“Ortaq türkcənin yaradılması üçün iki yol təklif edirəm”  

 

Əhməd Qəşəmoğlu: “Dilimizi özlərinə bəlağətlə utanmadan “ustad” deyən meyxanaçılar lap çox korlayır”    

 

Bu il may ayının 23-də dövlət başçısı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Hazırda dilin qorunması və inkişaf etdirilməsi yönündə cəmiyyətdə müzakirələrin getdiyi bir vaxtda bu sərəncam hansı nəticələri ortaya qoya bilər? Mövzu ilə bağlı suallarımızı tanınmış sosioloq Əhməd Qəşəmoğlu cavablandırır.

 

- Yer üzündə böyük təcillə qloballaşma prosesi gedir. Bu proses həm təbii, tarixi proses kimi gedir, həm də yer üzündəki güc mərkəzlərinin subyektiv müdaxiləsi ilə. Qloballaşma prosesinin getməsi ilə ortaya yeni problemlər də çıxır. Belə bir şəraitdə, yer üzündə tarixdə ilk dəfə yeni bir hadisə baş verir - yer üzü vahid məkan, əlaqələri çox intensiv olan, ciddi, güclü strukturlu vahid sistem halına gəlir.  Bütün dövlətlər, ölkələr, xalqlar arasında inteqrasiya prosesi güclənir. Belə bir şəraitdə öz mənəvi immuniteti, mənəvi dəyərləri zəif olan ölkələrin gələcəyi təhlükə altındadır.  Eyni bir kollektivdə belə, mənəvi yönümü, dəyərləri zəif olan  insanlar tezliklə həmin kollektivdə itib batır, şəxsiyyət olaraq münasibət göstərilmir. Bu qloballaşma dövründə yalnız və yalnız o ölkələr duruş gətirə, gələcəkdə söz sahibi olacaqdır ki, həmin ölkələrin, xalqların milli, mənəvi səviyyəsi yüksək olsun. Bildiyiniz kimi, ana dili milli, mənəvi dünyanın möhkəmlənməsində, zənginləşməsində ən mühüm həlledici amildir. Dilin heç nə ilə müqayisə olunmayacaq ilahi bir qüdrəti var. Ahəngyol elminin əsaslandırdığı kimi, ana dili eyni zamanda insanın genlərindəki, ruhundakı potensialı üzə çıxarmaqda, kosmo əlaqəni, mənəvi aləmi gücləndirməkdə əlahiddə rola malik bir energetikaya malikdir. Dil saflaşdıqca bu enerji güclənir. Ona görə də  ölkə prezidentinin bu sərancamı həm mənəvi, siyasi, həm də ciddi strateji əhəmiyyət daşıyır.

- Qloballaşma və texnologiyanın inkişafı ilə əlaqədar dilimizə yeni sözlər gəlir. Sizcə, bu sözlə əcnəbi dildə olduğu kimi işlədilməlidir, yoxsa milli sözlərlə mənalandırılmalıdır? 

- Mümkün qədər bu sözlərin dilimizdə uğurlu qarşılıqları tapılmalıdır. Çünki dilimizdə belə yabançı sözlər çoxaldıqca dilimizin ahəngi, melodikası, indicə dediyim energetikası dəyişir. Belə terminlərin azərbaycan dilində qarşılığının tapılması ilə hansısa bir elmi mərkəzin bir küncündə əvvəlki metodlarla məşğul olmaq olmaz. Bu iş türk dillərindəki müxtəlif terminlərin müqayisəsi əsasında, ciddi yazıçı, şair, alimlərin, mütəxəssislərin rəyini öyrənməklə yerinə yetirilməlidir.

- KİV-də dövlət dilinin durumu necədir və hansı addımları zəruri sayırsınız bu sahədə?

- KİV-lərdə bu sahədəki vəziyyət, çoxlarının dediyi kimi, ürəkaçan deyil. Qəzetlərin əksəriyyətində redaktə işi lazımi səviyyədə deyil. Xüsusilə özəl TV lərdə dilimizin vəziyyəti çox acınacaqlı vəziyyətdədir. Aparıcıların bir çoxu jarqonlarla danışmağı özünə qəhrəmanlıq hesab edir. Dilimizi özlərinə bəlağətlə utanmadan “ustad” deyən meyxanaçılar lap çox korlayır. Meyxanalar populyarlaşdıqca, gənclərdə, uşaqlarda ana dilinin formalaşmasında daha təsirli rol oynayırlar. Dilimizin get-gedə daha canlı, koloritli olması yaxşı hadisədir. Amma bu kolorit milli ruhdan gələndə, doğma dilimizdən qaynaqlananda dilin gözəlləşməsinə səbəb olur. Əks halda isə dil eybəcərləşir. Elə təsəvvür edin ki, bir musiqi əsərinin notlarını bir ciddi  bəstəkar redaktə edə, bir də, musiqidə ədabazlıq edən birisi. O musiqi nə hala düşər. Əslinə qalsa elə dilimiz də öz ahəngi, sözləri ilə böyük bir musiqi əsəridir. Onun notlarını qarışdırmaq olmaz.

- Azərbaycan türkcəsinin qorunması təşəbbüsləri ilə yanaşı digər bir prosesin – ortaq türk dili yaradılması prosesinin mərkəzindəyik. Bu iki prosesi necə uzlaşdırmaq, bir arada tutmaq lazımdır?

 - Mənim belə müzakirələrdə hər zaman konkret bir təklifim olur. Bu işin daha da uğurla getməsi üçün paralel olaraq iki istiqamətdə iş getməlidir:

1) türk dilinin bütün qollarındakı, şivələrindəki sözlər kompüterdə ciddi metodların  köməyi ilə, ciddi mütəxəssislər tərəfindən müqayisəli təhlil edilməli, ilk növbədə dillərin ahəngini, koloritini, energetikasını pozmayan, əksinə zənginləşdirən  terminlər ortaq olaraq qəbul edilməlidir. Bu prosesdə ola bilər ki, 100 faizli bir ortaq dil heç yaranmasın. Amma bu yolla dillərimiz o qədər biri-birinə yaxınlaşa bilər ki, biz tərcüməsiz biri-birimizi başa düşə, oxuya bilərik. Ola bilsin ki, bir çox elm sahələrində vahid ədəbi türk dili ilə də kitablar yazıla bilər. Vahid dil standartları ilə danışmaq heç mümkün deyil. Necə ki, indi ordubadlını, şəkilini, maştağalını ...  ya elə o biri  bölgələrimizin insanlarını vahid ədəbi dillə danışdırmağa ehtiyac yoxdur, o zaman da türk dil qollarının hər birinin öz təmsilçisinin üstünlük verdiyi bir  sistem ola bilər.

2) İndi türk dilinin bütün qollarının təmsilçiləri hökmən anadolu türklərinin danışdığı dili öyrənməlidir. Çünki bu dildə sayca türklərin çox böyük bir hissəsi, xaricdə yaşayanları da nəzərə alsaq, artıq səksən milyona qədər adam danışır. Bu dildə olduqca çoxlu, türk dilinin başqa dillərinin heç birində olmayan xeyli bədii, elmi, siyasi ədəbiyyat var. Dünyanın qabaqcıl elmi əsərləri, elmi, bədii əsərləri bu dilə tərcümə olunub. Biz hələlik ortaq ünsiyyət dili kimi anadolu türkcəsini qəbul etməli uzun bir zaman ərzində isə hamımızın dilindən bəhrələnən ortaq türk dilinin yaranması yolunda ciddi iş aparmalıyıq.

 

Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət  Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində dərc olunur 

 

 

Elman

 

Olaylar.- 2012.- 30 oktyabr.- S.13.