Lənkəran tarixindən səhifələr
Bəzi əsas tarixi məqamlar və
hakimlər barəsində yazılanlara əlavələr
Lənkəran diyarı
özünün iqtisadi, mədəni və geostrateji əhəmiyyətinə
görə tarixən həmişə
İran və Rusiyanın əsas diqqət mərkəzində
olmuşdur. Buna görə də bu
ərazinin başı üzərində bir sıra
qondarma tarixlər, hadisələr, plan və qəsdlər
formalaşdırmışdır.
Ən azı, bu iki ölkə onu Azərbaycanın bir
parçası kimi tanımaq istəməmiş, daim onu
öz ərazisinə qatmağa
və ya ona xüsusi status verməyə
çalışmışlar. Xoşbəxtlikdən
bütöv Azərbaycan ərazisinin kənarında deyil, tən ortasında olması bu ərazinin
ayrıca və müstəqil bir subyekt kimi tarixi
mövcudluğunu və başqaları tərəfindən
ilhaq olunmasını qeyri-mümkün etmişdir. Lənkəran
şəhəri çox qədim tarixə malik olmasa da, bir
diyar, mahal və ya rayon olaraq Azərbaycanın çox qədim
yaşayış məskənlərindəndir. Bunu sübut
edən 3 min illik tarixə malik Sığın qəbristanlığını
göstərmək olar. Ərazidə ən qədim türk
tayfaları olmuş muğlar, kaslar və ya saklar,
talış kökənli, hirklər və gellər
yanaşı və bir-birinin içində
yaşamışlar.
Uzaq
tayfaların hücumları onları kadusi tayfa birliyində birləşdirmiş, sonra isə
atəşpərəstlik çox qüdrətli tellərlə
tayfaları daha da yaxınlaşdırmışdır.
İslam isə buradakı bütün tayfaların
arasındakı fərqlilikləri aradan
qaldırmışdır. İslamda millət yox, hümmət
anlayışı daha əsasdır. İndi talış və
ya türk hesab olunmasına rəğmən, buradakı
insanları ayıran, ədavətə aparan heç bir səbəb
yoxdur. Bu məsələ toponimlərin adlanmasında da
özünü göstərmişdir. Türk və
talış toponimləri o qədər yanaşı,
bir-birinin içindədir ki, bəzən bu adlar mahalın və
ya ən xırda ərazinin də konkret milli mənsubiyyətini
dəqiqləşdirməyə mane olur. Sığın qəbristanlıqdakı
qəbir daşları və küp qəbirlər bu yerlərin təkcə talış yox, həm
də qədim türk məskənlərindən biri
olduğunu təsdiq edir. Ən qədim qəbristanlığın
"Sığın" (ruhların
sığındığı yer) adlanması, dağ zirvələrinin
türk dilində (Qızyurdu, Kömürgöy) olması və
eləcə də onlarca qədim
türk toponimi bu yerlərdə milli zəmində heç bir
ixtilafın olmadığına və olmayacağına
işarədir. Ərazidə sonralar talış və
türk adlanan xalqların bir-birinin dilini də gözəl
bilməsi bu xalqların ən qədim
tarixi birliyinin ifadəsidir. Cənub bölgəsinin tarixi
bütövlükdə Lənkəran tarixinin tərkib hissəsi
kimi qəbul oluna bilər. Lakin 1930-cu ildə inzibati ərazi vahidlərinin
formalaşdırılması prosesi getdikdə onun tərkibindəki bəzi iri kəndlərin ətrafında da rayonlar yaradıldı və xəritədə
Masallı, Astraxanbazar (Cəlilabad), Astara, Lerik, Yardımlı,
Puşkin (Biləsuvar) və Lənkəran rayonları peyda oldu. Elə tarixən də bu bölgə Uluf,
Daştvənd, Dırıq, Zuvand, Əsalim, Sırıq,
Piran, Astara-kürabı və Talış mahallarından ibarət
olmuşdur. Sonralar əraziyə
dağlara nəzərən bütövlükdə Talış diyarı da deyilmişdir.
Diyarda əsasən Astara(Məhəmmədhüseyn xan),
Qızılağac(Musa xan) və Lənkəran(Əmir Aqis
xan) xanlıqları hakimlik
etmişdir. Bu xanlıqlar arasında gedən rəqabət
müharibələrə çevrilmişdir. Qızılağac
hakimi Musa xan hər üçünə qalib gəldi və
vahid Astara xanlığını yaratdı. Sonra Seyid Camaləddin
Qara xan 1749-cu ildə Lənkəran
hakimi olarkən paytaxtı Lənkərana
köçürtdü. Onun oğlu Mirmustafa xan isə 1786-ci
ildə hakimiyyəti öz əlinə alarkən ərazini
Talış xanlığı adlandırmağa
başladı. Talış ifadəsi
konkret bir məkan və bir etnos deyil, tayfa birliklərini ifadə
etdiyi, həm də coğrafi xarakter
daşıdığı və hər üç hakimliyi
qismən əhatə etdiyinə görə qəbuledilən idi və
heç bir tərəfdə qıcıq oyatmırdı.
Lakin sonradan Mirmustafa xan Azərbaycan Qacarlar sülaləsinə
qarşı açıq mübarizəyə başlayanda bu
ad digərlərində arzuolunmaz çalarlar qazandı. Ona
qahmar çıxmağa söz vermiş Rusiya tərəfindən isə
1914-cü ildə Talış xanlığı tarixin arxivinə
göndərildi. Ümumiyyətlə, bu xanlıq və ərazi
daha çox Lənkəran adı ilə məşhurlaşmışdır.
Təsadüfi deyil ki, hələ XIV əsrdə Şərqdə
məşhur olmuş Təbib
Ramazan özünə adətən
olduğu kimi doğulduğu yerin adına uyğun olaraq Lənkərani kimi təxəllüsünü
götürmüşdür. 1501-ci ildə Şah
İsmayıl Xətai bir gecə Lənkəranda Şahsuvar bəyin
qonağı olmuşdur. M.F.Axundov özünün ən
gözəl komediyasının adını da "Sərgüzəşti
vəziri xani-Lənkəran" qoymuşdur. Hələ qədim
dövrlərdən etibarən ərazinin Lənkəran
yaşayış məskənində bataqlıq hissələri
quruduqca və dəniz geriyə çəkildikcə buralarda ətraf
yerlərin varlı torpaq sahibləri
olan "lənlər" məskunlaşırdı. Bir
versiyaya görə məhz bu səbəbdən də ərazi tədricən Lənkəran
(torpaq sahiblərinin yaşadığı yer) adını
almışdır. Lakin buranın müxtəlif siyasi və etnik maraqlar naminə səhvən Ləngəran
(guya Aranın lənglik yaradan yeri), Ləngərkünan (gəmilərin
lövbər salıb dayandığı yer) və Lənkon (qamış evlər)
adlandığını ehtimal edənlər də var. Daha az
qəbul olunan versiya "Lankon" adıdır.
"Lankon" qamış evlər deməkdir. Amma varlı
insanların qamış evlərdə yaşadığı
heç inandırıcı görünmür. Bu adda bir kəndin
indi şəhərin “Sərdaxıl” qəbristanlığı
ərazisində yerləşdiyi də ehtimal olunur. Artıq
burada strateji cəhətdən
mühüm bir şəhər salındığını
görən Nadir xan Əfşar
1725-ci ildə 30 hektar ərazini
qala divarları ilə əhatəyə
aldırır və Lənkəranı qala-şəhərə çevirir. Nadir şahın
dövründə ərazinin mərkəzi
Qızılağac kəndi, sonra Astara olmaqla hakimliklərə
bölünmüşdü. Ərazi Şirvan bəylərbəyliyinin
mahalı statusunda idi. Şirazlı İbrahim xan mahal hakimi təyin
olunmuşdu. Onun şərabxorluğundan istifadə edən vergitoplayanı və
qaynı Seyid Mir Abbas hakimi oldu. Onun oğlu Seyid Camaləddin
(Qara xan) Nadir şah Əfşara ləzgilərlə
döyüşdə xüsusi xidmət göstərdiyi
üçün şah ona nəsilliklə ötürülən
xan titulu verdi. Qara xanın oğlu Mirmustafa xanın
dövründə onu paralel olaraq Talış
xanlığı da adlandırırdılar. Amma o müstəqil
olmadığı, ayrıca xütbə oxutmadığı,
pul buraxmadığı və Qacarlar sülaləsinə tabe
olduğu üçün rəsmən Talış
xanlığı kimi tanınmırdı. Amma Mirmustafa xan nəhayət
Qacar sülaləsinə qarşı açıq mübarizəyə
qalxdı və hakimliyin adın Talış
xanlığı adlandırdı. Qacar qoşunları
hücum etdikdə xan yaxınları ilə birlikdə Sara
adasına sığındı. O, birləşmək və
himayəsinə keçmək üçün yenidən
Rusiyaya müraciət elədi.
İranla döyüşən rus qoşunları artıq Azərbaycan
ərazisində idi. Aslandüzdə rus qoşunları Fətəli
xana qalib gəlib, irəlilədilər. Beləcə, Lənkəran
qalası 1812-ci il dekabrın 31-dən 01 yanvara keçən
gecə çar Rusiyasının qoşunları tərəfindən sonuncu istehkam olaraq mühasirəyə
alındı. Rusların odlu silahı çox idi. Buna görə
də qala darmadağın edildi. Bu zaman 17 min dinc əhali, 4
min əsgər həlak oldu. Zaman-zaman ruslar qalanı
dağıdırdılar. Qala hasarları yerlə yeksan
edildikdən sonra bürclərinin birinin üstündə əlavə
tikili ucaltmaqla onu mayaka, o birini isə tarixən olduğu kimi
qazamata çevirdilər. Bu bürclər mövcud zamana kimi
qalır. Digər iki bürc və qala divarları tam
dağıdılmışdır. Amma yerli əhali bu ərazini
indiyə kimi "Qala"
adlandırmaqdadır. Məhz Lənkəran qalasının
süqutu 1813-cü ildə Gülüstan müqaviləsinin
imzalanmasına və tarixdə ilk dəfə olaraq Azərbaycanın iki hissəyə
bölünməsinə səbəb oldu. 1814-də xanlıq faktiki olaraq
komendantların ixtiyarına keçdi, tam səlahiyyətsiz
duruma düşdü, 1826-cı ildə isə tamam ləğv
edildi. Çar hakimiyyəti illərində ərazi Bakı
quberniyasının Lənkəran qəzası adlandı. Onun
başında isə pristavlar dururdu. Sovet hakimiyyəti illərində
Şəhər XDS olsa da, faktiki hakimiyyət Kommunist Partiyasının raykom katiblərinin
ixtiyarında idi. Müstəqillikdən sonra isə Şəhər
İcra hakimiyyəti yarandı. 1930-cu ilə kimi bölgədə
yalnız Lənkəran
tanınsa da, sonra 7 rayona bölündü. 1938-ci ildə bu
rayonlaşma yekunlaşdı. Hazırda ərazı Cənub
bölgəsi olaraq, Lənkəran isə bölgənin
qeyri-rəsmi mədəni mərkəzi hesab olunur. Burada
Şəhər İcra Hakimiyyəti Başçısı,
kəndlər üzrə onun nümayəndəliklər və
yerli bələdiyyələr fəaliyyət göstərir.
Lənkəranda aşağıda adları qeyd olunan şəxslər hakimiyyət başında
olmuşlar.
1.Şahsuvar bəy Lənkərani-
XV əsr
2.Əmir
Sinah bəy Lənkərani - XV əsr
3.Əmir
Qubad xan -XV əsr
4.Əmir
Həmzə xan( əsasən Astarada)-XVI
5.Əmir
Bayandur xan -XVI əsr
6.Saru xan (mərkəz
Astara)-XVI
7.Əmir
Aqis (Lənkəran hakimi);
8.Əmir
Musa xan (Qızılağac, sonra Lənkəran hakimi)
-1727-1736;
9.Şirazlı İbrahim xan(Uluf
hakimi)-1730-1733 ;
10. Seyid
Mirabbas-1733-1735;
11. Seyid Camaləddin (Qaraxan)-1735-51;
12.Zöhrab
bəy- 1751-58;
13.Mir Əsgər
bəy-1758-60;
14.Mirmustafa
xan -1760-61;
15.Seyid Camaləddin(Qaraxan)-1761-86;
16.Mirmustafa
xan-1786-1814;
17.Mirhəsən
xan-1814-26;
18.Mayor
İlyinski--komendant-1814;
19.Pristav
Nurulla bəy;
20."Muğan Sovet
Respublikası" - Otryadnev- 2-3 ay;
21.Lənkəran
Qəza İcraiyyə Komitəsinin sədri: Şirəli
Axundov-1920-30;
22.Lənkəran
Qəza Partiya Komitəsinin katibi Əli Məmmədov
1920-1930;
23.Lənkəran
Qəza Partiya Komitəsinin katibi Böyükağa
Mirsalayev-1930-37;
24.Raykom
katibləri: Ümid
Süleymanov- 1937-1943;
25.Mövsüm Həsənov - 1943;
26.Bağır Bağırlı
1943-47;
27.Ramiz Məmmədov
- 1947-49;
28.Xurşid
Məmmədov - 1949-53;
29.M.Allahyarlı - 1953;
30.Adil Əbilov-1953-58;
31.Nəhmət
Abdullayev -1958-61;
32.Hidayət
Səmədov - 1961-62;
33.Məmməd
Rahman oğlu Məmmədov-"Mamedka"-1962-65;
34.Məmməd
Babayev-1965-69;
35.İsa Məmmədov-
1969-81-ci il;
36.Dilruba
Camalova -1981-88-ci il ;
37.Aqil Rəhimov
-1988-1989-cu il;
38.Yaşar
Rzayev - 1989-1991-ci il;
39.Şəhər
İcra Hakimiyyətinin başçıları: Mirsəmid
Abbasov - 1991-1992-ci il;
40.Hüseynqulu Məmmədov
-1992may- 1993 iyun;
41.Ələkram
Hümbətov (separatçı,"TMR" lideri) -15 iyun - 23
avqust 1993;
42.Dilruba Cəbrayıl
qızı Camalova - 23 avqust 1993 - may
2000-ci il;
43.Yaşar
Höccətulla oğlu Rzayev - may 2000-ci il-aprel 2003-cü il;
44.Zeynal Səfər
oğlu Nağdəliyev - aprel 2003-cü il - 24 dekabr 2005-ci il;
44.Süleyman Surxay oğlu
Mikayılov - 24 dekabr 2005-ci ildən-04 mart 2010-dək.
45.Tofiq
Hüseyn oğlu İbrahimov - 04 mart 2010-cu ildən 14 aprel
2012-ci ilədək;
46.Taleh Azay oğlu Qaraşov- 14 aprel 2012-ci ildən
Lənkəran bələdiyyəsinin sədrləri:
01.Əlinazim Axundov
-1999- 2000;
02.Eldar Hüseynov -2000-ci ildən;
Lənkəranda insanların məşğuliyyəti və
rahat, firavan yaşayışı üçün
Allah-təala öz kəramətini əsirgəməmişdir.
Burada yaşayan insanlar sülhpərvər,
səmimi, zəhmətkeş,
istedadlı və qonaqpərvər
olmaları ilə
fərqlənmişlər. Tarixən böyük ticarət mərkəzi olması Lənkəranı
həm də bir mədəniyyət mərkəzi kimi inkişaf etdirmişdir. Lənkəran şəhərinin
104 adda küçəsi,
onlarca məhəlləsi,
2 mikrorayonu var. Əsil
lənkəranlılara onların
qonaqpərvərliyinə, səxavətinə, zadəganlığına
və zəhmətsevərliyinə
görə "Xan Lənkəranlı" adı
verilmişdir.
Lənkəran
bu adı indi də doğrultmaqdadır.
Hafiz Mirzə
www.hafizmirza.com
Olaylar.- 2012.- 25 sentyabr.-
S.10.