaylar.- 2012.- 18 oktyabr.- S.10.