Güney
həsrətli alimimiz Əkrəm Rəhimli (Bije) 80
yaşını haqladı
Həqiqi elm adamları hər zaman sadə,
səmimi insanlar olur. AMEA Ziya
Bünyadov adına Şərqşünaslıq İnstitutunda
elmi fəaliyyətlə məşğul olan, “Güney Azərbaycan
elmi araşdırmalar” şöbəsinə başçılıq
edən Əkrəm müəllim də belələrindəndir. Onu ilk tanıdığım
gün bu xüsusiyyətləri
müşahidə etmişdim. Çox maraqlı söhbətimiz
alınmışdı. Danışdıqlarını yazmaq üçün
istifadə etdiyim diktafonda problem yarandığı
üçün boş yerə xeyli vaxtını
almağıma səbirlə yanaşmışdı.
Hər dəfə
instituta gedəndə müşahidə edirdim ki, nurlu simaya
sahib alimimiz öz həmkarları ilə çox mehriban
davranır. Gülərüz, zarafatcıl bu insanın həyat
hekayəsini eşitdikdən
sonra onun kamil bir insan olduğunu da başa düşdüm. Həyatda
üzləşdiyi çətinlikləri yenə bilən
insanmış Əkrəm Rəhimli...
Əkrəm
müəllimin ata babası
Güney Azərbaycandan olsa da, o, 1932-ci ilin sentyabrında Quzey
Azərbaycanın Qazax rayonunda doğulub. Sovet rejiminin
zorakılığı onların ailəsindən də yan
keçməyib. Əkrəm müəllim dünyaya gəlmək
ərəfəsində onun atasına yerli sovet orqanları tərəfindən
“Kulak” damğası vurulub. Atasının dükanı, “Qonaq
evi” və ev əmlakı
müsadirə olunub. Güney mənşəli olduğu
üçün atası Rəhim 1938-ci ilin baharında
başqa güneylilər kimi həbsə alınıb, bir
müddət Kirovabadda (indiki Gəncədə) zindanda
saxlanıldıqdan sonra ailəliklə 1938-ci ilin aprelində
Güney Azərbaycana məcburi deportasiya olunub.
Əkrəm
müəllimin atası doğulduğu Mərənd şəhərinin
Dizə kəndində atasından miras qalan evdə ailəsini
yerləşdirdikdən sonra 1939-cu ilin payızında
İrandakı rejim əleyhinə olan bir şəxs kimi həbs
edilib. Əslində Rəhim kişi savadsız, siyasətdən
uzaq, sakit təbiətli, zəhmətkeş bir adam olub. Bir ilə
qədər Mərənd nəzmiyyəsinin (polisinin) müvəqqəti
həbsxanasında saxlanılan Rəhim kişi buradakı
zorakılığa və işgəncələrə
dözməyib 1940-cı ilin payızında
dünyasının dəyişir. 7-8 yaşında atasız
qalan Əkrəm anası Saranın himayəsində
yaşayır, babadan qalan bağı və əkin sahəsini
hissə-hissə satan Sara xala övladlarını təhsildən
ayırmır, onları cəmiyyətə, vətənə
yararlı övlad kimi böyüdür.
Müttəfiq
qoşunlarının İrana daxil olması, müstəbid
Rza şahın ölkədən qaçması ölkədəki
siyasi durumda müəyyən “yumuşaqlıq” yaradır.
Bundan yararlanan xalq isə
azadlıq hərəkatına başlayır. Təbiətcə
mübariz olan Əkrəm müəllimin anası Sara ana da
xalq hərəkatına qoşulur, sonradan oğlu
İsmayı da bu yola çəkir. Onlar hər ikisi 1945-ci il
“21 Azər” (12 dekabr) nehzətinin (inqilabın) fəal
iştirakçısı olurlar. Xalq Azadlıq Ordusunda (Fədailər
dəstəsi) fəaliyyətinə və igidliyinə görə
İsmayıl Azərbaycan Milli Hökumətinin ali
mükafatı “21 Azər” medalı ilə təltif olunur.
Bunlar bir hekayə
deyil. Əkrəm müəllimin ailəsi ilə birlikdə
yaşadıqları gerçək həyat hadisələridir.
Alimimiz 9 il İranda yaşayır.
Təhsil aldığı farsdilli məktəbdə
1946-cı ilin yanvarında Azərbaycan Milli Hökumətinin
Maarif naziri Məhəmməd Biriyanın imzası ilə
“bundan sonra Azərbaycan məktəblərində təhsil
ancaq ana dilində ‒ Azərbaycanca keçirilsin” əmrin
oxunuşunu indiyədək qəlbində xoş xatirə kimi
yaşadığını bildirən Əkrəm müəllim
Azərbaycan məktəblərində bütün tədris
farsca aparılmaqla yanaşı ana dilində
danışmağın
şagirdlərə məktəb müdiriyyətləri
tərəfindən yasaq edildiyini bildirdi. Azərbaycanca kim
danışsa “xəbərçilər” bunu dərhal
müdiriyyətə çatdırmalıydılar. Bir gün
məktəbin həyətində dərsdən sonra məhəllədə
futbol oynamaq haqda ana dilində söhbəti müdiriyyətə
çatdırıblar. Sinfə daxil olmaq haqda növbəti zəng
çalınıb, şagirdlər sinif üzrə cərgəyə
düzülüb. Əlinə heyva çubuğu almış,
qəzəblənmiş müdir Əkrəm müəllimi,
qonşu Əhmədi və Yunisin adını çəkib,
qabağa gələcəklərini əmr edir: “O, bizə
farsca “boynu yoğun tərbiyəsizlər, məgər deməmişik
ki, türkcə danışmaq yasaqdır”. Biz and-aman etdik ki,
türkcə danışmamışıq. Bu and içmənin
faydası olmadı. O, danışığımızı təkrarlayıb
dedi: “Bəs bunları mən danışmışam!” Mən
ondan 3-cü sinifdə oxuyurdum, 10 yaşım heç hələ
tamam deyildi. Zalım müdir heyva çubuğu ilə əllərimizə
12 çubuq zərbəsi endirdi. Ovcumuz od tutub yanırdı.
Bu cəza ilə ürəyi soyumayan müdir əmr etdi. Əvvəlcədən
hazırlanmış üzərində “bizim məktəbin
qanmaz şagirdləri” yazılmış karton
parçalarını boynumuzdan asdılar və növbəti
zəngə qədər məktəbin həyətinin düz
ortasında 2 əllərimiz və bir ayağımızı
yuxarıda saxlamağa məcbur etdi və idman müəllimi
ağaye Zərgərini bizə nəzarətçi qoydu”...
Əkrəm
Rəhimli buna bənzər haqsız cəzalardan çox
alıb. Qısa da olsa Milli Hökumət dövründə dərslərin
ana dilində tədris olunması və ilk dəfə Azərbaycan
tarixindəki olaylarla, siyasi və ədəbi şəxsiyyətlərlə,
ana dilli poeziyanın nümunələri ilə tanış
olmaq hafizəsindən silinmir. Deyir ki, hələ də o
vaxtdan əzbərlədiyi şeirlərdən hafizəsində
ilişib qalanlar çoxdur.
Sevincli
günlər üzün sürmür. Tehranla Moskva arasında
gizli sövdələşmənin qara küləyi 1946-ci ilin
sonunda hər şeyi alt-üst edir. Tehran qoşunu tərəfindən
zəbt olunmuş Azərbaycanın yaşayış məntəqələrində
qanlı olaylar törədilir. Təpədən
dırnağa qədər o dövrün müasir silahları
ilə, təyyarə, tank və toplarla təchiz olunmuş
şah ordusunun qarşısında meydanda tək
qalmış, müqavimət göstərməyin nəticəsiz
olacağını anlayan Azərbaycanın məğlubiyyəti
qaçılmaz olur. Azərbaycan milli qüvvələrinin
bir dəstəsi yeganə çıxış yolunu Qüzey
Azərbaycana üz tutmaqda görüb, 1946-cı il
dekabrın 12-14-də sovetlərin əlində olan keçid
məntəqələrinə pənah gətirir. Sovet Azərbaycanına pənah gətirənlər
içərisində Əkrəm müəllimin də ailəsi
olub: “2-3 aydan sonra ailəmiz yenidən Qazax rayonuna
qayıtdı. Bu tərəfdəki durum da çox
ağır idi. Ölkə müharibədən təzəcə
çıxmışdı. Mən günduz işləyib
axşam məktəbində oxudum. Müəllimlərin və
sinif yoldaşlarımın köməyi ilə kiril əlifbasını
öyrəndim və sonra Kirovabad (indiki Gəncə) Pedaqoji məktəbinə
daxil oldum. Bu məktəbdə 4 il oxuduğum vaxt çox
çalışmalı, başqalarından geri qalmamağa, fənləri
yaxşı mənimsəməyə çalışdım.
Tarix fənni məni daha artıq özün cəlb etdi. O fənni
tədris eləyən Adilə müəllimə (o həm də
məktəbin dərs hissə müdiri idi) çox bilikli,
güneydəki olaylara yaxşı bələd olan və
onları ürək yanğısı ilə yad edən insan
idi. 1953-cü ildə məktəbi fərqlənmə diplomla
bitirib o zamakı V.İ.Lenin adına Pedaqoji İnstitutun
(indiki Tusi adına Pedaqoji Universitetin) tarix fakültəsinə
daxil oldum. Burada respublikada tanınmış müəllimlərdən
dərs alıb, 1975-ci ildə tarix fakültəsini də fərqlənmə
diplomla bitirib, bir müddət orta məktəbdə tarix fənnini
tədris etməklə yanaşı “Azərbaycan” (ADF
orqanı) qəzetində əvvəl ədəbi
işçi, sonra isə şöbə müdiri vəzifəsində
çalışıb, İranın sosial-siyasi, iqtisadi və
mədəni həyatı ilə
(mətbuat və radio vasitəsi ilə) yaxından və
müntəzəm tanış oldum, çoxsaylı tərcümə
və məqalələrim dövrü mətbuatda çap
olundu”.
Daim Güney
Azərbaycana aid tədqiqat aparmaq, mütaliə və
axtarışlarla oranı daha yaxından öyrənmək həvəsi
beynində dolaşsa da alimimiz 1959-cu ilin payızında
özündən asılı olmayan səbəb üzündən
Türkiyə iqtisadiyyatı üzrə aspiranturaya qəbul
olunur. Respublikanın tanınmış
iqtisadçısı-şərqşünas alimi mərhum
H.Hüseynovun rəhbərliyi, moskvalı türkoloq alim
A.F.Millerin məsləhəti ilə Atatürk dövründə
Türkiyənin SSRİ ilə iqtisadi əlaqələri
mövzusunda tədqiqatı başa çatdırıb
Moskvadakı Şərqşünaslıq İnstitutunda
müdafiə edir. Türkiyənin
xarici ticarət siyasəti (1920-1980) adlı monoqrafiya çap
etdirir. Müasir Türkiyənin xarici iqtisadi əlaqələrinə,
ölkədəki duruma aid 10 elmi məqalə, bir neçə
tezis və məruzə elmi dərgilərdə, elmi xəbərlərdə
çap olunur. Bir neçə
il AMEA Şərqşünaslıq İnstitutunun “Türkiyə
tarixi və iqtisadiyyatı” şöbəsinə
başçılıq edir.
Ötən əsrin
sonundan institutun direktoru, professor Gövhər Baxşəliyeva
xanımın razılığı ilə tədqiqatını
Güney Azərbaycan şöbəsində davam etdirir: “Bu
şöbəyə gəlişim mənim elmi axtarış
və yaradıcılığımda yeni səhifə
açdı. Bu şöbədə
çalışdığım 15 il ərzində Güney
Azərbaycana aid onlarca elmi və publisistik məqalə,
müsahibə və toplantılarda
çıxışlarım, dövlət radiosunda ictimai
televiziyada və başqa informasiya vasitələrində
çıxışlarım olub. Güney Azərbaycanın
yaxın keçmişdə və indiki durumu ilə
bağlı oxucu və dinləyicilərə
çatdırılması vacib olan məsələlərə
obyektiv elmi açıqlamalar verməyə
çalışmışam”.
Güney Azərbaycan
şöbəsinə gələn gündən indiyədək
alimin 3 kitabı (“Güney Azərbaycan” ensiklopedik məlumat
kitabı (Ş.Tağıyeva və s. Bayramzadə ilə
birlikdə) 710 səhifə),
(“Güney Azərbaycanda milli-demokratik hərəkat”
(1941-1946) 210 səhifə). Bu
kitab Kanadada və Tehranda da çap olunub. (Seyid Cəfər
Pişəvəri 399 səh.), “Doktor Salamulla Cavid” 140 səh.
, “Parçalanmış millətin harayı” 710 səh.,
kitablarının tərtibçisi və redaktoru, güneyli
müəllif Səməd Sərdarniyanın “Arazın hər
iki sahilində soyqırım” və “İrəvan müsəlman
sakinli şəhər olmuşdur” kitablarının “Məşrutə
hərəkatı 100”, “Ş.M.Xiyabani hərəkatı” məqalələr
toplusunun elmi redaktoru olur. İran və Güney Azərbaycanın
durumumdakı problemlərə aid elmi məqalələri
İranda, Türkiyədə, Almaniyada, Kanadada və Bakıda
(ingiliscə) nəşr olunan dərgilərdə çap
olunur. Hazırda Güney Azərbaycan Pəhləvilər
dövründə (1925-1979) elmi tədqiqatını başa
çatdırmaq üzrə olan alim XX əsrin 80-ci illərində
yazdığı və müəyyən səbəblər nəticəsində
çapı indiyə qədər ləngimiz
“Çağdaş İranda aqrar kəndli məsələsi”
kitablarını çapa təqdimini planlaşdırır.
Onu da qeyd edim
ki, Əkrəm müəllim “Olaylar” qəzeti ilə də
yaxından əməkdaşlıq edir. Güney Azərbaycanda
baş verən hadisələri həmişə diqqətində
saxlayır və mövzu ilə bağlı yazılar
çap etdirir. İki il bundan əvvəl Güney Azərbaycanda
Urmiya gölünün qurudulması problemi ortaya
çıxanda Əkrəm müəllim qəzetimizdə nəşr
etdirdiyi “Urmiya gölünün harayı” adlı məqaləsini
ictimaiyyətə təqdim etdi. Bu məqalə geniş-əks
səda doğurub. Əkrəm müəllimin sözlərinə
görə, bu məqalədən sonra onlarla insan onunla telefon əlaqəsi
saxlayıb. Əkrəm müəllimlə söhbətimizdə
ürək ağrısı ilə bildirdi ki, artıq Urmiya
gölünün 70 faizi
qurudulub. Alim bu yaxınlarda mövzuya həsr olunmuş daha bir
yazı ilə çıxış edəcək.
Göründüyü kimi alimimiz bu gün də yorulmadan
çalışır. Bu da səbəbsiz deyil. Vətən
sevgisi ilə yanaşı, Əkrəm müəllimin həyat
yoldaşı Fatimə xanım
kimi yaxın dostu, dəstəkçisi, daha doğrusu
köməkçisi də var. Həyatda bu sarıdan bəxti
gətirən Əkrəm müəllim yorulmaz dəstəkçisi
haqqında minnətdarlıqla danışdı. Onların hər
ikisinə can sağlığı arzu edirik. Bu da bizim 80
yaşlı alimimizin həyat hekayəsindən qısa bir
çıxarış. “Olaylar” kollektivi gözəl insan,
yorulmaz tədqiqatçı alimimizi 80 yaşı münasibətilə
təbrik edir və ona can sağlığı arzu edir. Arzunuz
tezliklə güneyli qardaşlarımızın haqları
çatan şəkildə, hüquqları pozulmadan
yaşamalarıdır. Əkrəm müəllim, Allah sizi bu
arzunuza çatdırsın.
Aygün İbrahimli
Olaylar.- 2012.- 20 sentyabr.- S.10.