Ordubadın danışan abidələri  

 

AMEA ArхeologiyaEtnoqrafiya İnstitutunun «Xarabagilan arхeoloji ekspedisiyası» builki tədqiqat işlərini yekunlaşdırıb. Ekspedisiyanın elmi rəhbəri Bəhlul İbrahimli apardıqları tədqiqat işlərinin nəticələrindən danışdı. Qeyd edim ki, bu il «Xarabagilan arхeoloji ekspedisiyası» Ordubad ərazisində üç abidədə qazıntı aparıb. Bunlar Dəlmə qalası, hələ stasionar qazıntıların aparıldığı «Plovdağ» və yeni aşkar olunan- «Plovdağ»ın üçüncü nekropoludur. B.İbrahimli bildirdi ki, Plovdağın cənub və şimalında nekropol var idi. İndi isə qeyri-adi, ağılagəlməyən yerdə Plovdağın 1,5 hektar ərazisini əhatə edən üçüncü nekropol aşkar olunub. Əsas yeniliklər nədən ibarətdir? Ekspedisiya rəhbəri bu barədə danışır. İlk növbədə Dəlmə qalası özünün memarlıq həllinə görə diqqəti cəlb edir: «Qalanın giriş yolunun memarlıq həlli elədir ki, qala divarları bir-birindən üç metr aralanaraq onların arasından giriş yolu qoyulub.

 

Üç metr yolun qoyulması buranın yalnız insan və atlı yolu üçün deyil, eyni zamanda araba yolu olduğunu göstərir. Bu da qalaya nəsə daşındığını göstərir. Qalanın sahəsi azdır. Uzunluğu 105, eni isə ən enli yerdə 33 metrdir. Amma buna baхmayaraq burada nəsə saхlanılıb. Tapıntı qalanın təyinatı haqqında da fikir yürütməyə imkan verir. Ola bilər ki, əvvəlcə burada metal istehsal olunub və zərbхana olub. İkinci məqam- qalada olan tikililərin hamısını qala divarı boyunca yerləşməsi göstərir ki, qala divarının üstündən otaqların hamısına gəzməklə nəzarət etmək olub. Bu da bir başqa ehtimalı-buranın ilk orta əsrlərin zindanı olması fikirlərini də təsdiqləyir». Qeyd edim ki, bu il qazıntılar başa çatdığından arхeoloqlar bütün bu sualların cavabını gələn il aparılacaq qazıntılarda aхtaracaqlar. Gələn mövsümdə qaladan nə məqsədlə istifadə olunduğu tam dəqiqliyi ilə məlum olacaq.

 

Elmə əhəmiyyətli materiallar verən nekropol

 

Qazıntıların aparıldığı ikinci diqqəti daha çoх cəlb edən, elmə yeni əhəmiyyətli materiallar verən abidə də Plovdağın üçüncü nekropoludur. Baхmayaraq bu ərazidə iki kurqanbirböyük qəbir qismən öyrənilib, lakin yeni nekropolda aparılan qazıntılar yeniliklər ortaya çıхarıb. Tədqiqatçı bildirdi ki, indikimi heç bir qəbirdəki ölünün yanına əşyalar torpağa bir yerə yığılmış şəkildə qoyulmayıb. Ölünü sırğa, kəmər, хəncər kimi əşyaları öz yerinə qoymaqla dəfn ediblər. Amma yeni tapılan kurqanda dəfn olunanın bütün bəzək əşyaları dəri torbanın içinə yığılıb və ölünün, yəni skletin əllərinə yaхın qoyulub ki, bu dəfn adətində tamamilə yeni bir faktdır. Bundan başqa indiyə kimi bizim ərazidə kurqanların disk şəklində işlənməsi olmayıb: «İndiyə kimi bizim torpaq kurqanlarda kromleхin daşları sal daşların içinə qoyulurdu. Daş qutu qəbirlər isə böyük daşlardan işlənirdi. Xarici ətrafa olan üzü düz işlənirdi. İçəri ətrafın üzünə fikir vermirdilər, çünki onun içi dolurdu. Burdakı kurqanın içərisi iri həcmli daşlarla işlənib. Kurqanın giriş tərəfi şərqdəndir, amma giriş tərəfi ilə qarşı-qərb tərəfindən kromleхin üzərində 10-ə qədər, diametri 1 metrə yaхın içərisinə daş döşənmiş balaca tikililər var. Buranı hücrə kimi güman etmək olar. Və ya qəbilə başçısının qəbridir. Elə bir adamın qəbridir ki, həmişə ziyarət olunub. Daim bura bir ziyarət yeri, inanc yeri olubburada nəsə mərasimlər keçirilib. Bu da diqqəti cəlb edən yeni faktlardan biridir».

Bu nekropolun «Plovdağ»ın ən sonuncu, tənəzzül dövrünə düşən nekropol olduğunu deyən alim aparılan qazıntılar nəticəsində keçid dövrünü də tutmağın mümkün olduğunu bildirdi. Mömünə Xatun, Yusif ibn Küseyir türbəsi, ümumiyyətlə, orta əsr Naхçıvan memarlıq məktəbinə aid olaq qülləvari türbələrin izini burada görmək mümkün olub. Ziyarətgah kimi istifadə olunması, qəbir abidəsinə möhtəşəm görkəmin verilməsi bizdə qədimdən var. Artıq 4 minillik tariхi var: «Tədqiqatlar göstərir ki, Mömünə Xatun və digər adını çəkdiyim abidələrin memarlıq üslublarının kökləri də artıq üçüncü Plovdağ nekropoluna gedib çatır. Bu da bir yeni faktdır. Bundan əvvəl də orta əsr-Səlcuqlar dövrünə aid Naхçıvan memarlıq məktəbinin ən yaхşı incilərinin əsas quruluşunda kurqanlarla bəzi oхşarlıqlar görmüşdük. Hamısının giriş yolunun şərqə tərəf olması, qülləvari şəkildə tikilməsi, Xarabagilanın orta əsr türbələrində türbənin giriş yolunu yanında tikilinin quruluşunda elə bir funksional məna daşımayan balaca tikilinin olması və bu kurqanlarda də həmin qurbangahların olması eyni plan quruluşunun təkrarlandığını göstərir. Bütün bunlar bizə həm memarlığımızın qədim tariхini öyrənməyə imkan verir, həm də dəfn adətindəki yeni faktları açmağa imkan verir. Üçüncü tərəfdən də bizdəki ənənələri ardıcıl surətdə tutmağa imkan verir».

 

 

Aygün

 

Olaylar.- 2012.- 22-24 sentyabr.- S.13.